Onlar vəfat edəndə ehsan verilmir, qəbir daşı qoyulmur - FOTO/VİDEO
24-10-2018, 12:28
Həyətə daxil olduqda qeyri-ixtiyari addımlarımı yavaşlatdım. İlk ağlıma gələn ölməz şairimiz Bəxtiyar Vahabzadənin “Atılmışlar” poeması oldu. Şairin oxucularına çatdırmaq istədiyi “İnsan həyatının iki dönəmində başqalarına möhtac olur, körpəlikdə və qocalıqda” fikri sanki içində olduğum situasiyanın üstünə biçilmişdi. Buradakı insanlar da həyatlarının möhtac vaxtında atılıblar.
Yaşlı insanları evindən buraya gətirən səbəblər nə olursa-olsun, gözlə görünən mənzərə o səbəblərin heç birinə bəraət qazandıra bilməz. Bir gün övlad sahibi olmaq, valideyn olmaq üçün ödənilən bədəllərin, çəkilən əziyyətlərin sonu bura olmamalıdır deyə düşünür insan. Elə onların gözlərindəki kədər, əllərindəki qırış da bu fikrimizi təsdiqləyir. İçəri girərkən bizə yönələn o qədər gözlərdən heç biri, əslində, bizi gözləmirdi... Təəssüf ki, onların gözlədikləri insanlar isə bundan bixəbər, rahat yaşamağı seçiblər.
Bakının Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionat (Qocalar) evinin sakinləri ilə həmsöhbət olduqca, onların nurani və şəfqət dolu baxışlarının arxasında acılı-şirinli həyat hekayələrinin gizləndiyini hiss edirəm.
Elə təzəcə binaya daxil olmuşdum ki, hamının həyəcan və təşvişlə harasa qaçdığının şahidi oldum. Yaxınlaşıb nə baş verdiyini soruşdum. Ağsaçlı bir qadın “Əminə bacının vəziyyəti pisləşib. Həkim çağırıblar”, - deyib üzüntülü baxışlarla gözlərini yerə dikdi.
Qocalar evinin direktoru Qətibə Əsədova deyir ki, burada müxtəlif taleli insanlar yaşayır. Hərəsinin bir cür xasiyyəti olsa da, tale ömürlərinin bu çağlarında onları məhz burada bir yerə gətirib.
Qətibə xanımın sözlərinə görə, beş ildir bu müəssisəyə rəhbərlik edir:
“Dövlət qocalar evinin hər bir sakininin yemək, dərman və digər zəruri ehtiyaclarını ödəyir. Sakinlərin səhhəti ağır olduqda, burada müalicə etdirmək mümkün olmadıqda, başqa xəstəxanaya aparırıq. Müəssisəmiz iki korpusdan ibarətdir və 300 nəfərlikdir. Hazırda müəssisəmizin 226 sakini var.
Buradan hazırlanan verilişlərdə sakinlərimizin yaxınları, qohumları onları izləyir, onlar arasında elələri olur ki, gəlib buradakı qohumuna sahib çıxır, onu öz evinə aparır. Elə şəxslər də olur ki, ata-anasını müəssisəmizə qoyduqdan sonra hərəkətindən peşman olur və valideynini aparır. Bu cür müəssisədə işləmək həm çətin, həm də məsuliyyətlidir”.
Qətibə xanımla söhbət etdikcə, ani bir sual yaranır:
“Bəs buradakı kimsəsiz sakinlər həyatdan köçdükdən sonra harada dəfn edilir?!”
Müəssisə rəhbərindən öyrənirəm ki, sakinlər rəhmətə getdikdən sonra eləsi var ki, qohumlarına bildirilir:
“Sakinlərin qohumları ölüm xəbərini aldıqdan bir saat sonra telefonlarını söndürürlər, onlara zəng çatmır. Biz də məcburiyyət qarşısında qalıb onları özümüz Bilgəhdə yerləşən kimsəsizlər məzarlığında dəfn edirik.
Biz vəfat etmiş sakinlərimizə ehsan vermirik, qəbir daşı qoymuruq. Sadəcə olaraq, İslami qaydalara uyğun yuyub, kəfənləyib dəfn edirik. Elə adamlar olur ki, rəhmətə getmiş qohumu ilə maraqlanır, biz mərhumun adını və soyadını, doğum və ölüm tarixini kağıza yazıb şüşənin içinə qoyaraq məzar daşı yerinə basdırırıq.
Hər bazar günü müəssisədə canlanma hiss edilir. Sakinlər öz yaxınları ilə məhz bu gün görüşə bilirlər. Sakinlərin ziyarətinə gələn hər bir kəsin onlara bəxş etdiyi sevinc heç nə ilə ölçülə bilməz”.
Qocalar evində ikinci baharını yaşayanlar da var. Öyrəndik ki, dörd cütlük burada tanış olub və ailə həyatı qurub.
Direktor deyir ki, valideyni atmaq mentalitetimizə, milli-mənəvi dəyərlərimizə ziddir:
“Onları buraya gətirən zaman övladlara tövsiyə edirəm ki, bu əməlinizdən vaxt gələcək peşman olacaqsınız. Yol yaxınkən sizi dünyaya gətirən, böyüdən valideyninizə sahib çıxın”, - deyib kövrəlir.
Burada yaşayan qocalar ürək sözlərini də deyirlər. Qətibə xanım deyir ki, o, müəssisənin təkcə rəhbəri yox, həm də hər bir sakinin ürək sirdaşıdır:
“Mən öləndə uşaqlarımı üstümə qoyma. Birdən sənə deyərlər, meyitimi ver, aparaq, vermə”, nisgilli günlərindən, yaxınlarının onları necə evdən qovmalarından danışırlar”.
Müəssisəni gəzərkən 87 yaşlı Əminə Hüseynovanın səhhətinin necə olması ilə maraqlanmaq üçün otağına baş çəkirəm. Çarpayıda uzanmış Əminə nənə otağına yad adamın, yəni mənim gəldiyimi görcək kövrəlir:
“Ay bala, hər qapı açılanda həyəcanlanıram. Bəlkə, nəvələrimdir, deyə ümidlənirəm. Sabah başıma nə gələcək, bilmirəm. Sadəcə, son nəfəsimi öz evimdə vermək istəyirəm”, - deyib göz yaşlarını dəsmalı ilə silir.
Öyrənirəm ki, Əminə nənənin gözünün ağı-qarası bir qızı 57 yaşında amansız xəstəlikdən (xərçəng xəstəliyi) dünyasını dəyişib:
“Bu il mayın 2-də qızım rəhmətə getdi. Hər gün evin hər küncünə baxanda qızımı xatırlayırdım. Qızım rəhmətə gedənə qədər hər şey yaxşı idi. O, dünyasını dəyişdikdən sonra məni bir dəfə qızımın qəbri üstünə apardılar. Sonra kürəkənim məni buraya gətirdi. Bu müddətdə nəvələrim də mənimlə maraqlanmır. Dörd aydır buradayam. Nəvələrim deyir ki, bizim anamız ölüb, sən niyə yaşayırsan?. Son bir neçə gündür, ürəyimdə narahatlıq hiss edirəm”.
87 yaşlı qadın sovet dövründə yüksək vəzifələrdə işləyib:
“1987-ci ildə işdən ayrılmaq qərarına gəldim, nəvələrim balaca idi. Qızım işə gedəndə nəvələrimlə mən məşğul olurdum. Nəvələrim universiteti bitirdilər, ailə qurdular. Bütün sərvətimi nəvələrimə qoydum. Qızım sağ olsaydı, o, məni buraya qoymazdı”.
Həmsöhbətim deyir ki, müəssisədə ona yaxşı baxırlar:
“Lakin doğma evdən, nəvələrim olmadan burada yaşamaq mənə çətin gəlir. İstəyirəm, nəvələrim arada gəlib mənə baş çəksinlər. Bəlkə də, onları qucaqlasam, balamın ətrini onlardan alaram, bu, mənim üçün təsəlli olar”.
Qocalar evinin digər sakini Mahmud Qayıbov yatsa, yuxusuna da girməzdi ki, doğma evindən bir gün uzaq düşəcək. Fırıldaq nəticəsində evi əlindən alınmış, yaxınları tərəfindən imtina edilmiş həmsöhbətim ən son çarə kimi qocalar evinə üz tutub. “Hadisə necə baş verdi?” sualımıza isə həmsöhbətim cavab verdi ki, uzun məsələdir, bu barədə danışmaq istəmir.
O deyir ki, həyat yoldaşı dil-ədəbiyyat müəllimi işləyib və dünyasını dəyişib:
“Mən uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşam. Hazırda evimi geri almaq üçün mübarizə aparıram. Məhkəmə prosesi davam edir”.
Mahmud Qayıbovun söhbətlərindən hiss edirəm ki, o da övladları üçün darıxır, lakin dilinə gətirməyə cəsarət etmir. Bəlkə də, ürəyində övladları ilə keçirdiyi ən xoş anlarını yada salıb, otağın bir küncünə çəkilir, övladların təsəllisini onların xəyallarından alır, pəncərədən boylanıb həyatın enişli-yoxuşlu gərdişini düşünür.
Müəssisədə daha bir sakinlə, 72 yaşlı Nübar Hümbətova ilə danışıram. O, onkoloji xəstə olduğu üçün hər dəfə rayondan Bakıya müalicə üçün gəlmək maddi baxımdan çətin olub. Odur ki, çıxış yolunu elə Qocalar evində qalmaqda görüb.
Nübar xalanın iki qızı var. Onun sözlərinə görə, bir qızı Moskvada dünyasını dəyişib. 2015-ci ilin martın 8-dən burada olduğunu deyən Nübar nənənin digər qızı isə Yevlaxda yaşayır və ikinci qrup əlildir.
“Odur ki, onunla görüşmək imkanım o qədər də olmur. Qızım ildə bir dəfə müalicə üçün Bakıya gələndə görüşürük. Hər səhər qızımın, Hüseyn nəvəmin zəngi ilə oyanıram, danışıb hal-əhval tuturuq. Nəvəm astma xəstəsidir. Nəvələrim üçün darıxıram.
Qızım rəhmətə gedəndən sonra səhhətimdə problemlər yarandı. Elə o vaxtdan başımda səs-küy hiss edirəm. Əsəblərim pozulub. Axşamlar sakitlik olur, darıxıram. Televizora baxıram, qeyri-ixtiyarı olaraq arxaya çevrilirəm. Elə bilirəm ki, hansısa balam məni çağırır. Çox əziyyət çəkirəm, onlarla birgə olmaq istəyirəm. Ancaq bir tərəfdən də xəstə qızıma yük olmaq istəmirəm”, - göz yaşlarını saxlaya bilmir.
Nübar nənə sonunda bunları deyir:
“Qızım, mən heç bir verilişlərdə ağlamamışam. Həmişə danışıb-gülmüşəm. İstəməmişəm, kimsə yaşadığım dərdi bilsin”.
Qocalar evində müxtəlif sənət sahibləri var. Onlardan biri də Əliyev Davuddur. O, uzun illərdir ki, burada yaşayır:
“74 yaşım var. Vidadi küçəsində dörd otaqlı evim var idi. Partlayış baş verdi və evsiz qaldım. 1994-cü ildən Qocalar evində yaşayıram. Təhsilimi Moskvada almışam və müxtəlif yerlərdə rəssam kimi işləmişəm. Tək yaşamışam, evlənmədim. Bəlkə də, övladım olsa, mənə baş çəkərdi. Heç kimim yoxdur. Arada tələbələr ziyarət edirlər”.
Bizi isə bir şey düşündürür: axı övlad dünyaya gətirib, onu ailəsinin səadəti bilən, ömrünün ən gözəl illərini övladına həsr edən ana-ataların ömürlərinin son çağları niyə belə kədərli və gözü yolda keçməlidir?!