Qarabağa görə ermənilərə bunu təklif etdik, amma... – Sirlər açıldı
26-10-2018, 10:05
Son bir neçə il ərzində həm Cənubi Qafqazda, həm də onu əhatələyən bölgələrdə vəziyyət gərginləşməyə başlayıb. Böyük güclərin Qafqazda aktivliyini artırması, Ermənistandakı son hakimiyyət dəyişikliyindən sonra Qarabağda yaşananlar və İran böhranı Azərbaycan üçün yeni risklər ortaya çıxarmağa başlayıb. Risklərə rəğmən ölkə üçün yeni dividentlər də formalaşmağa başlayıb.
Axar.az bu məsələlərlə bağlı Azərbaycan Prezidenti katibliyinin rəhbəri, prezidentin köməkçisi vəzifəsində çalışmış (1993-1999) politoloq Eldar Namazovla müsahibəni təqdim edir:
I hissə burada
II hissə
- Buna görə Azərbaycan sonradan KTMT-dən çıxdı?
- Təbii. Azərbaycan onda rusların təşkil etdiyi hücumların hamısını dəf edəndən, heç bir əlavə şərt olmadan atəşkəsə imza atandan, neft kontraktlarını imzalayandan sonra bu addımı atdı. Azərbaycana Qərbin investisiyaları, milyardlarla yatırımlarıyla bərabər siyasi dəstəyi də gəldi. Bütün bunlara Azərbaycan nail olandan sonra ruslar etiraf etdi ki, 1994-cü ildə çox böyük səhv etdilər.
- Bəs indi Azərbaycan Qarabağa görə nə təklif edir?!
- Zaman dəyişir. Elə imkanlar var ki, vaxtında istifadə etməsən, sonra buna bir daha qayıtmaq mümkün deyil. Vaxtı ilə biz Ermənistana təklif etmişdik ki, Qarabağ problemini sülh yolu ilə həll edək, Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etsin, biz neft boru kəmərlərini Ermənistan ərazisindən keçirməyi sizinlə müzakirə edə bilərik. Onda qazanan Gürcüstan olmayacaqdı, Ermənistan olacaqdı. Özü də bunu biz yox, ABŞ-dan gələn vasitəçi təklif etmişdi. Azərbaycan buna nə hə, nə də yox demədi.
- Bu vasitəçi kim idi? Siyasətçi, yoxsa iqtisadiyyatla bağlı olan bir şəxs idi?
- İqtisadçı idi. Onun arxasında böyük güclər dururdu. Sadə adam deyildi. (Adını çəkməkdən imtina edir – red.)
- Ermənistanın bu təklifə cavabı nə oldu?
- Həmin adam Ermənistan tərəfi ilə danışıqlar apardı. Ermənilər cavabında dedilər ki, böyük məmnuniyyətlə boru kəmərinin Ermənistan ərazisindən keçməsini istəyirlər, ancaq Qarabağ məsələsi bura aid edilməməlidir. Biz onda ermənilərə “Xudahafiz!” dedik.
Bayaq dediyim kimi, indi vəziyyət dəyişib. İran ətrafında gedən proseslərə baxın. İrana qarşı müəyyən hərbi əməliyyatların keçirilməsi ilə bağlı ABŞ diplomatları, İsrail siyasətçiləri açıqlamalar verir. Azərbaycan da sərhəddə yerləşən ölkə kimi bir tərəfdən Qarabağ məsələsinin həllinə hazır olmalıdır, ordunu gücləndirməliyik, eyni zamanda, sərhədimizi də qorumalıyıq. Yəni bizim sərhədimizdə elə böyük regional konfliktlər baş verə bilər ki, Azərbaycan özü istəsə də, istəməsə də, təzyiqə məruz qala bilər. Fikir verirsinizsə, Azərbaycan Ordusunun modernləşdirilməsi təkcə Qarabağ istiqamətində getmir. Azərbaycan hərbi donanmasını modernləşdirmək üçün də nə qədər vəsait xərcləyir. Misal üçün, biz İsraildən “Spayk” raketləri, Barak-8 sistemlərini həm quru platformaları, həm də dəniz donanmasını gücləndirmək üçün alırıq. Bizdə artıq raket katerləri tikilir. Biz başqa konfliktlərdən də özümüzü qorumalıyıq. Bura da vəsait xərclənilir və biz bunu etməyə məcburuq. Bu bizim istəyimiz deyil. Sadəcə olaraq, İsrail və ABŞ ordusunun iştirakı ilə sərhədimizdə belə bir hərbi konflikt baş versə, Azərbaycan üçün çox böyük təhlükələr yarana bilər. Azərbaycan özünü qorumaq, sərhədlərini möhkəmləndirmək üçün işlər görür.
- Bu qədər gücün arasında balansı saxlamaq mümkündürmü?
- Burada da Azərbaycanın mövqeyi çox vacibdir. İran məsələsi, başqa regional konfliktlərdə də Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Ona görə də həm ABŞ, həm İsrail, həm Rusiya və digər qlobal güclər çalışır ki, Azərbaycanla kifayət qədər sıx əlaqələr qursun. Burada balansı saxlamaq çox çətindir. Hesab edirəm ki, Rusiya və ABŞ generalları ilk dəfə neytral bir ölkədə danışıqlar aparmaq üçün yer seçəndə Bakının üstündə dayanması Azərbaycan üçün çox böyük uğur idi. Bu, Azərbaycan diplomatiyası üçün də çox böyük bir avantajdır. Bakının hər iki tərəfin razılığı ilə seçilməsi balans siyasətinin düzgün aparılmasını təsdiqləyir.
- Eldar müəllim, bir tərəfdən də mətbuat iddia edir ki, Rusiya Azərbaycanın KTMT-yə üzv olmasını istəyir. Elmar Məmmədyarov az öncə “RİA Novosti”yə müsahibəsində (23 oktyabr – red.) dolayısı yolla bildirdi ki, Ermənistan KTMT-də olduğu müddət ərzində Azərbaycan ora üzv olmayacaq. Həqiqətənmi Azərbaycandan KTMT-yə üzvlük tələb edilir?
- Məncə, burada tələb yox, daha çox istək var. Çox maraqlıdır ki, bu məsələdə ən çox hay-küy qaldıran, isterikaya düşən ermənilərdir. Erməni tərəfi əvvəlcə politoloqlar, sonra Xarici İşlər Nazirliyi, ən sonunda isə Baş nazir səviyyəsində açıq deyir ki, biz buna imkan verməyəcəyik. Ona görə ki, ermənilər bütün sahələrdə bizə uduzub. Yeganə ümid yerləri odur ki, KTMT-yə üzvlükləri sayəsində bunlarda qarantiya var ki, Azərbaycan Naxçıvan istiqamətindən vurub İrəvanı tutmayacaq, ya da Qazax-Tovuz istiqamətindəndən Göyçə gölünə kimi irəliləməyəcək. Bu onlara imkan verir ki, məhdud olan qüvvələrini Qarabağ istiqamətində cəmləşdirsinlər. Ancaq Azərbaycan KTMT-yə üzv olsa və iki ölkə bir-biri ilə müharibə aparsa, onda Azərbaycan Ordusunun zərbə endirmək arealı genişlənəcək. Bəlkə hərbi cəhətdən Azərbaycan üçün gedib İrəvanı, Zəngəzuru azad etmək daha rahatdır. Bundan sonra isə Azərbaycan torpaqları dəyişmək təklifini irəli sürə bilər. Ona görə də onlar Azərbaycanın KTMT-yə üzv olmasından çox qorxurlar.
Mənim gözümün qabağına başqa proseslər gəlir. Vaxtı ilə Azərbaycan MDB-yə daxil olanda ölkənin daxilində hay-küy qalxmışdı ki, müstəqilliyimizi itirəcəyik. O dövrdə Baltikyanı ölkələri çıxmaq şərti ilə qalan respublikalar hamısı MDB-nin üzvü idi. Ruslar da bizi təkləyib, təzyiq altında saxlayırdılar. Azərbaycana dəstək verən ölkə də yox idi ki, Azərbaycanla çiyin-çiyinə dayansın. Azərbaycan MDB-yə daxil olandan sonra MDB-nin içərisində müəyyən bir blok yarandı. Məsələn, Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova (gələcək GUAM), müəyyən məsələlərdə Qazaxıstan və Özbəkistan... Onlar Rusiyanın bütün planlarına “yox” deyirdilər. Ukrayna Rusiyadan sonra ən böyük ölkə kimi özünü qabağa verirdi.
Rusiya istəyirdi ki, MDB-dən Varşava Paktı kimi istifadə etsin, Moskvada ümumi orqanlar yaratsın, hansı ki, onların qərarları bütün respublikalar üçün ümumi olsun, amma Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan buna yox dedi. Bəzi hallarda Özbəkistan da bu sıraya qoşulurdu. “Hə” deyənlər ermənilər, belaruslar, taciklər, qırğızlar idi. Bunlar daimi “hə” deyirdi. Prezidentlərin arasında isə ən maraqlı mövqe Türkmənistan Prezidenti Saparmurad Niyazova aid idi. Ortada hansısa məsələ olanda Ukrayna “yox” deyirdi, Azərbaycan, Gürcüstan müəyyən şərtlər irəli sürürdü. Hansı ki, o şərtləri yazanda artıq sənin imzan mənasız olurdu. İclas qurtarandan sonra adətən sənədləri prezidentlərə aparırdılar. Bu zaman Türkmənistan prezidenti yoxa çıxırdı. Türkmənistan səfiri deyirdi ki, onun Türkmənistanda təcili işləri var, sənədləri göndərərsiniz. Bu ikinci, üçüncü dəfə təkrarlanandan sonra bəlli oldu ki, türkmənbaşı ağıllı siyasət yürüdür və ruslarla birbaşa dava aparmır. Ancaq sənədlərə də imza atmadan, ingilissayağı aradan çıxır. Sonra da vəziyyətə baxır və ona uyğun addım atır.
Sonradan bəlli oldu ki, Azərbaycan MDB-yə daxil olmaqla özünə qarşı olan təzyiqlərin qarşısını aldı. Putin hakimiyyətdə möhkəmlənənə qədər 10 il MDB bu şəkildə sürükləndi. Putin hakimiyyətə gəldikdən sonra bildirdi ki, MDB SSRİ-nin dağılmasını hamar yolla aparmaq üçün yaradılmış təşkilatdır. Ondan sonra Rusiya gördü ki, MDB-dən heç bir fayda gəlmir. KTMT, Avrasiya İttifaqı yaradıldı. Hazırda KTMT-nin daxilində gedən proseslərə baxdıqda gözümün qabağına MDB-nin yaradılması gəlir. Burada olan ölkələrin heç biri Krımın Rusiyaya birləşdirilməsini tanımır, Qazaxıstan ABŞ-la çox ciddi iqtisadi və siyasi münasibətlərə sahibdir, Ermənistanda “məxməri inqilab” baş verdi və Sorosun uşaqları hakimiyyətə gəldi. Yəni KTMT-yə daxil olan ölkələrdən heç birinin (Rusiyadan savayı) nə NATO, nə də ABŞ ilə münasibətləri pisdir. Hesab edirəm ki, KTMT-nin də gələcəyi təqribən MDB-nin gələcəyi kimi olacaq. İndidən artıq onların bəzi üzvləri deyirlər ki, bu, hərbi blok deyil, bu, ATƏT kimi bir təşkilatdır və biz təkcə hərbi məsələlərlə məşğul olmamalıyıq. Yəni Rusiya KTMT-ni “Anti-NATO” bloku kimi təqdim etsə də, bu təşkilatın üzvü olan ölkələrin Qərbə, NATO-ya qarşı çıxmaq fikri yoxdur. Ona görə də Ermənistanda Paşinyan səviyyəsində bu siyasi isterika onu göstərir ki, bu mövzunun ortaya atılması yerinə düşüb. Bununla bağlı müzakirələrin aparılması Azərbaycan üçün faydalıdır. Mən Rusiyanın İranla birlikdə hərbi əməliyyat keçirməsini görürəm. Məsələn, Suriyada birlikdə vuruşurlar və işlərini koordinasiya edirlər. Ermənistan 3 beynəlxalq regional konfliktlərdə sülhməramlı qüvvələrin təkibində iştirak edir ki, bunların 3-ü də NATO ölkələrinin komandanlığı altındadır. Ona görə də Ermənistanda sülhməramlı qüvvələrin tərkibində qulluq edən xüsusi bir briqada var. Elə mitinqlər zamanı küçəyə çıxanlar da məhz onlar idi. Ondan sonra xəbərlər yayıldı ki, Ermənistanda ordu Paşinyanın tərəfinə keçib. Əslində konkret bu sülhməramlı qüvvələrdə çalışan ermənilər idi ki, onlar NATO ölkələrinin komandanlığı altında beynəlxalq sülhməramlı qüvvələrdə iştirak edirlər. Rusiya ilə birlikdə ilk dəfə Paşinyan Suriyaya humanitar yardım göndərməyə razılıq verib. KTMT-nin digər üzvlərinə baxaq. Suriyada ruslara bu ölkələrdən heç birinin ordusu köməklik etmədi. Əgər KTMT hərbi blokdursa, bu ölkələr niyə Suriyada Rusiyaya köməklik etmir?! Yaxud da bu ölkələrdən hansı Krımın Rusiyaya birləşdirilməsini tanıyır?! Heç biri...
- Maraqlıdır ki, 2014-cü ildən sonrakı dövrdə GUAM-la bağlı görüşlər aktivləşməyə başladı. GUAM-ın tərkibində olan ölkələr demək olar ki, Rusiya təsirini özündən uzaqlaşdıran ölkələrdir. GUAM gələcəkdə Şərqi Avropadakı digər ölkələri özünə inteqrasiya edə bilərmi? Ümumiyyətlə, GUAM ətrafında yeni hansı proseslər gedə bilər?
- Bilirsiniz, bu proses vaxtı ilə siz dediyiniz istiqamətdə başladılmışdı. Sonra müxtəlif səbəblərdən səngidi. O cümlədən buna təsir edə biləcək amillər var idi. Məsələn, Avropa Birliyinin zəifləməsi. Avropa Birliyi 15-20 il əvvəlki qurum deyil. Hələ bu prosesin axırı necə olacaq, heç kim bilmir. Breksitdən sonra hansı proseslərin baş verəcəyi qeyri-məlumdur. İtaliyanın, Yunanıstanın, Macarıstanın və digər ölkələrin gələcəkdə Avropa Birliyində qalacaqları da bəlli deyil. Almaniya və Fransa cütlüyünün Britaniyasız yeni model ortaya qoyub, lokomotiv rolunu oynayaraq, AB ölkələrini öz ətrafında birləşdirə biləcəyi də bəlli deyil və s.
GUAM Şərq Tərəfdaşlığı ideyası çərçivəsində yaranan təşkilat idi. Orada 6 ölkə var idi və onlardan 4-ü GUAM-da birləşdi. Burada Belarus və Ermənistan kənarda qaldı, Rusiya isə ümumiyyətlə bura daxil olmaqdan imtina etdi. GUAM-ın taleyi AB-nin taleyi ilə çox sıx bağlıdır. AB güclü olanda GUAM-da güclü olur, AB zəifləyəndə GUAM da zəifləməyə başlayır. İndi də hələlik AB-nin daxilində gedən mənfi - AB-nin gücünü azaldan, içəridə parçalanmaların yaranmasına səbəb olan proseslər pik nöqtəsinə çatmayıb. Proseslər gücləndikcə GUAM da müəyyən mənada zəifləyir və ideya da o qədər güclü görünmür. Hər halda AB və GUAM ideyası bir-birinə çox yaxın olduğuna görə onları eyni tale gözləyir. Yəni ya birgə dirçələcəklər, ya da birgə dağılacaqlar.
- Bəzi politoloqların fikrincə, Azərbaycanın hər zaman, tarix boyu ən zəif nöqtəsi Xəzər olub. Azərbaycan özünü Xəzərdən gələ biləcək potensial təhlükəyə hazırlayırmı?
- Mətbuatda bu haqda çox deyilmir, ona görə ki, burada artıq erməni amili yoxdur. Bu, Xəzər dənizi ilə bağlı məsələdir. Bu məsələləri qabartmağa da ehtiyac yoxdur. Diqqətlə baş verən prosesləri izləyirəm. Fikir verin, Rusiya Xəzər dənizinin statusu ilə bağlı məsələyə razılıq verdi və İranı da razılıq verməyə sövq etdi. Üstəlik həmin konvensiyada da Xəzər dənizinin dibi ilə boru kəmərlərinin çəkilməsinin prinsiplərinin yalnız buna aidiyyəti olan sektorlara və həmin ölkələrə aid olması qeyd edildi. Bircə orada ekoloji məsələlərlə bağlı bənd qaldı. Bu da kifayət qədər zəif bənddir. Rusiya özü müxtəlif dənizlərdə boru kəmərləri çəkir. Həmin şirkətlərdən, həmin texnologiyalardan burada da istifadə oluna bilər. Bütün bunları Rusiya yalnız bir şərtə görə etdi ki, Xəzər dənizindən başqa ölkələrin gəmilərinin girməsini qadağan etsin. İndi siz özünüzə sual verin. Xəzər dənizinə giriş yalnız Volqa çayı vasitəsilədir. Volqa çayı da Rusiyanın nəzarətindədir. Bəs ruslar nədən narahatdır?! Bu bəndi konvensiyaya salıb əsas qələbəsi kimi niyə qeyd edirlər?! Deməli, Volqa çayından istifadə etmədən də Xəzər dənizində başqa ölkələrin gəmiləri peyda ola bilərdi...
- Azərbaycan üçün hər hansı narahatlıq varmı?
- Heç bir narahatlıq, təhlükə yoxdur. Azərbaycan bu sahədə çox ciddi imkanlara malikdir və o imkanlardan yaxşı da istifadə edir. Bizdə sürətli və stels texnologiyaları ilə istehsal olunan raket katerləri Xəzər dənizi hövzəsində Azərbaycan rəhbərliyinin qoyduğu hər bir vəzifəni yerinə yetirmək iqtidarındadır. Nəzərə alsaq ki, onların həm radar, həm raket sistemləri dünyada ən müasir İsrail texnologiyaları əsasında hazırlanır.
- Bolton Azərbaycanda oldu və onun gəlişi böyük maraqla qarşılandı. Səfər marşrutu da çox maraqlıdır. Əvvəlcə Rusiya, oradan isə Azərbaycan, daha sonra Ermənistan və Gürcüstan... Bolton Bakıda nə təklif etdi?
- Bundan daha vacib sual odur ki, İsrailin Müdafiə naziri Liberman 1 həftə gəlib Azərbaycanda qaldı. Rus mətbuatında bununla bağlı yazılar hələ də davam edir. Bir ölkənin müdafiə naziri başqa ölkədə 1 həftə niyə qalmalıdır? (Gülür)
- Demək, sualı dəyişirik: hansı proseslər gedir?
- Özümüzü aldatmayaq ki, Boltonun bu səfərində hansısa presedentlər daha vacibdir. Bir nömrəli presedent Rusiya ilə bağlıdır. Qorbaçovun dövründə imzalanan yaxın və orta mənzilli raketlərlə bağlı razılaşmadan ABŞ çıxmaq istəyir. Artıq yeni raket və nüvə silahlarının istehsalı proqramına başlayırlar. Rusiyanı da məcbur edirlər ki, öz büdcəsindən əlavə vəsaitlər ayırsın ki, ABŞ-dan geri qalmasın. Bu zaman isə Rusiyanı SSRİ-nin taleyi gözləyə bilər. Yəni Boltonun səfərində 1 nömrəli istiqamət Rusiya ilə bu məsələləri müzakirə etməkdir. Tramp bir tərəfdən Boltonu bu bölgəyə səfərə göndərir, özü isə səfər öncəsi bəyanat verərək, planlarını açıqlayır. Hazırda ABŞ-da seçkiqabağı mitinqlər keçirilir. Həmin mitinqlərdə də Tramp çox şeyləri açıqlayır. İkinci dərəcəli məsələ isə İranla bağlıdır. İran məsələsi həm Moskvada, həm Bakıda, həm də İrəvanda müzakirə hədəfidir. Gürcüstanın İranla sərhədi yoxdur, ancaq Cənubi Qafqaza səfər edəndə təbii ki, Bolton Gürcüstana da getməlidir. Azərbaycan burada çox böyük önəm daşıyır.
Digər tərəfdən Qarabağ konflikti öz-özlüyündə də ABŞ üçün çox vacibdir. Söhbətimizin əvvəlində səbəblərini dedim. Bu, bütün regionda güc balansını dəyişə biləcək bir məsələdir. Ancaq eyni zamanda İranla bağlı ABŞ-ın planlarında ciddi bir əməliyyatların keçirilməsi varsa, həmsərhəd olan Azərbaycan çox böyük önəm daşıyır. Bizim üçün də bu həm risklər, həm də digər başqa məsələləri bərabərində gətirir. Ona görə də bütün bu məsələlər müzakirə predmetidir. Hətta elə məsələlər var ki, Azərbaycan burada söz sahibi ola bilər. Hər halda ABŞ Prezidenti həm İlham Əliyevə, həm də Nikol Paşinyana göndərdiyi təbrik məktubunda eyni bir cümlədən istifadə edib: “Yaxın aylarda Qarabağ konfliktinin həlli ilə bağlı sizin üçün yeni imkanlar açılacaq”. Tramp bunu mitinqdə çıxışında deməyib. Bunu rəsmi məktubunda deyib və altına imza atıb. Deməli, ideyalar, təkliflər var. Son aylarda Azərbaycanın maraqlarının daha çox nəzərə alındığı bəyanatlar səsləndirilir. Onların bəyanatında Azərbaycanın mövqeyinin nəzərə alınması onu göstərir ki, hər halda Boltonun Bakıda keçirdiyi görüşlərdə Azərbaycan üçün maraq doğura biləcək ideyalar irəli sürülüb.
- Transxəzərlə bağlı aktiv fəaliyyət aparılır. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Brüsseldə AB-Türkmənistan görüşünün keçirildiyini və AB-nin bu layihəyə yatırım ayırmağa hazır olduğunu dedi. Transxəzəri NABUKKO-nun, yoxsa daha işıqlı tale gözləyir?
- NABUKKO sıradan çıxmadı ki! Başqa versiyaya keçdi. Əslinə qalsa, NABUKKO bizim deyildi. Vaxtı ilə bu layihə İran qazı üçün hazırlanmışdı. O versiya sıradan çıxandan sonra Azərbaycan qazı variantı meydana gəldi.
Bilirsiniz, biz layihələri müzakirə edəndə daimi nəzərə alırdıq ki, Azərbaycan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrin hamısı reallaşıb. Ancaq Transxəzər layihəsində əsas maraqlı ölkə Türkmənistan və Qazaxıstandır. Onlar öz qazlarını Avropa bazarına çıxartmağa yol axtarır. Rusiya və Çin arasında qalıblar. Ancaq Avropa kimi nəhəng potensiala malik olan bazar bu ölkələr üçün qapalıdır. O bazara çıxış isə məhz Transxəzər enerji layihələri ilə bağlıdır və Azərbaycanın ərazisindən keçməlidir. Yəni Azərbaycan tərəfi buna hazırdır, bunun üçün Azərbaycan özünə aid olan işlərin, hətta mən deyərdim, vaxtından əvvəl hamısını görüb. İndi daha çox fəallıq və təşəbbüs daha çox Türkmənistan və Qazaxıstan tərəfindən olmalıdır. Türkmənistan Prezidentinin açıqlamaları da sübut edir ki, onlar artıq hərəkətə keçiblər. Yəni bu məsələdə təşəbbüs Azərbaycanın deyil. Qaz Türkmənistan və Qazaxıstanın qazıdır.
- Dünya nizamının dəyişməyə başladığı bir zamanda Azərbaycanın balanslı siyasəti üçün təhdid varmı?
- Hazırda Azərbaycanın xarici siyasətində köklü dəyişiklik etməsinə heç bir ehtiyac yoxdur. Müəyyən amillər sübut edir ki, Azərbaycan səhvlərə yol verməyib və onun apardığı siyasət öz bəhrəsini verir. Yeni dünya düzənin formalaşması prosesi hələ başlamayıb. Hələ köhnə sistemin dağılması prosesi çox sürətlə getməkdədir.
Burada BMT-nin də, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinin də statusu dəyişə bilər. Yeni regioanal oyunçuların qlobal proseslərdə daha böyük rolunu görə bilərik. Bizim üçün çox xoş haldır ki, artıq bu sırada Türkiyə amili nəzərə alınır. Bu proses hələ kifayət qədər vaxt aparacaq. Yəni ən azı 15-20 il davam edəcək. Bizim üçün ən vacibi prosesin içində Azərbaycanın həm də təhlükəsizliyini təmin etməkdir. Eyni zamanda bizim ərazi bütövlüyümüzün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi bu prosesin tərkib hissəsi olmalıdır. Burada bütün maraqlı tərəflərlə iş aparıb, torpaqlarımızın azad olunmasını təmin etməliyik.
Beynəlxalq hüquq normaları Azərbaycanın müharibə haqqını tanıyır. İkincisi, Azərbaycan Ordusu bu müharibəni tam qələbə ilə başa çatdırmağa artıq hazırdır. Yəni Azərbaycan bu illər ərzində bu istiqamətdə ciddi hazırlıqlar aparıb və uğurlu nəticələr əldə edib. İndi qalır böyük dövlətlərin reaksiyası. Hesab edirəm ki, konflikt başlayan dövrdən ilk dəfə olaraq, Azərbaycan üçün diplomatik dillə desək, “imkanlar pəncərəsi” açılıb. Əslində ilk gündən bizim hüququmuz çatırdı ki, Ermənistana güc tətbiq edək və torpaqlarımızı azad edək. Ancaq hazırda bunun üstünə güclü, müasir ordu, Ermənistan və Rusiya arasında olan soyuqluq, parçalanma, əksinə, Azərbaycanla əlaqələrin Rusiya üçün çox vacib amilə çevrilməsi, o cümlədən Rusiya-Türkiyə yaxınlaşması və birgə müəyyən bir strateji sahədə hərəkət etməsi, İsrail və ABŞ-la strateji müttəfiqlik məsələləri gəldi. Yəni 10-15 il bundan əvvəl bizim bu amillərimiz, üstünlüklərimiz yox idi. İndi isə var. Bu imkanlar pəncərəsi nə qədər açıq qalacaq? Məsələn, Rusiya Paşinyan hakimiyyətini yıxıb, Putinə yaxın olan bir siyasətçini Ermənistanda hakimiyyətə gətirə bilər. Yəni hər şey ola bilər. Ona görə də indi çox ciddi qərarlar astanasındayıq. Bu imkanlar pəncərəsindən vaxtından əvvəl istifadə edəndə artıq biz müəyyən problemlərlə rastlaşa bilərik, gecikdirsək, vəziyyət dəyişə bilər. Bu imkanlar pəncərəsi qəti qərar üçün qızıl fürsəti verəcəkmi?
Yəni bir addım bizdən asılıdır, bir addım bizdən asılı deyil. İstəyimizdən asılı olmayaraq, belə qərar üçün 1 aydan sonra da, bir neçə ildən sonra şərait yetişə bilər.
Unutmayın ki, bütün dolğun informasiyalar ali dövlət orqanlarındadır. Ali rəhbərliyin prosesi necə nəzarətdə saxladığını artıq Aprel savaşında görmüşük. Ona görə də biz hansı qərarların qəbul olunacağını səbirlə gözləməliyik.