Rəşad Sadıqov söz atdı: QAPIMIZA GƏLƏN HƏR ZƏRBƏ QOLLA NƏTİCƏLƏNİR

26-10-2018, 12:49           
Rəşad Sadıqov söz atdı: QAPIMIZA GƏLƏN HƏR ZƏRBƏ QOLLA NƏTİCƏLƏNİR
“Xal qazanmaq üçün yaxşı fürsət idi. Amma bundan istifadə edə bilmədik. Məğlub olduğumuz üçün çox məyusuq. Həm özümüzü, həm də azarkeşlərimizi qələbə və xallarla sevindirmək istəyirdik. Ancaq alınmadı”.

Xəzərİnfo xəbər verir ki, bunu “Qarabağ”ın kapitanı Rəşad Sadıqov, Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Vorskla” ilə keçirilən matçdan sonra jurnalistlərə açıqlamasında söyləyib və məğlubiyyətin (0:1) səbəblərini açıqlayıb.

- Məğlubiyyətə səbəb nə oldu?

- Ümumiyyətlə, təkcə bu oyun deyil. Neçə matçdı ki, qapımıza 2 zərbə gedir, 2 qol olur, 1 zərbə gedir 1 qol olur. Halbuki matça nəzarət edən, hücum edən biz oluruq. Qapımıza neçə zərbə gəlirsə qolla nəticələnir. Əslində bu təzyiq “Arsenal”la görüşdən sonra üzərimizdə yarandı. Çoxsaylı qol imkanlarından istifadə edə bilmədik. Həmin matçdan xalla ayrılsaydıq, bu gün tam fərqli əhval-ruhiyyədə ola bilərdik. Qrupdan çıxmaq şansımız olardı, adam bir az həvəslənərdi. İlk iki görüşdəki hər iki məğlubiyyət təəssüfedici oldu. Düşünürəm ki, həmin yenilgilər, xüsusən də, “Arsenal”a uduzmağımız komandaya psixoloji cəhətdən pis təsir etdi. Bu gün də oyuna nəzarət edirdik, kombinasiyalı hücumlar qurmağa çalışırdıq. Rəqib isə sıx müdafiə olunurdu. Yenə heç nədən uzaq məsafədən qol buraxdıq. Ondan sonra da qol imkanları yaratdıq, istifadə edə bilmədik.

- “Arsenal”a məğlubiyyət sizə niyə pis təsir etdi? Axı “Arsenal”la “Qarabağ” arasında səviyyə fərqi görünür...

- Təbii ki, səviyyə fərqi var. Şəxsən mən özüm həmin matçdan əvvəl gözləmirdim ki, o qədər qol vəziyyəti yarada bilərik. Onlardan 1-2-dən yararlansaydıq, oyun başqa cür nəticələnə və qrupdakı mənzərə də fərqli olardı. Qələbə ruh yüksəkliyi gətirir. Hər şeyi yaxşı etməyin fonunda uduzmaq uşaqlarda ruh düşkünlüyü yaradır. Bəlkə həmin oyunlardan xalla ayrılsaydıq, bu gün fərqli cür olardı.

- “Səbail”lə görüşdəki texniki məğlubiyyətin və dünənki dopinq-testin təsiri oldumu?

- Xeyr, bunları səbəb kimi göstərmək istəmirəm. Bu, fərqli oyun idi. Peşəkar komandayıq, maksimum çalışdıq ki, fikrimiz görüşdə olsun, oyuna köklənək. Bilirdik ki, rəqib tempi aşağı salacaq, kompakt müdafiə olunacaq. Biz də səbrli oynayırdıq. Sadəcə, ikinci hissənin əvvəlində buraxdığımız qol çox şeyi pozdu.

- Rəqibin baş məşqçisi deyirdi ki, “Qarabağ”ın cinahlarını “bağlaya” bilsək, qalib gələcəyik. Bu gün bunu bacardılarmı?

- “Bağladılar” deməzdim. Çünki yetərincə asmalarımız, cərimə meydanına doğru şığıdığımız anlar oldu. Sadəcə, son ötürmədə, həlledici zərbədə daha yaxşı olmalıyıq ki, bu tip oyunlarda qələbə qazana bilək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.