Bjezinskinin “Böyük şahmat taxtası"nda AZƏRBAYCAN GİZLİNLƏRİ və Boltonu Bakıya gətirən SİRR
27-10-2018, 09:06
ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan və Ermənistana səfərində verəcəyi bəyanatlar, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı fikirləri diqqətlə izlənilirdi. Bu bəyanatlar Vaşinqtonun Cənubi Qafqazla bağlı siyasətinə işıq tutmaq baxımından da böyük əhəmiyyət daşıyırdı.
Publika.az-a müsahibəsində politoloq Elnur Soltan ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan və Ermənistana səfərinin nəticələrini şərh edib.
- Bolton Bakıda bəyanatında ABŞ-ın bundan sonrakı dövrdə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini davam etdirəcəyi, Yerevanda isə münaqişəsi tərəflərin özləri həll etməli olduğunu bildirdi. Bu bəyanatları necə şərh etmək olar?
- Con Bolton respublikaçı, “şahinlər” qanadında olan bir insandır. Bunlar Pentaqona, MKİ-yə, təhlükəsizlik orqanlarına daha yaxındırlar və təhlükəsizlik məsələlərinə daha həssas olurlar. Belə insanlar əslində təbiətləri etibarilə Azərbaycan kimi ölkələri çox təqdir edirlər. Qeyd-şərtsiz şəkildə ABŞ və Azərbaycanın təhlükəsizlik məsələlərini dərk etməyi üst-üstə düşür. Ermənistan Rusiya və İrana yaxın olduğu üçün Boltonun təqdir edəcəyi bir ölkə deyil. Bolton İran mövzusunda da çox həssas olan bir siyasi təbəqəni təmsil edir. Ermənistanla İranın münasibətlərinin də lazım olmayacaq qədər yaxın olduğu ortadadır. Ermənistan İranla bir çox mövzularda ABŞ-ın diqqətini çəkəcək qədər yaxınlıq edir. Con Bolton bunun fərqində olan bir insandır. Amerikalı rəsmi indiki halda daha çox İrana görə gəlmişdi. Buna görə də Qarabağ mövzusunda hər hansı şəkildə mövcud olan status-kvonu tərpətmək, özünə yeni problem yaratmaq istəmədi. O, Qarabağ mövzusunda yeniliklə gəlməmişdi. İran mövzusu ilə bağlı Azərbaycan və Ermənistanın mövqeyi çox əhəmiyyətlidir. Qapalı danışıqlarda nələrin danışıldığını deyə bilmərəm, amma Bolton İran hədəfindən uzaqlaşdıracaq hər hansı şey etmək üçün gəlmədiyinə görə Azərbaycanda Bakını, Ermənistanda isə Yerevanı təmin edəcəyi bəyanatlar verməsi təbii idi.
- Con Boltonun Azərbaycan səfərindən sonra bildirdi ki, ABŞ Cənubi Qafqazı Birləşmiş Ştatlar üçün strateji baxımdan son dərəcə mühüm region hesab edir. Onun sözlərinə görə, söhbət, xüsusilə, Rusiya və İranla eyni zamanda həmsərhəd olan yeganə ölkədən – Azərbaycandan gedir. Belə çıxır ki, bu bəyanat səfərin gündəliyində əsas mövzunun məhz İran olduğunu göstərir…
- Ümumiyyətlə, Azərbaycanın bu şəkildə tanımlanması bir az da Zbiqnev Bjezinskiyə gedib çıxır. ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Zbiqnev Bjezinski özünün "Böyük şahmat taxtası" əsərində Azərbaycan böyüklüyündə olan heç bir dövlətə ayırmadığı qədər vaxtı və enerjini Azərbaycana ayırır. O kitabı oxuyanda insan dəhşətə gəlir. Məsələn, Yaponiya və Rusiya haqqında çox danışılır, amma Azərbaycan böyüklüyündə heç bir ölkə yoxdur ki, Azərbaycan qədər danışılsın. Orada bu movzu çox vurğulanır. Deyilir ki, bütün dünyada çox mühüm və ABŞ ilə münasibətləri mürəkkəb olan ölkələrin İran və Rusiya olduğu nəzərə alınarsa, bunları quru sərhədi ilə bir-birinə bağlayan yeganə ölkə Azərbaycandır. Bjezinski Azərbaycanı iki yolu bir-birinə bağlayan və həm də arasını kəsən ölkə olaraq görür, Orta Asiyanın qapısı olaraq vurğulanır. Enerji ilə yanaşı, vurğulanır ki, ən böyük strateji əhəmiyyəti də buradan qaynaqlanır. Bjezinski 1970-ci illərdə demokratların mühitində təmsil olunsa da, amma xarici siyasət və təhlükəsizlik baxışlarına görə respublikaçılara, Con Bolton kimi adamlara daha yaxındır. Bolton kimi adamlar Bjezinskinin fikirləri ilə tanışdırlar və bu fikirləri özlərinə çox yaxın hesab edilər. Bu baxımdan, Bolton təmsil etdiyi çevrələrdə var olan bir fikri təkrarladı. Amma mənə elə gəlir ki, Azərbaycan son dövrlərdə iki ölkəyə - Rusiya və İrana həmsərhəd olmasını problemə yox, həm məhz bu ölkələr üçün, həm də dünyanın başqa ölkələri üçün dəyərə çevirməyi bacardı. Sübut etdi ki, bu strateji mövqeyimiz heç kim üçün problem deyil, bunu həm özümüz, həm də başqaları üçün dəyər və töhfəyə çevirmiş olduq.
- Noyabrın əvvəlində ABŞ-ın İrana qarşı daha ağır sanksiyaları gözlənilir. Eyni zamanda ABŞ-İran qarşıdurmasının hərbi müstəviyə keçmə ehtimalları da danışılır. Bu baxımdan, bəhs etdiyiniz dəyər bizim üçün təhlükəyə çevrilə bilərmi?
- Bizim İranla xüsusi ticarət münasibətlərimiz yoxdur ki, İrana qarşı sanksiyalar Azərbaycana ciddi təsir etsin. Azərbaycan İranla olan münasibətləri tamamilə kəssə belə, itirəcəyi çox şey yoxdur. “Şahdəniz” konsorsiumunda İran şirkətinin 10 faizlik payı var və sanksiyalar ona tətbiq olunmur, istisna olaraq göstərilir. Amma məsələ hərbi müstəviyə gələrsə, təxminlər əlbəttə ki, sıfırlanır. Bunun nəinki Azərbaycan, o cümlədən regiona və dünya üçün nə olacağını heç kim bilmir. İran nə Suriya, nə İraq, nə də Əfqanıstandır. İranla olan münaqişənin nəticələrinin nə olacağını heç kim deyə bilməz. Təbii ki, burada Azərbaycan üçün yaxşı olacaq heç nə yoxdur. Azərbaycan belə bir qarşıdurmanı heç bir halda arzulamaz. Amma olsa, bütün mövzular marjinallaşır, yeganə mövzu bizim qonşularımız və oradakı soydaşlarımız olacaq.
- Con Boltonun Yerevanda "Azadlıq" radiosuna verdiyi müsahibəsində Ermənistanın Rusiya silahlarından imtina edəcəyi halda, Ermənistana silah satmağa hazır olduğunu bildirdi. O həmçinin Azərbaycana da silah satmağa hazır olduğunu dilə gətirdi. Bu bəyanatın reallaşma inkanları nə dərəcədə mümkündür?
- Bu, hər handa ümumi fikirlərin məhsulu ola bilər. Ümumiyyətlə, Respublikaçılar Partiyası silah satışında daha rahatdır, daha liberal davranmağa hazır olduğu ortadadır. Donald Trampdan hər şey gözlənilər. Amma mövcud şəraitdə, xüsusən Ermənistanın valyutası buna heç bir şəkildə imkan verməz. Amma bununla Cənubi Qafqaz ölkələri ilə Rusiya arasında müəyyən məsafə yaratmaq və burada silah satışında Amerkanın da bir alternativ olmaq nöqteyi-nəzərindən həm Rusiya, həm də İran mövzusunda siyasətini buraya daşımağa çalışılır. Həm Rusiya, həm də İran mövzusunda Amerikada var olan baxışı bir növ burada siyasətə çevirib bəlkə də Qafqaz ölkələrini Rusiyadan uzaqlaşdırmaq üçün əsaslar ola biləcəyini vurğulamağa çalışır. Amma bunun perspektivi çox çətindir. Biz Rusiyanın silah sistemlərinə xeyli bağlı ölkəyik. Amerikadan gələn bir-iki silahla bu həll oluna biləcək məsələ deyil. Minsk qrupunda belə bir fikir formalaşıb ki, Qərb dövlətləri münaqişə içində olan dövlətlərə silah satmasınlar. Boltonun bəyanatının yaxın dövrdə reallaşmasının perspektivini görmürəm, bu sadəcə diplomatik bir gedişdir.