“O maşınlardan almayın, ilinin sonuna kimi...” – Müsahibə
27-10-2018, 09:07
İlin sonuna az qalmış avtomobil bazarının son vəziyyət ilə maraqlandıq. Ümumiyyətlə Azərbaycanda bu sahədə hansı yeniliklərə ehtiyac var?
Ekspert Eldəniz Cəfərov Teleqraf.com-un suallarını cavablandırıb.
- Maşın bazarındakı mövcud durumu necə qiymətləndirirsiz?
- Ümumən Azərbaycanda avtomobil parkının yenilənməsi prosesi baş verməli idi. Hətta bir neçə il əvvəl hökumət qərar çıxarmışdı ki, Azərbaycanın avtomobil parkı yenilənsin, avtomobillərin sayı artırılsın. Bu məqsədilə “NAZ-Lifan” zavodu tikildi, indi də yeni “Xəzər” avtomobilləri istehsal olunur ki, bunların hamısı vətəndaşların komfortlu, təzə avtomobillərdən istifadə edə bilməsi üçündür.
Ətraf mühitin çirklənməsini önləmək, ekologiyanın təmizliyinə, insanların sağlamlığına nail olmaq üçün bu addımlar vacibdir. Qərar verilsə də, təəssüf ki, hazırda avtomobil parkının yenilənməsi məsələsi ləngiyir. Bunun da müxtəlif səbəbləri var.
Bildiyimiz kimi devalvasiyadan sonra banklar avtomobil kreditləşməsi ilə bağlı sərt kurs götürdülər. Əgər bir neçə il əvvəl yeni avtomobillər 20 faiz ilkin ödənişlə kreditə verilirdisə, indi 40-50 faiz ilkin ödəniş etməlisən. Avtomobillərin kreditləşməsində faiz dərəcəsi də yüksəkdir. 16-17 faiz, bəzən 20 faizə gəlib çıxır ki, bu da istehlakçıya sərf eləmir. Alıcı məcbur qalır, yeni, komfortlu avtomobil almır, gedir köhnə, ətraf mühitə, öz sağlamlığına zərər verən avtomobillər alır. Bizim avtomobil bazarında ən böyük problem budur.
Avtomobil bazarında ikinci əl və yeni avtomobillər satılır. İkinci ıl avtomobil bazarında qiymət yenə də yüksək olaraq qalır. 2018-ci ilin əvvəlindən indiyə qədər avtomobillərin qiymətində isə artım müşahidə edilməyib. Biz proqnozlaşdırırdıq ki, əksinə, qiymətlərdə endirim olacaq, amma bu baş vermədi.
- Bəs alıcı varmı?
- Alıcı var. Bir tərəfdən əhalinin alıcılıq qabiliyyəti azalıb, o biri tərəfdən də insanlar avtomobil alırlar. Məsələ ondadır ki, bazarda komfortlu, yaxşı avtomobil qıtlığı müşahidə olunur. Yəni avtomobil alıcısı var, amma o, ürəyi istədiyi avtomobili tapa bilmir. Ona görə də təklif olunan avtomobil satılır, amma yenə də çoxları gələn ili gözləyir ki, təzə maşın alsın. Tələbat var, sadəcə, avtomobil qıtlığı da var.
Dolların məzənnəsi yüksəldiyinə görə qiymət alıcıya baha görünür, kreditlə də mümkün deyil, beləliklə, istehlakçı yeni avtomobil ala bilmir. Məcbur qalıb köhnə avtomobil alır, köhnə də xaricdən az gətirilir.
- Buna gömrük rüsumları da təsir edirmi?
- 2018-ci ilin yanvar ayından gömrük rüsumları yüksəlib. Avtomobilin mühərrikinin gücünə görə rüsum artırıldı, yəni mühərrik nə qədər güclüdürsə, alıcı bir o qədər artıq ödəməli olur.
Biz çalışmalıyıq ki, ölkənin avtomobil parkı tam yenilənsin. Çünki Qafqazda yerləşən ölkə kimi ekologiyanın çirklənməsindən zərər çəkən ölkəyik. Köhnə avtomobillər həqiqətən ətraf mühitə çox zərər vurur, burda söhbət sadəcə havaya atılan zərərli maddədən getmir.
Son zamanlar insanlarda xərçəng, insult, ürək xəstəliklərinin sayı artıb. Ətraf mühitə buraxılan zərərlər maddələr insan ömrünün azalmasına, xəstəliklərin çoxalmasına gətirib çıxarır.
- Hazırda bazarda ən çox satılan, tələb olunan maşınlar hansıdır?
- Azərbaycan üzrə götürəndə sovet zamanından müxtəlif relyefə görə özünü doğruldan avtomobillərdən biri “Niva” idi. İndi də Rusiya istehsalı olan maşınlara tələbat var. Çünki Azərbaycan yalnız Bakıdan ibarət deyil, bölgələri də qeyd eləməliyik. Bu maşınlara həm də ona görə tələbat var ki, qiyməti baha deyil, eyni zamanda servis xidməti ucuz başa gəlir. Avtomobilin ehtiyat hissələri tez tapılır.
Onu da unutmayaq ki, avtomobil oyuncaq deyil, insan həyatı, təhlükəsizlik ilk növbədə nəzərə alınmalıdır. Dünyada avtomobil kriteriyalarında ona fikir verilir ki, qəza zamanı insan salamat qalsın. Qəzaların statistikasına baxsaq, ölüm hadisəsi və ağır qəzaların çoxunda köhnə sovet avtomobilləri ilk yerdədir.
İnsan öz seçimində sərbəstdir, amma dünya üzrə götürsək, insanlar daha ucuz və komfortlu avtomobillərə üstünlük verir. Azərbaycanda da belə olmalıdır, amma bizdə hələ də ucuz avtomobilə meyl güclüdür. Bazarda sovet istehsalı avtomobillər həmişə alınır və satılır. Lakin Avropa və Yaponiya istehsalı avtomobillər də ikinci əl avtomobil bazarında öz yerini tutub, onlara da tələbat var.
- Qadınlar hansı maşınlara üstünlük verirlər?
- 10 il əvvəl qadınlar əsasən əlvan rəngli və kiçik qabaritli maşınları üstün tuturdular. Zaman dəyişdikcə, iqtisadiyyat inkişaf etdikcə və xanımlar cəmiyyətdə ön sıralara çıxdıqca onlar da artıq avtomobillərə fərq qoymurlar. Xanımlar var, qara, ağ, iri qabaritli maşın sürür. Bir qisim xanım sürücü var ki, krossoverləri sevirlər.
Bununla belə, fərqlər artıq aradan çıxır. Yolda hamı bərabər hüquqludur. Hətta indi qadına qırmızı maşın al desən razı olmayacaq. Əslində avtomobildə qadın-kişi fərqi olmur, qadın istədiyi maşına həvəs göstərə bilər.
- Bəs Azərbaycan istehsalı olan avtomobillərə tələbat necədir?
- “NAZ-Lifan” təzə istehsal olunanda maraq artmışdı, sonra təəssüf ki, azaldı. İndi hazırda Neftçalanın istehsal elədiyi “Xəzər” avtomobillərinin imici yaxşıdır. Görünüş və dizaynına görə bəyənilir, istehlakçılar razıdırlar. Lakin bunun iqtisadi tərəfini, komfortluq, təhlükəsizlik dərəcəsini bir ildən sonra biləcəyik. Texniki parametrləri, servis xidmətləri üzə çıxdıqca biz onun hansı formada olduğunu daha yaxşı görəcəyik.
Bu avtomobillərin qiyməti isə ucuz deyil. Bu məsələyə görə də xarici maşın alırlar. Bu maşınlar həm də mexaniki qurğu ilə işləyir, müasir dövrdə insanlar ən çox avtomat maşınlara üstünlük verirlər. Ümid edirik, yerli istehsalda da zamanla yeni model və daha təhlükəsiz avtomobil üstünlük təşkil edəcək. Bunun üçün vaxt lazımdır.
- Taksi şirkətləri ölkəmizdə artır və nəticədə avtomobillər də çoxalır. Bunun bazara təsiri varmı?
- Əlbəttə, təsiri var. Əsasən ikinci əl avtomobillərə təsiri var. Biri var özünün avtoparkı olan taksi xidmətləri, biri də var sadəcə xidməti təşkil edən şirkətlər. Fərdi şəxslər də öz avtomobillərindən taksi kimi istifadə edirlər. Əlində pulu olan şəxslər əlavə qazanc üçün öz avtomobili ilə taksiçilik edir, ya da işlənmiş avtomobil alır. Bəli, bunun da bazara təsiri olur.
Son zamanlar Bakıda hibridlə işləyən avtomobillər görürəm. Bunlar həm qənaətcildir, həm də ətraf mühitə az ziyan vurur. Benzinlə, eyni zamanda elektriklə işləyir. Üçüncüsü də mühərriki səssiz olur. Bu tendensiya get-gedə artacaq, Azərbaycanda hibrid avtomobillərin sayı çoxalacaq. Biz özümüz əslində bunun marağında olmalıyıq.
Vaxtilə ölkəmizə Gürcüstan, Almaniya, Yaponiyadan o qədər avtomobil gətirilib ki, ətraf mühitə zərər verən böyük bir zibillik yaranıb. Neft istehsalçısı, idxalçısı ölkə kimi özümüz maraqlı olmalıyıq ki, dünyada hibrid avtomobillərin istehsalı artsın. Çünki onların da bateriyaları neftdən düzəldilir.
Biz xammal satan ölkəyik, bizə sərf edir ki, neftimiz çox satılsın, tələbat artsın. Bunu əslində lobbiləşdirməliyik. Gürcüstan bu siyasəti tətbiq edir. Yəni hibrid avtomobillər ölkəyə gətirilərkən çox cüzi rüsum tətbiq olunur. Benzin və digər yanacaq növləri ilə işləyən avtomobillərə rüsum qoyulub, amma hibrid mühərrikli avtomobillərə çox cüzi rüsum qoyulduğu üçün vətəndaşlar ikinci əl olsa da hibrid avtomobil gətirirlər. Biz də buna keçməliyik.
2019-cu il yanvar ayının 1-dən Almaniya və Fransada dizel mühərriki ilə işləyən avtomobillərin böyük şəhərlərə daxil olmasına qadağa qoyulacaq. Avropa ölkələrində dizel mühərrikli avtomobillər qadağan olunandan sonra onların postsovet ölkələrinə, o cümlədən Azərbaycana ixracı ehtimalı artacaq. Buna görə də ölkəmizə zərərli dalğa gəlir.
Bu baxımdan hibrid avtomobillərin ölkəyə idxalını gücləndirmək üçün gömrük rüsumlarını endirmək olar. Mərkəzi Bank göstəriş verə bilər ki, kommersiya bankları birinci əl avtomobillərin satışı üçün faizləri endirsin. Belə olsa təzə avtomobillər yaxşı alınacaq, köhnələr dövriyyədən çıxacaq.
- Ölkəmizə yük maşınları da gətirilirmi?
- Statistikaya görə, 2018-ci ilin yanvardan indiyə qədər Azərbaycana 16 mindən çox avtomobil gətirilib ki, bu maşınların böyük əksəriyyəti minik avtomobilləridir. Onların içində 1500-2000 -ə yaxın yük maşınları da var.
- Bəs onların standartları necədir? Şəhərdə qəzalar səbəb olan, nəqliyyatın hərəkətinə maneçilik törədən əsasən yük maşınlarıdır.
- Dövlət Yol Polisi və Bakı Nəqliyyat Agentliyinin qərarına görə, müəyyən saatlarda iri tonlu yük maşınlarının şəhərə daxil olması qadağandır. Təəssüf ki, bu avtomobillərə səhər-axşam da rast gəlinir.
Bu avtomobillər müəyyən sürətlə gedəndə əyləci basılırsa, dayana bilmir, bunun üçün müəyyən vaxt lazımdır. Yüklüdürsə qəfil dönüş zamanı aşma təhlükəsi daha böyükdür. Biz Bakıda dəfələrlə bunun şahidi olmuşuq. Həmin avtomobillər yalandan buraxılış vəsiqəsi alır və sürürlər, yol polisi də burda fəaliyyətini tam tənzimləyə bilmir. Kütləvi hal almasa da, bunun şahidi oluruq.
Yük maşınlarının günorta saatlarında, maşınların sıx hərəkəti zamanı şəhərdə olması ölümcül təhlükədir.
- Qarşıda avtomobil bazarında nələr gözlənilir, ilin sonuna qədər qiymət artımı olacaqmı?
- İkinci əl avtomobillərin qiymətində ilin sonuna qədər heç bir azalma olmayacaq, yüksək artım da gözlənilmir, qiymət stabil qalacaq. Yeni avtomobillərin qiyməti də ilin axırına qədər yüksəlməyəcək.
Gələn ildən isə yeni modellərin Azərbaycana gətirilməsi gözlənilir. Yanvar ayından bir neçə yeni model ölkəyə gətiriləcək. Bu yeni modellərə isə təhlükəsizliklə bağlı texnologiyalar tətbiq olunub. Qəza baş verməməsi üçün xüsusi texnologiyaları olan ağıllı avtomobillərdir. Bu texnologiyalara görə onların qiymətində müəyyən artım müşahidə ediləcək. 2019-cu ildə yeni model avtomobillərinin qiymətində 10 faiz artım gözlənilir.