İran öz birjasını yaratdı: ucuz neft nələri dəyişəcək?
30-10-2018, 09:09
İran bazar günü ilk dəfə olaraq özünün enerji birjası vasitəsilə özəl istehlakçıya neft satıb. Bu birja vasitəsilə bir barrelin 74,85 dollara satıldığı bildirilib. Hərracda ümumilikdə 280 min barrel neft satılıb. Hələlik nefti alan şəxsin adı açıqlanmayıb. İlk satış İran bazarı üçün çox böyük rəqəm deyil. Amma burada məsələ İranın özünün hərrac keçirməsi və neft satmasıdır.
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərlinin Axar.az-a müsahibəsini təqdim edirik:
- İran öz birjasını inkişaf etdirə və dünya birjalarına rəqib ola bilərmi?
- Əslində İran bu addımı ABŞ-ın noyabrın 6-dan sonra neft satışı ilə bağlı tətbiq edəcəyi sərt sanksiyalardan yan keçmək üçün atıb. Bununla o, müxtəlif platformalardan öz neftini satışa çıxarmaq istəyir. Buna görə də öz birjasını yaradıb. Bir çox Avropa dövlətləri və şirkətləri də İrana belə bir məsləhət vermiş ola bilər. Çünki birja vasitəsi ilə satış olarkən ofşor zonalarda qeyd olunmuş hansısa bir şirkət, firma İranın neftini ala bilər. Amma 280 min barrel İran üçün o qədər böyük rəqəm deyil. İran gündə 1,5-1,8 milyon barrelə yaxın neft satmaq istəyir. Belə olan halda ABŞ-ın sanksiyalarına həmin treyder şirkəti məruz qalır. Sonradan o şirkətin özündən nefti alan şirkət və ya ölkə İranla bağlı ABŞ sanksiyalarına tuş gələ bilməz. Məntiqlə bu mümkün deyil. Ona görə də İranın atdığı bu addım sanksiyalardan yan keçməyə hesablanıb. İranın dünya birjasına rəqib ola biləcək birja yaratmaq fikri yoxdur. İran sadəcə bu birja vasitəsi ilə real neftin satışını həyata keçirmək istəyir. Digər tərəfdən, dünya birjalarında əsasən neftin kontraktları satılır, real neftin özü satılmır. Kontraktları alan şirkətlər onun vasitəsi ilə bir müddət sonra istəsələr, həmin nefti alırlar, istəməsələr isə başqalarına satırlar. Yəni dünya birjası belə işləyir. Amma İranda fiziki neft satılır. Tankerlərə vurulmuş hazır nefti istənilən şirkət, fiziki və hüquqi şəxs ala bilər.
- İranın qiymətləri 2-3 dollar ucuz təklif etməsi alıcılar üçün nə dərəcə cəlbedici olacaq?
- İran daha böyük endirimlərə gedə bilər. Hətta ola bilər ki, şirkətləri cəlb etmək və birjaya marağı artırmaq üçün İran dünya birjasından 5-6 dollar ucuz qiymət təklif etsin. Bu da alıcılar üçün kifayət qədər cəlbedicidir. Çünki söhbət 2 milyon barrel neftdən gedirsə, 5 dollar ucuz qiymətə satılsa, təqribən gündəlik 10 milyon dollar qiymət fərqi deməkdir. Bu da kifayət qədər cəlbedici məbləğdir. Ona görə düşünürəm ki, İran daha böyük endirimlərə də gedəcək.
- İranın bu addımı neft qiymətlərinə təsir edə bilərmi?
- Əgər bu sxem işləsə, buna maneçilik törədilməsə, bu birja vasitəsilə İran öz neftini sata bilsə, qiymətlərə kəskin təsir edəcək. Yəni birjalarda neftin qiymətinin ucuzlaşmasına səbəb olacaq. Üstəlik də neft qiymətlərinin hazırda yuxarı səviyyədə qalmasının əsas səbəbi İranla bağlı problemlərdir. İranın neft sata bilməyəcəyi ehtimalı aradan qalxsa, neft qiymətlərində də təqribən 10-15 % ucuzlaşma müşahidə edəcəyik.