ŞOK AÇIQLAMA: Azərbaycanlılar Türkiyədən deportasiya ediləcək
31-10-2018, 00:00
Teref.az Türkiyədə hakim partiyanın (AKP) üzvü, beynəlxalq əlaqələr üzrə ekspert Samir İsgəndəroğlunun publika.az -a müsahibəsini təqdim edir:
- Samir bəy, Zeynəb Xanlarovanın Türkiyədə konsertini təşkil edəcəyiniz haqqında xəbər oxuduq. Zeynəb xanım uzun müddətdir səhnəyə çıxmır. Adətən təşkilatçılar bu gün dəbdə olan müğənnilərin konsertini təşkil etməkdə maraqlı olur. Niyə Zeynəb xanım?
- Çünki Zeynəb xanım yaşayan korifeylərimizin ən önəmlilərindəndir və Türkiyədə böyük sevgi ilə qarşılanır. Zeynəb xanım “Çırpınırdı qara dəniz” mahnısı ilk oxuyan sənətçidir, o, “Salam Türkün bayrağına”, “Türkün qolu bükülməz” kimi məşhur mahnıları ifadə edən türkçü xanım kimi tanınır. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfərlərindən birində Zeynəb xanıma demişdi ki, “Türkiyədə konsert versəniz, sizin gözəl səsisinizi dinləmək bizə də nəsib olardı”. Buradan yola çıxaraq, Zeynəb xanımın Türkiyədə konsertini təşkil etmək qərarına gəldik. Daha əvvəl başqaları Zeynəb xanımın konsertini təşkil etmək istəsələr də müxtəlif səbəblərə görə baş tutmayıb.
- Sizin təklifinizi Zeynəb xanım necə qarşıladı?
- Çox gözəl qəbul etdi. Əvvəlcə biri Ankarada, digəri İstanbulda olmaqla iki konsert təşkil edəcəyik. 2019-cu ildə isə daha iki konsert planlaşdırılır.
- Maraqlıdır, konsertə daha çox hansı yaş qrupu gələcək? Çünki Türkiyənin gənc nəslinin Zeynəb xanım haqqında məlumatı kifayət qədər deyil.
- Ankaradakı konsertə xüsusi təbəqə qatılacaq. İstanbuldakı konsert isə hər kəsə açıq olacaq. Zeynəb xanım daha çox orta və yaşlı nəslin sevdiyi sənətçidir.
- Bu addım dolayısı ilə Azərbaycan mədəniyyətinin Türkiyədə təbliğinin bir parçasıdır, yəni diaspora işidir. Lakin Türkiyə və Azərbaycanın qardaş olduğunu nəzərə alsaq, qardaş ölkədə bizim diaspora, yaxud hansısa təbliğə ehtiyacımız varmı?
- Digər ölkələrdə olduğu kimi, Türkiyədə də diaspor işinə ehtiyac var. Çünki Türkiyədə böyük erməni lobbisi fəaliyyət göstərir. Azərbaycanla bağlı müsbət informasiyalar mətbuatda çox az yayımlanır. Musiqlərimiz, filmlərimiz çox az təqdim olunur. Burada bizim da böyük günahımız var. 2014-cü ildə mən köhnə filmlərimizi dublyaj etdirərək, Türkiyə kanallarında yayımlanması ilə bağlı layihə həyata keçirmək istəyirdim. Televiziyalarla danışmışdıq da. O zaman Azərbaycanda Kinematoqraflar İttifaqı bu işə görə 100 min dollar pul istədi. Buna görə layihə baş tutmadı. Hərçənd, müəyyən filmlərimizin Türkiyədə yayımlanması böyük rəğbət yarada bilər. Mahnılarımız çox az səslənir. Radiolarda ən çox yayımlanan mahnılar yeni sənətçilərindir, xüsusilə Üzeyir Mehdizadənin və rəhmətlik Şəfa Hüseynovanın mahnılarıdır. Lakin Zeynəb xanımı tanıyan, onun mahnılarını əzbərdən bilənlərin sayı çoxdur. Zeynəb xanım mədəniyyətimizin təbliği baxımından da önəmlidir. Bu günə qədər Türkiyədə diasporumuz şəkərbura, paxlava, yaxud dolma bişirib paylayırdı. Hər şeyi mətbəx üzərində qurmuşdu.
- Yəni mədə üzərindən təbliğat aparılırdı?
- Bəli. Bu təamlar da sadə insanlara paylanılırdı. Real işlər görülməlidir. Dünyada yeganə Xocalı muzeyinin əsasını 2012-ci ildə Ankarada mən qoymuşam. Ərazini dövlət ayırdı, maliyyə dəstəyini Heydər Əliyev Fondu təmin etdi, Diaspor İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirdik. Ən önəmli məqamlardan biri odur ki, Ankarada iqtidar partiyası da daxil olmaqla, bütün siyasi partiyalar toplantılarını burada keçirir. Prezident və digər nazirlər bu muzeyin önündən keçib gedir. Hətta muzeyin tikintisi aparılanda bir dəfə Tayyib bəy burada nə inşa edildiyini soruşmuşdu. Biləndə ki, Xocalı muzeyi tikilir, çox gözəl qarşılamışdı. Bu nümunəni ona görə göstərdim ki, real işlər görmək lazımdır. Xüsusilə Türkiyədə yaşayan azərbaycanlılar irəli çəkilməlidir. Akademiklərimiz, incəsənət xadimlərimiz, rəssamlarımız var. Onların hamısının ortaq şikayəti diqqətdən kənarda qalmalarıdır.
- Bu dəstəyi Azərbaycan, yoxsa Türkiyə verməlidir?
- Başlıca olaraq Azərbaycan dövləti dəstək verməlidir. Türkiyədə məşhur bir bəhanə var: Sizə burada Azərbaycan dövləti tərəfindən dəstək verilməlidir ki, irəli çəkiləsiniz. Bu bəhanələri daha çox Türkiyədəki erməni lobbisi ortaya atır. Ümumiyyətlə Türkiyədə erməni lobbisi güclüdür, onların gücü mətbuata da təsir edir. Misal üçün, Prezident İlham Əliyev beynəlxalq tədbirlərin birində Ermənistan prezidentinin Türkiyəni günahlandırmasına cavab olaraq bildirdiyi “Türkiyə burada olmasa da, mən buradayam” sözləri Türkiyə mediasına çox qısa olaraq yer aldı. Lakin Azərbaycanla bağlı ən xırda mənfi məsələlər belə şişirdilmiş formada təqdim olunur. Orada sadə azərbaycanlılar nəsə edən kimi onu sensasiya kimi “Azərbaycanlı qadın evləndiyi adama qarşı soyğunçuluq etdi” kimi xəbərlərə çevirirlər. Lakin müsbət məqamlara yer verilmir, ya da çox az verilir. Misal üçün, Azərbaycanın Türkiyədə 16 milyard dollarlıq investisiyası var, Türkiyə mediasında bununla bağlı ciddi informasiya yoxdur. Şamil Ayrımdan başqa Türkiyədə qabağa çəkilən hansısa azərbaycanlını göstərə bilərsiniz? Şamil Ayrımın da ailəsi çoxdan Türkiyəyə köçüb.
Türkiyədə bizim başqa acınacaqlı problemimiz də var. İstanbulda sənədsiz yaşayan və yeni doğulan 300-500 min arası azərbaycanlı var. Nə atanın, nə ananın, nə də uşaqların sənədi var. Onların atası, babası 90-cı illərdə Türkiyəyə köçüb. İndi yaşları 30-a çatıb, yeni uşaqlar dünyaya gəlir. Heç bir sənəd olmadığı üçün uşaqlar evdə doğulub. Bu insanlar rəsmi olaraq mövcud deyillər. Bu onların sürətlə müxtəlif zərərli dini qrupların nəzarətinə keçməsi ilə nəticələnir, sonra da böyük problemlər yaranır. Onların məsələsi həll olunmalıdır.
- Oradakı doğulan uşaqlar məktəbə getmirsə, yazıb-oxumağı necə bilirlər?
- Xeyr, əksəriyyəti yazıb-oxumağı da bilmir. Kiçik işlərdə çalışırlar. Evliliklər də öz aralarında olub, uşaq evdə doğulub, nə ata, nə ana yazıb-oxumağı bilmir. Diaspor İşləri üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təşəbbüsü ilə bu azərbaycanlıların sənəd probleminin həll olunma prosesi indi başlayıb. Amma yaxşı olardı ki, onlara Türkiyə vətəndaşlığı verilsin.
- Bu azərbaycanlılara Azərbaycan vətəndaşlığı verilir?
- Bəli, Azərbaycan vətəndaşlığı veriləcək. Bu yanlışdır, çünki onlar Türkiyədə doğulub, o cəmiyyətdə yaşayıblar. Ona görə də avtomatik olaraq Türkiyə vətəndaşı olmalıdırlar.
- Bunu necə etmək olar ki?
- Dövlət səviyyəsində danışıqlar aparılmalıdır. Bu insanların orada evi var, hətta saylarının 1 milyona yaxın olduğu da deyilir. Onların Azərbaycana gəlməsi mümkün deyil. Onlara Türkiyə vətəndaşlığı verilməsə, sabah deportasiya problemi ilə üzləşə bilərlər. Bu gün onlarla bağlı məsələlər razılaşdırılıb, oturum hüququ verilib. Lakin gələcəkdə sənədlərində problem olarsa, 500 min azərbaycanlının Azərbaycana deportasiyası təhlükəsi yarana bilər. Fikrimcə, Türkiyə vətəndaşlığı ala bilmirlərsə, əvvəlki həyatlarını davam etdirmələri daha yaxşı olar. İndi vətənsiz sayılırlar, lakin onlara sənəd veriləndə qaçaq sayılacaqlar və sənədləri qaydasında olmayanda deportasiya ediləcəklər. O zaman problemin üzərində daha çox problem gələcək. Hesab edirəm ki, 2000-ci ilə qədər Türkiyəyə gedən azərbaycanlılara Türkiyə vətəndaşlığının verilməsinə çalışılmalıdır.
- Siz AKP-dən namizədliyə namizəd idiniz, lakin namizədliyiniz təsdiqlənmədi. Kimlərsə bu işə mane oldu, yoxsa başqa problemlər var idi?
- Türkiyədə seçki sistemi elədir ki, namizəd olmaq istəyən şəxslər əvvəlcə namizəd olmaq istədikləri yerlə bağlı partiyaya məlumat verirlər. Onların namizədliyini partiya qeydiyyata alır. Müəyyən müddət təbliğatını aparır, sonra şəxsi söhbətlər olur. Rəylər verilir, sorğular keçirilir. Son turda isə partiya rəhbərliyi tərəfindən təsdiq olunur. Ankara üç bölgədən ibarətdir, mənim namizəd olmaq istədəyim bölgədən 11 nəfər seçiləcəkdi. Bu namizədləri seçkiyə bir ay qalmış partiya sədri müəyyən edir.
Mən partiyada namizədliyimi verdim, qeydə alındı, söhbətlər oldu. Söhbətlər zamanı maraqlı məqamlar da baş verdi. Hicablı bir xanım mənə sərt şəkildə dedi ki, “Niyə gedib Azərbaycanda namizəd olmursan, gəlib burada olmaq istəyirsən”. Lakin təşkilatımızın rəhbəri Mustafa Atəş və digərləri mənim namizədliyimi səmimi, normal qarşıladılar. Mənimlə bağlı federasiya və dərnəklər də müsbət rəy vermişdi. Lakin siyasi səbəblərdən namizədliyim baş tutmadı. O bölgədə daha çox Böyük Birlik Partiyasının namizədləri irəli sürülmüşdü. Növbəti seçkilərdə yenidən namizədliyimi irəli sürmək fikrim var. İstəyərdim ki, növbəti seçkilərdə namizədlər arasında azərbaycanlıların sayı çox olsun. Son seçkilərdə namizədliyini irəli sürən 9 azərbaycanlı var idi. Lakin bir dənə Şamil Ayrım seçildi. Bu, onun haqqıdır. Onun ailəsi lap çoxdan Türkiyəyə köçüb, daim Azərbaycan üçün işlər görüb. Şamil Ayrımla Tayyip bəyin dostluğu var. Binəli bəylə onun şəxsi münasibəti 80-ci illərə qədər gedib çıxır. Sevindirici haldır ki, bizdən ən azı bir nəfər seçildi. Hazırda Şamil bəy Azərbaycan dostluq qrupunun rəhbəridir, olduqca aktiv fəaliyyət göstərir.
- Bəs ermənilərdən neçə deputat var?
- Demək olar ki, bütün siyasi partiyalarda ermənilər var. Türkiyədə ermənilər iki cür olur. Biri, ad və soyad olaraq erməni olanlar, digəri adı, soyadı türk, özü erməni olanlardır. İkincilər türk kimliyi altında gizlənir, hətta hicab taxan erməni xanımlar da var. Onlar erməni diasporunun fəallarıdır. Digər qrup da var ki, ermənilərlə iç-içədir. Bu insanlar sosial şəbəkələrdə davamlı olaraq ermənilərlə bağlı təbliğat aparır, onları müdafiə edir. Bu insanların türk, yoxsa gizli erməni olduğunu ayırd etmək çətindir. Son dövrlər belə insanlar vəzifələrə çəkilir.
- Onları kimlərin vəzifəyə çəkdiyi məlumdur?
- Türkiyədə güclü erməni diasporu fəaliyyət göstərir. Maraqlı bir şeyi deyim, Türkiyə mətbuatını araşdırsanız, Ermənistandakı problemlər bağlı heç bir məlumata rast gəlməzsiniz. Ermənistanda sosial problemlər, yaxud xəbərə çevriləcək hadisələr yoxdur? Təbii ki, var. Lakin Azərbaycanla bağlı ən xırda neqativlər belə şişirdilərək, xəbərə çevrilir. Biz Türkiyədə güclü erməni diasporunun olduğunu qəbul etməliyik. Erməni diasporu gizli şəkildə fəaliyyət göstərir. Öz adamlarını dəstəkləyir, adını, soyadını türk kimliyi ilə dəyişdirən erməniləri irəli çəkirlər. Ermənilərin güclü olmasının ən böyük səbəblərindən biri də bizik. Biz zəifik, bərabər deyilik, bir-birimizə qarşı mübarizə aparırıq. 5-10 nəfər bir yerə gələndə bir-birimizi pisləyir, qarşı çıxırıq. Türkiyədə kifayət qədər iş adamlarımız, professorlarımız, akademiklərimiz var. Lakin birlik yoxdur. Tanınmış iş adamlarından Mübariz Mənsimov Türkiyədədir. Onun belə azərbaycanlılarla böyük qopuqluğu var. Görüntü olaraq hər şey mükəmməldir, lakin çevrəsində olan insanlar azərbaycanlıları davamlı olaraq təhqir etməyə başlayıblar. Özlərini çox yüksəkdən aparırlar, Mübariz bəylə görüşmək istəyən azərbaycanlıları “dilənməyə gəlirsiniz?” deyə təhqir edirlər. Bu da bizimkilərin bir-birinə qarşı antipatiyasını gücləndirir. Akademiklərimizin, professorlarımızın çoxunun bir-biri ilə münasibəti yoxdur. Hansı siyasi ideologiyada olursaq olaq, tək hədəfimiz dövlətçilik olmalıdır. Kimsə mövcud hakimiyyəti sevməyə bilər, amma hörmət etməyə məcburdur. Dövlət məsələsində birləşməliyik. Biz bacarmırıq, ermənilər bunu bacardıqları üçün güclüdürlər.
- Siz Türkiyədəki azərbaycanlılardan bəhs edirsiniz, lakin Azərbaycanın özündə də Türkiyə siyasətinə münasibətdə Ərdoğançı və Ərdoğana qarşı olmaqla iki cəbhənin dueli tez-tez müşahidə olunur.
- Bu, bizim cəmiyyətimizin problemidir. Ərdoğanı sevə də bilərsən, sevməyə də. Kimsə kiməsə öz ideologiyasını məcbur qəbul etdirə bilməz. Amma hörmət etməyə məcbursan. Ərdoğan Türkiyənin, İlham Əliyev Azərbaycanın prezidentidir. Onlar dövlətin üzüdür və hər kəs onlara hörmət etməyə məcburdur. Lakin biz hər şeyi bir-birinə qarışdırırıq. Misal üçün, Türkiyədə azərbaycanlılar var ki, oturum alaraq yaşayırlar, sonra başlayırlar ya Ərdoğanı, ya da dini təhqir etməyə. Bəziləri haqqında cinayət işi də açılıb. Hansı dindən olursan ol, hətta dini qəbul etməyə də bilərsən, amma hörmət etməyə məcbursan. Bizim demokratiya anlayışımıza görə, istədiyimizi söyə, təhqir edə bilərik. Bu, demokratiya deyil axı. Yəni problem bizdədir. Biz yaşadığımız cəmiyyətdə ilk öncə nə etməli olduğumuzu özümüzdə müəyyənlədirməliyik. Hər kəs öz işini görməlidir. Misal üçün, dünənə qədər AKP-MHP bərbər idi, bu gün ayrıldı, sabah yenə bir yerdə ola bilərlər. Bu proseslərdə niyə kimisə söyməli, təhqir etməliyik.
- Yeri gəlmişkən, Azərbaycanda Ərdoğandan çox AKP-çi, Baxçalıdan çox MHP-çi olanlar üçün soruşmaq istəyirəm, AKP-MHP ittifaqı niyə dağıldı?
- Türkiyədə bir dövlət var və lazım olanda bütün siyasi partiyalar dövlətçilik ətrafında birləşməyi bacarır. Çevriliş cəhdində AKP, MHP, CHP birləşdi, düşüncəsindən asılı olmayaraq hər kəs dövlətin ətrafında vahid şəkildə toplandı. Bu gün dövlətə qarşı təhlükə soxuşmuş kimi görünür. MHP ilə AKP arasında müəyyən fikir ayrılıqları var idi, MHP-nin təklifləri son zamanlar qəbul olunmuşdu. Buna görə də ittifaq dağıldı, lakin bu, o demək deyil ki, onların birləşməsi bundan sonra mümkün olmayacaq. Sabah siyasi situasiya dəyişə və yenidən bir yerdə ola bilərlər, yaxud AKP-İYİ Partiyası, AKP-CHP ittifaqı da ola bilər. Yəni bu, siyasi proseslərin normal axınına bağlıdır. Burada nəsə başqa şeylər axtarmaq, yaxud cəbhələşmək doğru deyil. Türkiyədə xalq Ərdoğanın şəxsini, onun liderliyini sevir. Son seçkilər bun bariz nümunəsidir. Ərdoğan 53 faiz səs aldı, İncə 30 faiz. Lakin AKP yetərli qədər millət vəkili ala bilmədi. Deməyim odur ki, məsələlərin mahiyyətini anlayaraq danışmaq lazımdır.
- Rahib Brunson məsələsinə də toxunmaq istəyirəm. Uzun qarşıdurmadan sonra Brunson ABŞ-a qaytarıldı. Kimlərsə bunun Türkiyənin geri çəkilməsi, kimlərsə istədiyini alması kimi dəyərləndirir.
- Bu məsələ bağlı qapılar arxasında gedən müzakirələrdir. Türkiyəyə təkcə Brunsona görə yox, digər məsələlərdə də təzyiqlər edilirdi. Görünən budur ki, təzyiqə görə geri çəkildi. Lakin ortada razılaşmalar var. Brunson təhvil veriləndən sonra Tramp Gülənin türkiyəyə verilməli olduğunu açıqladı. Zamanla görəcəyik ki, Brunson nəyin qarşılığında sərbəst buraxıldı, hansı razılaşmalar əldə olundu? Proseslərə dövlətlərarası münasibətlər kontekstində yanaşmaq lazımdır. Lakin adətən insanlar araşdırmır, hansısa xəbərə əsasın fikir yürüdürlər.
- Yəni məsələlərə şəxsi simpatiyamız fonunda yanaşırıq. Sizin Türkiyədəki diasporumuz haqqında dediklərinizdən də belə başa düşdüm ki, oradakı azərbaycanlılar ümumi məqsəd uğuruna yox, “bundan xoşum gəlmir, onu sevmirəm” kimi şəxsi prizma əsasında fəaliyyət göstərirlər.
- Sizə bir nümunə göstərim. Seçki vaxtı mənim namizədliyim haqqında bir xəbər yayılmışdı. Azərbaycanlılardan biri şərh yazmışdı ki, “Azərbaycanda yekəqarın “daydayların” əlindən Türkiyəyə qaçıb gəldik. Rədd olun Azərbaycana”. O qədər belə gülünc şeylərlə rastlaşırıq. Bir-birimizə hörmət etmirik, uğurlarımıza sevinmirik. Ermənilər isə tam əksini edir. Bu gün İYİ Partiyasının da, CHP-nin də qurucuları arasında ermənilər var. Hətta MHP-də də var idi, sonradan kənarlaşdırdılar, lakin indi də ad və soyadını dəyişmiş ermənilərin olması istisna deyil. AKP-də də ermənilər mövcuddur. Onlar gizli şəkildə bərabərlik nümayiş etdirirlər. Ermənistanla bağlı məsələlərdə heç biri əleyhinə çıxış etmir. Adam var iqtidar partiyasından millət vəkilidir, amma “erməni soyqırımı olmayıb” kəlməsini dilə gətirmir. Türkiyə tolerant ölkədir, bütün millətlərin nümayəndəsi var və biz də çalışmalıyıq ki, bir olub, bu tolerant mühitdə öz hədəflərimizə nail olaq. Problemi Türkiyə hökumətində, yaxud xalqında, Azərbaycan hökumətində və dövlətində yox, özümüzdə axtarmalıyıq. Biz özümüzdən başqa digərini bəyənmirik. Çünki hər kəs özünü uca dağın başında görür, digərinə səviyyəsiz kimi baxır. Mən çalışırdım ki, Türkiyədəki bütün azərbaycanlıları – Mübariz Mənsimov da daxil olmaqla – bir yerə toplayım. Lakin mümkün olmadı. Çünki biri deyir “filankəs oradadırsa, mən gəlmirəm”, başqası deyir “o adam gəlməsin”. Buna görə də dərnəklərin başqanları azərbaycanlılar deyil.
- Mən bu məsələni soruşmaq istəyirdim. Niyə Azərbaycanla bağlı dərnəklərin rəhbərləri türklər olur?
- Problem türklərin olmasında deyil, türklər bizim qardaşlardır və Azərbaycan üçün çox iş görürlər. Lakin yenə də bizi bizdən başqa heç kim yaxşı başa düşməz. Mustafa Kabakçı, Necdət Ünivar və digərlərinin böyük fəaliyyəti oldu. Lakin bir çox məsələni tam anlayıb dərk edənlərə rast gəlmədim. Biz ancaq ona alışmışıq ki, dövləti və qurumları tənqid edən, yaxud kimdənsə təlimat alıb hərəkət edək. 2013-cü ildə Xocalı muzeyi ilə bağlı çalışanda səfirlə aramızda narazılıq yarandı. Mən vaz keçmədim, muzey açıldı, açılışa dəvət olunmadım. Heç kim adımı belə çəkmədi. Lakin mən öz fəaliyyətimi dayandırmadım. Çünki belə olmadı olduğunu düşünürəm. İlk dəfə təşəkkürü səfirimiz Xəzər İbrahim etdi.
Səfirliyimizin də səhv etdiyi məsələlər var. Onlardan biri də dövlət əhəmiyyətli tədbirlərə azərbaycanlı professorların, tanınmış adamların dəvət edilməməsidir. Bu azərbaycanlıların ən böyük şikayəti də budur. Haqlıdırlar da. Bu insanları dövlətə qarşı küsdürmək olmaz. Hesab edirəm ki, Türkiyədə fəal olan azərbaycanlılar diqqət mərkəzində saxlanılmalı, tədbirlərə dəvət edilməlidirlər. Onlar gəlib yarım saat bir musiqiyə qulaq asıb gedəcəklər, bu o qədər də böyük şey deyil. Lakin bunu etməyəndə inciyirlər, deyirlər ki, onsuz da bizi yaxına buraxmırlar. Bəziləri isə düşünür ki, diaspor məsələsi yalnız ondan asılıdır, hər kəs ondan icazə alıb hərəkət etməli, nəsə edəndə ona məlumat verməlidirlər. Bizi pis vəziyyətə salan mənəm-mənəmlikdir Hər kəsin yaxşı bildiyi bir iş var, bilmədiyi iş də var. Önəmli olan mənəmlik eqosundan əl çəkməkdir.
- Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə Fuad Muradov gətirildi. Necə düşünürsünüz, bu diasporun işində dəyişikliklə nəticələnəckmi?
- Fuad Muradovla tanışlığımız 2006-cı ildən var, 2010-cu ildən bəri dostluğumuz yaranıb. Gənc kadr olaraq çox şeyi dəyişmək istəyir. Lakin mənim görüb hiss etdiyimiz bəzi məsələlər yanlışdır. Bəzi insanlar var ki, onların işi artıq bitib və onlarla diaspor əlaqələri kəsilməlidir, lakin köhnədən fəaliyyət göstərən insanlar küsdürülməməlidir. Rusiyada, Avropanın müxtəlif ölkələrindəki diasporumuzla səmimi münasibətlərim var. Onların hamısının ortaq narazılığı küsdürülmələridir. Noyabrın 14-də Hollandiyada İlhan Aşkının son məhkəməsidir. O ömrünü Azərbaycanın haqq işi uğrunda mübarizə aparmağa həsr edib. Onu “erməni soyqırımı olmayıb” dediyi üçün məhkəməyə veriblər. Hiss edirəm ki, onun məhkəməsinə qatılan olmayacaq. Azərbaycan dövləti, Diasporla İş üzrə Dövlət Komitəsi onu yalnız buraxır. Bir dostum danışır ki, ermənilər Hollandiyada Azərbaycan səfirliyinin qarşısında aksiya keçirməyə hazırlaşır. Bundan xəbər tutan İlhan Aşkın 2 saat ərzində 100-dən çox adam toplayıb Ermənistan səfirliyinin qarşısına gedir. Onların aksiyası icazəsiz idi. Hollandiya hökuməti də məcbur olaraq, ermənilərin icazəli aksiyasını ləğv edir. İlhan Aşkın kimilər yalnız buraxılanda heç kəs Diaspor Komitəsi ilə işləmək istəməyəcək. ABŞ niyə güclüdür? Heç vaxt öz adamının tək buraxmır. Rza Zərrab, rahib Brunson nümunəsi bunu bir daha sübut etdi. Biz isə bizimlə bərabər dövlətçiliyimiz üçün çalışan insanları yalnız buraxır. Bu səhv addımdır, belə davam edərsə, əvvəlkindən də pis vəziyyət yaranacaq. Bəli, Fuad bəyin böyük dəyişikliklər edəcəyinə inanıram, işi yaxşı bilir, gəncdir, liderlik qabiliyyəti var. Lakin həm də onu görürəm ki, çevrəsindəki insanlar onu yanlış yönləndirir. Türkiyədə sənədsiz azərbaycanlıların işini ilk dəfə biz qaldırdıq, Fuad bəyin dəstəyi ilə bu problemin həlli prosesi başlandı. Lakin bəzi iş adamları hərəkətə keçərək, azərbaycanlılardan sənəd qarşılığında pul toplamağa başladılar. Onlara bildiriblər ki, “pul müqabilində sizə sənəd verəcəyik, Diaspor Komitəsində filankəs bizimlədir, aldığımız pulu onunla böləcəyik”. Mən Diaspor Komitəsindəki insanları yaxşı tanıyıram, bunu edəcək adamlar deyil. Onların səhvi odur ki, yanlarına gələn insanlarla aşırı səmimiyyət qururlar, həmin insanlar da onların adından sui-istifadə edir. Son olaraq onu bildirmək istəyirəm ki, Türkiyədə fəal olan, tanınmış azərbaycanlılar küsdürülməməli, onlara dəstək verilməlidir.