İvanişvilinin uduzma səbəbi: Bolton Tiflisdə nəyi dəyişdi?
31-10-2018, 08:23
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlının Axar.az-a müsahibəsini təqdim edirik:
- ABŞ-ın Cənubi Qafqazda aktivləşməsinin səbəbləri nələrdir?
- Ümumiyyətlə, Cənubi Qafqaz uğrunda əsas rəqabət aparan dövlətlərdən birinin ABŞ olması mübahisəsizdir. ABŞ onsuz da Qafqazda var idi. Sadəcə indi burada daha da aktivləşmək siyasətini əsas götürüb. Hələ SSRİ parçalanmamışdan, Qafqaz Rusiyanın nəzarətindən çıxmazdan əvvəl ABŞ bura girməyə çalışıb. 90-cı illərin əvvəllərindən başlayaraq isə ABŞ Qafqazda kifayət qədər güclənib. Soyuq müharibə başa çatandan sonra ABŞ keçmiş sovet regionu, xüsusilə Cənubi Qafqazla bağlı maraqlarını daha çox büruzə verməyə başlayıb. Sadəcə müəyyən müddətlərdə bu maraqlar daha qabarıq şəkildə özünü göstərib. Bəzən isə ABŞ bu maraqları ilə bağlı daha passiv siyasət həyata keçirib. Eləcə də maraqların fərqli istiqamətləri ilə bağlı müxtəlif səviyyələrdə addımlar atılıb. Elə dövrlər olub ki, milli maraqlarla bağlı daha radikal, bəzən isə hərbi təhlükəsizlik məsələləri ilə bağlı daha fəal siyasət aparılıb. Yəni ABŞ-ın Cənubi Qafqazda aktivliyi daimi və fasiləsizdir.
ABŞ burada bir müddət enerji siyasətinə xüsusi önəm verirdi. Enerji siyasətinə önəm verməsi də enerji layihələrinin Qərbə doğru reallaşmasına şərait yaradıb. 11 Sentyabr hadisəsindən sonra ABŞ üçün təhlükəsizlik məsələləri siyasətin əsasını təşkil edib. Hətta ABŞ Cənubi Qafqazın hava məkanından Əfqanıstana keçid üçün istifadə edir.
Digər tərəfdən, indi ABŞ bu bölgəyə Barak Obamanın dövründəki kimi deyil, fərqli yanaşır. Obamanın dövründə Cənubi Qafqaz siyasəti daha passiv xarakter daşıyırdı. Ermənistan-Türkiyə istiqamətində əvvəlkindən daha fəal siyasət yürüdülürdü. İndi isə Obamanın dövründəki öncəliklər arxa plana keçib. Boltonun səfəri, digər ABŞ diplomatlarının açıqlamaları, Trampın çıxışlarında bu ərazi ilə bağlı hədəfin İran olduğu görünür. Birinci məsələ, İrana qarşı sanksiyalar, İranla qonşu olan dövlətlərin həyata keçirəcəyi siyasət və sairdir. Bu çərçivədə ABŞ rəsmiləri daha çox bölgəyə səfər edir, görüşlər keçirir və buna uyğun tələblər irəli sürürlər. Lakin istər Obamanın dövründə, istərsə də indi ABŞ-ın Cənubi Qafqazda əsas təsir imkanlarına sahib olduğu ölkə Gürcüstan idi.
- Gürcüstanda seçkilərin ikinci turu keçiriləcək. Burada qərbyönümlü müxalifətin birləşməsi prosesi baş verir. Bunun Boltonun səfərindən sonraya düşməsi təsadüfdür? Bu səfərin Gürcüstanda hazırda baş verən proseslərə təsir oldumu?
- ABŞ-la münasibətlər baxımından Gürcüstan xüsusi nümunədir. Çünki hətta Şevardnadzenin dövründə də Gürcüstan sovet respublikalarının içərisində ABŞ-la daha sıx münasibətlərə malik olması ilə seçilirdi. Saakaşvilinin hakimiyyətə gəlmə prosesində və sonrasında bu, daha qabarıq şəkildə özünü göstərdi. Saakaşvilidən sonrakı dövr üçün müxtəlif versiyalar var idi. Bəzi ekspertlər Gürcü Arzusu Blokunun tamamilə Rusiyanın yanında olacağını qeyd edir, bəziləri isə əvvəlki xəttin davam etdiriləcəyini bildirirdi. Amma bunların heç biri tam reallaşmadı. İndiki mərhələ üçün də Gürcüstandakı proseslərə təsir imkanı ən geniş ölkə yenə də ABŞ-dır. Sırf seçki ikinci tura qaldığı üçün bunu demirik. Doğrudur, ABŞ Gürcüstanda hər şeyi müəyyənləşdirən dövlət deyil, amma xarici dövlətlər içərisində ən çox təsirə malik olanıdır. Cənubi Qafqazda ikinci belə bir dövlət yoxdur ki, ABŞ burada ən çox təsirə malik olsun.
Bütün bunlara baxmayaraq, Gürcüstanda prezident seçkilərinin nəticəsini sırf Boltonun səfəri ilə əlaqələndirə bilmərik. Yəni Gürcüstandakı siyasət sırf ABŞ üzərində qurulmayıb. Amma ABŞ-ın proseslərdə hansısa formada iştirakı mübahisəsizdir. ABŞ mütləq bu proseslərə öz töhfəsini verib. Boltonun səfəri Gürcüstan üçün kifayət qədər yüksək əhəmiyyətə malikdir. Onun səfəri Gürcüstan və ABŞ arasındakı münasibətlər baxımından da vacibdir. Son səfəri zamanı Gürcüstanda keçirdiyi görüşlər, verdiyi mesajların Gürcüstanın siyasətində əhəmiyyətli rol oynadığını istisna etmirəm. Amma proseslərə sırf bu səfər təsir etməyib. Onun öncəsində də Gürcüstandakı daimi diplomatik və təhlükəsizlik korpuslarının çox ciddi fəaliyyətləri olub.
- 2012-ci ildə Obama Saakaşvilinin arxasında dura bilmədi. Rusiyaya yaxınlığı ilə seçilən İvanişvili hakimiyyətə gəldi. İvanişvili hakimiyyətə gəldikdən sonra Gürcüstanda bir sıra hüquq pozuntularının olduğu da iddia edilir. Buna rəğmən İvanişvili hələ də hakimiyyətdədir və Qərbdən də kifayət qədər dəstək alır. Niyə indiyə qədər Qərb İvanişvilinin hakimiyyətdə saxlanılmasında maraqlıdır?
- İvanişvilinin hakimiyyətə gəlməsi və gələndən sonra həyata keçirdiyi siyasəti barədə yanaşmalar birmənalı deyildi. Yəni bəziləri onun Saakaşvilinin siyasətini tamamilə dəyişərək, Gürcüstanın xarici siyasətini əks istiqamətə çevirəcəyini düşünürdü. Amma İvanişvilinin dövründə də Gürcüstan Rusiya ilə bəzi prinsipial məsələlərdə heç vaxt razılığa gələ bilmədi. 2008-ci ilin avqust hadisələrindən sonra yaranmış vəziyyət barədə hətta komissiyaların görüşləri keçirildi. Ciddi gözləntilər olsa da, heç bir irəliləyiş olmadı.
Amma İvanişvilinin dövründə Saakaşvilidən qalan xarici siyasət xətti tam dəyişmədi. Avropaya, AB-yə münasibətlər, NATO-ya inteqrasiya Gürcüstan xarici siyasətində prioritetliyini qoruyub saxladı. Yəni bu məsələyə ritorika yox, praktiki nəticələr baxımından yanaşmaq lazımdır. Saakaşvilinin dövründə qərbyönümlü ritorika daha sərt idi, qərbpərəst mövqe üstünlük təşkil edirdi və daha sərt antirusiya yanaşmaları görünürdü. Amma bu ritorika Gürcüstanı NATO-ya üzv etmədi. Digər tərəfdən, İvanişvilinin dövründə Qərblə bağlı ritorika bir az zəiflədi, Rusiya ilə bağlı isə müsbət yanaşmalar hiss olundu. Amma bu ritorika da Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytarmadı. Yəni Gürcüstan 1992-ci ildən bu günə qədər Abxaziya və Cənubi Osetiyada hansı problemlə üz-üzədirsə, indi də təxminən eyni yerdədir. Doğrudur, münaqişə bəzən daha çox alovlanıb, bəzən isə daha passiv mərhələyə keçib. Amma nəticə baxımından heç nə dəyişməyib. Gürcüstan NATO-ya və AB-yə üzvlükdə 20 il bundan öncə harda idisə, bu gün ondan bəlkə bir az öndədir. Yəni kəskin dərəcədə onun önə getdiyini deyə bilmirik.
- Bu nədən qaynaqlanır?
- Həm region dövlətlərinin xarici siyasəti, həm də böyük dövlətlərin regionla bağlı siyasəti böyük maraqlarla müəyyənləşir. Yəni Gürcüstan ən qərbpərəst və Qərbə ən çox ehtiyacı olan dövründə NATO-da özü ilə bağlı birmənalı qərarın qəbul olunmasına nail ola bilmədi.
Hazırda Gürcüstanda prezident seçkiləri ikinci tura qalıb. Biz bilmirik ki, Saakaşvilinin xəttinə qayıtsalar yaxşı olar, yoxsa indiki xətti davam etdirsələr. Bunun hansının olacağı da tam bilinmir. Müxalifətin birləşərək qələbə çalmaq ehtimalı daha yüksəkdir. Digər tərəfdən keçmiş sovet regionunda seçkilərin ikinci tura qalmasını artıq iqtidarın məğlubiyyəti kimi qəbul edirlər. Bu baxımdan da müxalifəti daha ümidli görə bilərik. Amma bu nəticənin sabah region uğrunda rəqabətə necə təsir edəcəyi əsas məsələdir. Seçki nəticələrinin region dövlətlərinin Qərbə, yoxsa keçmiş sovet regionuna inteqrasiyası baxmından nəyə gətirib çıxarağı məlum deyil. Paşinyan, Saakaşvili, Sərkisyan və yaxud Gürcüstandakı müxalifətin ritorikası təəssüf ki, nəticə yaratmaq baxımından ikinci dərəcəlidir. Seçkidə seçilənlərin dəyişməsi siyasətdə ciddi dönüş yaratmalıdır. Bu isə nəticə verməlidir. Çünki insanlar bir şeyə inanaraq səs verirlər. Amma təəssüf ki, bu regionda seçkidən öncə də ritorika olur, seçkidən sonra da nəticə əvəzinə yenə ritorika qalır.
- Qərbdə İvanişvili hökumətinin Rusiyaya yanaşması ilə bağlı müəyyən fikir ayrılığının yaranması və bunun da seçki nəticələrinə təsiri mümkündürmü?
- Ümumiyyətlə, böyük dövlətlərin mövqeyi istənilən Gürcüstan kimi kiçik dövlətlərdəki daxili siyasi proseslərdə əhəmiyyətli olur. Amma təkbaşına xarici təsirlər müəyyənləşdirici amil deyil. Burada çox fərqli məqamlar nəticəyə təsir edə bilər. Saakaşvilinin dövründə əldə olunmuş sosial, siyasi xarakterli nailiyyətlər var idi - hansı ki, sonrakı mərhələlərdə “geridönüş” oldu. Yəni İvanişvilinin dövründə qanun pozuntuları, xüsusilə insan haqları ilə bağlı nöqsanlar aşkarlandı. Və ya İvanişvili hakimiyyətə gələndə belə gözləntilər ifadə olunurdu ki, onun şəxsi zənginliyi və əlaqələri imkan verəcək ki, o, Gürcüstanı qat-qat zəngin ölkəyə çevirsin, qonşularla daha yaxşı əlaqələr qursun, Saakaşvili dövründə demokratikləşən Gürcüstan İvanişvili dövründə iqtisadi baxımdan daha da güclənsin, varlansın. Amma bütün bunlarla bağlı cəmiyyətdə ciddi xəyal qırıqlığı yaşandı. Yəni seçkinin nəticəsinə xarici təsirlərlə bərabər, daxildə ictimai rəydə gözləntinin gerçəkləşmə dərəcəsinin reallaşmaması da təsir edib. Digər tərəfdən İvanişvilidən gözləntilər təkcə iqtisadi məsələlərlə bağlı deyildi. Eyni zamanda Abxaziya və Cənubi Osetiya probleminin həll olunması da İvanişvilidən gözlənilirdi. Bu gözləntilərin doğrulmaması hazırda yaşanan mənzərənin ortaya çıxmasına səbəb oldu.