Kadırovun dini təriqəti və qadınlara vəzifə verməyə qarşı olmasının səbəbi

31-10-2018, 09:07           
Kadırovun dini təriqəti və qadınlara vəzifə verməyə qarşı olmasının səbəbi
Kreml nədən Şimali Qafqaz mentalitetinə dözməyə məhkumdur?
Çeçenistan rəhbəri Ramzan Kadırov qalmaqalları ilə yenidən gündəmə gəlib. Bu dəfə “zərif cinsə” hücum edən Kadırov deyib ki, qadınların qanunverici və icra hakimiyyəti orqanlarında təmsil olunmasının əleyhinədir.

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, mətbuat konfransı zamanı TASS-ın qadın müxbirinin Çeçenistan hökuməti və parlamentində qadınların təmsil olunmamasının səbəbləri haqda sualına cavab verən Kadırov məsələyə müsbət baxmadığını deyib.

Jurnalistin zarafatla “Sizə həmkar lazım deyilmi” sualına cavab olaraq Kadırov deyib ki, “Elə məsələlər var ki, qadınlar onları bilməməlidir”.

Kadırov qeyd edib ki, çeçen siyasətçilərinə kişi kollektivində işləmək daha asandır. O bildirib ki, əvvəllər Çeçenistan hökumətində iki qadın təmsil olunub. Ancaq əlavə edib ki, görünür, bacarmayıblar.

Bu hadisə Rusiyada geniş rezonans doğurub və təbii ki, Kadırova qarşı sərt tənqidlərlə müşayiət olunub. Ancaq məsələ ondadır ki, bu, Putinin dostu Kadırovun ilk qalmaqallı fikirləri deyil. Lakin bu açıqlama ümumilikdə Şimali Qafqazda qadınlara münasibət, dini-mühafizəkar yanaşmanı ortaya qoyur. Bunun isə çox ciddi əsasları var.

Məlum olduğu kimi, Ramzan Kadırov Çeçenistanda çox geniş yayılmış sufi Qədriyyə təriqətinə mənsubdur. 2010-cu ildə Türkiyəyə səfər edən Ramzan Kadırov Adananın Ceyhan rayonunda Qədri şeyxi Mənsurun qəbrini ziyarət edib. Kadırovla yanaşı həmin ziyarətdə Çeçenistandan gəlmiş 100-ə yaxın qədri təriqəti üzvü də olub. Həmin vaxt çeçenlər Şeyx Mənsurun qəbri başında sufi ayini yerinə yetirmişdi. Bu hadisə o zaman Türkiyədə geniş rezonans doğurmuşdu. Halbuki Kadırovların sufi təriqəti ardıcılı olması çoxdan bəlli idi. Ümumiyyətlə, Şimali Qafqazda Nəqşibəndi, Qədriyyə kimi sufi təriqətləri hər zaman çox güclü olub.


İkinci Çeçenistan müharibəsi zamanı Ptinin Qudermes şəhərinin müftisi, müqavimət şurasının üzvü olan Əhməd Kadırova (Ramzan Kadırovun atası - K.R.) “stavka” etməsinin arxasında təriqət faktoru vardı. Çünki həmin vaxt, xüsusən də Birinci Çeçenistan müharibəsindən sonra Şimali Qafqazda sürətlə yayılmış cihadçı sələfilik və ya Rusiyada yayılmış adı ilə vəhhabilik gücə çevrilirdi və bu da ənənəvi dindarlıq və onu təmsil edən sufi camaatlarını narazı salırdı. Rusiya hakimiyyəti məhz bu amildən istifadə edərək çeçenlər arasında dini fərqlilikdən yararlandılar, nəticədə ənənəvi dini təmsil edən sufi təriqətləri yeni yayılmaqda olan sələfi cihadizminə qarşı cəbhədə yer aldı. Nəticədə Putin Çeçenistanda qalib gəldi, ancaq eyni zamanda Kadırov şəxsində Çeçenistanda ənənəvi sufi təriqətləri keçmiş hakimiyyətlərini də geri ala bildilər. Təbii ki, dəli-dolu Ramzana Putinin səbr etməsinin arxasında dayanan amillərdən biri də budur.


Ümumilikdə sufizm Şimali Qafqazda İslamı təmsil edir. Dağlıların Çar Rusiyasına qarşı mübarizəsi, Şeyx Şamil hərəkatı məhz sufizmlə sinonim təşkil edir. Ancaq sufizmin Şimali Qafqazdakı tarixi çox da qədimə getmir. Çeçenistanda və bütövlükdə Şimali Qafqazda qədri təriqətinin yayılmasının memarı hesab olunan Kuntu Hacı 19-cu əsrdə yaşayıb.

Çeçenistanda qədriliyin sürətlə yayılması isə Şeyx Şamilin əsir alınması və nəqşibəndiyyənin gücünün zəifləməsi dövrünə təsadüf edir. Kunta Hacı 1864-cü ildə əsir alınaraq Novqorod şəhərində həbsxanaya salınır və burada yoxa çıxır. Ancaq qədrilik Çeçenistanda əsas dini cərəyana çevrilir. Çeçenlərin Çar Rusiyasına, daha sonra sovetlərə qarşı müqavimətində əsas aparıcı ideologiya qədrilik olub. Maraqlıdır ki, Ramzan Kadırovun atası, 2004-cü ildə terror nəticəsində öldürülən Çeçenistan prezidenti Əhməd Kadırov da silsilə ilə Kunta Hacı şagirdi hesab olunur.


Doğrudur, Rusiya dünyəvi dövlətdir, qanunlar da dünyəviliyi əsas alır. Ancaq Şimali Qafqazda bəzi istisnalar var. Çünki bu torpaqlarda din öz təsirini nə çarlıq dövründə, nə də sovet illərində itirməyib. Yuxarıda qeyd etdiyim kimi, İkinci Çeçenistan müharibəsindən sonra isə şəriət, yəni sufi ağırlıqlı İslam təsiri daha da artıb. Çeçenistanda İlahiyyat İnstitutu yaradılıb, Qroznuda regionun ən böyük məscidi inşa olunub. Hətta Çeçenistanda Cin Xəstəxanası belə yaradıblar. Hansı ki, burada cin tutmuş insanların sağaldığı iddia edilir. Cin vurmuş, cadulanmış adamları burada Quran oxumaqla və digər üsullarla müalicə edirlər.

Əlbəttə, Çeçenistanda və Şimali Qafqazda oturuşmuş ənənələri dəyişmək elə də asan deyil. Bir halda ki, sovet hakimiyyəti illərində belə çox ciddi dəyişiklik mümkün olmadı. İndi isə narahat və həssas regionda Moskvaya müttəfiqlər lazımdır. Bu rolu isə sufi təriqətləri oynayır. Çünki onlar da özlərinə qarşı xaricdən - Yaxın Şərqdən daha dinamik və güclü rəqib var. Bu səbəbdən də həm Kreml, həm də Rusiya elitası hələlik Şimali Qafqaza dözməyə məhkumdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.