“Onlar hakimiyyətin verdiyi səlahiyyətlərdən meyxoş olub, kef edirlər…” - Deputatdan məmurlara ittiham
4-11-2018, 18:29
Bir müddət əvvəl Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin Qarabağ problemi ilə bağlı söylədikləri onun özünə qarşı kampaniyaya çevrildi. Bundan istifadə edən bəzi qüvvələr deputatı Azərbaycan-Rusiya münasibətlərini pozmağa cəhddə də ittiham elədilər.
Bu günlərdə isə parlamentdəki müzakirələrdə bəzi deputatlar ayrı-ayrı məmurların onlara qarşı hörmətsizliyindən gileyləndilər.
"Reytinq” qəzetinin əməkdaşı Qüdrət Həsənquliyevlə bu və digər məsələlərlə bağlı söhbət edib.
Teref.az həmin müsahibəni təqdim edir:
- Qüdrət bəy, "Deputatın etik davranış qaydaları haqqında” və "Milli Məclisin Daxili Nizamnaməsi haqqında” qanunlara dəyişikliklərə bəzi həmkarlarınız etirazını bildirdi. Bunu deputatlara hörmətsizlik kimi qiymətləndirənlər də oldu. Dəyişikliklərə sizin münasibətiniz necədir?
- "Deputatın etik davranış qaydaları haqqında” qanuna dəyişiklik beynəlxalq təşkilatların tələb etdiyi məsələdir. Əgər deputat fəaliyyəti ilə bağlı maraqlar toqquşursa, bu barədə müvafiq komissiya məlumatlandırılmalıdır. Məsələn, mən qanun layihəsi ilə bağlı hansısa iş adamı ilə görüşürəmsə, yaxud qeyri-hökumət təşkilatı və siyasi partiya ilə bu barədə danışıqlar aparıramsa, onun məzmunu barədə komissiyanı məlumatlandırmalıyam. Ona görə ki, gələcəkdə mən, yaxud ailə üzvlərim həmin qanunun tətbiqindən hər hansısa formada faydalana bilər.
Digər məsələ hədiyyələrin alınması ilə bağlıdır. Dəyəri 55 manatdan yuxarı hədiyyələr alınmamalıdır, əgər ondan imtina etmək mümkün deyilsə, gətirib Milli Məclisin muzeyinə təhvil verməlisən. Bu da normaldır.
Məncə, problem başqa məsələ ilə bağlıdır. Biz Konstitusiyaya əlavə etdik ki, əgər deputat etik davranış qaydalarını kobud formada pozarsa, o, mandatından məhrum edilməlidir. Daxili Nizamnamədə bunun mexanizmi öz əksini tapmalıdır. Əslində mərhum prezident Heydər Əliyevin dövründə qəbul etdiyimiz Konstitusiyaya görə Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölgüsü – qanunverici, icra və məhkəmə hakimiyyəti prinsipi əsasında həyata keçirilməlidir. Yenə də Konstitusiyaya görə bu üç hakimiyyət qanadı qarşılıqlı əlaqə və nəzarət prinsipi əsasında fəaliyyət göstərməlidir. Fikrimcə, bizim o vaxt qəbul edilən Konstitusiya həqiqətən mütərəqqi bir sənəddir. Məsələ belədir: hakimiyyətin hər hansı bir qanadının təmsilçisinə qarşı ittihamlar olardısa, bu prosesdə hakimiyyətin digər iki qanadı yaxından iştirak etməli idi. Məsələn, prezidentə qarşı impiçment məsələsi gündəmə gəlirsə, mütləq bu prosesdə hakimiyyətin digər qanadı - Ali Məhkəmə, Konstitusiya Məhkəməsi və Milli Məclis iştirak edir. Burada söhbət prezidentin ağır cinayət törətdiyi zaman ona impiçment elan edilməsindən gedir.
Konstitusiyaya əsasən, deputatlar və hakimlər isə yüngül və az ağır cinayətlərə görə də məsuliyyətə cəlb oluna bilərlər. Ancaq biz elə qanunlar qəbul etməliyik ki, deputatın və hakimin də vəzifədən kənarlaşdırılması prosesində hakimiyyətin digər iki qanadı iştirak etsin. Bu ona görə olmalıdır ki, qarşılıqlı nəzarət təmin edilsin və əsassız sıxışdırma baş verməsin. Buna görə də hakimin və deputatın intizam məsuliyyətinə cəlb olunmaqla vəzifəsindən kənarlaşdırılması Konstitusiyanın ruhuna ziddir. Zamanında bu məsələ müzakirə olunanda, mən təklif etdim ki, etik davranış qaydasının kobud formada pozulması, yaxud başqasının əvəzinə səsvermə cinayət əməli kimi tövsif olunmalıdır.
Amma biz zaman-zaman bu prinsipləri pozmuşuq. Əvvəlcə "Məhkəmələr və hakimlər haqqında” və "Məhkəmə Hüquq Şurası haqqında” qanunlar qəbul olunarkən bu prinsiplər pozuldu. Bundan sonra hakimlərin Məhkəmə Hüquq Şurasının qərarı ilə intizam məsuliyyətinə cəlb olunmaqla vəzifələrindən məhum edilməsi başladı. Bu prosesdə nə prezidentin, nə də Milli Məclisin heç bir rolu olmadı. Halbuki, qeyd etdiyim kimi, Konstitusiyaya görə hakimlər yalnız cinayət törətdikdə vəzifələrindən kənarlaşdırıla bilərlər. İndiki halda Milli Məclisin İntizam Komissiyasının da Məhkəmə Hüquq Şurası kimi etik davranış qaydalarını pozan deputatı intizam məsuliyyətinə cəlb etməklə mandatından məhrum etmək hüququ yaranır. Burada artıq hakimiyyətin digər qanadlarının təmsilçiləri olan deputatlar və hakimlər tamamilə köməksiz və müdafiəsiz duruma salınır. Bu halda hakim də, deputat da başa düşür ki, intizam məsuliyyətinə görə onu vəzifəsindən kənarlaşdıra bilərlər.
- Deputatlara qarşı bu addım onlara münasibətin dəyişməsindən irəli gəlir. Deputatların bəziləri vaxtaşırı yüksək vəzifəli məmurlar tərəfindən saymazyana münasibətlə üzləşdiklərindən, hətta telefon zənglərinə belə cavab verilməməsindən gileylənirlər. Bunlar deputatlara hörmətsizlikdən irəli gəlir?
- Milli Məclisdə bəzi həmkarlarımın narazılığına səbəb olan bu layihə Prezident Administrasiyasından gəlməyib, bunu deputatlar özləri özlərinə qarşı hazırlayıblar. Oktyabrın 30-da Milli Məclisin iclasında da bununla bağlı ciddi etirazlar səsləndirildi, onların arasında hətta Yeni Azərbaycan Partiyasının üzvləri də var. Bu layihə Milli Məclisin rəhbərliyində təmsil olunan şəxslərin istəyi ilə ortaya çıxıb...
Bunu ilk dəfə sizə deyirəm. Diqqət yetirin, xaricdəki müəyyən tərbiyəsiz və kriminal elementlər prezidentin özünü, ailəsini, onu müdafiə edənləri təhqir edirlər. Amma görürsünüz ki, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdan başqa icra hakimiyyətində təmsil olunan nazirlərin, icra başçılarının mütləq əksəriyyəti buna reaksiya vermirlər. Onlara yenə deputatların bir qismi cavab verirlər. Cəmiyyətdəki mənəvi ab-havanı pozan mənfur ünsürlərə qarşı mübarizədə deputatlar özləri də hədəfə çevrilirlər. Belə çıxır ki, ən hörmətsizi də elə bunlardır. Kənarda sakitcə durub hakimiyyət səlahiyyətlərindən istifadə etməklə pul yığan, belə deyək, xumarlanan həmin o rəsmilər onlara görə söyülən deputatların zənglərinə cavab da vermirlər. Onlar hakimiyyətin verdiyi səlahiyyətlərdən meyxoş olub, kef edirlər, telefon zənglərinə də cavab vermək istəmirlər.
Deputatlar onsuz da özləri hansı səlahiyyətin sahibi olduqlarını yaxşı bilirlər. O məmurlara demək lazımdır: "Bəs sən kimsən ki, deputatı aşağılayırsan?” Deputatların bir qismi konyuktura naminə, başqa məsələlərə görə səslərini çıxarmasalar da, dəhlizlərdəki söhbətləri bilirəm, - iqtidardan ciddi narazı olanlar var.
Hesab edirəm ki, dediklərim hökumətin xeyrinədir. Deputatları bu formada aşağılamaq düzgün deyil. Onun üçün Yeni Azərbaycan Partiyasına da müraciətimdə qeyd etdim ki, çoxluq sizin əlinizdədir, istənilən qərarı qəbul edə bilərsiniz, amma bu zaman ölkənin imici haqqında da düşünmək lazımdır.
- Xaricdən prezidentə və onun ailəsinə yönələn xoşagəlməz proseslərdə ölkənin daxilindəki hansısa qüvvənin də marağı ola bilərmi?
- Hesab edirəm ki, daxildə də hansısa qüvvənin iştirakı var. Bunların arasında vaxtilə vəzifədə olanlar, hətta indi vəzifədə olub böyük iddialarla yaşayanların da rolu ola bilər. Ola bilsin onlar fikirləşirlər ki, həm iqtidarı, həm də müxalifəti gözdən salmaqla ölkədə siyasi böhran yaradar və vəziyyətdən istifadə edib özləri hakimiyyəti ələ keçirə bilərlər. Bunları xüsusi xidmət orqanları ciddi araşdırmalıdır. Bu, bir ehtimaldır və mən də məsələni gündəmə gətirmişdim. Demişdim ki, prezidentin ətrafındakı ona sadiq silahdaşlarının gözdən salınıb siyasi hakimiyyətdən uzaqlaşdırılmasına cəhdlər edilir və prezidentin komandasının təcrübəsiz, xalq tərəfindən tanınmayan gənclərdən təşkil olunması və onların da prezidentə nə qədər ictimai dəstək təmin edə bilmələri hər kəsi düşündürməlidir.
Bu məsələ həm ölkədə, həm də Azərbaycanda marağı olan xarici dairələrdə öyrənilir. Burada "xarici barmağın” olub-olmadığı da araşdırılmalıdır.
Mən söyüş kampaniyasının təsadüfi olduğunu düşünmürəm, onlar söyüş yolu ilə prezidentin harizmasını dağıtmaq və bununla da ölkədə xaos yaratmaq barədə düşünürlər.
Çox zaman görürük ki, hökumətin ayrı-ayrı üzvlərini elə hakimiyyətin özünə yaxın mətbuat gözdən salır, onlara qarşı kampaniya aparır. Düzdür, bəzi hallarda bu məsələlər idarə olunmasa da, əksər hallarda bunu məqsədli edirlər. Onun üçün iqtidar ciddi şəkildə prosesləri təhlil etmək gücündə olan strateji mərkəzlər yaratmalıdır. Azərbaycanda baş verən proseslər ciddi təhlil olunmalı, müəyyən nəticələr çıxarılmalıdır. Bununla yanaşı, iqtidar onu dəstəkləyən insanlara qarşı daha həssas davranmalıdır, onların heysiyyətinə toxunan addımlardan çəkindirməlidirlər, o insanları müdafiə etməlidirlər. Bu, artıq həm mənəvi, həm də siyasi nəticələri ola biləcək məsələdir.
- Sizcə, növbədənkənar parlament seçkilərinin keçirilməsi nə qədər realdır?
- Seçkilərə az vaxt qalır. Buna xüsusi bir zərurət olduğunu düşünmürəm. Əlbəttə, müəyyən xarici dairələr istəyir ki, parlamentə daha çox öz adamlarını yerləşdirib parlament vasitəsilə müəyyən təminat əldə etsinlər.
Cəmiyyətdə parlamentin buraxılacağı ilə bağlı fikirlər yayılıb. Əgər parlamentdə hazırda təmsil olunması vacib insanlar varsa, 6 yer boşdur, seçkilər keçirilə bilər. Amma parlament buraxılacaqsa, yenə də deyirəm, bu, daxili zərurətdən irəli gələn bir qərar kimi qəbul olunmayacaq. Partiyamızın mövqeyi bundan ibarətdir ki, əgər hökumət növbədənkənar seçkilərə getsə, biz onu dəstəkləyəcəyik.
- Siz Azərbaycandakı müəyyən proseslərdə xarici qüvvələrin maraqlı olduğunu qeyd etdiniz. Bu, Qərb qüvvələridir, yoxsa Rusiya? Hansının təsir imkanları daha çoxdur?
- Hansının çox, yaxud az təsir imkanının olduğunu demək istəməzdim. Amma hesab edirəm ki, burada doğrudan da xarici güclərin maraqlı olduğu görünür. Azərbaycan balaca ölkədir, kimin nə ilə məşğul olduğunu hamımız bilirik. Bəzən hətta hiss edirik ki, bu məsələni daim gündəmdə saxlayan, körükləyən kimlərdir. Səmimi deyirəm, parlamentə düşmək istəyən baş redaktorlar, jurnalistlər də var. Bunların bəzisi öz maraqlarından çıxış edir, parlamentə düşmək haqda fikirləşirlər. Bəzi siyasi partiyalar fikirləşir ki, bəlkə növbəti seçkilərdə uğur qazana, yaxud yerlərinin sayını artıra bilərlər. Biz də prosesləri təhlil edəndə görürük ki, doğrudan da kənar təsirlər var. Növbəti aylarda hakimiyyətin hansı qərar qəbul edəcəyini görəcəyik.
Mən fikrimi bir məsələyə münasibət bildirməklə yekunlaşdırmaq istəyirəm. Məsələn, bir jurnalist həbs olunur, hamı bilir ki, o xarici kəşfiyyata işləyir. Xarici qüvvə onu həbsdən buraxdırır, sonra da iqtidara deyir ki, daha sizə işləyəcək, ona şərait yaradın, ... hakimiyyət buna razılaşır, fikirləşirlər ki, əvvəl xarici dövlətə işləyirdisə, eybi yox, indi bizə işləyəcək.
Amma bu, çox təhlükəlidir. Keçmişdə xarici güclərin tapşırığı ilə Azərbaycan hökumətini söyüb, bu gün yenə həmin qüvvənin tapşırığı ilə iqtidarı dəstəkləyən qüvvələr söyəndə nə qədər təhlükəli idisə, bu gün də eyni dərəcədə təhlükəlidirlər. Çünki bu gün xaricdən tapşırıq verilir ki, iqtidarı dəstəkləmək lazımdır, sabah tapşırıq veriləcək ki, yox, söymək lazımdır. Parlamentdə də eyni vəziyyətdir. Xatırlayırsınızsa, parlamentdə SSRİ-nin saxlanılmasına səs verənlər bu gün məni Rusiyaya işləməkdə ittiham edirlər. İnsanın bu cür iddianı irəli sürməyə sifəti olmalıdır. Mən özümü niyə misal çəkirəm? Ona görə ki, bu adamlar zamanında tapşırıqla mərhum prezident Heydər Əliyevə qarşı meymunluq və tərbiyəsizlik edənlər, bu gün yenə də həmin tapşırıqla iqtidarın yanındadır, sabah yenə tapşırıqla bu iqtidarı söyəcəklər. Təəssüf ki, hökumətdə bir çox hallarda bu detallara xüsusi diqqət yetirmirlər. Bu da həm cəmiyyətdə yaxşı qarşılanmır, həm də iqtidarı dəstəkləyən digər insanlar arasında tərəddüdlər yaradır. Açıq deyirəm, belə məsələlər, sözsüz ki, müəyyən dairələrdə narazılıq doğurur. Ona görə deyirəm ki, daxili vəziyyət ciddi şəkildə təhlil olunmalı, bu istiqamətdə qərarlar qəbul edilməlidir.
- Sizin təkliflərinizdən biri də bu idi ki, Azərbaycanda daha çevik, hazırlıqlı xarici işlər nazirinə ehtiyac var...
- Birmənalı şəkildə. Hörmətli Elmar müəllimin dünənki(oktyabrın 31-də-red.)çıxışını da gördünüz. Uzun illərdir ölkənin xarici işlər naziri olan şəxs dövlət dilini normal səviyyədə öyrənə bilmirsə, buna potensialı yoxdursa, - öyrənmək istəmirsə, bu daha da pisdir, - yox, cəhd edirsə, alınmırsa, deməli, bu insan xeyli dərəcədə məhdud imkanlara malikdir. Hər iki halda bu insanla bağlı düşünülməlidir. İlham Əliyev də rus dilində təhsil alıb, uzun müddət Moskvada yaşayıb, işləyib, amma Azərbaycan dilində akademik səviyyədə danışır. Elmar Məmmədyarov isə öz üzərində işləmir, xalq qarşısında məsuliyyətini dərk etmir. Deməli, dünya bu adamın vecinə deyil. Ona görə həmişə demişəm ki, bizim xarici siyasət idarəsinin başında duranlar kifayət qədər çevik siyasətçi və kifayət qədər də ağıllı, işgüzar, eyni zamanda yaxşı təşkilatçı olmalıdır.
Bilirsiniz, təkcə diplomatiyanı bilmək kifayət deyil. Xarici işlər naziri yaxşı təşkilatçı olmalı, səfirləri işlətməlidir. Mən bilirəm ki, Elmar Məmmədyarov səfirlərin fəaliyyətinə nəzarət edə bilmir. Səfirlərin əksəriyyəti oranı özlərinin biznes strukturu kimi idarə edirlər. Düşünürəm ki, ümumiyyətlə, bizim xarici siyasət komandası xarici siyasətlə məşğul olmalıdır. Gücləndirilməsinə ən böyük ehtiyac olan sahələrdən biri oradır. Elmar Məmmədyarovla heç vaxt şəxsi münasibətlərimizdə problem olmayıb, amma reallığı demək lazımdır.
- Qarabağ münaqişəsinin həllinin yubanması ilə bağlı Rusiyaya yönəlik son fikirləriniz birmənalı qarşılanmadı, hətta sizi guya Rusiya-Azərbaycan münasibətlərinə ziyan vurmağa cəhddə də qınadılar. Belə çıxır ki, Rusiya ilə bağlı tənqidi fikir səsləndirmək olmaz. Siz vaxtilə Qarabağ danışıqlarının Ermənistanla deyil, birbaşa Rusiya ilə aparılmasını da təklif etmişdiniz. O zaman hətta deyirdiniz ki, müəyyən şərtlə Rusiyanın Azərbaycanda hərbi bazasını da yaratmaq olar...
Sizə qarşı yönələn fikirləri təşkil olunan kampaniya hesab edirsinizmi?
- O zaman bunu deyəndə bəziləri üstümə düşürdü ki, bu, Rusiyanın adamıdır. İndi isə deyirlər ki, Rusiya ilə münasibətləri pozursan. Sözsüz ki, mənimlə bağlı söylənilənlər birbaşa hakimiyyətdəki bəzi adamlar tərəfindən idarə olunan kampaniya idi. Əgər ciddi araşdırma aparsanız görəcəksiniz ki, hakimiyyət daxilindəki həmin qrup da kənardan idarə olunur.
Mən zaman-zaman ölkənin maraqlarından çıxış edən siyasətçi olmuşam. Niyə çox vaxt mənə hücumlar olur? Çünki mən Azərbaycanın marağı nəyi tələb edirsə, onu söyləyirəm. Məsələn, Türkiyə ilə bağlı bəzi tənqidi fikirlər söyləmişəm. Hətta prezident seçkiləri zamanı da bəzi adamlar öz keçmişlərini ört-basdır etmək üçün məni guya Türkiyənin əleyhinə olan insan kimi təqdim etməyə çalışdılar. Bu, olduqca cəfəng bir ideyadır. Mənim başımın üstündə həm də Türkiyənin bayrağı var. Amma mən tənqid etmişəm, demişəm ki, Elçibəy ürək ağrısı ilə deyirdi ki, Kəlbəcər işğal olunanda Türkiyədən iki mülki helikopter istədim, vermədilər. Məsələn, 1992-ci ilin qışında Türkiyə Ermənistana taxıl verib. Türkiyə Azərbaycana Birinci Qarabağ savaşında ciddi dəstək verməyib. Etibar Məmmədov gedib bir maşın avtomat gətirmişdi, onlar da demək olar heç nəyə yaramırdı.
Sözüm ondadır ki, bu faktları deyəndə, mənə hücum etdilər. Yaxud, mən deyirəm ki, bizim neftayırma zavodu şəhərin tam ortasındadır, orada texnogen qəza baş versə, bütün şəhər məhv olacaq, insanlar zəhərdən boğulacaq. Bunu şəhərin kənarına çıxartmaq lazımdır və yaxşı olardı ki, "Star” kimi neftayırma zavodu Türkiyədə yox, Səngəçalda tikilərdi. Buna görə, mənə deyirlər ki, sən Türkiyənin düşmənisən, niyə SOCAR-ın başqa ölkələrə investisiya qoyduğunu da demirsən?
Bir başqası deyir ki, İranla münasibəti pozursan. Məsələn, İranın generalı hədələyib deyir ki, Azərbaycan özünü yığışdırmasa, öz əlaqələrinə baxmasa, biz Azərbaycan haqqında tədbir görəcəyik. Bu, bizi aşağılamaq, əməlli-başlı hədələməkdir. Mən də parlamentdəki çıxışımda deyirəm ki, əgər İran Azərbaycana qarşı hücum barədə düşünürsə, o dövlət özü ən azı beş yerə parçalanacaq. Buna görə məni İranla münasibətləri pozmaqda ittiham eləyirlər. Halbuki, mən İranın generalının dediklərinə cavab verirəm.
Rusiyaya gəldikdə, bu ölkə ilə münasibətlərin ən yaxşı həddə olmasını istəyənlərdən biri mənəm. Böyük qonşumuzdur, orada iki milyon azərbaycanlı yaşayır, Azərbaycan kənd təsərrüfatı məhsullarını ora ixrac edir. Amma bu gün bizim torpağımızın işğal altında qalmasının səbəbi nə İran, nə Türkiyə, nə Amerika, nə də Avropa deyil, Rusiyadır. Bəs siz nə deyirsiniz? Siz deyirsiniz ki, yox, Rusiya deyil. Onda belə çıxır ki, biz nə qədər maymağıq ki, 3 milyonluq erməninin əlində aciz qalmışıq.
Biz deyirik ki, Ermənistandan miqrasiya var, insanlar çıxıb gedirlər. Dünən (oktyabrın 31-də-red.) də bizim mətbuatda şadyanalıqla yazılmışdı ki, keçən illə müqayisədə təxminən 11 minə yaxın adam azalıb. Bunlar Azərbaycana gəliblər də... Onlar Şuşada, Kəlbəcərdə, Zəngilanda, Laçında məskunlaşırlar də. Qarabağda məskunlaşanları Ermənistan vətəndaşlığından çıxarıb, "Arsax” adlandırdıqları "respublikanın vətəndaşlığına” qəbul edirlər. Mən də deyirəm ki, bizim torpaqlarımızda məskunlaşırlar, illər keçir, azad edə bilmirik, bunun da qarşısını Rusiya alır.
Hər dəfə "torpaqlarımızı azad edəcəyik”,- deyəndə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja deyirdi ki, 2008-ci ilin avqust hadisələrindən hamı nəticə çıxarmalıdır. Yəni bizi Gürcüstandakı hadisələrin ölkəmizdə təkrarlana biləcəyi ilə hədələyirdi.
Rusiya bu gün də iddia edir ki, Qarabağ problemi yalnız sülh yolu ilə həll olunmalıdır. Mən də deyirəm ki, Rusiya öz ərazi bütövlüyünü Çeçenistanda danışıqlar yolu ilə həll etdi? Onda mənə hücum edənlər desinlər ki, Azərbaycan gedib ərazi bütövlüyünü bərpa etsin. Bunu niyə demirlər? Biz "Münaqişə sülh yolu ilə həll olunmasa, torpaqlarımızı hərbi yolla azad edəcəyik”, - deyəndə, dərhal oradan bəyanat verirlər ki, özünüzü yığışdırın. Mən deyirəm ki, münaqişənin həllinə Rusiya imkan vermir, ona görə də danışıqları bu ölkə ilə aparmaq lazımdır.
Düzdür, mən deməmişdim ki, bizim torpaqlarımızı Rusiya işğal edib, mən demişdim ki, işğalçı dövlətin arxasında Rusiya durur. Bunu məqsədyönlü şəkildə yazdılar ki, Rusiya işğal edib. Bunu yazan adamın özünün parlament müxbiri var. Deyirəm, "niyə fikrimi bu cür yazıbsan, özü də rusdilli saytda yayılır və bilirsən ki, bunu Rusiyada oxuyurlar?” Deyir ki, bunu filan saytdan götürmüşəm. Yenə deyirəm ki, "axı, sənin orada parlament müxbirin var, o da çıxışıma qulaq asıb. Sən mənə hörmət eləmirsən, amma heç olmasa öz jurnalistinə hörmət elə...”
Ona görə deyirəm ki, danışıqları Rusiya ilə aparmaq lazımdır, Ermənistanla danışıqların heç bir mənası yoxdur. Hətta sabah Paşinyan Qarabağ məsələsində güzəştə gedəcəyini desə də, Dəmirçiyanın taleyini yaşayacaq. Çünki Rusiyanın xeyir-duası olmasa, biz problemi həll edə bilmərik. Hətta sabah Azərbaycan "Dağlıq Qarabağı veririk, canımız qurtarsın”, - desə, elə bilirsiniz ki, buna imkan verəcəklər? Burada həmin insanı xalqın əli ilə xəyanətkar kimi edam etdirəcəklər. Yəni, onlar buna razı olmayana qədər imkan verməyəcəklər ki, problem çözülsün. Mən də deyirəm ki, gəlin danışaq, görək, Azərbaycandan nə umursunuz, biz hansı həddə qədər güzəştə gedib sizin maraqlarınızı təmin edə bilərik? Əgər lazımdırsa, hətta gəlin Qəbələdəki kimi hərbi baza da yaradın. Universitetlər, rusdilli məktəblər, rusdilli saytlar açmaq lazımdırsa, bunu da edək. Sizin liderliyinizlə yaradılan regional təşkilatlara da qoşulaq. Amma imkan verin, biz ərazi bütövlüyümüzü bərpa edək. Yox, əgər buna da imkan verməyəcəksinizsə, torpağımı işğal altında saxlaya-saxlaya, məni aşağılayıb məcbur edə bilməzsən ki, sənə "qardaşımsan, canım-ciyərimsən”,- deyim. Mən ona görə deyirəm, Qarabağ məsələsi həll olunmayana qədər, ruslara açıq deməliyik ki, siz Azərbaycandan indikindən daha çox yaxınlaşmanı gözləməyin. Bu, istər-istəməz daxili müqavimətlə üzləşəcək.
- Qüdrət bəy, bu gedişlə Qarabağ probleminin yaxın perspektivdə həllinə inanırsınızmı?
- Sözün doğrusu, çıxış yolu görürəm. Bir daha deyirəm ki, çevik, həm də cəsarətli xarici siyasət yürütməliyik. Mən əvvəllər də söyləmişəm ki, Paşinyan təqribən Elçibəyin missiyasını yerinə yetirən bir adamdır. Ayaz Mütəllibov o vaxt "QKÇP”-ni dəstəkləmişdi. AXC-nin əli ilə Mütəllibovu hakimiyyətdən uzaqlaşdırdılar. Paşinyanın əli ilə də Serj Sərkisyanı hakimiyyətdən kənarlaşdırdılar. Sonrakı prosesdə AXC deyil, başqa kim gəlsəydi, Cəbhənin həmin hakimiyyətə ciddi təsiri olacaqdı. Ona görə yol açılmalı idi ki, AXC hakimiyyətə gəlsin, sonra da bir ilə iflasa uğradılsın, onu da elədilər. İndi də Ermənistanda Qərbə meyil güclənmişdi. Qərbyönlüləri hakimiyətə gətirib, iflasa uğratmaq lazımdır ki, 30 il daha heç kim Qərb barədə danışmasın. Bu paralellər göz önündədir. Rusiya, bilirsiniz ki, o vaxt Mütəllibova Cəbhəyə qarşı zor tətbiqinə imkan vermədi. Orada da Sərkisyana imkan vermədilər. Burada Mütəllibovu təyyarəyə mindirib özləri apardılar, orada da ona dedilər ki, sakitcə kənara çəkil. Sərkisyan Paşinyanı tutdursa da, sonra buraxdırdılar. Xalq da artıq Sərkisyanın güc tətbiq edə bilmədiyini görəndə, ürəklənib küçələrə töküldü.
O zaman ermənilər bundan məharətlə istifadə edib Dağlıq Qarabağ ətrafındakı rayonları da işğal etdilər. İndi şans yaranıb, Azərbaycan bundan istifadə edib Paşinyanın devrilməsində iştirak etməlidir. Məsələn, hərbi əməliyyatlara başlayırıq, bunun üçün də Rusiya ilə razılaşırıq. Düşünürəm ki, biz Dağlıq Qarabağda qələbə çalmalı, ən azı Qarabağ ətrafındakı əraziləri işğaldan azad etməliyik. Xəstələndirilmiş erməni xalqı elə ağır məğlubiyyətlə üzləşməlidir ki, torpaqların qaytarılması ilə bağlı sazişin imzalanmasına imkan versin.
O vaxt bizim ətraf rayonlar da işğal olunmasaydı, atəşkəsə razılaşa bilməzdik. Heç bir prezident buna gedə bilməzdi. Xalq gördü ki, mərhum prezident Heydər Əliyevin başqa yolu yoxdur. İqtisadiyyat dağılmışdı, müharibədə böyük məğlubiyyətlə üzləşmişdik, atəşkəs elan edib iqtisadiyyatı dirçəltmək, ordunu yenidən qurmaq lazım idi. İndi biz erməniləri, yəni erməni xalqını ağır məğlubiyyətə düçar etməsək, hansısa lideri sazişə imza atmayacaq.
İkincisi, xalqımızın gələcəyi, özünə hörməti bərpa etmək, bacarıqsızlıq və məğlubiyyət sindromundan xilas etmək üçün bu məqamlara xüsusi diqqət verilməlidir. Bizim xalqımıza qələbə lazımdır. Əgər Paşinyan torpaqları qaytardıqlarını bəyan etsə, onda bizim xalq heç vaxt özünə güvənməyəcək. Özünə güvənməyən xalq isə heç vaxt böyük uğurlara imza ata bilməz. Ona görə təkcə nəticələr barədə yox, xalqın psixologiyasını da düşünmək lazımdır. Xalqın özünəinamı bərpa olunmalıdır.
İndi bəziləri Rusiyanın Ermənistanın arxasında dayandığını bilsə də, deyirlər ki, hücum edib torpaqlarımızı azad etməliyik. Əlbəttə, o varianta da gedilməlidir. Ancaq sonda, əgər Rusiya ilə heç cür razılaşa bilməsək, Böyük Vətən müharibəsi savaşına başlamaq lazımdır. Lakin bu risklidir. Buna ən son variantda əl atılmalıdır. Ümid edirəm ki, Rusiya ilə danışıb razılaşmaq olar. Bu problem böyük dağıntılarsız, böyük itkilərsiz həll olunmalıdır.