"Sabah eyni əmrlə Azərbaycanı vursalar yenə də sevinc çığlıqları atacaqsınız?"
11-10-2015, 21:40
Son günlər sosial şəbəkələrdə və mediada Xəzər dənizindən İŞİD-i vuran raketləri idarə edən azərbaycanlı kapitan müzakirə obyektinə çevrilib.
Belə ki, sosial şəbəkələr istifadəçiləri Rusiyanın İŞİD-i vuran raketlərin Xəzərdən atıldığı video və şəkilləri paylaşaraq, həmin raketləri idarə edən azərbaycanlı kapitanla qürur duyduqlarını bildiriblər.
Moderator.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin bu münasibəti millət vəkili Fazil Mustafanın qınağına tuş gəlib:
"Bunun adını siz deyin ki, mənim dilimdən təhqir çıxmasın. Demək qürurla rəsmlər paylaşırlar ki, Xəzər dənizindən İŞİD-i vuran raketləri idarə edən qəhrəman azərbaycanlı balasıdır. Bu islamı gözdən salan İŞİD-i məhv etməyə bütün qüvvələrin səfərbər olması normal bir haldır, onunla yanaşı PKK və Hizbullahı da terror təşkilatları kimi sıradan çıxarmaq dünya barışı üçün önəmlidir. Ancaq Rusiya prezidentinin əmri ilə İŞİD-i vuran Azərbaycanlıdan sizə nə? Sabah eyni əmrlə Azərbaycanı vursalar yenə də sevinc çığlıqları atacaqsınız? Sadəcə nadanlıqdır bunun adı. Suriyada döyüşən azərbaycanlı ilə Suriyanı vuran azərbaycanlının fərqi nədir? Hələ utanmadan azərbaycanlı adını qoyub İran generalı ilə də fəxr edənlər tapılır. Gün gələr həmin generallar Qarabağda ermənilər tərəfindən vuruşub yaxınlarınızı mehv etsələr, bu sevincinizin nəticəsini görersiniz."
Qeyd edək ki, Xəzər dənizindən İŞİD-i vuran raketləri idarə edən Xəzər donanmasının əslən azərbaycanlı olan II dərəcəli kapitanı Vüsal Miriyevdir.