“Rektorun bir imici olmalıdır” – Akademikdən Məhərrəmova tənəli sözlər/Müsahibə
17-11-2018, 08:26
Teleqraf.com Milli Məclisin deputatı, professor Nizami Cəfərovla müsahibəni təqdim edir:
- Nizami müəllim, Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı fərmanını necə qiymətləndirirsiniz?
- Azərbaycan dili ilə bağlı dövlətin mükəmməl siyasəti var. Dövlət siyasətinin də mərkəzində iki mühüm məsələ durur. Biri Azərbaycan dilinin qorunması, ikincisi isə onun inkişaf etdirilməsi. İstənilən dövlət dilini təbii ki, dövlət qorumalıdır və qoruyur da. Ancaq dili qorumaqla iş bitmir, həm də onu inkişaf etdirmək lazımdır. Daha doğrusu, elə şərait yaradılmalıdır ki, dil inkişaf etsin. Bu şərait nədir? Azərbaycan dili indi dövlət dili olaraq geniş miqyası ilə işlənir. Yəni bir sıra türk respublikalarından fərqli olaraq Azərbaycanda yalnız bir dövlət dili var ki, bu da xalqın və millətin öz dilidir. Bu dilin inkişaf etməsi və qorunması üçün böyük şərtdir. Bütün sahələrdə Azərbaycan dili işlənir. Bunun təmin edilməsi üçün müstəqilliyimiz dövründə qəbul edilən ilk Konstitusiyasından bu yana dilin inkişafı üçün hər cür tədbirlər görülüb. Amma bir məsələ də var. Azərbaycan dili dövlət dili olaraq, dünyanın ən müxtəlif, xüsusilə də inkişaf etmiş dilləri ilə əlaqədədir. Azərbaycan dilini təcrid etmək olmaz. Azərbaycan dili ölkədən çıxır, dünya Azərbaycana gəlirsə, deməli dil əlaqələri genişlənir. Ona görə də belə şəraitdə dövlət dili həm inkişaf edir, həm də müxtəlif təsirlərə məruz qalır.
- Siz, konkret hansı təsirləri nəzərdə tutursunuz?
- Məsələn, Azərbaycan dilinə qarşı müxtəlif təzyiqlər ola bilər. Dünyanın bütün dilləri belədir, biz istisna deyilik. O dil ki mərkəzdədir, ortadadır və inkişaf etmək iddiasındadırsa, təbii ki, bu dil müxtəlif əlaqələrdə yaşamalıdır. Odur ki, Azərbaycan dili ilə bağlı çoxlu sənədlər qəbul olunub. Amma prezidentin bu fərmanı digər sənədlərdən fərqlidir. Bu fərq nədədir? Bu fərman daha çox praktik addımlara yönəlib. Yəni Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılır. Bu dilə nəzarət etmək üçün xüsusi mexanizmdir. Bu dövlət qurumdur, dövlət tərəfindən maliyyələşəcək, orada monitorinq aparan mütəxəssislər dövlətdən əmək haqqı alacaq. Onların dövlət dilinin işlənməsi üzərində apardıqları monitorinqləri də rəsmi xarakter daşıyacaq. Nəzərə alın ki, indiyə qədər bəzi QHT-lər dil üzərində monitorinq aparırdı, o cümlədən AMEA. Amma onların gəldiyi nəticələrdən fərqli olaraq, Dövlət Dil Komissiyası yanında yaradılan Monitorinq Mərkəzinin təklifləri artıq rəsmi səciyyə daşıyacaq və ona əməl etmək lazım gələcək. Əks halda dilin qayda-qanunu pozanlara qarşı müxtəlif tədbirlər görüləcək. Bu çox müsbət hadisədir.
- Bu monitorinq daha çox hansı sahələrdə aparılacaq?
- Əslində monitorinqin aparılacağı sahələr prezidentin fərmanında dəqiq müəyyən edilib. Birincisi, kütləvi informasiya vasitələrinin dilində, ikincisi, internet resurslarının dilində, üçüncüsü, reklam daşıyıcılarının dilində. Nəzərə alın ki, bu sahələr bizim üçün strateji sahələrdir. Daha məktəbin, təhsilin, hansısa nazirliyin dilində monitorinq aparmağa ehtiyac yoxdur. Və ya yazıçı, alimin dilində monitorinq aparmağa ehtiyac olmayacaq, çünki onlar mütəxəssisdirlər. Burada dili idarə etmək, onun düzgün istiqamətdə işlənməsini təmin etmək çox asandır. Çünki onlar peşəkarlardır. Amma kütləvi informasiya vasitələrində, internet resursları və reklam daşıyıcılarına xarici dil daha çox müdaxilə edir, dilin qayda-qanunları burada daha çox pozulur və bu sahələr həm də kütləvi işlək sahələrdir. Yəni bu üç istiqamətdə baş verən dil pozuntuları kütlənin ümumi dil mədəniyyətinə və zövqünə təsir edir. Fərman bu baxımdan da xüsusi əhəmiyyətə malikdir.
- Bu günlərdə aktual olan bir məsələyə münasibətiniz də maraqlı olardı. Siz uzun illərdir ki, Bakı Dövlət Universitetində işləyən alim olaraq Abel Məhərrəmovun rektor vəzifəsindən çıxarılmasını necə qiymətləndirirsiniz?
- Bu ,dövlət başçısının birbaşa səlahiyyətində olan məsələdir. Abel müəllim uzun illər universitetə rəhbərlik edib. Əlbəttə, universitetdə müəyyən işlər görülüb, inkişaf olub. Nəzərə alın ki, dövr, zaman dəyişir. Buna uyğun olaraq, müəyyən dəyişikliklər də getməlidir. Dövlət başçısı belə məsləhət bilibsə, başqa söhbət ola bilməz. Sadəcə, çox yaxşı olardı ki, bundan sonra universitetdə lazımi reformalar getsin. Bakı Dövlət Universiteti bizim ilk ali təhsil ocağımızdır və gələn il onun 100 illiyi qeyd ediləcək. Əsas universitetdə islahatların aparılması, inkişafın getməsidir, kimin rektor olması, kimin işdən çıxması əsas deyil. Vacibi odur ki, inkişaf təmin edilsin. Əminəm ki, bu dəyişiklik onunla nəticələnəcək ki, universitet inkişaf üçün implus alacaq. Ardıcıl dəyişmələr zəruridir və bunsuz çətin olur.
- Mətbuat yazır ki, Abel müəllim Madriddə keçirilən tədbirdə mübahisə salıb, Şeyx Allahşükür Paşazadə ilə problem yaşayıb...
- Əlbəttə, mən də bu barədə mətbuatda oxumuşam. Abel Məhərrəmovu tanıyıram, o, çox təmkinli adamdır. Media müxtəlif cür yaza bilər. Hər halda gərək bu kimi hallar baş verməyəydi.
- Doğurdanmı, Abel müəllim Bakı-Madrid və əks istiqamət üzrə çaxır daşıyırmış?
- Açığı, mən belə bir şeyin olub-olmadığını bilmirəm. Əgər, olubsa çox pis. Elmə, təhsilə rəhbərlik edən şəxsin kənar işlərlə, məsələn, biznes tipli işlərlə məşğul olması arzu edilən deyil. Çünki şəxs ortadadır və ilk növbədə elm adamı kimi qəbul edilir. Mən hesab edirəm ki, rektorun bir imici olmalıdır - alim imici. Rektorun ikinci, üçüncü imici olanda istər-istəməz təhsil və elm mühitində problemlər əmələ gəlir. Belə söhbətlər ortaya çıxır. Hər halda elm adamının universitetə rəhbərlik etməsi çox vacibdir. Biz bunu universitetin tarixində görmüşük. Özü də söhbət təkcə rektorlardan getmir. Prorektorlar, dekanlar və kafedra müdirlərinin elm adamı olması universitetin imicini formalaşdırır. Dünya şöhrəti öz yerində, Azərbaycanın özündə elmi xidmətlərinin olması vacibdir və bunlar universitetlərə imic gətirir. Bu olduqca vacibdir. Bu olmayanda başqa problemlər ortaya çıxır və universitet kollektivinin əhvalına təsir edir.
- Siz, bundan sonra universitetdə dəyişikliklərin ediləcəyini, inkişafın olacağını düşünürsüz?
- Biz buna sadəcə, məhkumuq. Ya universiteti itirməliyik, ya da inkişaf etdirməliyik. Universiteti inkişaf etdirmək üçün hər cür şərait var. Məsələn, universitetdə yaxşı mütəxəssislər var. Ölkəmizin imkanı var ki, dünyanın müxtəlif yerlərindən yaxşı alimlər dəvət edək, öz mütəxəssislərimizi təcrübə üçün xarici elm ocaqlarına göndərək. Yəni Bakı Dövlət Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası elmin simasıdır. Əlbəttə, digər universitetlərimiz də var. Amma Bakı Dövlət Universiteti ilə Milli Elmlər Akademiyasının həm tarixi var, həm də onların gələcəyinin olması vacibdir. Şübhə etmirəm ki, inkişaf gedəcək. İnkişaf getməsə, elmimizdə müəyyən problemlər yarana bilər.