İki min yaşı olan sirli idmanın Azərbaycandakı inkişafının sirləri açıqlandı
19-11-2018, 09:26
"2005-ci ildə qazandığım uğurlardan sonra qərara aldıq ki, Azərbaycan Sumo Federasiyası yaradaq"
Azərbaycanda şərq idman növlərinə marağın daha çox olması heç kimə sirr deyil. Gənclər və yeniyetmələr, eyni zamanda orta nəslin nümayəndələri də tək mübarizəli döyüş növlərinə daha çox maraq göstərirlər. Amma şərqin elə idman növləri var ki, Azərbaycanda hələ ona maraq yüksək səviyyədə deyil. Belə idman növlərindən biri də Yaponiyanın milli güləşi sayılan sumodur.
Sputnik Azərbaycan-ın əməkdaşı Azərbaycan Sumo Federasiyasının prezidenti, 2012-ci ildən Avropa Sumo Federasiyasının vitse-prezidenti olan Samir Abdullayevlə bu idman növünün Azərbaycanda inkişafı və fərqli cəhətlərindən danışıb.
Avropa Sumo Federasiyasının vitse-prezidenti Samir Abdullayev
- Azərbaycan idmançılarında sumo güləşinə elə də maraq olmayıb, yoxsa biz səhv bilirik?
- İlk dəfə olaraq beynəlxalq yarışlarda Azərbaycanı bu idman növündə təmsil etmişəm. Uğurum da olub. 2005-ci ildə qazandığım uğurlardan sonra qərara aldıq ki, Azərbaycan Sumo Federasiyası yaradaq. 2006-cı ildə Azərbaycanda ilk Sumo Federasiyasının təşəbbüsü və Bakı Şəhər İdman İdarəsinin dəstəyi ilə Azərbaycan çempionatı keçirilib. 2007-ci il may ayının 25-də Azərbaycan Sumo Federasiyası rəsmi olaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
- Siz bu idman növünə necə başlamısınız? Axı Azərbaycanda bu idman növünü sizə qədər tədris edən olmayıb...
- O vaxta kimi sambo və cüdo ilə məşğul olmuşam. İnternet və televiziyada sumo idman növü haqqında gedən verilişlər və yarışlar bu idman növünə marağıma səbəb oldu. Ondan sonra yapon güləşi olan sumo ilə məşğul olmaq qərarına gəldim. İlk olaraq Gürcüstan və Ukraynada seminarlara qatıldım. Ondan sonra Ukraynada beynəlxalq turnirdə iştirak etdim. Həmin beynəlxalq turnirdə 85 kilo dərəcəsində bürünc medal qazandım. Sumo qədim güləş növüdür, bu idman növünün ən azı 2000 yaşı var.
- Hal-hazırda məşq edirsiniz?
- 13 ildir bu sahədə fəaliyyət göstərirəm. 2005-ci ildən güləşirəm. Bu gün də məşq edirəm. Milli yığmamızın komandasında güləşirəm, amma peşəkar güləşmirəm. Hər bir idmançı ilə güləşirəm. Qalib gəldiyim vaxt da olur, məğlub da oluram. Axı bu idmandır.
- Azərbaycanda sumo ilə məşğul olan xanımlar var?
- Əlbəttə var. Sadəcə olaraq həmin xanımlar cüdo, güləş və digər idman növlərindən gəlirlər. Amma hələ ki, Azərbaycanda sıfırdan sumo idman növünə gələrək püxtələşən idmançı xanım yoxdur. Ümid edirəm ki, yaxın illərdə sumoya marağı olan gənc xanımlar da çoxalacaq.
- Adətən sumo deyəndə, hər kəsin ağlına ağır çəkili insanlar gəlir. Amma siz arıqsınız...
- Bəli. Bu idmanın iki cür növü var. Yaponiyada olan sumo yarışlarında bir çəki olur. Mütləq çəkidir. Burada idmançı nə qədər ağır çəkili olsa, bir o qədər yaxşıdır onun üçün. Çünki yarışda çəkisinin ağır olması onu qələbəyə daha yaxın edir. Bunun üçün Yaponiyada idmançılar 3-4 ilə xüsusi qidalanaraq kökəlirlər və məşq edirlər. Qızların çəkiləri 65 kilodan başlayır 170-180 kiloya kimi davam edir.
- Sumoda zədələr çox olur?
- Digər idman növlərinə nisbətən bu idman növündə zədələr az olur. Amma zədəsiz mümkün deyil. Zədələr məşqlərdə çox olur. Yarışlarda isə idmançı, demək olar ki, zədə almır.
- Bu qədər ağır çəkili idmançılar, yəqin ki, uzun müddət döyüşə bilməz?
- Bəli. Bu idman növündə qısa zamanda qalib müəyyən olur. İlk hücum edən 90 faiz qələbə qazanır. Sumoda xal olmur. İlk qazanılan xal elə qələbənin özüdür. Əsas güclü reaksiyadır. Azərbaycanın milli komandasında isə əlavə çəkili idmançı yoxdur. Hamısı öz çəkisində güləşir.
- Bir çox idman federasiyaları legionerləri milli komandaya cəlb etməyə hazırdır. Siz necə, milli komandaya xarici idmançılar cəlb edirsiniz?
- Biz azərbaycanlı idmançılara daha çox üstünlük veririk. Legioner cəlb etmək fikrimiz yoxdur.