“SİNƏMİ QABAĞA VERMƏLİ İDİM Kİ, GƏLİN MƏNİ ÖLDÜRÜN?” – “Mayın 8-də Şuşada deyildim…”

19-11-2018, 22:53           
“SİNƏMİ QABAĞA VERMƏLİ İDİM Kİ, GƏLİN MƏNİ ÖLDÜRÜN?” – “Mayın 8-də Şuşada deyildim…”
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov “Modern.az” saytına müsahibəsində Şuşada keçən günləri, illəri haqda danışıb.

Teref.az-ın məlumatına görə, az qala hər müsahibəsi, açıqlaması sosial şəbəkələrdə geniş müzakirə mövzusu olan B.Səfərovun bu müsahibədəki bəzi fikirləri də diqqəti çəkib. Xüsusən də onun Şuşanın işğalı günü ilə bağlı dedikləri müzakirə mövzusuna çevrilib.
İcra başçısı “Şuşa tutulandan sonra heç ağladınızmı” sualına belə cavab verib: “Göz yaşımı axıdıb ağlamadım, amma ürəyim, içim bu gün də ağlayır. Şuşam üçün çox darıxıram…”

B.Səfərovun bu suala cavabının sonrakı hissəsindən belə məlum olub ki, işğal günü o Şuşada olmayıb. Sitat: “Düzü, mən mayın 8-də Şuşada deyildim. Mayın 6-da Bərdəyə getmişdim. Bir dostumuz var, onun qardaşının ilinə getmişdim. Çünki Şuşada yas məclisi vermək mümkün deyildi, mərmilər atılırdı. Mən buna görə ayın 6-da Bərdəyə getmişdim.

Amma qardaşım, bacılarımın yoldaşları, dayım uşaqları – hamısı ayın 8-də Şuşada idi. Hətta mənim balaca qardaşım Vüqar gec çıxmışdı. Mən də ortancıl qardaşım Kamili Şuşadan tez çıxdığına görə danladım və dedim: “Vəziyyət belə pis idisə, niyə özün gəldin, o biri qardaşımızı da gətirmədin?”.

Balaca qardaşım isə mənə demişdi ki, vəziyyətin pis olduğunu görüb az qala bacımı güllələmək istəyib. Səbəb bəllidir – düşmən əlinə keçməsin…”

Kiçik qardaşını Şuşada qoyub çıxdığına görə ortancıl qardaşını danlayan, özü isə Bərdədə il mərasimində iştirak etmək adı ilə 3 gün əvvəldən Şuşanı tərk edən B.Səfərovun köçkünləri torpaqları qoyub qaçmaqda ittiham edənlərlə bağlı cavabı da maraqlıdır: “Məcburi köçkünləri ittiham edənlərin dünyagörüşləri çox aşağı səviyyədədir. İstər Şuşa, istərsə də, digər işğal olunan rayonlar olsun. Birincisi bu rayonların hamısı eyni vaxtda işğal edilməyib.
Bu gün məcburi köçkünləri ittiham edənlər, Qaradağlı kəndində, Xocalıda soyqırımı törədiləndə harada idilər?! Onlar niyə bizim yanımızda deyildilər?! Onlar bizim yanımızda olsaydılar, görərdilər ki, qaçmışıq ya yox! Biz əliyalın idik.

Topumuz, tankımız yox idi. Ermənilər isə o zaman müasir silahlarla silahlanmışdılar. 366-cı motoatıcı polkun bütün silahları var idi. Üstəgəldə nizamlı Sovet ordusu… Bizə bunlar hücum edirdi. Mən nə etməli idim?! Sinəmi qabağa verməli idim ki, gəlin məni də öldürün, ailəmi də?! Mənim ölümüm nəyisə dəyişəcəkdi?! Guya mən öləndən sonra erməni ordusu dayanacaqdı?!

Məcburi köçkünləri ittiham edənlər axmaq adamlardır. O adamlar ən azından bircə dəfə o təhlükəli yollarla avtobusla Şuşaya, Laçına getmişdilərmi?! Bu gün məcburi köçkünləri ittiham edənlər o hadisələri görməyən, bilməyən adamlardır.

Şuşanın 196 şəhidi olub. Halbuki, Ermənistana biz müharibə elan etməmişdik. Evimizdə oturmuşduq, göydən başımıza mərmilər yağırdı. Gün ərzində nə qədər atəş açılırdı, uşaqlar, qocalar yaralanırdı. Gözümlə görmüşəm, mərmi atıldı, qadının qolu qopub yerə düşdü. Qol yerdə çırpınırdı…”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.