“Məmurlarımız Gürcüstanda baş verənlərə baxıb utanmalıdır...” - EKSPERT
20-11-2018, 07:51
Gürcüstan hökuməti cari ilin sonuna qədər 600 min nəfər vətəndaşın bir milyardlıq bank borcunu silməyə hazırlaşır. Hansı ki, qonşu ölkənin bu addımı Azərbaycanda da müəyyən bank borclarının dövlət tərəfindən silinməsi ilə bağlı istək və çağırışları aktuallaşdırıb.
Ölkəmizdə də vətəndaşların banklara olan borclarının bəlli bir qisminin silinməsi nə dərəcədə məqsədəuyğun olar?
“Pulları silmək o demək deyil ki, borcları bağışlayırlar”
Moderator.az-a açıqlama verən bank-maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov məsələnin mahiyyəti ilə bağlı maraqlı fikirlər səsləndirdi:
“Gürcüstan hökuməti deyəndə ki, “pulları silirik”, o demək deyil ki, borcları bağışlayırlar. Onlara hansısa bir güzəşt edilir. Belə bir hal olsaydı, Gürcüstan hökuməti məcbur olacaqdı ki, dövlət büdcəsindən bankların pulunu qaytarsın. Dövlət banklara necə deyə bilər ki, bu pulları silək? Banklar özəldir. Banklar soruşar ki, bizə məxsus pulları sən necə silirsən? Gürcüstan bunu etmir. Gürcüstan deyir ki, bu qədər insan bu qədər borcu ödəyə bilmir. Onların ödəniş qabiliyyəti yoxdur. Onlar müflisdirlər. Buna görə də onların borcu silinir”.
“Qanunlarımız Gürcüstan qanunlarından geri qalmır, sadəcə icra edilmir”
Ekspert Azərbaycan qanunlarının da bu məsələdə Gürcüstan qanunlarından heç də geri qalmadığını vurğuladı:
“Azərbaycan qanunvericiliyi də belə deyir. Gürcüstan hökuməti sadəcə qanunu icra edir. Bizdə isə bu qanunlar icra edilmir. Halbuki, bizim Mülki Məcəlləmiz deyir ki, öhdəliklər icra edilə bilmirsə, ona xitam verilir. Icra haqqında qanunumuz deyir ki, hər hansı məhkəmə qərarının icrası mümkün deyilsə, ona xitam verilir. Yəni borc silinməlidir. Müflisləşmə və iflas haqqındakı qanun da deyir ki, fiziki şəxslər də özlərini müflis elan edə bilər. Sadəcə, Azərbaycanda nə hökumət, nə Maliyyə Bazarlarına Nəzarət Palatası, nə Mərkəzi Bank və s. bu qanunu icra etmir. Yəni qərar vermirlər ki, ay banklar, bu vətəndaşlar bu pulu ödəyə bilmir, bu pullar silinməlidir.
“Məhkəmələr vətəndaşların hüquqlarını tanımır”
Ə.Həsənov məhkəmələrin də bu məsələdə vətəndaşların hüquqlarını qorumadığını qeyd etdi:
“Məhkəmələr də vətəndaşların bu hüquqlarını tanımır. Onların borcu ödənilə bilmirsə, silinməlidir. Bu gün Gürcüstan ən qabaqcıl, ən sivil ölkələrin yolu ilə gedir. Bütün dünyada belədir ki, vətəndaş borcuna görə əmlakı ilə cavabdehdir. Əmlakı yoxdursa, vəssalam. Ona neynəyəcəksən? Amma Azərbaycanda bu məsələdə “barbar qanunları” hökm sürür”.
“Canın çıxsın pulu ödə!”
Ekspert Gürcüstanda baş verənlərə görə Azərbaycandakı mövcud duruma görə müqəssir olan məmurların utanmalı olduğunu qeyd etdi:
“Bizdə deyirlər ki, canın çıxsın ver. Dəxli yoxdur pulun var, ya yoxdur. Insanları qorxudurlar. Belə olan halda isə vətəndaş ya özünü öldürməli, ya qohum-qonşuların qapısına gedib onlardan yardım isəməli olur. Yəni qanunalrımız Gürcüstan qanunlarından geri qalmır. Bizdə də eyni qanunlardır. Sadəcə, orada bu qanunalr icra olunur. Fərq buradadır. Bu gün Gürcüstanda baş verənləri görən məmurlarımız utanmalıdırlar”.