“Yaltaq", “sözəbaxan” olsaydım, “çətin adam” sayılmazdım”
21-11-2018, 10:10
Əməkdar artist, müasir Azərbaycan satirasının tanınmış nümayəndələrindən biri Tahir İmanovla müsahibə üçün vədələşdiyimiz Sabir bağında görüşəndə, bu yerlərin yumor ustası üçün doğmalığından xəbərsiz idik. Məhz Tahir İmanovla söhbət əsnasında bəlli oldu ki, məşhur aktyorun uşaqlıq və gənclik illəri məhz burada – doğma Bakının ən qədim, özünəməxsus, gözəl guşərlərindən biri olan bu məkanda keçib.
Moderator.az olaraq əməkdar artistlə söhbətimizdə sənətkarın həyat və yaradıcılığı ilə bağlı daha bir çox maraqlı məqamlar üzə çıxdı.
I hissə burada: http://moderator.az/news/247730.html
“Televiziyalara ən böyük cavabı xalq verdi”
-Telelivizyaları bu günə qədər kifayət qədər çox adam tənqid edib. Hansı ki, onların səsləndirdiyi tənqidlərin “məhvedici gücü”, kəsər və sərtliyi sizin səsləndirdiyiniz fikirlərdən daha sarsıdıcı olub. Ancaq nədənsə televiziyalar məhz sizin üzərinizdə dayanmağa, sizi hədəf almağa qərar verdi. Necə hesab edirsiniz, televiziyaların qəzəbinə onların deyil, məhz sizin gəlməyiniz nə ilə bağlıdır?
-Məsələ bundadır ki, televiziyalar ancaq yiyəsiz adamlara cavab verirlər. Mən isə onlara cavab verməyəcəm. Mən sözümü dedim. Ikincisi, mən kimə cavab verim? Bayağı musiqini və incəsənəti təbliğ edən kanallara? O telekanallara ki, hələ də bilmir ki, Azərbaycanı işğal edən ölkə Azərbaycan yox, Ermənistandır? Cinsi bilinməyən aparıcıların çalışdığı, “Azərbaycan” yerinə “Azərbadcan” deyən aparıcıların yer aldığı telekanallaramı?
Televiziyalarla bağlı son hadisələr zamanı sosial şəbəkələrdə yer alan şərhlərin demək olar ki, hamısında insanlar mənə dəstəyini ifadə etdilər. Mən buradan onların hamısına öz minnətdarlığımı bildirirəm. Xalqın cavabından daha böyük, daha əzəmətli cavab ola bilərmi? Əsla!
“Müasir yumoristlərin etdiklərini edə bilmərəm, çünki...”
-Məlum qarşılıqlı tənqiddən sonra saytımıza açıqlama verən Şeyx Əbdül Mahmudbəyov barışdırıcı mövqe sərgiləyərək televiziyaların bir verliş təşkil edərək elm adamlarını, o cümlədən sizi ora dəvət etməyi, birgə fikir mübadiləsi apararaq problemin araşdırılmasını, barışın əldə edilməsini təklif etdi. Bu təklifə sizin münasibətinizi bilmək istərdik?
-Bu cür təkliflər olub. Mən son 3 il ərzində televiziya rəhbərləri ilə bir neçə dəfə görüşmüşəm. Onlar mənə deyirlər ki, müasir yumoristlərlə ayaqlaş. Onların etdiklərini et. Belə etsən, sənin layihələrinə yer ayırarıq. Onlar deyirlər ki, məmurları tənqid etmə. Mən isə soruşuram: niyə bu şərtlər ölkə başçısı konsertlərimizə gələn zaman qoyulmurdu? Niyə onda tənqid etmək olardı, amma indi olmaz? O gündən bu günə nə dəyişdi? Yenə də ölkəmizdə həmin söz azadlığı, həmin demokratiya mövcuddur.
O ki qaldı, müasir yumoristlərə, mən onlarla ayaqlaşa bilmərəm. Onların etdiklərini mən bacarmıram. Yəqin ki, onlar da mənim etdiklərimi bacarmazlar. İkincisi, KVN janrı elə yaranıb ki, tənqid onun kökündə, nüvəsindədir. Əgər mən bu kökə, bu nüvəyə əl vursam, onda gərək janrı da dəyişəm. Klounluqla, təlxəkliklə məşğul olum. Onu isə bacarmıram. Çünki klounluğun özü böyük bir sənətdir.
“KVN “Molla Nəsrəddin”in davamçısıdır”
-KVN hər zaman bəzi məmurların parodiyası ilə məşğul olub, onların qüsurlu cəhətlərini, nöqsanlarını tənqid edib. Əslində KVN-nin bu fəaliyyətini həm də məmurlar üzərində ictimai nəzarət mexanizmindən biri hesab etmək oalrmı? Hansı ki, ölkə başçısı da, görkəmli ziyalılar da hər zaman ictimai nəzarətin önəminə diqqət çəkib, bunu neqativ amillərin ortadan qaldırılması və ifşası üçün zəruri sayıb...
-Təbii ki, KVN-lə bağlı mövcud stiasiya dəyişərsə, bu, ictimai nəzarət baxımından böyük rol oynaya bilər. Vaxtiylə oynayıb da.
KVN heç vaxt montaj olunmayıb. Hər şey efirə montaj olunmadan gedib. Hətta 1997-ci ilə qədər KVN AZTV-də yayımlanıb. 1997-ci ildə Zeynəb Xanlarova ilə bağlı parodiyanı oradan çıxarandan sonra A.Məmmədxanov AZTV ilə əməkdaşlığı dayandırdı və Space TV ilə əməkdaşlığa başladı. 2001-ci ilə qədər bu əməkdaşlıq davam etdi.
KVN bir aynadır. KVN “Molla Nəsrəddin”in bir davamçısı, analoqudur. Bunu mən deməmişəm. Bunu ümummilli lidrimiz başda olmaqla bir sıra böyük şəxsiyyətlər deyib. H.Əliyev konsertlərin sonunda bizimlə görüşlərin birində vurğuladı ki, siz Cəlil Məmmədquluzadə ilə M.Ə.Sabirin yolunu gedirsiniz. Bu, bizə verilən ən böyük qiymətdir. Hesab edirəm ki, həm C.Məmmədquluzadə, həm də M.Ə.Sabir fəth edilməyən zirvədir. Mən bundan sonra 100 il də yaşasam bunu edə bilmərəm. KVN- onlarla müqayisə etmək böyük bir mükafatdır. Bu, orden, medal səviyyəsində olan bir mükafatdır.
“Müasir yumoristlər tamaşaçıya ancaq bir cür “yemək” təqdim edir, biz isə...”
-Ölkədə yumor və satira ilə məşğul olanların sayı çoxalsa da, yumor və təbəssüm aclığı artmaqdadır. Sizcə bu təzadın səbəbi nədir?
-Sizin nəzərdə tutduğunuz şəxslər televiziya rəhbərliyinin şərtlərini qəbul ediblər. Siz elə bilirsiniz ki, onlar bəzi məmurları tənqid etməyiblər? Ediblər. Lakin sonra onların hamısını bir-bir çağırıb “başa saldılar”. Dedilər ki, filankəsləri tənqid etməyin, onlar da bununla razılaşdılar. Bu səbəblə də məcazi mənada desək, “dombalaq aşmaq”dan başqa ortaya heç nə çıxardı bilmirlər. Müasir yumoristlər arasında həqiqətən də istedadlı olan gəcnlər var. Lakin onlar müəyyən bir çərçivədə fəaliyyət göstərirlər. Onlar tamaşaçılara yalnız eyni cür “yemək” verirlər. Halbuki, KVN-də bu yeməyin salatı da, “pervisi” də, deserti də olur.
“Bizə güclünü deyil, “zəif bənd”in yanında yer almağı öyrədiblər”
- Sizcə kökündə, arxasında ciddi bir ideya, ciddi bir mesaj dayanmayan, insanları düşünməyə, həqiqəti görməyə, dərk etməyə, yaxşıya doğru dəyişməyə vadar etməyən yüngül yumoru insanların zövqünə və düşüncəsinə yönəlik mənəvi qəsd də hesab etmək mümkündürmü?
-Tamamilə haqlısınız. Bu gün televiziyalarda yer alan verilişlərin bir çoxu məhz bu cür verilişlərdir. Bilirsiniz mən bunları niyə deyirəm? Əgər Allah mənə ömür versə, qocalanda gənc nəsillər məndən soruşanda ki, o zaman televiziyada bu cür ciddi problemlər olanda niyə susmusan, onda mənim dilim uzun olsun. Deməsinlər ki, niyə faciəni görə-görə danışmamısan?
Güclü ilə olmağa nə var ki. Bu, işin, yanaşmanın ən asanıdır. Bizi həmişə öyrədiblər ki, zəif bəndin tərəfin saxla. Odur ki, bu haqsızlığı, bu bayağı musiqini ekrtanlarda görəndə susa bilmirəm. Mənim gözümün qabağına böyük şəxsiyyətlərimiz gəlir - Süleyman Ələsgərovlar, Vahid Adıgözəlovlar, Tofiq Quliyevlər... Onlar həyətimizdən tutmuş cəmiyyətimizə qədər harada bir nöqsan görürdülərsə, dərhal sözlərini deyirdilər? Nə olsun ki, sovet dönəmi idi, ideologiya başqa idi. Onlar sözlərini deyirdi. Ona görə də onlara şəxsiyyət deyilirdi. Ona görə də Heydər Əliyev onlara böyük hörmət bəsləyirdi. Çünki onların hər biri ayrı-ayrılıqda böyük şəxsiyyət idi. Indikilərin isə hamısı susur. Ona görə biz indi tək qalmışıq.
“Televiziya “çətin” və ya “asan” adamların deyil, istedadlı adamların yeridir”
Televiziyaların ünvanına tənqidlər hər yerdə səslənir. Yasda, toyda, hər yerdə. Lakin bu söhbətlər ancaq elə burada da qalır. Bu tənqidləri səsləndirənlər isə ziyalıları, ictimai xadimlər və s-dir. Ekran qarşısında, mətbuata açıqlamalarında isə televiziyalarda hər şeyin qaydasında olduğunu deyirlər. Bu qeyri-səmimilikdir. Həqiqəti görə-görə danışmamaq düşmənin vurduğu zərbədən daha zərərlidir. Çünki düşmən bütün bu nöqsanları görüb sevinəcək. Mənsə bir azərbaycanlı kimi bu nöqsanlara dözə, onları qəbul edə bilmirəm. Ona görə də danışıram. Danışanda isə deyirlər ki, Tahir İmanov “çətin adam”dır. Onunla dil tapmaq çətindir. Bu sözün qarşısında isə mən onlara hər zaman bir sual vermişəm və bu sual hər zaman da cavabsız qalıb. Məgər televiziya çətin və “asan” adamların yeridir, yoxsa istedadlı və kreativ adamların yeridir? Bilirsiniz sənət aləmində nə qədər “çətin adamlar” olub? Amma dövlət onları heç vaxt “çətinliyinə”, yaxud “asanlığına” görə qiymətləndirməyib. Dövlət onlara istedadına, ortaya qoyduğu sənət nümunələrinə, əsərlərə görə qiymət verib.
Bəzilərinin fikrincə yaltaq, haqlı da olsa, haqsız da olsa hər zaman başını önə əyən, susan, sözünü deməyən adam “asan adam”dır. Bunların heç birisi məndə yoxdur. Mən nə yaltaqlığı, nəə yalan danışmağı, nə də susmağı bacarmamışam.
Təbii, mən telekanalların hamısını nəzərdə tutmuram. AZTV, “Mədəniyyət” TV, İTV mənim izlədiyim, səviyyəli verilişlərin yer aldığı telekanallardır. Onlar tamaşaçılara baxımlı verilişlər təqdim edir.
“Musiqimizə, milli dəyərlərimizə daha dərindən sahib çıxmalıyıq”
-Ermənilərin zaman-zaman Azərbaycanın xalq mahnılarını oğurlaması, bunu özlərinə məxsus musiqi kimi təqdim etmələri halları olub. Sizcə musiqimizə, mənəvi dəyərlərimizə qarşı erməni hücumlarını önləmək üçün atılması gərəkən ən effektiv addm nə ola bilər?
-Ermənilərin bizim xalq mahnılarımızı oğurlamasından vaxtaşırı olaraq danışılır. Hesab edirəm ki, əgər televiziyalarımız bizim xalq mahnılarımızı mütəmadi surətdə təbliğ etsəydi, o zaman bu sahədə də fərqli mənzərə formalaşardı. Bu gün təbliğ olunan mahnılar hansılardır? “Cancanadır cancana”, “Səni deyirlər” və s. Televiziyalar bunları təbliğ edir. Televiziyalar bir çox hallarda o mahnıları təbliğ edir ki, onların musiqi tariximizə aidiyyatı yoxdur. Bunu görən ermənilər təbii ki, “Tello”dan tutmuş “Sarı gəlin”ə qədər bütün mahnılarımızı öz adlarına çıxacaq. 10-15 ildən sonra isə dünyada bir çoxları bunları erməni mahnıları kimi tanıyacaq. Çünki bizim efirlərimizdə bu mahnılar səslənmir.
Ermənilərin musiqimizlə bağlı bu təxribatlarını önləməyin ən effektiv yolu bu dəyərlərə sahib çıxmaq, onların təbliğinə xüsusi diqqət yetirməkdir.
Mən musiqiçi ailəsində böyümüşəm. Musiqiyə olan məhəbbət məndə uşaqlıqdan formalaşıb. S.Ələsgərov bizə həmişə deyirdi ki, əsl musiqiyə qulaq asın: Cabbar əmiyə, Xan əmiyə, Qara Qarayevə, Tofiq Quliyevə...
T.Quliyev bir mərtəbə aşağıda yaşayırdı. S.Ələsgərov deyirdi ki, T.Quliyev kimi melodik mahnıları yaza bilən ikinci bir bəstəkar axtarmayın. O, özü bəstəkar ola-ola T.Quliyev haqqında bu cür fikirlər səsləndirirdi. Bu insanlarda heç paxıllıq da yox idi. Onlar sənət aləmində böyük bir ailə, əsl şəxsiyyətlər idi. Heyf onlardan...
“Əgər indi babam yanımda olsaydı...”
İndiki məqamda yanımda babamın olmadığına çox heyfislənirəm. O olsaydı, indi televiziyalar haqqımda bu cür danışa bilməzdi. Cavab versəydilər belə, babam onlara elə bir “yağlı söz” deyərdi ki, bununla da məsələ bitərdi. Ona görə mən həmişə deyirəm ki, biz yiyəsiz qalmışıq. Biz Anar Məmmədxanovsuz qalmışıq, Heydər Əliyevsiz, Süleyman Ələsgərovsuz, Arif Mansurovsuz qalmışıq. Onların hamısı bizim ağsaqqallarımız olub. Bizə böyük dəstək olublar. Onlar olanda bizim heç bir problemimiz olmayıb.
A.Məmmədxanov komandanın lideri idi. Lider olan yerdə isə birlik olur. H.Əliyev konsertlərimizə gələndə kimsə haqqında mənfi fikir səsləndirmirdi. Arif Mansurov bizə ilk illərdə çox böyük dəstək verdi. Süleyman Ələsgərov da həmişə komandamıza mənəvi dəstək olub. Bu gün heç birisi yoxdur. Odur ki, kim nə istəyir edir.
“Bizə ən böyük dəstəyi Heydər Əliyev Fondunun I vitse prezidenti Leyla xanım Əliyeva verib”
-Tahir bəy, 2015-ci ilin may ayından müəyyən qadağalar, yasaqlarla üz-üzə qaldığınızı bildirirsiniz. O gündən bugünə qədər həmkarlarınız, sənət adamları tərəfindən KVN-i müdafiə edənlər, baş verənlərə öz etirazını bildirənlər oldumu?
-Təəssüf ki, xeyr. Onların heç biri bizə dəstək olmadı. Mən ona görə “heç biri” ifadəsini işlədirəm ki, yalnız tək-tük şəxslər bizə dəstək nümayiş etdiri. Onlar da bunu konsert ərəfəsində bildirdilər. Ən çox bizə dəstək olan Heydər Əliyev Fondunun I vitse-prezidenti Leyla xanım Əliyeva,kinodramaturq Ramiz Fətəliyev və Çingiz Abdullayev olub. Bizə dəstək verən yaxın dostlarım da olub. Mən onların zəhmətini itirmək niyyətində deyiləm. Məsələn, elə məmurlar var ki, onlar Heydər Əliyevin vaxtından bu günə qədər bizə dəstək olublar. Sadəcə, xahiş ediblər ki, onlaırn adını çəkməyək.
Millət vəkilləri də müəyyən vədlər verir. Lakin məsələ işə çatanda heç bir əməli addım atılmır. Bunların xaricində heç kim bizi axtarmır, nə yeyirik, nə içirik, ailələrimiz necə dolanır – bunlarla maraqlanmır. Heç elə bil ki, bu qələbələri qazanan biz olmamışıq.
Mən buna görə kiməsə minnət qoymaq fikrim yoxdur. Bu mənim borcumdur. Vətən mənim üçün ana, ana da vətən deməkdir. Mən anama, vətənimə necə minnət qoya bilərəm?
“KVN nikbin insanların yeridir, burada bədbinliyə yer yoxdur”
-KVN-lə bağlı mövcud vəziyyət, bu vəziyyətdən çıxış yolları ilə bağlı düşüncəniz nədən ibarətdir? Vəziyyətin yaxşıya doğru dəyişəcəyinə nə dərəcədə ümidlisiniz?
-Mən bədbin adam deyiləm. KVN-çilərin hamısı nikbin insanlardır. Biz bu nikbinliyi Anar Məmmədxanovdan öyrənmişik. Biz qanun çərçivəsində öz mübarizəmizi aparacayıq. Biz indiki stuasiyanın mövcud olduğu televiziyalara qayıtmaq niyyətində deyilik. Biz çoxdan öz iş prinsipimizi dəyişmişik. Biz rus telekanalları ilə əməkdaşlıq qururuq və bu, uğurlu da alınır. Orada əsl peşəkarlar işləyir. Televiziyanın qapısında duran mühafizə xidmətindən tutmuş, televizyanın başında duran şəxsə qədər hər kəs peşəkardır. Bizim telekanallara gedin. Görün orada bəzi mühafizə xidmətinin əməkdaşları insanlarla necə danışır? İnsana Allahın salamını da vermir, onunla kobud şəkildə davranırlar. Axı Azərbaycan xalqı həmişə öz adət-ənənəsinə sadiq olan, qonaqpərvərliyi ilə seçilən xalq olub. Bunu necə unutmaq, bu cür gözəl ənənəni axı necə davam etdirməmək olar?
Biz fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Təbii ki, bura məmurlarla mübarizə daxil deyil. Biz bəzi məmurlarla mübarizə apara bilmərik. Onlar bir düyməni basmaqla KVN-çilərin taleyini həll edirlər. Bizim elə “sehirli düyməmiz” yoxdur.
“O, hər zaman “yeni nəfəs”, “yeni dalğa” axtarırdı”
- Müsahibələrinizin birində mərhum Anar Məmmədxanovun sizi siniflərdə oynanılan KVN-lərdən seçdiyini qeyd etmisiniz. Sizcə yeni istedadların aşkarlanması, onların böyük səhnələrə gətirilməsi üçün bu gün də məlum ənənənin davam və inkişaf etdirilməsinə ehtiyac varmı?
-Mənim A.Məmmədxanovla və komandanın direktoru Leonid Rabinoviçlə ilk tanışlığın 189 saylı məktəbdə olub.
L.Rabinoviç Bakıda anadan olmuşdu, Azərbaycan dilində təmiz danışırdı. Mən gördüyüm ilk yəhudi idi ki, and içəndə “məscid haqqı”, “Quran haqqı” deyirdi.
Anar KVN hərəkatına çox böyük önəm verirdi. Özü məktəbləri bir-bir gəzib istedadlıları axtarırdı. Baxmayaraq ki, komanda artıq formalaşmışdı, orada bir-birindən güclü aktyorlar var idi. O, daim yeni nəfəs, yeni dalğa axtarırdı. Bunun nəticəsi kimi komandaya mən, Elçin Əziz, sonra Cabir İmanov, Murad Dadşov gəldi. Bu, A.Məmmədxanovun düzgün qurduğu strategiyanın nəticəsi idi. Siniflərarası, məktəblərarası KVN-lər keçirilirdi.
1994-cü ildə ilk dəfə olaraq Azərbaycan çempionatı keçirdi. Gəncədən bu yarışa üç komanda gəlmişdi. KVN bu cür populyarlıq qazanmışdı. Onların demək oalr ki, hamısı rus dilində oynayırdı. Çünki bu oyunun ən birinci şərti rus dilidir. Gedib Moskvada Azərbaycanı təmsil etmək istəyrisənsə, rus dilində təmiz danışmalısan.
Biz bu adət-ənənəni davam etdirdik və 2009-cu ildə Space kanalında “Yumor kuboku” adlı müsabiqə keçirdik. O müsabiqələrdən çoxlu sayda istedadlı uşaqlar üzə çıxdı. Onların əksəriyyəti televiziyalarda məşhur simalardır. Lakin təəsüflər olsun ki, onların heç biri nə “Yumor kuboku”nun, nə də bizim adımızı çəkmirlər. Biri də dilinə gətirmir ki, bizim Bəhram kimi, Cabir kimi, Elçin Həmidov, Azər Məmmədzadə kimi, Tahir kimi rəhbərlərimiz olub. Məşhur müğənni, “Eurovision-2011” qalibi Nigar Camal heç vaxt heç yerdə bildirməyib ki, o, bir neçə il “Parni iz Baku” KVN komandasının konsertlərində iştirak edib.
“Dayanmaq, durmaq fikrimiz yoxdur”
-Yaxın gələcəklə bağlı planlarınız nədən ibarətdir? Hansı layihələr üzərində çalışırsınız?
-Biz bu yaxınlarda məşhur məhəllə filminin üçüncü hissəsini çəkdik. “Məhəllə 3”-ə rejissor kimi “Yumor kuboku” məzunlarından İsmayıl Zeynalovu dəvət etdik. O, xalq artisti Azər Zeynalovun oğludur. İ.Zeynalov Türkiyədə təhsil alıb, peşəkar rejissordur. A.Zeynalovun oğlu bu boyda film çəkib, bütün günü montajda oturur. Bu günə qədər bir dəfə də olsun Azər müəllim mənə zəng edib deməyib ki, “ona yaxşı bax”, “onda gözün olsun” və s. Çünki bilir ki, sənət başqa şeydir. Çünki özü bu çətinliklərdən keçib. Azər müəllimi görəndə ona öz minnətdarlığımız bildirəcəm ki, İsmayıl kimi vətənimizə layiqli bir oğul böyüdüb.
“Yumor kuboku”nda Azər müəlimin övladlarının üçü də iştirak edirdi. Onlar hər həftə yumoristik süjet təqdim edirdilər. O vaxt ağlıma da həlməzdi ki, “Məhəllə-3”-ü məzunlarımızdan biri çəkəcək. Mən bundan fərəhlənirəm. Demək ki, həyatı boşuna yaşamamışıq. Əgər özündən sonra kimisə qoyursansa, kiməsə nə isə qazandırırsansa, deməli, yaşadığın həyat səmərəsiz olmayıb.
Hazırda “Məhəllə-3” filminin montajı və rənglənməsi gedir. Bu mərhələ başa çatmaq üzrədir. Gələn ilin martına qədər səsləndirmə işlərini də bitirib,b tamaşaçıları çoxdan gözlənilən “Məhəllə-3”lə sevindirəcəyik.
Ənənəvi aprel konsertlərinin də hazırlıq işlərinə başlamışıq. Sonuncu konsertin 4 gün davam etdi və böyük ajiotaja səbəb oldu. Bizim fəaliyyətimizdə 7 gün də davam edən konsert olub. Amma sonuncu konsertdə bizi təəccübləndirən o oldu ki, televizyalarda heç bir reklamımız getmədi. Reklamlarımız sosial şəbəkələr vasitəsi ilə getdi. Biz Heydər Əliyev sarayında 4 gün konsert proqramı ilə çıxış etdik. Bu, çox böyük göstəricidir. Konsertə bir çox məmurlar da gəlmişdi. Bu, onu göstərir ki, KVN inkişaf edir. Tamaşaçılara yeni obrazlar bəxş edir.
Biz bundan sonra da bir yerdə durmayacaq, inkişafımızı davam etdirəcəyik. Və mən bu işdə bizə dəstək olan, bizim uğurlarımızı bölüşən xalqımıza bir daha öz dərin təşəkkürümü bildirirəm.
Habelə, mən fürsətdən istifadə edib bu müsahibəyə, peşəkarlığa görə sizə, Moderator.az saytına, bu saytın baş redaktoruna təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzulayıram.