“Azərbaycanda 50 il bundan sonra futbol ola, ya olmaya” – Yunis Hüseynov

22-11-2018, 07:04           
“Azərbaycanda 50 il bundan sonra futbol ola, ya olmaya” – Yunis Hüseynov
“Kəpəz”in sabiq baş məşqçisi Yunis Hüseynov Qol.az-a müsahibə verib. 53 yaşlı mütəxəssis yığmamızın UEFA Millətlər Liqasındakı uğursuz çıxışına, Kosovoya böyükhesablı məğlubiyyətə münasibət bildirib.

- Qrup mərhələsinin son turunda səfərdə Kosovoya 0:4 hesabı ilə məğlub olduq. Oyun haqda nələr düşünürsünüz?

– Çox aşağı səviyyədə oynadılar. Açığı, mən inanırdım ki, yığmamız qalib gələcək. Hamıya məlumdur ki, qrupumuzda o qədər də güclü komandalar yox idi. Mütləq və mütləq qrupdan çıxmalıydıq. Mən də komandamızdan bunu gözləyirdim. Amma əfsuslar olsun ki, dünənki oyunda futbolçular çox aşağı səviyyədə çıxış etdilər. Ona görə də belə məğlub oldular.

- Sizcə, yığmamız nədə səhv elədi?

– Nədə səhv elədilər deyə bilmərəm. Amma onu bilirəm ki, oyunun gedişatında hiss olundu ki, Kosovo bizdən daha istəkliydi, meydanda çox aktiv idilər. Futbolçularımız topu özündə saxlamaqda çətinlik çəkmirdilər, amma bizə qələbə lazım idi. Hücumda çoxala bilmirdilər. Əfsuslar olsun ki, biz tərəfdən hücumları görə bilmədik, ancaq top saxlamaqla məşğul oldular.

- Bu hesabla məğlubiyyəti gözləyirdinizmi?

– Xeyr, belə hesabı qəti sürətdə gözləmirdim. Bu, Kosovo komandasıdır. Səviyyəsi məlumdur. Yəni, Fransa, Almaniya, İtaliya deyil ki, deyək, çox güclü yığmadır. Qəti bu hesabı gözləmirdim.

- Kosovo yeni yaranmasına baxmayaraq, Millətlər Liqasında inamlı təsir bağışladı. Onların üstün tərəfləri hansılarıydı?

– Bəli, yeni yaranıb. Amma heyətindəki futbolçuların 99 faizi legioner həyatı yaşayır və aparıcı klublarda çıxış edilər. Yenə deyirəm, onların istəkləri daha çox idi. Meydanda hərəkətliydilər. Hər çıxdıqları hücumda qol vurmaq üçün çalışırdılar. Bu baxımdan da bizi üstələdilər. Rəqibin qapısı önündə təhlükəli epizodlar yarada bilmədik.

– Necə düşünürsünüz, bu məğlubiyyətin əsas günahkarı kimdir?

– Deyə bilmərəm ki, tək günahkar filankəsdi. Elə günah hamıdadır. Bir nəfəri günahkar çıxarmaq olmaz. Mən o vaxt da demişdim ki, futbolumuzda inkişaf olmalıdır.

- Sizcə, komandamızda əsas hansı mövqelər zəif təsir bağışladı?

– Kobud səhvlərimiz oldu. Elə müdafiə xəttimizdə edilən səhvləri hamı gördü. Cinahlarımız zəif təsir bağışladı, eləcə də sağ cinah müdafiəçimiz Pavel Paşayev. Hücumda da zəif idik. Ümumiyyətlə, bütün komanda halında zəif çıxış etdik. Günahı hansısa bir müdafiəçinin üstünə atıb, hücumçuları qiymətləndirmək düz olmazdı. Hücum xəttimiz nə bir epizod yaratdı, nə qol vura bildi. Daha güclü komandalarla oyunda belə, ən azından qol epizodları yaradırdıq. Bu oyunda heç bir təhlükə ilə yadda qalmadıq. Təkcə Almeyda uzaqdan bir zərbə vurdu. O da heç təhlükəli vəziyyət sayılmır.

- Bəlkə, Kosovonu gözümüzdə çox böyütmüşdük?

– Xeyr. Bilirsiz, hər bir komandaya hörmətlə yanaşmaq lazımdır. Nə qədər zəif olmağından asılı olmayaraq. Meydana qələbə əzmi ilə çıxmalıydıq. Kosovo da yeni yaranan yığmadı. Amma futbolçularının ustalıq səviyyəsi yüksək idi, şansları da bizdən çox idi. Belə demək olar ki, onlarda inkişaf davam edəcək, bizdə hələ ki, inkişaf yoxdur. Mən 20 il öncə demişəm ki, Azərbaycanda bundan 50 il sonra futbol ola, ya olmaya. O vaxtın qəzetlərini axtarıb, tapsaz, həmin müsahibəmdə dediyim bu sözləri görərsiniz. O vaxt demişdim ki, inkişaf üçün işə bu gün başlamaq lazımdır, sabah başlasaq gec olacaq. Bu sözləri də 20 il öncə demişəm.

- Məğlubiyyətin səbəbini 90 dəqiqədə axtarmalıyıq, yoxsa daha əvvəldə?

– Bilirsiz necədi, biz bununla barışmalıyıq. Avropa və dünya çempionatlarının seçmə mərhələsində 4-cü yeri tutmaq bizim üçün yaxşı nəticədir. Dördüncü yeri tutsalar, normal qarşılayacağıq. Desəm ki, biz seçmə mərhələdə 1-2-ci yerləri tutacağıq, bu, bir az absurd, yalan olar. Ona görə də bu günün reallığı ilə danışmaq lazımdır. Mən açıq deyim, Millətlər Liqasında düşdüyümüz qrupdan çıxmağı real görürdüm. Çünki rəqiblərimiz Farer adaları, Malta kimi komandalar idi. Bircə, Kosovonu bir az güclü rəqib kimi dəyərləndirirdik. Kosovo da gəldi birinci yerə çıxdı.

- Millətlər Liqasında qrupdan çıxa bilmədik. Seçmə mərhələdə uğurlu çıxış etmək nə dərəcədə realdır?

– Mən gördüyüm reallıq budur ki, seçmə mərhələdə 4-cü yeri filan tutacağıq. Bitdi, yəni. Reallıq budur. Bu qrupda birinci yerə çıxa bilmədiksə, görün, seçmə mərhələdə kimlər bizə rəqib olacaq. Almaniya, Portuqaliya… Bəxtimizə kim düşəcək, görəcəyik.

- Yəni, düşünürsüz ki, artıq Avro-2020 bizim üçün mümkünsüzdür?

– Bəli, əlbəttə, elədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.