Vəziyyət dəyişir: Rusiyanın İrəvana bu zəmanəti... - Eks-nazir

22-11-2018, 08:57           
Vəziyyət dəyişir: Rusiyanın İrəvana bu zəmanəti... - Eks-nazir
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun Axar.az-a müsahibəsi:

- Tofiq müəllim, Belarusla bərabər, bir müddət öncə bir neçə Avropa ölkəsi də Qarabağla bağlı qəti mövqe nümayiş etdirdi. Almaniya və Belçikadan sonra Xorvatiya da Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədi. Bunu Qərbin Azərbaycanın mövqeyinə kəskin dönüşü kimi qiymətləndirmək olarmı?

- Əslində, bu, yeni məsələ deyil, bu cür mövqeləri həmişə eşitmişik. Sadəcə olaraq bəzi məqamlarda ermənilərin atdığı addımlar nəticəsində qeyri-rəsmi və yanlış məlumatlar ortaya çıxır və nəticədə gərginlik yaranır. Bu yalan məlumatlar isə təxribat yönlü addımlardır. Həm Avropanın, həm də dünyanın elə ölkəsi yoxdur ki, Dağlıq Qarabağ məsələsinə birmənalı baxmasın.

- Ermənistanda son zamanlar belə fikirlər səslənir ki, indiki hökumət Bakıya maliyyə qarşılığında ərazi güzəştinə getməyə hazırdır. Bu, nə dərəcədə realdır?

- Ermənistan üçün sözügedən variant mümkündür. Ancaq bu kimi çıxışlar daha çox siyasi populizmə hesablanıb.

- Ermənistanın eks-prezidenti Serj Sərkisyan son günlər yalançı müxalifət olmayacaqlarını bəyan edib. Onun bu fikirlərini eks-müdafiə naziri Vigen Sərkisyan da müdafiə edib. Onlar “yalançı müxalifət” dedikdə konkret nəyi nəzərdə tuturlar?

- Sərj Sərkisyan öz mövqelərini müdafiə etmək üçün hərəkətə keçib. Bildiyiniz kimi, Ermənistanda iki siyasi düşərgə yaranıb: Paşinyanın düşərgəsi və Ermənistandakı keçmiş hökumət üzvlərindən ibarət qruplaşma. Azərbaycanın işğal altındakı torpaqlarında silahlı dəstələrin Qarabağ klanı ilə birləşməsi nəticəsində isə daha bir düşərgə formalaşıb. Onlar 20 il hakimiyyətdə olublar və çevriliş nəticəsində hakimiyyəti itiriblər. Sərkisyan da məhz siyasi platforma yaratmaq məqsədilə müxtəlif bəyanatlarla çıxış edir. Ancaq onun bu bəyanatlarını ciddi qəbul etmək olmaz.

- ABŞ-ın İranın iqtisadi blokdasında Ermənistandan bir plasdarm kimi istifadə etməsi məsələsinə necə baxırsınız?

- Burada Ermənistanın rolu barədə danışmaq çətindir. Çünki bu, birbaşa İran-Ermənistan münasibətlərinə bağlıdır. Bu məsələnin ABŞ və İran üçün ciddi məna kəsb etdiyini düşünmürəm.

- Bəs, Ermənistanda son baş verənlər həqiqətən ABŞ-ın bir siyasi layihəsidirsə, baş tutduğunu söyləmək olarmı?

- Mən deməzdim ki, Ermənistandakı siyasi proseslər ABŞ-ın layihəsidir. Ermənistanda baş verən siyasi proseslər daxildən qaynaqlanır. Qarabağlılar və ermənistanlılar arasında daxili konflikt onsuz da mövcud idi. Sadəcə olaraq müxtəlif qüvvələr Ermənistanda yaranmış bu durumdan öz siyasi məqsədləri üçün istifadə edirlər. ABŞ-ın bəlli dairələrindən savayı digər xarici qüvvələr də Ermənistandakı bu daxili qarşıdurmadan istifadə edəcəklər. Bu cür vəziyyət isə istər-istəməz Ermənistan və Rusiya arasındakı münasibətləri getdikcə daha da gərginləşdirir. Ermənistanla bağlı geosiyasi vəziyyət dəyişir və zənnimcə, Azərbaycan bunu nəzarətdə saxlamalıdır. Açıq şəkildə deyirəm ki, Ermənistanın mövqeyinin zəifləməsi bu ölkənin təhlükəsizlik zəmanətlərindən birbaşa asılıdır. Bu zəmanətlər zəifləsə, Ermənistanın imkanları da avtomatik olaraq minimuma enəcək.

- Yeri gəlmişkən, Belarusun Azərbaycanla bağlı aktiv siyasətini necə dəyərləndirirsiniz?

- Belarus və Qazaxıstanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sərt mövqeyi Bakı üçün çox vacibdir. Bu da onu göstərir ki, Ermənistanın anneksiya siyasəti nə Belarus, nə də bu ölkənin ictimaiyyəti, siyasi dairələri və rəhbərliyi tərəfindən qəbul edilir. Hesab edirəm ki, bunu Qazaxıstana və bir müddət sonra Rusiyaya da şamil etmək mümkün olacaq. Ermənistanın destruktiv siyasəti heç kəs tərəfindən dəstək qazanmayacaq.

- Rusiyalı hərbi ekspert Aleksandr Xramçixin Ermənistanın “qırıcı aviasiyasına” malik olmamasının müharibə zamanı Azərbaycana üstünlük qazandıracağına eyham vurub. Bu barədə fikirləriniz maraqlı olardı.

- Ermənistanın müdafiə imkanlarının gücünü 2016-cı ilin Aprel hadisələrində aydın şəkildə gördük. Söhbət təkcə qırıcı təyyarələrdən getmir, müdafiə məsələlərində də Ermənistanın problemləri həddindən artıq çoxdur. Artıq özləri də dünyada ən mühüm raket və silahların İsrail və Azərbaycanda olduğunu etiraf edirlər.

- Polşanın Ermənistana silah satmaq üçün kredit verməsi məsələsi nə dərəcədə realdır?

- Polşanın bir şirkəti köhnə sovet tanklarının modifikasiyasını aparmaq üçün saziş bağlayıb. Ancaq bu layihənin reallaşacağına inanmıram. Başa düşməliyik ki, dünyada hər şeyin öz qiyməti var, eləcə də silahın. Real silaha nail olmaq üçün vəsait lazımdır. Hazırda Ermənistanda belə bir vəsait yoxdur. Bu, sadəcə ictimaiyyəti aldatmaqdır. Birmənalı olaraq bəllidir ki, Ermənistanın hərbi və müdafiə imkanları Azərbaycandan qat-qat zəifdir. Xarici ekspertlər də dəfələrlə bunu vurğulayıblar. Əgər hərbi əməliyyatlar bərpa olunsa, Ermənistan birmənalı məğlub olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.