Türkman məşhur: Həyatımı azərbaycanlı dəyişdi - Video

22-11-2018, 09:05           
Türkman məşhur: Həyatımı azərbaycanlı dəyişdi - Video
Adil Şan Suriya türkmanlarındandır. 1980-ci ildə Suriyada anadan olub. Türkiyənin məşhur “Diriliş Ərtoğrul” serialında ifa etdiyi mahnıdan sonra məşhurlaşıb. O, həmçinin “Türkviziya” mahnı yarışmasının qaliblərindəndir.

Adil Şanın Kult.az-a verdiyi müsahibəni təqdim edirik:

- Adil bəy, sizlər Suriyaya haradan köç etmisiniz?

- Anam Türkiyənin Qaziantep şəhərindən, atam isə Suriyanın Çobanbəy kəndindəndir. Biz Xorasandan, Güney Azərbaycandan köç edib Suriya torpaqlarına getmişik. Orada 100 il boyunca boynubükük qalmışıq. Bizə nə təhsil, nə də mal-mülk üçün şərait yaradılıb. Daim 2, 3, 4-cü dərəcəli insan kimi yanaşıblar.

- Bildiyimə görə, təhsil də ala bilməmisiniz...

- Bəli, təhsil ala bilmədim, çünki yaşadığımız ölkədə hər şey ərəbcədir və biz bu dili bilmirdik. Kəndlərimizdə yalnız ibtidai sinfə qədər təhsil var idi. Maddi vəziyyəti pis olan ailələr övladlarını şəhərə təhsil almağa göndərə bilmirdilər. Suriyada təhsil əlimizdən bu tərzdə alındı. Bizim çox az sayda mühəndisimiz, həkimimiz var.

Suriyanın ən gözəl torpaqları bizdədir, amma suyumuz yox idi, susuz tarlalarda yaşayırdıq. Hökumət istəmirdi ki, təhsil alıb, pul qazanaq. Qorxurdular ki, ağıllanıb ayağa qalxar, haqq, torpaq istəyərik.

- Bəs türk dilini, milli kimliyinizi necə qoruyub saxladınız?

- Biz Türkiyə sərhədinə yaxın olduğumuz və onların televiziya kanallarını izlədiyimiz üçün türklüyümüzü, dilimiz qoruya bildik. Oxumağı və yazmağı Türkiyənin televiziya kanallarından öyrəndik. Bundan başqa, qohum evliliklərinə üstünlük verdiyimiz üçün türklüyümüzü unutmadıq.

Amma Xüms şəhərində ərəbləşmiş türkmanlar var, onlar da özləri ilə qürur duyurlar, deyirlər, biz türk oğlu türkük. Lakin bunu ərəbcə deyirlər, çünki o türkləri ərəbləşdiriblər. Assimilyasiya ediblər. Bizi də 1940-cı illərdə assimilyasiya etməyə çalışdılar. Kəndlərimizin adını türkcədən ərəbcəyə çevirdilər. Yəni türklüklə əlaqədar hər şeyə son qoymaq üçün əllərindən gələni etdilər. Bəzi bölgələrdə buna tam, bəzilərində isə qismən nail oldular.

- Türkiyəyə gəlişiniz nə ilə bağlı idi?

- Anam 2 yaşında vəfat etdi, atam ərəb qızla evləndi. Ögey anam bizə zülm etdiyi üçün xalamın yanına getdim. 1991-ci ildə Hələb şəhərinə gəldim və orada pinəçi kimi çalışdım. Daha sonra bəzi sıxıntılara görə 2000-ci ildə Türkiyənin Qaziantep şəhərinə gəldim. Oxumağı, yazmağı TRT kanalında yayımlanan “Susam küçəsi” adlı verilişdən öyrəndim.

Türkiyəyə gələndə artıq oxuyub-yazmağı bacarırdım. İlk oxuduğum kitab Qaracaoğlanın şeirləri və “Türklərə qarşı erməni vəhşiliyi” adlı kitab idi. Adım kimi xatırlayıram həmin kitabları. Ermənilərin türklərə qarşı Ərzurumda, Sivasda, Maraşda, Qaziantepdə, Xocalıda törətdiyi vəhşiliklərdən bəhs edən kitabdan sonra türk dünyasına daha da bağlılıq yarandı məndə. Bundan sonra dedim ki, bir kitab yazacağam.

Kitab yazmağıma başqa hadisələr də səbəb oldu. Xüsusən, 2011-ci ildə ölkəmizdə müharibənin başlanması. Müharibəyə görə millətimiz evini buraxıb gəlmək məcburiyyətində qaldı. Bizim təxminən 50-60 kəndimiz var. Rusiya Türkmən dağını bombaladı deyə, iki kənd qaldı əlimizdə. Qalan insanlarımız da Türkiyəyə sığındı. Türkiyə onlara qucaq açdı.

Hələbə isə insanların başını kəsən İŞİD deyə bir bəla gəldi. O terror təşkilatını kimlərsə bizim üstümüzə göndərdi. Xüsusilə də türkmanların üstünə. Bu səbəbdən kəndlərimiz işğal olundu. Əsas məqsəd bizi oradan çıxarmaq idi.

3-cü kitabı yazmağıma səbəb elə bu olaylar oldu. İŞİD-çilər qəbiristanlıqdakı baş daşlarını dağıtdılar, tariximizi sildilər, sənədlərimizi yandırlar ki, yurdumuz, yerimiz bəlli olmasın. Mən də “Xatirələrdə Suriya türkmanları“ deyə bir kitab yazdım. Bu kitab üçün 4 min şəkil toplaya bildim və şəkil albomu kimi kitab hazırlayıram. Bu il sonuna kimi çap olunacaq. Kitablarım türkcədir, istərdim ki, Azərbaycan dilinə çevrilsin.

- Bir yandan da PKK...

- Bəli, daha sonra PKK üstümüzə gəldi. Onda Türkiyə “dayan” dedi və “Fərat qalxanı”, “Zeytun budağı” əməliyyatlarını başlatdı. Türkiyə türkmanları qorudu, kəndlərimizi terrordan təmizlədi. Türk əsgərləri türkmanlarla birlikdə düşmənə qarşı döyüşdü.

Savaşlarda kəndlərimiz bombalandı, insanlarımız öldü deyə, dəyərlərimiz, mədəniyyətimiz, adətlərimiz unudulmağa başlandı. Gənclərimiz Türkiyəyə getdi. Bir neçə il sonra onlar öz ləhcələrini, adətlərini unutmağa başlayacaq. Buna görə məndə yeni bir fikir yarandı ki, gənc nəslə tariximizdən bəhs edən kitab yadigar qoyum. Türkman kəndlərinə gedib, yaşlı insanları ziyarət etdim, onlarla həmsöhbət oldum. Şəkillər, videolar çəkib, həm kitaba, həm də saytlara yüklədim.

- Gəlin, söhbətin məcrasını bir qədər dəyişək. Musiqiyə, məşhurluğa gedən yol necə başladı?

- Uşaqlıqdan bəri səsim gözəl idi. Heyvanları otaranda, bir iş görəndə türkülər söyləyirdim. Amma o vaxtı şeir yazmaq bacarığım yox idi. Vətən və millət sevgisi olduğu üçün bu istiqamətdə şeirlər yazmağa başladım.

Xeyli sonralar “Diriliş Ərtoğrul” serialının musiqisinə söz yazdım və bu, çox bəyənildi. Daha sonra serialda rol aldım. Bu, türkmanlar üçün bir ilk idi.

2015-ci ilin əvvəlində Azərbaycan, Türkmənistan və Qazaxıstanın birgə layihəsi olan “Türkviziya” musiqi yarışmasına qatıldım. Azərbaycanlı iş adamı İslam Bağırov məni oraya dəvət etdi. Əvvəlcə qərarsız idim, internetdən araşdırdım, gördüm böyük yarışmadır. Hər kəs mərhələlərlə oraya qatılmışdı, məni isə bu mərhələlərdən azad edərək, birbaşa oraya dəvət etdilər. O layihədə qalib oldum, ilk mükafatımı aldım. Bundan sonra türk dünyası məni tanıdı, tədbirlərə dəvət edildim. Bu, Suriya türkmanları üçün bir milad, oyanış oldu. Bundan sonra türkmanlarla bağlı konsertlər verdim, tədbirlərə qatıldım. Bütün bunların səbəbkarı azərbaycanlı iş adam İslam Bağırovdur. Allah onu mənim qarşıma çıxardı ki, Suriya türkmanlarını tanıdım. O, mənim həyatımı dəyişdi. Musiqi yarışmasında bütün geyim və səhnə xərclərimi qarşıladı.

- Bəs Azərbaycana hazırkı səfəriniz nə ilə bağlıdır?

- Millət vəkili Qənirə Paşayeva ilə demək olar ki, getdiyim bütün tədbirlərdə, konsertlərdə qarşılaşırdıq. O, mənə dedi ki, Azərbaycana dəvət etsəm gələrsən? Mən də “əlbəttə gələrəm” dedim. Bu gün can Azərbaycandayam. Sanki öz vətənimdə, öz yurdumdayam, çünki biz də buradan getməyik. Mənim aşirətim Əlibəylidir. Tovuzda da Əlibəyli kəndi var. Bəlkə də oradan getmişik.

- Azərbaycan və Suriya türkmanları ilə bağlı hansısa layihəniz varmı?

- Dəyərli sənətkar Novruz Novruzlu ilə (müsahibə Novruz Novruzulun vəfatından bir gün əvvəl alınıb – red.) birgə Azərbaycan və Suriya türkmanlarından bəhs edən bir iş ortaya çıxarmaq arzusundayıq. İstəyirik, iki sənətçi musiqi yolu ilə Azərbaycan və Suriya türkmanları arasında bir körpü yaratsın.

Mən hər getdiyim yerin ləhcəsi ilə danışmağa çalışıram. Azərbaycanca da danışmaq istəyirəm. Ola bilsin, növbəti dəfə gələndə Azərbaycan dilində şeir və ya mahnı hazırlayım. Qarabağla bağlı mahnılar mənə təsir edir. Xalq şairiniz Bəxtiyar Vahabzadəni sevirəm. Bakıya ilk gələndə birinci Heydər Əliyevin, Elçibəyin, daha sonra Bəxtiyar Vahabzadənin məzarını ziyarət etdim.

- Adil bəy, bayaq erməni vəhşiliyindən danışdınız. Bəs ermənilərin Suriyada mövqeyi necədir?

- Ermənilər Suriyaya Qaziantep, Urfa, Maraşdan köçüb gediblər. Onlar fransızlarla əlbir olub türklərə əziyyət veriblər. Amma halbuki Osmanlıda onlara müəyyən imtiyazlar verilib. Bəyazidin dövründə ermənilər əsgərliyə getmir, vergi ödəmirdilər. Onlar yalnız pul qazanmaq üçün satıcılıqla məşğul olurdular. Ermənilər yaxşı satıcı olsalar da, yaxşı insan deyildilər.

Biz müharibədə döyüşəndə onlar işlə məşğul olublar. Sonradan Hələb valisi erməniləri Qaziantep, Urfa, Maraşda türklərə əziyyət verdiyi üçün Suriyada ən pis suyun axdığı, insanların bədənində yaralar əmələ gətirən bir dərənin yanına köçürüb. Ermənilər də bir müddət sonra orada özlərinə pulla şərait quraraq inkişaf ediblər. Hazırda Hələbin ən gözəl yeri ermənilərin əlindədir. Ən yaxşı mağazalar, evlər, villalar ermənilərindir. Əsəd rejimi ermənilər çox sevir. Məktəbləri, kilsələri var, amma bizim orada 4 milyonluq xalqımız olsa da, haqlarımız əlimizdən alınıb.

- Son olaraq Azərbaycan xalqına nə demək istəyirsiniz?

- Azərbaycan xalqının qonaqpərvərliyinə heyran qaldım. Azərbaycanı, insanlarını çox bəyəndim. Küçələriniz, hündürmərtəbəli binalarınız möhtəşəmdir. İstiqanlı insanlarınıza xüsusilə təşəkkür edirəm. Artıq davamlı olaraq Azərbaycana gəlmək istəyərəm. Sizləri çox sevirəm!













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.