“Azərbaycan mediası çap mediasından gələnlərin çiynində dayanır” - Rauf Arifoğlu

22-11-2018, 12:54           
“Azərbaycan mediası çap mediasından gələnlərin çiynində dayanır” - Rauf Arifoğlu
Azərbaycan mətbuatında özünəməxsus yeri olan “Yeni Müsavat” qəzetinin nəşrə başlamasından 29 il ötür. Bu 29 ildə qəzet çox çətin dönəmlərdən, sınaqlardan keçib. Mətbuatımızda saytların at oynatdığı indiki dövrdə də “Yeni Müsavat” qəzetini oxuyanların sayı kifayət qədər çoxdur.

Qəzetin baş redaktoru Rauf Arifoğlu 1news.az-a müsahibəsində həm keçmişə nəzər salaraq “Yeni Müsavat”ın yaranma tarixindən, keçdiyi uzun və çətin dövrlərdən danışdı, həm də onun bu günü və gələcəyi ilə bağlı fikirlərini bölüşdü. Həmin müsahibəni təqdim edirik:

- “Yeni Müsavat” adlı qəzetin nəşr edilməsi ideyası necə yarandı?

- Biz milli azadlıq hərəkatına 1988-ci ildən qoşulmuşduq. O zaman hərəkatın media sektoru yox idi. Buna görə də 1989-cu ilin əvvəllərindən başlayaraq kiçik broşüralar şəklində, daha sonra “Birlik” adlı bir dərgi vasitəsilə bu boşluğu doldurmağa çalışdıq. “Birlik” dərgisinin 4 nömrəsi çıxdı. 3-cü və 4-cü nömrələri mənim redaktəm altında işıq üzü gördü. Daha sonra bu dərginin də nəşri dayandı.

Milli azadlıq hərəkatının bir qrup fəal iştirakçısı ilə “Yeni Müsavat” adlı partiya qurmağa qərar verdik. 1989-cu ilin oktyabr ayında 5 nəfərlə birgə yarımleqal şəraitdə bu partiyanı təsis etdik. Partiyada mənim vəzifəm ideoloji katib kimi partiyanın təbliğatını qurmaq idi. Bu məqsədlə də təşkilatın eyniadlı qəzetini qurmaq mənim öhdəmə düşdü. Az sonra “samizdat” üsulu ilə çıxan “Yeni Müsavat” adlı dərgini qurduq. İlk nömrənin materiallarını özüm makinadan keçirdim. Həmin vaxt makinada yazmaq təcrübəm olmadığı üçün barmaqlarımın dərisi soyulana kimi materialları makinada döyəcləmişdim. Barmaqlarımı sarıdıqdan sonra işimə davam etdim.

Qəzet-dərginin ilk nömrəsinin materiallarını hazırladıqdan sonra Milli Elmlər Akademiyasının Emin adlı əməkdaşına verdik. O da gizli üsulla Akademiyanın mətbəəsində 11 min nüsxənin üzünü çıxartdı. Biz vərəq halında olan səhifələri tikib, broşüra halına saldıq.

- Maraqlıdır ki, “Yeni Müsavat” qəzetinin ilk nömrəsi “Azadlıq” meydanındakı mitinqlə eyni gündə işıq üzü görüb...

- Bəli, “Yeni Müsavat” qəzetinin ilk nömrəsi çox əlamətdar bir gündə işıq üzü gördü. İlk nömrənin nüsxələrini noyabrın 10-da Bakıda keçirilən mitinqdə insanlara payladıq. Nüsxələrin hamısı həmin mitinqdə satıldı. Qəzet xalqın o qədər təqdirini və dəstəyini qazandı ki, bir çox insanlar onun növbəti nömrələrinin dərc olunması üçün maddi yardım belə etdilər.

Sovet dövründə 17 qeyri-formal nömrəmiz çıxdı. Azərbaycan müstəqilliyinə qovuşandan sonra isə 1991-ci ilin dekabr ayında qəzetimizi rəsmi qeydiyyatdan keçirərək leqallaşdırdıq və həftədə bir dəfə rəsmi qaydada nəşr olunmağa başladı.

- Qəzetin dərc edildiyi ilk vaxtlarda hansı çətinliklərlə qarşılaşdınız? Sizə qarşı hansı təzyiqlər edilirdi?

- Qəzetin ilk nömrələrinin nəşr olunması çox çətin bir dövrə təsadüf etdi. 1989-cu illərin sonlarında artıq Bakıda fəaliyyət göstərməyimiz mümkün deyildi. Çünki məni, daha doğrusu mənim imzamı axtarırdılar. Həmin vaxt Şenol imzası ilə yazırdım. Qəzetdən əlavə ayrı-ayrı antikommunist broşüralar yazırdım. Qurduğumuz xüsusi şəbəkə vasitəsilə onları demək olar ki, Azərbaycanın bütün bölgələrinə göndərə bilirdim. Bakıda məni axtardıqları üçün Gəncəyə köçəsi olduq. Burada isə Gəncənin ətrafında yerləşən erməni anklavlarına qarşı mübarizəyə başladıq. Media fəaliyyətimizə paralel olaraq həm də ov silahları ilə silahlanmış kiçik bir dəstə də yaratdıq. Gəncəyə köçməyimizlə Gəncədə və ətraf bölgələrdə ermənilərə qarşı hərəkat daha geniş vüsət aldı.

Gəncədə müharibə şəraitində təxminən bir il yarım fəaliyyət göstərdik. 1990-cı ilin yanvar ayının 13-də Çaykənd ətrafında gedən döyüşdə qəzetimizə dəstək verən bir neçə qardaşımız - Bəxtiyar Əliyev, Abbasqulu, Neman və Rüzgar həlak oldular. Onlar ov silahları ilə erməni və rus birliklərinin üzərinə getmişdilər; o zaman mən iki günlük Bakıya gəlmişdim, yoxsa mane olardım. Geri qayıdanda isə onların məzarlarını ziyarət edəsi oldum. Qəzetimizin tarixində bu çox qəmli bir hadisədir.

Bakıya 1991-ci illərin sonlarında, Azərbaycan artıq müstəqillik qazanandan sonra köçə bildik. Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy şəhərin mərkəzində, 26-lar partiya komitəsinin binasında yerləşən AXC-nin qərargahında qəzetin fəaliyyət göstərməsi üçün bizə yer ayırdı.

- “Yeni Müsavat” kimi bir qəzetə rəhbərlik etmək yəqin ki, elə də asan deyil. Bu missiyanın öhdəsindən necə gəlirsiniz?

- Əslində bu işə başlayanda “Yeni Müsavat”ın belə uzunömürlü qəzet olacağını bilmirdik. Əlbəttə, ilk vaxtlar böyük çətinliklərlə üzləşdik. Çünki qəzetyaratma prosesi dünyada və bizim ölkəmizin yerləşdiyi regionda ictimai-iqtisadi formasiyaların, sistemlərin, siyasi xəritələrin dəyişdiyi bir dövrə təsadüf elədi. Yəni, bir əlimizdə qələm, o biri əlimizdə silah tutaraq fəaliyyət göstərməyə məcbur olduq. Müharibələrin, siyasi dəyişikliklərin, inqilabların, çevrilişlərin içindən çıxaraq həm özümüzü, həm də sözümüzü qorumağa çalışdıq. Hesab edirəm ki, bu çətinlikləri özümüz üçün bir şərəf səhifəsi kimi qeyd edə bilərik.

Həmin dövrdə bu günkü durumumuzu - ofisimizin, kompüterlərimizin, bu cür kollektivimizin olmasını xəyal belə edə bilməzdik. Çünki qəzet fəaliyyətini bir neçə nəfər könüllü ilə həyata keçirirdi. Onlardan bəziləri indi mətbuatın tanınmış isimləridir. Məsələn, Qabil Abbasoğlu, Əli Həziquliyev, Mahir Məmmədli... Azərbaycanımızın vəziyyəti necə oldusa, zaman-zaman qəzetimizin də vəziyyəti o cür oldu. Azərbaycan çətin duruma, böhranlı vəziyyətə düşəndə qəzetimiz də böhran vəziyyətinə düşdü, Azərbaycan çiçəklənib inkişaf edəndə, böyüyəndə qəzetimiz də böyüdü. Bu ekvivalentlik indi də davam edir.

- Bildiyimiz kimi, keçən əsrin 90-cı illəri ölkəmizin, o cümlədən milli mətbuatımızın həyatında ən çətin dövrlərdən biri olub. Bu günkü günü həmin dövrlə müqayisə etsək Azərbaycan mediasında hansı başlıca fərqli cəhətləri və dəyişiklikləri qeyd edərdiniz?

- İlk olaraq əlbəttə ki, yüksək texniki imkanların yaranmasını qeyd etmək olar. İkinci, internet fərqi var. Bu elə bir fərqdir ki, sanki başqa bir kainatdayıq. Çünki 90-cı illərdə bizim demək olar ki, kompüterlərimiz belə yox idi. 1994-1998-ci illərdə cəmi iki kompüterimiz var idi. Yazıları əllə yazırdıq, sonra isə iki nəfər yığıcımız həmin yazıları kompüterlərdə yığırdı. Daha sonra isə yazıları səhifələyib çap etmək üçün nəşriyyata göndərirdik. Yəni, 90-cı illərdə qəzet buraxmaq çox çətin, yorucu bir iş idi.

Hazırkı dövrdə isə qəzet buraxmaq çox asandır. İnternetdən istifadə olunması qəzet işini, ümumilikdə media sektorunu yeni bir mərhələyə daşıyıb. İnternetin, müasir mobil telefonların sayəsində insanlar istədikləri zaman, istədikləri yerdə xəbərlərlə tanış ola, onlara lazım olan məlumatları ala bilirlər.

- Necə düşünürsünüz, İnternetin olmasının mətbuata, xüsusən də yazılı mətbuata nə kimi müsbət və mənfi təsirləri var?

- Hazırda çap mətbuatı böhran keçirir və bunun da başlıca səbəbi İnternetin ortaya çıxmasıdır. Lakin çap mediasında işləmiş jurnalistlər başqa media quruluşlarında çalışan həmkarlarından müsbət mənada fərqlənirlər. Yəni, çap mediası məktəbi tamamilə başqa bir səviyyədir, hətta deyərdim ki, bir jurnalistika məktəbidir.

“Yeni media” isə olduqca rahat və asan olmaqla yanaşı, bir “xaltura”çı zümrə də yaradıb. Başqasının xəbərini istinad etmədən belə köçürüb götürmək, heç bir araşdırma aparmadan İnternet resurslarının imkanlarından istifadə edərək materialların hazırlanması əlbəttə ki, xoşagələn deyil. Hesab edirəm ki, burada daha çox rəqabət prinsipi rol oynamalıdır. Çünki hər kəsin, hər saytın xəbəri yaxşı oxunmur. Eyni zamanda sosial şəbəkələrin də imkanları nəzərə alınmalıdır. Belə ki, bir çox xəbərlər məhz sosial şəbəkələr vasitəsilə yayılır, orada hər bir xəbəri, məlumatı vitrinə qoymaq olur.

Yeni dövrə, yeni tələblərə və imkanlara yaxşı uyğunlaşmalıyıq ki, “xalturşiklər” gəlib önə keçməsinlər. Çünki bu gün Azərbaycan mediası çap mediasından gələnlərin çiynində dayanır.

- Sizin də qeyd etdiyiniz kimi, bu gün insanlar xəbərləri daha çox saytlardan oxuyurlar. Belə olan halda “Yeni Müsavat” qəzetinin gələcəyini necə görürsünüz?

- İndiki dövrü nəzərə alsaq “Yeni Müsavat” qəzetinin gələcəyini elə də parlaq görmürəm. Buna görə də qəzetin elektron versiyasını yaratmışıq və sevindirici haldır ki, çağın, dövrün verdiyi texniki imkanlardan istifadə edərək transformasiyanı həyata keçirə bilmişik. Bu, bizim üçün çox vacibdir.

Tarix, ənənə və davamiyyət naminə çap versiyamızı saxlayırıq və gücümüz yetdiyi qədər də saxlayacağıq. Amma gələcəyə doğru iddiamız varsa, o ancaq elektron versiya üzərindəndir. Buna görə də Azərbaycan, Anadolu türkcəsi və rus dilində çıxan Minval.az saytını - minval brendini yaratmışıq. Gələcəyə doğru da qoşa qanadla – “Yeni Müsavat” və “Minval” qanadları ilə irəliləmək, eyni zamanda müasir texnologiyaların verdiyi imkanlardan istifadə edərək görüntülü xəbərləşmə bazarında da öz iddiamızı göstərmək niyyətindəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.