"Mətbuatımızın borcudur ki, Türkiyəni nahaq yerə suçlayan KİV-lərin dərsini versin"
27-11-2018, 08:49
"100 il öncə Nuri Paşanın missiyasını yerinə yetirəcək birisi çıxacaq əlbət..."
Son dövrlər Türkiyənin Ermənistanla guya sərhədləri gizli şəkildə açması barədə xəbərlərin intensivləşməsi iki qardaş arasına nifaq salmaq cəhdidir, yoxsa bizim bilmədiyimiz nələrsə baş verir? Uman yerdən küsərlər. Azərbaycanda çoxları bu qənaətdədir ki, Ankara heç olmasa indi dünya siyasətində yaranmış fürsətdən istifadə edib Qarabağın heç olmasa bir rayonunun geri qaytarılmasına öz töhfəsini verməlidir. 100 il öncə Nuru Paşanın Bakını xilas etdiyi kimi, Ərdoğan da eyni xilaskar missiyasını həyata keçirməlidir.
Moderator.az-ın əməkdaşı mövzu ətrafında Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlıya müraciət edərək ondan aşağıdakı cavabı alıb:
"Türkiyənin Ermənistana sərhəddi açması barədə mətbuatda yer alan məlumatlar birmənalı şəkildə yalandır. Ermənistana Türkiyədən yüklər gedir, amma bu Ermənistanla Türkiyə arasında sərhəddən deyil, Gürcüstan üzərindən edilir. Ermənistana gedən qapılardakı yollar bərbad vəziyyətdədir. keçən il İğdırda keçirilən konfransdan sonra biz Əlican qapısına baxmağa götürdülər. Mənzərə gözümün qabağındadır. Buradakı yolun açılması üçün çoxlu vaxt lazımdır. Düzdür, 2009-cu ildə Ermənistaanla Türkiyə arasında Sürixdə imzalanan protokollardan sonra sərhəddin Ermənistan tərəfində, Markara kəndində yol təmiri işləri görülmüşdü, Ermənistanın suçu üzündən bu protokollar onaylanmadı. Çünki Ermənistandan Dağlıq Qarabağdan işğalçı ordularını çıxarmaq və məsələnin çözümü tələb edilmişdi. İndi sərhədlərin açıldığını və bunun gizli şəkildə edildiyini iddia etmək Türkiyəyə qarşı ən azı haqsızlıqdır. Hətta Ermənistanda bəzən belə yazılar yazılmaqdadır ki, Türkiyə boş yerə Gürcüstanı varlandırır. Çünki tranzit yüklərindən Gürcüstan külli miqdarda gəlir götürür. Xüsusən Trabzon limanından Ermənistana gələn yüklər birbaşa deyil, Gürcüstan üzərindən Ermənistana ulaşdırılır. Əlbəttə, Türkiyə Ermənistana xarici ölkələrdən gələn yükləri əngəlləyə bilməz. Dünyada ticarət qanunları var və bunlara uymaq zorundadır. Belə informasiyanı yayanlar sadəcə olaraq ya məsələnin kökünü bilməməzdikdən bunu edirlər, ya da Türkiyə ilə Azərbaycanın arasını vurmaq üçün qəsdən bunu edirlər. Amma onu da istisna etmirəm ki, Türkiyədən də Ermənistanla ticarət əlaqəsində olan şirkət və iş adamları vaar. Ermənistan -Türkiyə İş Konseyi deyilən bir qurum da var, onların ticarət əlaqələri var, yenə də keçirilən mallar Gürcüstan üzərindəndir. Türkiyənin Azərbaycandakı səfiri, mənim çox böyük saygı ilə yanaşdığım Erkan bəy Özoral da bu məsələləyə aydınlıq gətirmişdi. Bizim mətbuatın da borcudur ki, Türkiyəni nahaq yerə suçlayan və yalan məlumatlar yayan KİV-lərin dərsini versin. Türkiyə Azərbaycan torpqalarını işğal altında saxlayan ölkənin sərhədələrini 1993-cü ildən, Kəlbəcər işğal ediləndən dərhal sonra bağlayıb və birmənalı şəkildə bütün dövlət rəsmiləri səviyyəsində bildirilir ki, işğal faktı aradan qalxmadan və Ermənistanın orduları Azərbaycan torpaqlarından çıxmadan sərhədləri açmayacaq. Və üstəlik Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün Türkiyə bu illər ərzində əlindən gələn bütün vasitələri edib. Əlbəttə, biz Türkiyədən çox şey umuruq və bu qardaşın qardaşdan istəyidir. Mən dəfələrlə qeyd etmişəm ki, tarixdə bir çox müşkül məsələləri həll etmək üçün fürsətlər olur. Bu fürsətləri bəzən biz dəyərləndirə bilməmişik. Onları dəyərləndirsəydik, indi Qarabağda bir erməni belə qalmayacaqdı. Dünyanın indiki hər gün sürprizlərlə dolu olayları yenə bizə belə fürsətlər verəcəyi düşüncəsindəyəm. Ən əsası odur ki, biz bu torpaqlarımıza sahiblik hissini itirməmişik. Azərbaycanda mən elə bir adam tanımıram ki, Dağlıq Qarabağın nə zamansa ermənilərə verilməsi ilə barışsın. Türkiyədə də belədir, 100 il öncə Nuri paşanın missiyasını yerinə yetirəcək birisi çıxacaq əlbət. Qatıldığım konfranslarda mütləq Qarabağla bağlı suallar verirlər. Və hər dəfə belə şüarlar səsləndirilir. "Qarabağ bizimdir, bizim olacaq".