Erməni əsir: Biz onlar üçün “Qarabağ eşşəkləriyik”

28-11-2018, 21:05           
Erməni əsir: Biz onlar üçün “Qarabağ eşşəkləriyik”
Xəbər verildiyi kimi, 1994-cü il təvəllüdlü, 2014-cü il dekabrın 26-da Azərbaycan Respublikasının Ağdam rayonunda qoşunların təmas xəttində təxribata cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 5 may tarixli qətnaməsi ilə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş erməni hərbi qulluqçu Arsen Eduardoviç Baqdasaryan “hamının-hamıya” prinsipi üzrə azadlığa buraxılması ilə bağlı Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyana müraciət göndərib.
Bununla bağlı noyabrın 28-də Arsen Baqdasaryan Azərbaycan KİV-lərinin suallarını cavablandırıb. Həmin müsahibəni oxuculara təqdim edirik.

-Bildiyiniz kimi, Azərbaycan bütün hərbi əsirlərin və girovların “hamının-hamıya” prinsipi üzrə dəyişdirilməsi təklifi ilə çıxış edib. Lakin Ermənistan hökuməti nədənsə bunu etmək istəmir. Necə düşünürsünüz, Ermənistan bu humanist prinsipi niyə dəstəkləmir?

-Mən Azərbaycan tərəfinin beynəlxalq təşkilatlar vasitəsilə rəsmi təklif göndərdiyini bilirəm. Bu barədə mənə Azərbaycanın səlahiyyətli orqanları məlumat veriblər. Lakin, təəssüf ki, erməni tərəfi mənim taleyimə biganə yanaşdı. Mənə göndərilən bildirişin mətnini oxuya bilərəm: “Arsen Eduardoviç, biz, Azərbaycan tərəfi beynəlxalq təşkilatlar vasitəsilə Ermənistana bütün hərbi əsirlərin və girovların “hamını-hamıya” prinsipi üzrə azad edilməsi barədə rəsmi təklif göndərmişik. Lakin, təəssüf ki, ordusunda xidmət keçdiyiniz erməni tərəfi Sizin taleyinizə biganə yanaşır”. Axı, mən həyatımın iki il yarımını Qarabağ torpaqları uğrunda müharibəyə vermişəm, hərbçi sözləri ilə söyləsək, azərbaycanlılar üçün “düşmən”, “rəqib” olmuşam və hər an məni öldürə bilərdilər.

-Bizə məlum olduğu kimi, erməni tərəfi digər əsirlərin taleyi ilə də maraqlanır. Məsələn, Nikol Paşinyanın arvadı Anna Akopyan Karen Kazaryanın ailəsinə iki dəfə baş çəkib. Niyə məhz Sizə bu cür biganəlik göstərilir?

-Ona görə ki, digərləri Ermənistan ərazisində doğulublar, mən isə keçmiş DQMV-nin paytaxtı Stepanakertdə – indiki Xankəndidə. Ermənistan üçün qarabağlıların heç bir dəyəri yoxdur, biz onlar üçün “Qarabağ eşşəkləriyik”. Əgər Ermənistan məni bu respublikanın vətəndaşı hesab edirsə, onda erməni tərəfi Azərbaycanın müraciətinə müsbət cavab verməli idi.

-Siz artıq kifayət qədər uzun zamandır ki, buradasınız. Sizin Nikol Paşinyana məktubla müraciət etməyiniz üçün suyu daşıran son damla nə oldu?

-İlk növbədə, əlverişli siyasi mühit. 2016-cı ildən Azərbaycan tərəfi bütün hərbi əsirlərin və girovların “hamını-hamıya” prinsipi üzrə azad edilməsi təşəbbüsü ilə çıxış edir. O zaman “Qarabağ klanına” rəhbərlik edən Serj Sarkisyan hakimiyyətdə idi. Necə deyərlər, həbsxana insanı dözümlülüyə öyrədir və bu səbəbdən mən səbirlə gizləyirdim. İndi, Serj Sarkisyan və komandasının devrildiyi vaxtda, mən səlahiyyətli orqanlara mənə kömək göstərilməsi və Nikol Paşinyana xahişlə müraciət etməyim üçün buraya KİV nümayəndələrinin dəvət edilməsi barədə müraciət etməyə qərar verdim. Əslində, Azərbaycan tərəfi bu müraciəti göndərmək məcburiyyətində deyildi, axı, mən onların – Ermənistanda iyirmi ildən çoxdur təcavüzkar ölkə və humanizm göstərməyən tərəf kimi qələmə verilən Azərbaycanın düşməni idim. Əsl həqiqətdə isə, Azərbaycan tərəfi mənə qarşı humanizm nümayiş etdirir. Bəs erməni tərəfinin humanizmi harada qaldı? Bunu mənə kim izah edə bilər?

-Azərbaycan tərəfinin təşəbbüsünü dəstəkləməsi üçün KİV-lər vasitəsilə Ermənistan rəhbərliyinə nə söyləmək istərdiniz?

– Mən yalnız onu demək istəyirəm ki, əgər Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyan həqiqətən də öz xalqının qayğısına qalırlarsa, onda qoy Dilqəm Əsgərovu, Şahbaz Quliyevi və əsgər Elnur Hüseynzadəni azad etsinlər, Azərbaycan isə, öz növbəsində, doğmalarımız və yaxınlarımızla görüşmək üçün bizi sərbəst buraxır. Düşünürəm ki, erməni xalqı ölkə hakimiyyətindən Azərbaycan tərəfinin təşəbbüsünə müsbət cavab verilməsini tələb etməlidir.

-Ermənistanda söz yayılıb ki, guya sizi söylədiklərinizi vərəqdən oxumağa məcbur edirlər. Bununla bağlı nə deyə bilərsiniz?

-Söylədiklərimin hamısı öz fikirlərimdir. Mənə heç kim işgəncə verməyib və bunları deməyə məcbur etməyib. Hətta kameranı da çevirə bilərsiniz ki, divarlarda əvvəlcədən hazırlanmış heç bir mətnin olmadığı aydın görünsün. Görürsünüz, mən hər dəfə üzümü sual verən jurnalistə tərəf tuturam və təkcə kameraya deyil, həm də onun gözlərinə baxıram. Mən diktə altında heç bir söz söyləmirəm.

-Yeri gəlmişkən, qoy bu sual sizin üçün standart səslənməsin. Sizin burada saxlanılma şəraitiniz necədir? Hər hansı xahişiniz varmı?

-Mənim bir tək xahişim var – evimə qayıtmağıma kömək edin! Saxlanılma şəraitimlə bağlı deyə bilərəm ki, heç bir şikayətim yoxdur. Hətta mənə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə doğmalarımla yazışmaq və “Skype”la danışmaq imkanı verilib. Səhhətimlə bağlı da heç bir problemim yoxdur. Dörd il ərzində, şükürlər olsun, bir dəfə də xəstələnməmişəm. Doğrudur, burada bizə ev yeməkləri vermirlər, amma qidalanma ilə bağlı hər şey normaldır. Hətta bir az kökəlmişəm.

Bundan başqa, mənə kitab oxumağa və sifariş etməyə də icazə verilib. Bu müddət ərzində rus və ingilis dillərində biliklərimi təkmilləşdirmişəm. Hazırda Çin dilini öyrənirəm. (“Azərtac”)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.