"Hicab bağlayanda məni efirlərə qoymadılar" - Əməkdar artist
29-11-2018, 12:22
"Fikir verirəm sosial şəbəkələrdə məni iki məsələ üzərindən vurmaq istəyirlər, amma alınmayacaq. Çünki mənim arxamda Allahım var. Bu məsələlər haqqında ilk və son açıqlamam olacaq".
Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Mehriban Xanlarova deyib. Aktrisa hicabı açmasını qınayanlara cavab verib. Xanlarova bildirib ki, işinin xatirinə hicabdan imtina etməli olub:
"Həcc ziyarətinə getmişəm və bu, Allahla mənim aramda olan məsələdir. Ziyarətdən sonra hicaba keçdim, heç bir rejissor məni filmə, seriala dəvət etmirdi ki, hicablısan olmaz. Heç bir kanal verilişə dəvət etmədi. Məcburiyyət qarşısında qalıb hicabı açdım. Çörək pulum da, filmdən serialdan gəlir. Sual verirəm sizə. Nə etməli idim? Əl açıb dilənərdim? Yoxsa bəziləri kimi pis işlərlə məşğul olardım? Mən həyatda namusum üçün yaşayıram. Heç kim mənim namusum haqqında artıq-əksik söz deyə bilməz. Namussuz qadın olsaydım, bəziləri kimi mənim də villalarım, maşınlarım, milyonlarım olardı. Əziyyət çəkərək öz zəhmətim ilə çörək pulu qazanıram. Mənim alnım Allahın hüzurunda açıqdır".
M.Xanlarova daha sonra ARB kanalında aparıcılıq etdiyi verilişində Azəri vandam adlı qonağı ilə yaşadıqlarından danışıb:
"Vandam söz-söhbətində mənim heç bir günahım olmadan insanlar haqqımda artıq-əskik yazdılar. Həmin insanları mən Allaha həvalə etmişəm. İnsanların bu məsələni bu qədər qabartmaqlarını anlaya bilmədim. Çünki mən aktrisayam. Apardığım verliş isə şou proqram idi. Mən orada oynaya da, idman da edə bilərdim. Nə yaxşı xarici verilişlərə baxanda bəh-bəhlə baxırlar. Çox uzağa getmək lazım deyil, götürək qonşu dövlətlərdən Türkiyəni. Orada yayımlanan şou xarakterli verlişlərdə aparıcılar min hoqqadan çıxırlar və bizimkilər də böyük bir zövqlə baxırlar. Özümüzünkülər nəsə edən kimin topa, tüfəngə tuturlar. Mən nə etmişdim ki? Verilişimə gələn qonaq şpaqat açdı. Mən də şou olsun deyə onun etdiyi hərəkətləri etdim. Şpaqat gimnastika növüdür. Pis olsa ölkəmizdə təbliğ edilər? Yenə deyirəm mən aktrisayam. Aktirasının borcu odur ki, hər obrazı məharətlə oynasın. Kim necə istəyir, elə də başa düşsün.
Rəqs edirəm, gülürəm, ağlayıram söz edirsiniz. Nə edim mən? Daşım bu qədər ağır olub düşüb başınıza? Mənim haqqımda nəsə yazmamışdan əvvəl çönün ilk öncə özünüzə baxın görün siz kimsiz. Sonra mənim haqqımda nəsə yazın. Yaxın günlərdə vətənimi, dövlətimi Qırğızıstanın paytaxtı Bişkek şəhərində Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanının motivləri əsasında “Manqurt” tamaşası ilə dövlətimi layiqincə təmsil etdim. Qalibiyyətlə Vətənimə qayıtdım. Uğurlarımı görüb paxıllıqdan susursunuz, amma nəsə görən kimin başlayırsınız tənqidlər yazmağa. Hamı məni sevmək məcburiyyətində deyil. Lakin heç kimin haqqı və hüququ yoxdur ki, mənim haqqımda təhqiramiz ifadələr yazsın, şərəf və ləyaqətimi alçaltsın. Həmin insanları mən Allahın məhkəməsinə həvalə etmişəm".