“Saakaşvilinin də böyük günahları olub” - Gürcüstanın azərbaycanlı deputatı

30-11-2018, 19:41           
“Saakaşvilinin də böyük günahları olub” - Gürcüstanın azərbaycanlı deputatı
“Saakaşvilinin də böyük günahları olub”
Gürcüstanın müxalif "Vahid Milli Hərəkat" Partiyasının üzvü, deputat Azər Süleymanov Marneuli şəhərində Modern.az saytının əməkdaşına Gürcüstandakı siyasi proseslər və Azərbaycan icmasının vəziyyəti ilə bağlı geniş müsahibə verib.

- Gürcüstan azərbaycanlıları həmişə ölkə iqtidarının yanında olub. Amma son seçkilərdə azərbaycanlılar müxalifətin namizədi Qriqol Vaşadzeyə dəstək göstərdilər. Sizcə bu azərbaycanlıların hakim “Gürcü arzusu”dan narazılığı ilə bağlıdır, yoxsa “Vahid Milli Hərəkat” Partiyası effektiv təbliğat kampaniyası apardı?

- Bilirsiniz, 2012-ci ildən sonra hər şey pisə tərəf radikal olaraq dəyişdi. Azərbaycanlılar həmişə Gürcüstan dövlətçiliyinin yanında olublar və digər xalqlara baxmayaraq xəyanət etməyiblər. Gürcüstanın ərazi bütövlüyü uğrunda Abxaziyada, Cənubi Osetiyada şəhidlərimiz, qurbanlarımız da var. Tarixə getsək, Kartli-Kaxetiya çarı II İraklinin ən etibarlı dəstəsi, onun qoruyucuları Xudu Borçalının başçılıq etdiyi 300 nəfərlik azərbaycanlı - Borçalı türklərindən ibarət dəstə idi. Bizim o vaxtdan burada tariximiz var və buralara təzə gəlməmişik. Qamsaxurdiyanın vaxtında 1991-ci ildən azərbaycanlılar Gürcüstanı tərk etməyə başlamışdılar. Kəndlərimiz boşaldı, kənd adları dəyişilməyə başladı, azərbaycanlılar buraya ümidlərini itirdilər. 500 min azərbaycanlıdan haradasa 300 minə yaxın qalmışıq. Bu proseslər 90-cı ildən 2000-ci ilin əvvəllərinə qədər davam etdi. Amma Saakaşvili hakimiyyətə gələndə Tbilisi Universitetlərində cəmi 3-7 azərbaycanlı var idi. 4+1 proqramı çərçivəsində 2012-ci ildə 2 mindən artıq azərbaycanlı ali təhsil müəssisələrində oxuyurdu. Təbii ki, fürsətdən istifadə edib Azərbaycan dövlərinə də təşəkkür etmək istərdim. Çünki onların pulunu SOCAR şirkəti ödədi. Amma buna qədər də cəmi 7 azərbaycanlı oxuyurdu. Saakaşvili dövründəki bu addımlardan sonra yavaş-yavaş azərbaycanlılar Gürcüstan cəmiyyətinə inteqrasiya olunmağa başladılar. Üzərimizdən tatar sözü götürüldü və bu ölkənin tam hüquqlu vətəndaşına çevrildik. Azərbaycanlılara qarşı “tatrebi” sözündən istifadə edən şəxs böyük miqdarda pul məbləğində cərimələnirdi. Artıq biz bu ölkəyə ümidlə baxmağa başladıq.

- “Tatrebi sözünü istehza ilə deyidilər?

- Mənim tatarlara böyük hörmətim var, böyük tarixləri var. Amma burada həmin sözü alçaldıcı mənada işlədirdilər. Yəni qul, qapıda işləyən və s. mənalarda. 2012-ci ilə qədər bu söz leksikondan yığışdırıldı. Vəziyyət yaxşılaşdı, azərbaycanlılar Türkiyəyə, Rusiyaya, Azərbaycana və s. getmədilər, Gürcüstan universitetlərində təhsil almağa başladılar. Sözün düzü, Saakaşvilinin də böyük günahları olub. Bunu etiraf edirik. Haradasa bir az sərt getdi. Amma 2003-cü ildə dövləti əlinə alanda da işıqsız, susuz, yolsuz, infrastruktursuz idi, polislər, prokurorlar forma geyinmiş quldurlardan ibarət idi. Gürcüstanı qanunla işləyən, demokratik ölkəyə çevirmək üçün vaxt lazım idi. Hakimiyyətə gələn kimi hamısını bərpa etməyə başladıq. Ola bilsin ki, bir az sərt getdik və Gürcüstan əhalisi tərəfindən qırmızı kart aldıq. İvanişvili isə elə bir ssenari qurdu ki, həbsxana kadrlarını göstərməklə insanları aldatdı, kütlə onun yalanlarına inanmağa başladı. 2012-ci ildə o söz verdi ki, yüzlərlə fabrik-zavod açacaq, aşağı faizli kreditlər verəcək. İvanişvili Saakaşvilini ittiham edirdi ki, 1,5 lari olan benzinin 1 larisi onun cibinə gedir. Amma hamı gördü ki, 1,5 larilik benzin 2,7 lari oldu, qaz, işıq 2 dəfə qalxdı, dollar bahalaşdı və insanlar, xüsusən azərbaycanlılar öz ümidlərini itirdilər. Çünki biz yenə tatar olduq, bir azərbaycanlı işə qoyulmadı. Baş nazirini müavini azərbaycanlı idi, prezidentin yanında çalışan azərbaycanlılar var idi. Gürcülərdən sonra biz buranın ən böyük xalqıyıq, aborigen sakinləriyik. Və bizimlə başladılar yenə ikinci sort kimi rəftar etməyə başladı. Yüzlərlə evlər yarılır, mal-qara oğurlanır. Azərbaycanlıların kompakt yaşadığı yerlərdə kütləvi oğurluqlar olur. Amma 1 dənə olsun cinayətin üstü açılmır. Azərbaycanlılar bütün ümidlərini kreditə bağladılar. 20-25%-lə kredit götürdülər, çoxlarının evi əlindən getdi. Dövlətə ümidləri itdi. Azərbaycanlılar Tbilisiyə gedəndə onlara yuxarıdan aşağı baxmağa başladılar, son vaxtlar isə tatar məsələsi yenidən gündəmə gəldi. Ona görə də “Gürcü arzusu” azərbaycanlıların sıx yaşadığı bölgələrdən “yox!” səsi aldılar.

- Azərbaycanlıların Gürcüstan siyasətində təmsil olunması ilə bağlı vəziyyət nə yerdədir? Kvemo-Kartlidə azərbaycanlılar qubernatorluq, meriya və bələdiyyə orqanlarında Cavaxetiyada ermənilərlə müqayisə etdikdə xeyli az təmsil olunurlar. Bu qeyri-bərabər nisbəti nə ilə izah etmək olar?

- Bu gün azərbaycanlilarin Gürcüstan tarixində ilk dəfədir ki, öz rəhbərliklərinə - iqtidara qarşı gedirlər. Yəni biz Borçalı ilə Cavaxetiyanı müqayisə etsək, ermənilərə daha çox üstünlük verməyə başladılar. Ona görə də bu qədər azərbaycanlı Bidzina İvanişvilinin rəhbərlik etdiyi partiyaya, rejimə qarşıdırlar. 2014-cü ildə Konstitusiya dəyişəndə, əhalinin 85%-ni azərbaycanlılar təşkil edən Marneulidə azərbaycanlıların seçimini əlindən aldılar və azərbaycanlı mer seçməyə imkan vermədilər. Halbuki, azərbaycanlılar Əhməd İmanquliyevi mer postuna seçmişdilər. Hər bir azərbaycanlı ona səs vermişdi.

- İnsanların seçimini necə əlindən aldılar?

- Saxta yollarla. Səsimizi parçalamaqla buna nail oldular. İqtidar əlində olan güc strukturlarını, pulunu işə salaraq azərbaycanlılara təzyiq göstərməyə başladı. Bunun da nəticəsini görməyəndə özlərinə əlavə səs yazaraq seçkiləri apardılar. Axalkalakidə və Ninotsmindada ermənilər 78% olduqları halda, Marneulidə azərbaycanlılar 85%-dir. O vaxtı baş nazir, ona heç baş nazir də deməzdim, İrakli Qaribaşvili ermənilərə müraciət edərək onları “Gürcüstanın fəxri” adlandırdı və həmin şəhərlərə erməni mer seçmək hüququnu tanıdığını dedi. Amma bizim insanlara bu hüquq tanınmadı. Seçdiyimiz insanlara qarşı çıxdılar, gənclərimizi həbsə atdılar. Məhz bu siyasətinə görə yüzminlərlə azərbaycanlı “Gürcü arzusu”na qarşı çıxıb. Çünki bizim gənclərimizə, yaşlılarımıza, insanlarımıza fikir vermirlər. Hətta onu da əlavə edim ki, “Çoxmillətli Gürcüstan” adlı erməni təşkilatı var. Ona Arnold Stepanyan başçılıq edir. Həmin QHT ölkədə çox tanınıb və həmin “Çoxmillətli Gürcüstan”ın ətrafında çox təəssüflər olsun ki, azərbaycanlılar da var. Halbuki, Stepanyan Cavaxetiya ilə bağlı, Qarabağın Ermənistan məxsus olması ilə bağlı açıqlamalar verib. Heç vaxt Baqramyan batalyonunu cinayətlərini də pisləməyib. Çox təəssüf ki, Gürcüstan dövlətində bu şəxsə böyük hörmət var və müəyyən maliyyə dəstəyi də göstərilir. Yaxınlarda o azərbaycanlıları da görüşə çağırmışdı. Həmin görüşdə Salome Zurabişvili Stepanyanın sağında oturmuşdu. Azərbaycanlılar isə 2 və 3-cü qatlarda idi. Çox təəssüf ki, Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurasının sədri İshaq Novruzov, daha bir neçə azərbaycanlı da bu tədbirdə olub. Onlar Stepanyanın Zurabişviliyə dəstək tədbirinə qatılmışdılar. Təəssüf ki, erməni cəmiyyətləri bəzi ağsaqqallarımızı müəyyən yollarla öz tərəfinə çəkib. Bu reallıqdır.

Gənclərimiz kifayət qədər fəaldır. 2003-cü ildə Şevardnadze hakimiyyətdən gedəndə azərbaycanlıların gürcü dilini bilməməsi səbəbindən postlara sahib olmadığı bildirilirdisə, son 15 ildə 20-30 min azərbaycanlı gürcü dilini sərbəst öyrənib, bəziləri universitet bitiriblər. Bugünkü “Gürcü arzusu” azərbaycanlıları bağ-bağçada, istixanalarda hambal kimi görməyə başladı.

Gürcüstanla Avropa Birliyi arasında viza rejimi götürüləndə azərbaycanlı ailələri acından qırılmaması üçün Avropanın zəhərli kimyəvi zavodlarında qul kimi işləməyə başladılar. Bizim gənclərimiz kütləvi şəkildə buradan köç edərək Avropada ən ağır fiziki işlərə girdilər. Avropalı gördüyü işə görə 20-30 avro alırdısa, azərbaycanlılar bu işi 2-3 avroya saldılar. Çoxları 3-5 ildən sonra ağır xəstəliklə geri qayıdacaqlar. Bizim üçün SOS siqnalı budur. Gənclərimiz İvanişviliyə və “Gürcü arzusu”na yox dedilər.

- Azərbaycanlıların “Gürcü arzusu” zamanında siyasətdə kifayət qədər təmsil olunmadığını bildirdiniz. Bəs “Vahid Milli Hərəkat” dövründə vəziyyət necə idi? Nə üçün azərbaycanlıların çoxluq təşkil etdiyi Marneuli rayonunu meri, bələdiyyə sədri azərbaycanlı seçilməmişdi?

- Bilirsiniz, Saakaşvili hakimiyyətinin də çoxlu səhvləri olub. Amma bu keçid dövrü idi və hər şeyi çatdıra bilməzdik. Ona görə indi müxalifətdəyik. Amma buna baxmayaraq, bəli, Marneuli bələdiyyə sədri azərbaycanlı idi, xeyli deputat azərbaycanlı idi. Azərbaycanlılar lazım qədər olmasa da, bu günlə müqayisədə daha çox idilər. Soydaşlarımız bütün strukturlarda təmsil olunurdular. Azərbaycanlılara daha çox hörmət edirdilər. Yerli icra orqanlarında, kənd sovetlərində indi ancaq pulu olan azərbaycanlıları irəli çəkiblər. Öz el-obalarına, Gürcüstan dövlətinə deyil, xüsusi xidmət orqanlarına xidmət edirlər. Əsas problemimiz bununla bağlıdır.

- 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycanın bir sıra kəndlərinin adları gürcüləşdirildi. Marneulinin mərkəzində isə Nəriman Nərimanovun adı Mədəniyyət Evindən götürüldü. Siz həm azərbaycanlı kənd adlarının qaytarılması, həm də Mədəniyyət Evinə Nəriman Nərimanovun adının bərpası perspektivi barədə nə deyə bilərsiniz?

- Marneulidə Nəriman Nərimanovun adının Mədəniyyət Evinə qaytarılması üçün keçirilən petisiyaya mən də qol çəkmişəm. Amma çox təəssüf ki, “Gürzü arzusu” və adını çəkmək istəmədiyim bir şəxs arxivi itirdilər. Başqa bir şəxsin adını bura qoymaq istədilər. Təəssüf ki, “Gürzü arzusun”dakı soydaşlarım bu işdən kənara çəkildilər, bu işə qarışa bilməyəcəklərini dedilər. Nəriman Nərimanovun adını keçmiş bolşevik kimi təqdim etdilər. Amma biz izah etdik ki, o, necə böyük mesenat, həkim və ziyalı olub. Onun Gürcüstanda böyük xidmətləri olub. Borçalı ziyalıları Mədəniyyət Evinə onun adının qaytarılmasını istədilər. Amma “Gürcü arzusu” bunu etmədi.

- “Gürcü arzusu”ndan deputatlar baş verənləri hüquqi prosedurun pozulması ilə əlaqələndirdilər.
- Hüquqi prosedura qalsa, onda Şaumyan da bolşeviklərin başçısı və azərbaycanlıların ən böyük düşməni olub. Bu gün isə Şaumyan kəndinin adını belə dəyişməyə qorxurlar. Amma Nərimanovun adının Mədəniyyət Evində qalmasına bəziləri qısqanclıq hissi keçirdilər. Onların arasında hakimiyyətdə təmsil olunan azərbaycanlılar da var.

- Azərbaycan kəndlərinin adlarının gürcüləşdirilməsinə toxunmadınız...

- Sözün düzü, mən də burda günahımı hiss edirəm. Baxmayaraq ki, Şevardnadzenin vaxtında 6 millət vəkili müraciət etsək də, təəssüflər olsun ki, bir nəticəsini görmədik. Bu işlər əsasən, Qamsaxurdiya vaxtında, 1991, 1992-ci illərdə həll olunmuşdu. İndi də belə cəhdlərə davam edirlər. Marneulidə bəzi kəndlərin adının dəyişməsinə çalışdılar. 3 manatlıq insanlar var, soyadlarını dəyişsələr də, kökündə başqa millətlərin qarışığı qalır. Gürcüstan hakimiyyətində tariximizi silmək istəyənlər var. Amma biz işə qarışdıq və kənd adlarının dəyişdirilməsinə qoymadıq. Amma nə Şevardnadze vaxtında, nə Saakaşvili vaxtında, nə də indiki hakimiyyətin vaxtında buna fikir verən olmadı.

- Siz iqtidarda olduğunuz zamanı bu məsələ müzakirə olunurdu?

- Aktual məsələ idi, gündəmdə idi. Proses gedirdi. Həmişə gürcü cəmiyyətinə bir türk, azərbaycanlı kimi bizdən təhlükə gözləməmələrini söyləmişəm. Gürcüstan bütövlüyünə qarşı gedən soydaşımı öz əllərimlə boğaram. Gürcüstan torpağının həm qarışını qorumağa hazırıq. Təhlükəni başqa dövlətlərdən, xalqlardan gözləsinlər. Bura yalnız gürcülərin yox, bizim də vətənimizdir. Gürcü həmvətənlərimdən də xahişim odur ki, bizə ikinci standartlardan baxmasınlar, bərabərhüquqlu baxsınlar.

- Azərbaycanlıların gürcü dilini öyrənməsi sürətlənib. Gürcü məktəblərində oxuyan azərbaycanlılar çoxalsa da, Azərbaycandilli məktəblərdə təhsilin səviyyəsi aşağı düşüb. Gürcüstandakı Azərbaycan məktəblərinin taleyi ilə bağlı nə deyə bilərsiniz? Həmçinin, Azərbaycandan Gürcüstana göndərilən pulsuz kitabların paylanmasında da problem var. Onların bəzən bazarlarda satışa çıxarıldığı barədə məlumatlar gəzir...

- Bəli. Marneuli bazarında kitabların biri 25 lariyə satışa çıxarılır. Əslində bu bir SOS siqnalıdır. Hər il 10-15 Azərbaycan məktəbi bağlanır. Bu temp davam etsə, 20 ildən sonra Gürcüstanda 6-7 Azərbaycan məktəbi qalacaq. Əgər 10 il əvvəl gürcü məktəbində 10 gürcü, 2 azərbaycanlı var idisə, indi həmin məktəblərdə 25 azərbaycanlı var, 10 gürcü. Belə bir tendensiya var. Çünki Azərbaycanın məktəbini bitirib Gürcüstan ictimaiyyətində özlərinə yer tapa bilmirlər. Ona görə gürcü məktəblərinə getməyə məcburdular. Azərbaycan məktəblərində ciddi təhsil problemlərimiz var. Məktəb müəllimlərimiz, direktorlarımızın orta yaşı 70-75 yaş arasındadır. Bu müəllimlər yeniliklərdən, müasirliklərdən çox uzaq qalıblar. Kəndlərdən birində qadın mənə yaxınlaşıb dedi ki, “Azər bəy, oğlum 9-ci sinif şagirdidir və heç bir dildə oxuyub-yazmağı bacarmır”. Bəs uşağın 9-cu sinfə necə çatdığını soruşanda isə məktəb direktorunun göstəricilər yaxşı olsun deyə, bütün şagirdləri sinifdən-sinfə keçirdiyini açıqladı.

Bu gün Azərbaycanın göndərdiyi kitablar Marneuli, Bolnisi bazarlarında 25 laridən satışa çıxarılıb. Buradakı azərbaycanlıların maliyyə durumunu bilirsiniz. Hakimiyyət nümayəndələri Azərbaycanın pulsuz göndərdiyi kitabları da pulla soydaşlarımıza satırlar. Nəticədə məktəblərimizdə təhsil sıfıra düşməyə başladı. Azərbaycanlı valideynlər övladlarını başqa sektorlarla, özəl məktəblərə köçürməyə başladılar. Amma sıravi insanların övladları heç bir məktəbdə yaxşı təhsil ala bilmirlər. Dəfələrlə də Azərbaycan müraciət edərək, ölkəmizin təhsil sistemini dəyişməsini təklif etdik. Gürcüstana qayıtması şərti ilə Azərbaycanda çoxlu sayda müəllim kadrlar hazırlanmalıdır. Gürcüstanda bu sistem yoxdur. Ona görə Gürcüstan təhsil sisteminə uyğun kadrlar hazırlanmalıdır. Təhsil sistemini dəyişməliyik, gəncləşdirməliyik. Bizim məktəb direktorlarımız məktəbləri kolxoza çeviriblər. Oğlu, qızı və nəvəsini də məktəbə işə düzəldib. Hazırki hakimiyyətə də bu sərf edir. Seçki zamanı onlardan istifadə edir.

- Deputat kimi təhsil məsələləri ilə bağlı hər hansı təklifləriniz, müraciətləriniz olubmu?

- Bir mənim yox, bir çox deputatlarımızın həm şifahi, həm də yazılı formalarda müraciətlərimiz olub. Gürcüstan hökumətindəndən bu məsələlərdə ciddi irəliləyiş tələb etmişdik.

- Yaxınlarda Sadaxlı kəndində oldum. Gürcüstanda ən böyük kənddir, 16 mindən çox sakini var. Amma “Vahid Milli Hərəkat”ın qərargahını tapa bilmədik. Niyə kənddə qərargahınız yoxdur?

- Dünən o kənddə idim. 500-dən artıq insan təzyiqlərə baxmayaraq görüşə gəldi. Sadaxıldan dünyaya səpələnmiş yüzlərlə akademikimiz, professorumuz, jurnalistlərimiz, nazir müavini, ziyalılarımız var. Təəssüf ki, bu gün Sadaxlı bir reket, traktorçu bələdiyyə üzvünün əlində qalıb.

- Adını deyə bilərsiniz?

- Rövşən Ələsgərov. Hansı ki, kəndini terror edir. Görüşə gəlməyə qoymur. “Vahid Milli Hərəkat” Partiyasına Sadaxlıda ofis verənlərin hamısını gecə ilə qorxutdu. Bir adam ofisini verə bilmədi. Buna baxmayaraq, seçkilərdə mindən artıq səs götürdük. Təəssüf ki, belə böyük kəndin belə təmsilçisi var. Savadsız, orta məktəbi belə bitirməyən bir adam bu gün camaata meydan oxuyur. O xüsusi xidmət orqanları ilə əlaqədədir. Sadaxlıda çox səs almışam. Gürcüstanın ən böyük kəndi bu gün traktorçunun əlində qalıb. Mənim bütün traktorçulara böyük hörmətim var. Amma traktorçu öz traktorunda peşəkar ola bilər, dövlətin idarəçiliyində isə başqa peşəkar lazımdır. Sadaxlıda ermənilər kəndə doğru yüz metrlərlə irəliləyir. Amma buna etiraz edən bir nəfər yoxdur.

- Sadaxlı sakinləri ilə söhbətdə kəndin torpaqlarının Ermənistanın nəzarətinə keçməsinin məhz Saakaşvili dövründə - 2010-2012-ci illərdə baş verdiyini dedilər...

- Onu sizə kim dedi? Rövşən və “Gürcü arzusu”nun digər üzvləri? Yox. Rəsmi açıqlama da verildi ki, 2013-2014-cü illərdə 100 hektardan artıq torpaq, 3 ev ermənilərin əlinə keçdi. Bununla bağlı mənim açıqlamalarım da var. Təəssüf ki, mənim dediklərimə bir cavab verilmədi.

-Azərbaycan mədəniyyət, elm və siyasət xadimlərinin həyatı Gürcüstanla, xüsusən Tbilisi ilə sıx bağlıdır. Onların adlarının məktəblərdə, küçələrdə və s. ictimai obyektlərdə əbədiləşdirilməsi nə dərəcədə aktual məsələdir?

- Gürcüstanda ictimai obyektlərə adların verilməsini qadağan edən qanun var. Bu çox spesifik bir qanundur və kiminsə adını vermək olar, kiminsə adını yox. Keçmişdə bu şəhərdə yaşamış azərbaycanlıların Gürcüstanın adının dünyaya tanıdılmasında böyük xidmətləri olub. Onların adlarına qarşı bir qısqanclıq var. Tbilisinin mərkəzində erməni dram teatrı durur və onların əsas siyasəti bu teatrda qəbul olunur. Onunla bərabər Gürcüstanda yaşayan azərbaycanlılar olaraq şəhərdəki teatrımızı təmir edə bilmədik. Hər il də dövlət söz verdi ki, teatrı təmir edəcək, amma sözlərini tutmadılar. Ona görə də “Gürcü arzusu”nun idarəetməsi sıfıra bərabərdir. Qeyri-gürcülərə şoviniscəsinə yanaşırlar. XVIII-XIX əsrlərdə Tbilisdə azərbaycanlıların məktəbləri, qəzetləri, jurnalları çıxırdı, şəhərdə bəstəkarlamız, yazıçılarımız, maarifçilərimiz yaşayırdı. İndi isə Mədəniyyət Evindən belə Nəriman Nərimanovun adını götürüblər. Biz hakimiyyətə dönəndə hər şey dəyişəcək. İvanişvili isə Gürcüstanın tarixinə ən korrupsioner, dağıdıcı şəxs kimi düşəcək.
- Azərbaycanın Diaspor Komitəsi ilə münasibətləriniz varmı?

- Diaspor Komitəsinə böyük ümidlərimiz yaranıb. Şəxsən Fuad müəllimi tanıyıram, uzun illər deputat həmkarım olub. Sosial şəbəkələrdən onun işgüzar fəaliyyətdə olduğunu, Gürcüstandan tutmuş ABŞ-a qədər səfərlərı çıxdığını bilirəm. Gürcüstanda Əli Babayev kimilərdən, Söyün Yusubovlardan uzaq olsun. Gürcüstana canı yanan insanlarla, eyni zamanda Azərbaycan türkləri ilə əlaqələr qursun. Onun fəaliyyətini çox bəyənirəm və ümidliyəm. Həmişə də Azərbaycanın gözəl gələcəyini istəyirik, Qarabağın Azərbaycana qayıtmasını gözləyirik. Nə vaxt da lazım olarsa, Qarabağ uğrunda canımızdan keçməyə, şəhid olmağa da hazırıq. Həm Gürcüstan, həm Azərbaycan bizim üçün doğmadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.