Ermənilərin 300 min təklif etdiyi azərbaycanlı – Video

4-12-2018, 09:24           
Ermənilərin 300 min təklif etdiyi azərbaycanlı – Video
Opera sənətçisi, aktyor Tərlan Şahbazi təkcə Azərbaycan, Rusiyada deyil, Türkiyə, Polşa və başqa ölkələrdə də tanınır.

Kult.az Tərlan Şahbazinin müsahibəsini təqdim edir:

- Hazırda Polşada yaşayırsınız. Bakıya nə münasibətlə gəlmisiniz?

- Bakıya müəllimimin – musiqişünas Elxan Babayevin 70 illik yubileyinə gəlmişdim. Bir neçə gün sonra Polşaya qayıdacağam.

- Rusiya mediası sizin Bakıya vurğunluğunuzdan yazır. Hər yerdə bunu deyirsiniz.

- Mən 1972-ci ildə Bakıda anadan olmuşam. Sənəti sevməyimdə anamın böyük rolu var. O vaxtlar üç kanal vardı: “Moskva”, “Bakı”, “Leninqrad”. Biz kanalı Moskvaya çevirirdik, anam Bakıya. Tez-tez “Leyli və Məcnun” tamaşasını verirdilər. Yadımdadır, “Şəbi-hicran”ı o qədər dinləmişdim, artıq əzbər bilirdim. Anam bizi bunlara baxmağa məcbur edirdi. Buna görə anama minnətdaram. Çünki sonralar o məcburiyyət xoşluğa çevrildi və tamaşalara sevgi ilə baxmağa başladım. Atam da hər zaman klassik filmlərə baxırdı. Sonralar məni musiqi məktəbinə yazdırdılar, amma oradan qaçdım.

- Niyə?

- O vaxt məni “Ulduz” mədəniyyət evinə nağaraçı kimi götürdülər. Mən isə fortepianoya getmək istəyirdim. Hamı ora yazıldığından yer yox idi. Dedilər, bir il döz, səni keçirəcəyik. Mən də çox tərs idim, bir-iki həftədən sonra məktəbdən qaçdım. Bir ay sonra evdə bildilər. Atam dedi, bundan musiqiçi olmaz.

- Bəs Anar Nağılbazın rep qrupu ilə necə tanış oldunuz?

- Teatra gəlmək böyük arzularımdan biri idi. Azərbaycan Dövlət Musiqili Teatrına işıqçı kimi işə düzəlmək istəyirdim, alınmadı. 1993-cü ildə məni repçi Anar Nağılbazla tanış etdilər. Beləcə onun qrupu ilə oxumağa başladım. Xalq artistimiz Ağarəfi Rəhimli bizə ağsaqqallıq edirdi. O deyirdi ki, sən çox zildən oxuyursan, bu repçilərin səsi çıxmır. Mənə zarafatyana dedilər ki, get Konservatoriyaya, səni oraya qəbul edərlər. Mən də bu sözə inanıb getdim və doğrudan da məni Konservatoriyaya götürdülər.

- Teatra necə gəldiniz?

- Əvvəlcə bir il Muskomediyada solist kimi çalışdım. Daha sonra isə 5 il Bakı Opera və Balet Teatrında işlədim. Mənə ikinci dərəcəli rolları verirdilər. Gördüm ki, orada darıxıram. Axı aktyor daim tamaşalarda, qastrollarda olanda daha həvəslə çalışır. Buna görə də Türkiyəyə gedib, 2-3 il orada yaşadım. Lakin orada teatrda işləmək alınmadı. Yeni ili Moskvada qeyd etməyi çox istəyirdim. Elə oldu ki, məni ora dəvət etdilər, getdim. Sonra dedilər, qal burda, azərbaycanlılar çoxdur, sənə rahat olar.

Moskvada tədbirlərə dəvət edilirdim. Tədbirlərin birində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə tanış olduq. Diaspor da məni tanıdı. Onların köməkliyi ilə Moskva Dövlət İncəsənət Universitetinin vokal şöbəsinə daxil oldum.

- Rusiyada bir çox filmlərə çəkilmisiniz...

- Hə, bu işdə böyük bir riskə getdim. Yalandan onlara dedim ki, mən Türkiyədə, Azərbaycanda filmlərə çəkilmişəm, məşhur aktyoram. Dedilər, yaxşı, sənə ssenari veririk, yarım saatdan sonra bizə danış. Öyrəndim, danışdım. Bəyəndilər, heç kim də bilmədi ki, yalan deyirəm.

Beləcə, filmlərə çəkilməyə başladım. Bunlardan ən uğurlusu qızıl mağazasının sahibi rolunda çəkildiyim məşhur “Jasmin” serialıdır.

Amma Moskvada da çətin günlərim olub. Pul qazanmaq üçün verilişlərdə oturub əl çalırdım. Günə 500-1000 rubl verirdilər. Belə-belə çox insanla tanış oldum.

- Xalq artistimiz Amaliya Pənahova da həmin serialda çəkilib. Münasibətiniz necə idi?

- Müəllimim Firudin Mehdiyev Bələdiyyə Teatrında da işləyib. Hələ o vaxtlar məni də özü ilə teatra aparırdı. Tələbə olduğumdan işləməyə vaxtım olmurdu. Orada Amaliya Pənahova ilə tanış olmuşduq. “Jasmin”ə çəkiləndə isə daha yaxından tanış olduq. Hər gün çəkilişdə görüşür, söhbətləşirdik. Möhtəşəm aktrisa idi. Allah rəhmət eləsin!

- Azərbaycan filmlərini izləyirsinizmi?

- Peşəkar aktyor və rejissorlarımızın sayı azdır. Bu yaxınlarda bir filmə baxdım, adı yadımda qalmayıb, elə qalmasa yaxşıdır, çünki çox uğursuz idi. Ümumiyyətlə, Azərbaycanda rejissorların çoxu qeyri-peşəkardır. Rejissorun musiqidən, ədəbiyyatdan, tarixdən də başı çıxmalıdır. Amma bu yaxınlarda Elxan Cəfərovun “Yarımçıq xatirələr” filmini gördüm. Çox gözəl, professional səviyyədə idi. Qürur duydum ki, bizdə belə gözəl film var. Rejissor, aktyor heyəti, filmin musiqisi - hər şey gözəl idi. Dünya səviyyəli film idi.

- Azərbaycanda serialda çəkilmək istəyərdinizmi?

- Əlbəttə! “Ölülər” filminə çəkilmişəm. Tahir İmanov çəkmişdi. Kiçik bir epizod vermişdilər, lakin açığı, qonorar məni qane etmədi. Qiyməti danışdıq, müqavilə bağladıq, amma bir az da aşağı saldılar, sonra hətta daha aşağı məbləğdə pul verdilər. Rusiyada isə belə şey yoxdur. Orada hava və ya başqa səbəbdən çəkiliş olmasa belə, həmin günün pulunu verirlər və maşınla aparıb evə qoyurlar. Rusiyada günə 400-500 dollara filmlərə çəkilmişəm, hətta daha yüksək qonorara. Azərbaycanda isə çox nadir hallarda günə 100 manat qonorar verilir.

- Tərlan bəy, necə oldu Polşaya köçdünüz? Bildiyimə görə, həyat yoldaşınızla Bakıda tanış olmusunuz.

- 2016-cı ildə Bakıya qohumumun toyuna gəlmişdim. Toydan sonra qayıtmalıydım. Birdən anamın halı pisləşdi, qalası oldum. 2-3 gün sonra anam rəhmətə getdi, onun 7 mərasimi 31 dekabra düşdü. Çox adam görüşə çağırdı, getmədim. Darıxdığımdan şəhərə çıxdım. Atəşfəşanlıq zamanı bir xanımla üz-üzə gəldik, tanış olduq. Bir yerdə oturub çay içdik, sonralar yazışırdıq. Onun musiqiyə, operaya olan həvəsinə görə bir çox cəhətlərimiz üst-üstə düşürdü. O da uşaq vaxtı piano ilə məşğul olub, indi başqa sahədədir. Evləndikdən sonra Polşaya köçdük.

- Rusiyada, Polşada ölkəmizi necə tanıyırlar?

- Mən istəyirəm, nəinki Rusiyada, dünyada sözümüzü demək üçün mövqelərimiz güclü olsun. Bizim düşmənlərimiz yaxşı mövqe tutublar. Mediadan da yaxşı istifadə edirlər. Tez-tez musiqilərimizi ifa edirlər, bunun qarşısını almaq lazımdır. Biz planlı şəkildə işləməliyik.

Hazırda Polşada yaşayıram, təəssüf ki, Azərbaycanı elə də tanımırlar. Bəzən “Formula-1” yarışlarına görə tanıyanlar olur, amma bu, çox azdır. Yalnız yaşlı nəsil Müslüm Maqomayev, Rəşid Behbudovu tanıyır.

- Sizcə, Azərbaycanda yetərincə tanınırsınızmı?

- Bu, məni o qədər də maraqlandırmır. Ulduz olmağa çalışmıram. Hərdən tanıyanlar olur, gəlib şəkil çəkdirirlər.

Yaxşı sənətkar olmaq üçün işləmək lazımdır. İndi tərbiyəsizlik baş alıb gedir. Bəzi müğənnilərin pulları var deyə, adamı saymırlar, özlərini ulduz hesab edirlər. Mənim üçün önəmli olan budur ki, vətənimi ölkədən kənarda layiqincə təmsil edim.

- Rədd etdiyiniz film təklifi olubmu?

- Rusiyada yaşayanda bir gün mənə zəng gəldi, dedilər, bir film var, sizin şəkillərinizə baxdıq, bəyəndik. Dedim, siz ssenarini mənə göndərin, baxım. Telefonda hiss etdim ki, bu, aksentlə danışır, amma hansı millətdən olduğunu soruşa bilmədim. Nəsə, görüşlərinə getdim. İçəri girəndə başa düşdüm ki, bunlar bizim bədnam qonşularımızdır. Qondarma erməni soyqırımından bəhs edən film çəkirdilər, festivala göndərəcəkdilər. Mənə də türk generalı rolu təklif olunmuşdu. Ssenariyə görə, mən içində insanların olduğu sarayı yandırmalıydım.

Vəziyyətin nə olduğunu anladım və çox əsəbiləşdim. Dedim, siz hansı ağılla azərbaycanlını bu filmə çağırmısınız? Dedilər, xəbəriniz varmı ki, bu rola görə sizə nə qədər qonorar nəzərdə tutulub? Bildirdim ki, mənim pula ehtiyacım var, amma belə çirkin pullara yox! Dedilər, biz sizə 300 min dollar qonorar verəcəyik. Cavab verdim ki, mən satqın deyiləm. Beləcə onların təklifini rədd etdim.

- Mümkünsə, bir az da gələcək planlarınızdan danışın...

- Solo konsertə hazırlaşıram, eyni zamanda, yeni disk çıxarmaq istəyirəm. Tək Polşada yox, başqa Avropa ölkələrində konsert verməyi düşünürəm.

Bakıda isə simfonik orkestrlə bağlı planlarımız var. Bir neçə mahnı bəstələmişəm. Düşünürəm ki, vətəndə də müəyyən işlər görməyin vaxtı çatıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.