“Ermənilər şiələrlə yaxınlıq etməyə çalışırlar” – MÜSAHİBƏ
6-12-2018, 08:04
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov Modern.az saytına Gürcüstandakı dini situasiya ilə bağlı geniş müsahibə verib.
– Mümkünsə, Gürcüstan Müsəlmanları İdarəsinin fəaliyyəti barədə ümumi məlumat verərdiniz.
– Gürcüstan Müsəlmanları İdarəsi 2011-ci ilin əvvəllərində yaradılıb. Təbii ki, qurum yaranan zaman müəyyən yanlışlıqlar olmuşdu. Biz bunu inkar edə bilmərik. Bir az da təcrübəsizlikdən irəli gələn məsələ idi. İdarənin yaranma məqsədi barədə danışım: açıq deyirəm, bəziləri bizi Qafqaz Müsəlmanları İdarəsinə qarşı qoyurlar. Amma bu yanlış məsələdir. Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyi var və mən uzun illər həmin idarədə axund kimi fəaliyyət göstərmişəm. Unutmayaq ki, bu ölkədə 5 məzhəbə məxsus müsəlman yaşayır.
Qafqaz Müsəlmanları İdarəsi bütün müsəlmanların işinə yetişə bilmirdi. Bunun bir səbəbi madiyyatla bağlı idi. İkinci tərəfdən isə millət və məzhəb məsələsi də müəyyən faktor rolunu oynayır. Həmçinin, dini təşkilatları toplayıb bir konqres yaratmaq arzusunda idik. Burada işləyən təşkilatların bəzilərinə İranın, bəzilərinə Türkiyənin təsiri var idi. Şiə məzhəbinə mənsub təşkilatlar İrandan, sünni məzhəbinə mənsub təşkilatlar isə Türkiyədən dəstək alırdı. Qərara aldıq ki, azərbaycanlı olaraq Azərbaycan dövlətindən yardım alaq. Məsələn, kitab çap edək, məscidləri təmir edək. Məbləğ də yadımdadır. 2005-ci ildə yazdığımız məktubda ayda 10 min dollar məbləğində vəsait istəmişdik. Din xadimlərimizə də 100 dollar maaş verilməsini planlaşdırmışdıq. Amma olmadı. Mən özüm də Qafqaz Müsəlmanları İdarəsinin axundu kimi işlədiyim müddətdə onlardan 1 lari pul ala bilməmişdim.
Açıq deyəcəm, şiə müsəlmanları Qafqaz Müsəlmanları İdarəsi ilə işləmək istəyirdilər. Sünni azərbaycanlılar isə Türkiyəyə meyl edirdilər. Zatən, o tərəfdən də böyük dəstək alırdılar, Diyanətlə işləyirdilər. Bu bəlkə də Qafqaz Müsəlmanları İdarəsinin şeyxinin şiə olmasından irəli gəlirdi. Digər tərəfdən 200 mindən çox sayı olan acar müsəlmanları Qafqaz Müsəlmanları İdarəsi ilə ümumiyyətlə işləmək istəmirdilər. Türkiyənin dəstəyi ilə Qərbi Gürcüstanda 195 məscid inşa olunub. Kistin müsəlmanları yaşayan ərazilərdə Qafqaz Müsəlmanları İdarəsi ümumiyyətlə olmamışdı. Oraya gedəndə sakinlər Qafqaz Müsəlmanları İdarəsinin 1 nümayəndəsinin də həmin əraziyə gəlmədiyini dedilər. Avar müsəlmanlarının da onların fəaliyyətindən xəbəri yox idi. Biz Qafqaz Müsəlmanları İdarəsindən soruşanda ki, Şərqi Gürcüstanda nə qədər məscid var, dedilər ki, 57-dir. Amma özümüz getdik gördük ki, onların sayı 110-dur. Təsəvvür edin ki, məscidlərin sayından xəbərsizlik var idi. Bütün bunların da səbəbi o idi ki, Qafqaz Müsəlmanları İdarəsi yalnız azərbaycanlılarla işləyirdi. Digər xalqları isə unutmuşdu.
– Bəs Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstanda müftisi yox idi?
– Xeyr, o idarənin Gürcüstanda nümayəndəliyi var idi. O nümayəndə Hacı Əli Əliyev şiə idi. Onun müavini müfti Yasin Əliyev sayılırdı. Amma o, hazırda bizimlə işləyir. Xülasə, demək istədiyim odur ki, digər xalqlar, millətlər Qafqaz Müsəlmanları İdarəsi ilə işləmək istəmirdi və aramızda əlaqə də yox səviyyəsində idi.
Gürcüstan dövləti burada bir boşluq gördü. Ölkədə çoxlu millətlər, 27 dini məzhəb var. Təsəvvür edin ki, fərqli dinlərlə yanaşı, İslam daxilində də təriqətlər var idi. Düzdür, Gürcüstan şiələri arasında yalnız cəfəri təriqəti var, şiəliyin başqa qolları ölkəyə gəlməyib. Amma sünnilərdə hənəfi, şafiyə təriqətləri, Türkiyədən gəlmə süleymançı camaatı, mahmudçu camaatı, nurçu, fətullahçı camaatlar var. Bəzi radikal təriqətlər də ölkəyə gəlmişdi. Gürcüstan dövləti özü çaşqınlıq içində idi. Mənbəyi məlum olmayan təşkilatlar kütləvi məscidlər tikməyə başladı. Qafqaz Müsəlmanları İdarəsi ilə də hesablaşılmırdı. Bəlkə bu dövlətdə ona yüksək status verilməmişdi. Amma fakt bu idi, Gürcüstanda 30-a qədər dini QHT məscid tikirdi, amma İdarə ilə məsləhətləşmirdi. Gürcüstanda Azərbaycandakı kimi Dini Komitə də yox idi ki, icmaları qeydiyyata alsın, özbaşınalıq idi. Buna görə də bütün müsəlmanları birləşdirəcək idarənin yaradılmasına ehtiyac duyuldu.
Bizim qurum yaradılan zaman Gürcüstan tərəfi ilk olaraq Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəsinə rəhbər olmağı təklif etdi. Yəni Gürcüstan dövlətinin məqsədi parçalamaq deyil, status almış bir rəsmi qurum yaratmaq idi. Təəssüf ki, bu məsələdə razılıq əldə olunmadı. Biz isə bir çox problemlərimizi həll edə bilmirdik. Hətta sizə onu deyim ki, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstanda qeydiyyatı, möhüründə identifikasiya kodu da yox idi.
– Qeydiyyat üçün müraciət olunmuşdu?
– Bu məsələyə ciddi yanaşılmırdı. Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana gələndə bizim çox dərdimiz, diləyimiz var idi. Amma bizimlə görüşmədi. Mən özüm axund kimi Bakıya da getdim. Amma bizə görüş də verilmədi. Azərbaycan bizim milli dövlətimizdi, amma bu məsələlərdə müəyyən yanlışlıqlar oldu. Gürcü ruhaniləri ilə, patriarxla görüş olurdu, amma biz ruhanilərə sözümüzü demək üçün görüş verilmirdi. Bilmirəm, bəlkə bizi İrana bağlamışdılar. Amma əgər biz yad idiksə, nə üçün mən axund təyin olunmuşdum?
– Hazırda Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyi ilə Gürcüstan Müsəlmanları İdarəsinin münasibətləri necədir?
– Məndən öncə şeyx səlahiyyətlərini icra edən şəxs təəssüf ki, Qazfqaz Müsəlmanları İdarəsinin əleyhinə danışırdı. Amma mən faəaliyyətə başlayanda bütün bunların bir nəfərin fikirləri olduğunu anladım. Biz bilirik ki, Qafqaz Müsəlmanları İdarəsi 1823-cü ildə yaradılan idarədir və 1832-ci ildə müftiliklə birləşib. 8-ci şeyxə qədər hamısı Gürcüstanda oturub. Onların böyük keçmişi var. Biz onların əleyhinə deyilik, onların bir çox məsələlərdə mənəvi hüququ var. İlk gündən fəaliyyətə başlayanda Şeyxülislama məktub yazaraq əməkdaşlıq istəmişəm. Gürcüstan dövləti bunun əleyhinə olsaydı, deyərdilər ki, o məktubu yazma. Buna müsbət baxırdılar. Dəfələrlə müxtəlif kanallarla əlaqə qurmağa, görüşməyə çalışdım. Təbii ki, burada İranın, Türkiyənin və başqa ölkələrin nümayəndəlikləri var. Onlar da istəyirlər ki, iş görüb, öz təsirlərini buraxsınlar. Amma bizim üçün də vacib olanı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə, dialoq qurmaqdır. Azərbaycan bizə sahib çıxacaq dövlətdir. Dinimiz bir, milliyətimiz birdir. Ona görə də dərdimizi Azərbaycana deməliyik. Azərbaycanla əlaqəmizin olmaması bizə ziyandır.
– İndi Qafqaz Müsəlmanları İdarəsi ilə Gürcüstan Müsəlmanları İdarəsi arasında heç bir dialoq yoxdur?
– Təssüf ki, yoxdur. Bizim ictimai dəstəyə ehtiyacımız var. Şiə məzhəbindən olduğum üçün mənə heç yerdən dəstək yoxdur. Deyə bilərsiniz, bəs İran? İnanın, heç onların da burada mütəşəkkil bir işi yoxdur. Kiçik bir ölkəyə elə də maraqları yoxdur. Bizim sünni qardaşlarımızın paylaşımlarından da görünür ki, onlar İranla yox, ancaq Türkiyənin Diyanət İşləri Nazirliyi ilə əməkdaşlığa tərəfdardırlar. Mən İran barədə danışanda yanlış anlayırlar. Burada məsələ şəxsi deyil.
– Gürcüstan Müsəlmanları İdarəsi yaranan zaman dövri mətbuatda Qardabani axundunun buna qarşı kəskin açıqlamaları var idi. O, bunu dövlətin dini işlərə müdaxiləsi sayırdı və azərbaycanlıların İdarədə 3-cü şəxs olacağını deyirdi. Bu iddialar nə dərəcədə doğrudur?
– İcmamızda bəzi qərəzli insanlar var. Siz yəqin ki, Namiq Xəlilovu deyirsiniz. Biz onu axundluqdan çıxardıqdan sonra o cür sözlər deməyə başladı. Həmin şəxs Gürcüstan Müsəlmanları İdarəsinin adından axund olaraq fəaliyyət göstərirdi və Qafqaz Müsəlmanları İdarəsinin əleyhinə danışırdı. Halbuki, biz onu axundluğa yaraşmayan hərəkətlərə görə işdən çıxarmışdıq. İyrənc hərəkətlərlə məşğul idi.
– Konkret nə ilə məşğul idi?
– Açığı şantajla məşğul idi. Üzr istəyirəm, müəyyən videolar çəkib pul alırdı. İfşa olundu, dövlət onu tutdu. Biz xahiş etdik ki, onun üzünü ruhani olduğu üçün göstərməsinlər. Çalışdıq ki, məhkəməsi də gizli şəkildə keçirilsin. Çalışdıq ki, azadlığa çıxsın. Mən özüm də Qardabanidənəm, bir eloğlu kimi ona dəstək verdim. Amma azadlığa çıxan kimi başladı əleyhimə danışmağa. Məni də qınayırdılar ki, sən neylədin? Gör, o neylədi. Qardabanidə o və Elcan Hüseynov problemli adamlar var. Marneulidə isə Mirtağı Əsədov müəyyən problemlər yaradır. Onların heç bir məlumatı yoxdur. Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi dəfələrlə müraciət etdi ki, Azərbaycandan da nümayəndələr olsun. Onlar əməkdaşlığa çox sevinirlər. Gürcüstanın və Azərbaycanın dini maraqları eynidir. Azərbaycan da Gürcüstanda dini sabitlik istəyir, dinin siyasətə qarışmamasını istəyir. Ziddiyyətli heç bir məqam yoxdur. Mən həmişə demişəm ki, dini baxımdan bizə örnək İran ya Türkiyə yox, Azərbaycandır.
Diaspor Komitəsinin sədri Fuad Muradov da Gürcüstana gələndə ona dedim ki, bizim üçün ən gözəl örnək Azərbaycandır. Namiq Xəlilova məsləhət vermişdim ki, bu iş unudulsun. Onu işlə təmin edəcəm. Amma o adam səbr etmədi və qərəzli işlərlə məşğul olmağa başladı.
– Gürcü müsəlmanlarla azərbaycanlı müsəlmanlar arasında münasibətlər necədir?
– Gürcüstan Müsəlmanları İdarəsi onları birləşdirməyə nail oldu. Bu qurum olmayana kimi bizim onlar, onların isə bizim haqda məlumatımız yox idi. Münasibətlərimiz gözəldir. Aramızda problem yoxdur. Hətta onlar şiə mərkəzlərinə getdilər, Kərbəlanı, Məşhədi ziyarət etdilər və anladılar ki, şiələr haqda təsəvvürləri yanlış imiş. İndi elə tədbirimz yoxdur ki, onları çağırmayaq. Onlar da bizi çağırır.
– Bəs digər konfessiyalarla, Gürcü Pravoslav Kilsəsi, Erməni Apostol kilsəsi ilə əlaqələriniz necədir?
– Əvvəlcə Gürcü Pravoslav Kilsəsi bizimlə məsafə saxlamaq istədi. Bu yəqin ki, Qafqaz Müsəlmanları İdarəsinə görə idi. Amma sonradan onlar anladılar ki, bu idarəni görməzdən gəlmək doğru deyil. Gürcü Pravoslav Kilsəsinin tədbirlərinə dəvət alırıq, partiarx II İlya ilə də görüşlərimiz olub. Hətta, xaricdəki beynəlxalq təşkilatlarla görüş zamanı da müsəlman icması adından biz, pravoslav icması adından onlar gedirlər. Buna görə müsəlmanlara həmişə ikinci söz haqqı verirlər. Erməni Apostol Kilsəsi, yaxud katoliklərə gəlincə, onlarla da əlaqəmiz var. Erməni Apostol Kilsəsinin nümayəndəsi maraqlı bir təklif vermişdi. Dedilər ki, gəlin oturaq, bir yerdə çay içək. Bir dəfə dəvət etdilər getmədik. Sonra yenə də dəvət etdilər. Açığı, onlar bizi, biz də onları bütün dini tədbirlərimizə çağırırq. Görüşümüzün vaxtını bir qədər uzatdıq. Hələ görüşməmişik. Açığı, hiss edirəm ki, ermənilər çalışırlar şiələrlə yaxınlıq eləsinlər. Mənə olan münasibəti müftiyə göstərmirlər. Bəlkə də bizim geyimimizə görə İrana daha yaxın olduğumuzu düşünürlər. Farsca da bilirəm. İran haqda da xoş sözlər deyiblər. Hər şey ola bilər. Biz də onları çox çağırmışıq. Qurban bayramı, dini bayramlar zamanı dəvət etmişik. Biz dini icmaları seçə bilmərik .
– Gürcüstanda dini təhsillə bağlı vəziyyət nə yerdədir? Gürcüstan azərbaycanlıları dini təhsili harada alırlar?
– Açığı, Sovet İttifaqı dağılandan sonra 25-30 il müddətində Qafqaz Müsəlmanları İdarəsi düzgün kadr siyasəti aparmayıb. Bizim dindarlarımızın Türkiyə, yaxud İranda dini təhsil almağa getməsi düzgün qarşılanmır, amma Azərbaycana gedib oxumaq normal qarşlanır. Çünki biz azərbaycanlıyıq və mən özüm də dini təhsilimi Azərbaycanda almışam. Cəlilabadda İrana bağlı mədrəsədə oxumuşam. Azərbaycandakı dini müəssisələrdə, İlahiyyat fakültəsində buradan gedib oxumaq istəyənlər var. İldə 5 nəfəri qəbul etsəydilər, yaxşı olardı. İdarəmizin Şura üzvlərinin təhsili yaxşıdır, amma yerlərdə kadr problemləri var. Yəni yerlərdəki kadrların dini biliyi axund vəzifəsini icra etməyə imkan verir. Amma din müəsissəsi həddində deyil. Sonradan İrana 5-10 nəfər oxumaq üçün getdi. Aralarında təhsilini başa vuranlar da oldu. Yarımçıq qayıdanlar da. Bəziləri kifayət qədər savadlıdır, qalanları elə də yox. Amma bu, şiə məzhəbinə aiddir. Azərbaycanlıların sünni məzhəbində bir nəfər də olsun savadlı kadr yoxdur. Çox bərbad vəziyyət yaranıb. Çünki buradakı mədrəsələrdə təhsilin səviyyəsi çox aşağıdır. Amma deyə bilərəm ki, acar müsəlmanları arasında savadlı kadrlar var.
– Türkiyənin, İranın Gürcüstanda dini fəaliyyətinin olduğunu dediniz. Azərbaycanlılar yaşayan ərazilərdə onlar çox fəaldırmı?
– Mən İrana bağlı təşkilatlarla çox sıx işləmişəm. İstər-istəməz müəyyən layihələr çərçivəsində əməkdaşlıq etmişik. Bir təşkilat yaratmışdıq – “İman”. Orada jurnal çap edirdik, kitablar tərcümə edirdik və dini mərasimlər təşkil edirdik. Həmin təşkilatı İran maliyyələşdirirdi. Burada İranın əsas 4 təşkilatı fəaliyyət göstərir – “Əhli Beyt” cəmiyyəti İrandakı “Beynəlxalq Əhli-Beyt Assambleyası”nın bir qoludur. Onların Gürcüstandakı mərkəzi Marneulidə yerləşir. Daha bir təşkilat “Ahlu Beyt” adlanır. Müsahibə üçün əyləşdiyimiz məkan onların mərkəzidir. Əslində bu təşkilat daha çox İraqa bağlıdır, Ayətullah Sistaniyə məxsus bir təşkilatdır. Qardabani rayonunda “Əl Hikmət” müəssisəsi var. Ayətullah Həkimi tərəfindən yaradılan təşkilatdır və o da İraqa aiddir. Əslində, hamısı İrana aid edilsə də, bölgədə İraqa aid təşkilatlar daha çoxdur. Təkcə onu deyim ki, İran Gürcüstanda məscid tikməsə də, İraqa aid olan bir neçə məscid var. Məsələn. Soğanlıq kəndinə “Əhli Beyt” məscidi, Marneulidə yeni tikilən “İmam Hüseyn” məscidi İraqa bağlı təşkilatlar tərəfindən inşa edilib. İranın “Əl Mustafa” dini universiteti də çox önəmli fəaliyyətlə məşğuldur. Onların Tiflisdə və Marneulidə mərkəzləri var. Ayətullah Xameneiyə bağlı mərkəzdir. “İman” təşkilatına qayıtsaq, bu ayətullah Xameneinin administrasiyasına bağlı bir təşkilatdır.
– Türkiyənin Gürcüstanda, xüsusən Kvemo-Kartlidə hansı təşkilatları fəaliyyət göstərir?
– Türkiyənin əsas camaatları burada fəaliyyət göstərir. Bunlardan əlavə, dövlətə bağlı olan Diyanət Nazirliyinin nümayəndəliyi, “Əziz Xudayi Vəqfi”nə bağlı “Gəncliyə Yardım Fondu” fəaliyyətdə olan əsas təşkilatlardır. Təşkilatlar çox olsa da, onlar ya süleymançı, ya da mahmudçu camaatıdırlar. Gürcüstanda Türkiyənin Diyanət nazirliyinə bağlı olan bir mədrəsə də yoxdur. Yeri gəlmişkən, Diyanətin təqdim etdiyi elmli İslamı bəyənirəm. Amma camaatlarda qapalılıq, bir az sələfilik var. Ona görə Türkiyə Diyanət Nazirliyinin çap etdiyi kitabları gətirməyə çalışırıq. Onların dərslikləri məqbuldur, məzhəbə qarşı təhqirlər yoxdur.
– Siz radikallıqdan danışdınız. Növbəti sualım, radikal dini cərəyanların azərbaycanlılar yaşayan bölgələrdə aktivliyi ilə bağlıdır. Suriya və İraqda döyüşməyə gedən azərbaycanlılar olub?
– Sözün düzü, Gürcüstan hökuməti bu məsələləri gizli saxlamağa çalışır. Məqsədlərdən biri gürcü cəmiyyətində İslamafobiyanın yaranmaması ilə bağlıdır. Kiçik dövlətin cəmiyyəti belə təhlükəli nifrətin öhdəsindən gələ bilməz. Eşitdiyimə görə, Gürcüstandan 70-ə qədər şəxs Suriya və İraqa döyüşməyə gedib. Azərbaycanlılardan hətta bir neçə nəfər ölənlər də olub. Amma cənazələri bura gətirilməyib. Bu ilin əvvəllərində biz yaşadığımız yerdən 500 metr aralıda bir hadisə baş verdi. Əhməd Çatayev adlı çeçen döyüşçünün qaldığı evdə partlayış oldu. Partiarx II İlya da tez bəyanat verdi ki, cəmiyyətdə baş verənlərlə bağlı bir nifrət yaranmasın. Hadisə zamanı xüsusi təyinatlılardan biri də ölmüşdü. Amma məsələni şişirtməyə qoymadılar. Bu məsələyə nəzarət etmək vacibdir. Şəkillərimiz arasında bir acarın fotoları var idi. Dövlət onun radikal olmasını müəyyən etmişdi. Bizə dedilər ki, onun şəklini yığışdırın. Rusiyaya məxsus qaz xəttini partlatmaq niyyətinə düşmüşdü. Yəni Gürcüstan hökuməti məsələyə həssaslıqla yanaşır. Sabitliyi pozmamaq üçün belə xəbərlərin qarşısını alır.
– Gürcüstan cəmiyyəti dini hissləri güclü olan cəmiyyət sayılır. Bəs İslamafobiya meylləri bu cəmiyyətdə varmı?
– Avropada olan İslamafobiya hərəkatının dalğası Gürcüstana da gəlib çıxmışdı. Onlar bir neçə dəfə yürüş etməyə də cəhd göstərmişdilər. Amma bizə deyirdilər ki, yerli müsəlmanlara qarşı yox, ərəb İslamına qarşı çıxış edirlər. Maskalı şəkildə aksiya keçirmək istəsələr də, qarşısı alındı. Xaricdən millətçi, nasist şəxslər onları dəstəkləyirdi. Amma onların əsas problermi bizimlə deyil, çünki biz xristian olası deyilik. Əsas nifrətləri gürcü müsəlmanlara qarşıdır. Onlardan xristianlığa qayıtmaq tələb edirlər, bəzən təhqirlər olur. “Gürcüsənsə, gərək xristian olasan”, deyə bir yanlış fikir var. Müsəlmanlara büdcədən 2 milyon 700 min lari pul ayrılanda, ermənilər tələb etdilər ki, onlara da eyni miqdarda pul ayrılsın. Onlara isə 600 min lari verilmişdi. Dövlətin bu tələbə cavabı o oldu ki, “müsəlmanların 320-yə qədər məscidi var, sayları çoxdur, sizin isə cəmi 30 kilsəniz var”.
– Sizin praktikanızda İslamı qəbul edən gürcü və ya erməni olub? Bu kimi hallarla rastlaşmısınız?
– Belə hallar olur. Corc Buşu partlatmaq istəyən erməni Arutunyan tez-tez həbsxanadan bizə məktublar da göndərir. Onunla görüşməyimizi xahiş edir. Ümumilikdə, az insan dinini dəyişir. Dəyişənlərin də nə dərəcədə səmimi olduğunu bilmirik. Məsələn, burada Baptist kilsəsinin yepiskopu müsəlmanların içində namaz qılır. Mən bunu səmimi hesab etmirəm. Hərə öz inancına görə ayini icra etməlidir. O isə camaatın sırasına girib namaz qılır. Kilsələrinin yanında 3 otaq tikiblər. Biri xristianlar üçün, biri yəhudilər üçün və biri də müsəlmanlar üçündür. Hədiz dərəcədə tolerantlıq nümayiş etdirirlər.
– Xaricdəki azərbaycanlıların diaspor təşkilatları ilə, Azərbaycanın Diaspor Komitəsi ilə əməkdaşlıq edirsinizmi?
– Biz Azərbaycandakı Dini Komitə ilə əməkdaşlıq etmək istəyirdik. 2005-ci ildə Rafiq Əliyev sədr olan zaman onun müavini ilə görüşərək, öz sözümüzü dedik. Onlardan dəstək istəsək də, təəssüflər ki, bir cavab gəlmədi. Bu vaxta qədər təəssüf ki, bir görüş alınmadı. Diaspor Komitəsinə gəlincə, Azərbaycanlların Mədəniyyət Evində də bir müddət işləmişəm. Orada çıxan bir çox qəzet, jurnalların çapına nəzarət etmişdim. “Region Press” qəzetində də çalışmışam. Bu yaxınlarda komitə sədri Fuad Muradovla ayaqüstü görüşümüz oldu. Ona Gürcüstanda “Din haqqında” Qanunun qəbul olunmaması haqda məlumat verdim. Gürcüstan sekulyar dövlət olsa da, qanunun qəbulu çox yaxşı olardı. Çox istərdim ki, ətraflı oturub görüşək. Azərbaycan səfirliyi ilə əməkdaşlıq edirik, Müstəillik günü tədbirlərinə qatılırıq. Öz növbəmizdə Xocalı soyqırımı, 20 Yanvar və s. anım günlərində Quran oxutdururuq. Burada Azərbaycan dövləti haqqında fəxrlə danışırıq.