Rus məktəbləri SSRİ modelinə dönüş planıdır? - Sabir Rüstəmxanlıdan ilginc xəbərdarlıq - VİDEO

11-12-2018, 20:20           
Rus məktəbləri SSRİ modelinə dönüş planıdır? - Sabir Rüstəmxanlıdan ilginc xəbərdarlıq - VİDEO
“İndi Azərbaycanda rus məktəblərinə az qala xüsusi statuslar verilir”.

Teref.az xəbər verir ki, bu fikirləri yenicag.az-a açıqlamasında millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın ölkədə rus məktəblərinin stimullaşdırılmasına yönəlik narazılığını dəstəkləyən Xalq yazıçısı Sabir Rüstəmxanlı deyib.

Sabir Rüstəmxanlının fikrincə, ölkədə fəaliyyət göstərən rus məktəbləri dövlət büdcəsindən maliyyələşməməlidir:
“Azərbaycan Respublikasının Konstitusiyasında bu məsələ təsbit olunub. Ölkədə təhsil dili dövlət dili, yəni Azərbaycan türkcəsidir, Azərbaycan dilidir. Başqa xalqlar da öz məktəblərini aça bilərlər, ancaq o məktəblərin dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulmayıb. Onlar başqa şəkildə, təsisçiləri tərəfindən maliyyələşdirilməlidir.

Yaxşı, deyək ki, buna da müəyyən bəhanələr tapırlar ki, yox, o məktəblər də maliyyələşə bilər. İndi Azərbaycanda rus məktəblərinə az qala xüsusi statuslar verilir. Gövhər xanım rus məktəblərinə qarşı çıxmır ki… O, həmin məktəblərin xüsusi seçilməsinə və onlara ayrıca qayğı göstərilməsinə qarşı danışıb və haqlı da danışıb.

Müstəqil dövlətdə rus məktəblərinin sayını getdikcə artırmaq nə deməkdir? Əhalisinin 100-də 30-u rus olan Latviyada rus məktəbləri ümumiyyətlə, yoxdur, ləğv olunub, bütün məktəblər dövlət dilindədir. Amma bizdə ildən-ilə bunun sayı artırılır. Hara qayıdırıq? Təzədən SSRİ-yə, ya Rusiyanın tərkibinə qayıdacağıq? Bu, nə deməkdir? Bu hay-küy, şivən qəsdən qoparılır.

Təəssüf ki, həmin rus məktəblərində oxuyanların doxsan-doxsan beş faizi Azərbaycan uşaqlarıdır. Bizim uşaqlarımızı niyə bədbəxt edirlər? O uşaqlar burada yaşayacaqlarsa, öz dillərini niyə bilməməlidirlər? Yoxsa onların hamısını Rusiya vətəndaşı kimi yetişdirmək istəyirlər? O məktəblərdə Azərbaycan dili, tarixi, mədəniyyəti ilə bağlı dərslər hansı səviyyədədir, oranı qurtaranlar öz tarixlərini, mədəniyyətlərini nə səviyyədə bilirlər, bizə məlumdur.

Ortaya tez-tez belə bəhanələr atırlar ki, ziyalılarımızın içində rus məktəblərini qurtaranlar da var. Ancaq onlar tək-təkdir. Yerdə qalanları ondan da olur, bundan da… Yəni qalır ortada. Nəyə görə öz uşaqlarımızı bədbəx eləməliyik?”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.