"Güc yolu ilə işğal edilən torpaqlar güc yolu ilə də azad edilməlidir" - Artur Rasizadə
1-05-2019, 17:29
Azərbaycanın sabiq Baş naziri Artur Rasizadə "Demokrat.az" xəbər portalına müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:
- Artur müəllim, necəsiniz? Hazırda nə işlə məşğulsunuz?
- Dubaydan yeni qayıtmışam. Özümü günəşə vermək üçün bir-iki həftəliyinə Dubaya getmişdim. Orada istirahət edirdim. Artıq Azərbaycanda da havalar istiləşib. Ona görə də hazırda Bakıda dincəlirəm.
- Ötən gün Tarif Şurası ölkədə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, qazın limitinin artırılması barədə qərar qəbul edib. Bu qərarı necə qarşıladınız?
- Bu qərarla bağlı mən mətbuatdan xəbərləri oxudum. Sözün düzü, mən indiyədək düşünməmişdim ki, bununla bağlı nə etmək olar. Ancaq Energetika Nazirliyində müvafiq idarə var. Həmin qurum enerji tariflərinə nəzarət etməlidir. Mən bu qərarı alqışlayıram.
Bütövlükdə deyim ki, ölkə Prezidentinin apardığı siyasət çox müsbətdir. Ötən gün Prezidentin keçirdiyi müşavirədə də bunu görmək mümkün idi. İnşallah verilən tapşırıqların nəticələri daha da yaxşı olmalıdır. Bunun üçün müəyyən zaman lazımdır.
Bu gün Azərbaycan müharibə şəraitində yaşayır, bizim üçün ən çətin məsələ Qarabağ problemidir. Bu gün dünyada gedən geosiyasi proseslər vəziyyəti daha mürəkkəbləşdirir. Hazırda dünyada qütbləşmə prosesi gedir. Biz buna misal kimi qonşu Gürcüstan məsələsini də deyə bilərik. Bu nöqteyi-nəzərdən ən vacib məsələ müstəqilliyin qorunmasıdır.
Digər yandan isə deyim ki, bizim 30 ilə yaxındır ki, torpaqlarımız işğal altındadır. Hazırda Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı danışıqlar davam etdirilir. Ancaq bəzən görürsən ki, Ermənistan danışıqlar prosesini pozmağa çalışır. Dünya birliyi isə buna göz yumur. Azərbaycan bu cür ədalətsizliklərlə üzləşir.
30 ilə yaxındır ki, torpaqlarımız işğal altındadır. Ancaq erməni xalqı bundan nə qazanıb? Erməni millətçiləri və daşnaqlarının siyasəti nəticəsində Qarabağ münasişəsi yaranıb. Bu gün münaqişə Ermənistan xalqına sərf etmir. Gec-tez işğal altında olan torpaqlar azad olunmalıdır. Bunu erməni xalqı da anlayır. Təbii ki, Azərbaycan xalqı istəyir ki, bu işğala tezliklə son verilsin. Düzdür, Qarabağ münaqişəsinin həllinə mane olanlar da var. Amma mən hər zaman bunu söyləmişəm və indi də deyirəm: Qarabağ münaqişəsinin açarı özümüzdədir.
- Yəni, müharibə edib torpaqları işğaldan azad etməliyik?
- Bəli, əgər lazım olsa bunu da etməliyik. Bilirsiniz, tarix göstərir ki, işğal edilən torpaqlar çox nadir hallarda sülh yolu ilə geri qaytarılır. Güc yolu ilə işğal edilən torpaqlar güc yolu ilə də azad edilməlidir. Şəxsən mən belə hesab edirəm.
- Bu ay Avropa İttifaqı ilə Azərbaycan dövləti arasında tərəfdaşlıq sazişinin imzalanması gözlənilir. Bu sənədlə bağlı fikirlərinizi eşitmək maraqlı olardı...
- Bu sazişin imzalanması Azərbaycan üçün yaxşı haldır. Ancaq əmin olmalısan ki, həmin sənədin içərisində nələr yazılıb. Gərək bu sənədlə tanış olaq, sonra fikir söyləyək.
Ümumiyyətlə, bu saziş yaxşıdır. Ancaq bizim əsas işimiz odur ki, sözügedən sazişdə Azərbaycanın maraqları öz əksini tapsın. Hazırda biz bunun üzərində işləyirik. Əgər Qarabağla bağlı Azərbaycanın qəti mövqeyi həmin sənəddə əksini tapacaqsa, təbii ki, bu sazişi imzalamaq olar. Allah etməsin, əgər bu olmasa, o zaman həmin sazişin imzalanması əhəmiyyətsiz olacaq.
Avropa İttifaqı özü də maraqlı olmalıdır ki, Azərbaycan bu sazişə qoşulsun. Yəni, məsələyə ikitərəfli baxmaq lazımdır.
Əgər Azərbaycanın maraqları bu sazişdə öz əksini tapacaqsa, o zaman birmənalı şəkildə həmin sənədi imzalamaq olar. Prinsipcə, bu saziş faydalı sənəddir.
O ki qaldı, bu sənədin içərisində yazılan detallara, bunu zaman göstərəcək.
- Ola bilərmi ki, bu saziş Azərbaycan ilə Rusiyanın münasibətlərinə hər hansı xələl gətirsin?
- Yox, qətiyyən belə ola bilməz. Rusiyanın marağındadır ki, onunla bizim aramızda münasibətlər yaxşı olsun. Rusiya Dağlıq Qarabağ məsələsilə bağlı da neytral siyasət aparır. Bilirsiniz ki, Rusiya həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Ona görə də mən düşünmürəm ki, Rusiya bu sazişin imzalanmasına qarşı çıxaraq hər hansı təxribat etsin.
Digər tərəfdən isə hazırda Rusiyanın Qərblə münasibətləri heç də yaxşı deyil. Bu gün regionda əlavə qaynar nöqtənin yaranması Rusiyanın maraqlarına uyğun gəlmir. Biz Cənubi Qafqaz ölkələrinə baxsaq görərik ki, Gürcüstan Rusiyanın müttəfiqi deyil. Ermənistan da qənaətbəxş hesab olunmur. Rusiya bütün bunları yaxşı anlayır. Bu gün regionda Azərbaycana ən yaxın dövlət və xalq Türkiyədir. İndi Rusiyanın da Türkiyə ilə çox yaxşı münasibətləri mövcuddur. Hazırda geosiyasi proseslərdə Rusiyanın çox az tərəfdaşı qalıb. Ona görə Rusiya Azərbaycanı da itirmək istəməz. Ona görə də düşünmürəm ki, Rusiya Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sazişə qarşı çıxsın.
Ümumiyyətlə, Azərbaycan və rus xalqları arasında tarixən yaxşı münasibətlər olub.