Çingiz Qənizadə: “Barəsində cinayət işi olan mühacirlərə amnistiya elan olunmalıdır”
22-05-2019, 08:28
Hakimiyyəti qəbul edən mühacirlərin cinayət işinə xitam verilməlidir ki, vətənə dönə bilsinlər”
Bu günlərdə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov mühacirlərə bir barışıq əli uzatdı. Parlament üzvü bəyan etdi ki, o insanlar qərarlarında sərbəstdirlər, öz ölkələrinə gələ bilərlər, onları hər hansı bir təhlükə gözləmir.
Çağırışa qoşulanlar arasında həmkarı Bəxtiyar Sadıqov və başqaları da var idi. Bildirirdilər ki, mühacirlər buyursunlar, vətənə gəlsinlər, heç bir problem yoxdur.
Mühacirlərdən Emin Milli, Elnur Məcidli, Əlövsət Əliyev və digərlərinin çıxışlarında da S.Seyidovun mövqeyinə pozitiv yanaşanlar, iqtidara mesajlar verənlər var. Ancaq deputatlar dövlət rəsmisi hesab edilmirlər. Şübhəsiz ki, onların iqtidaryönlü olduğunu nəzərə alsaq, barışıq mesajlarını həm də hakimiyyətin münasibəti kimi qəbul etmək olar. Sadəcə, mühacirətdə olan bir çox azərbaycanlıların üzərində cinayət işi var, heç birinə xitam verilməyib, ölkəyə dönsələr, məsuliyyətə cəlb oluna bilərlər. Buna kim zəmanət verir?
Mühacirlərin Azərbaycana sərbəst gəlişi üçün hansı hüquqi addımlar atılmalıdır? Qanunvericilikdə dəyişiklik olunmalıdırmı?
Bu mövzuda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə “Yeni Müsavat”ın suallarını cavablandırıb:
- Bu məsələni ilk olaraq hörmətli Səməd Seyidov qaldırdı. Mən də bəzi dövlət rəsmilərimizlə mühacirlərin Azərbaycana dönüşünə şərait yaradılması haqda söhbətlər etmişəm və hesab edirəm ki, məsələ reallaşmalıdır. Bilirsiniz ki, soydaşlarımız arasında 10-15, hətta 20 ildir Azərbaycana gələ bilməyənlər var. Onlar illər öncə ölkədə gedən müəyyən siyasi proseslər zamanı vətəni tərk ediblər, çoxu özünə xaricdə iş, həyat qurub. Amma onlardan bəziləri haqda cinayət işi qaldırılıb. Mənim fikrim budur ki, onların işinə baxılmalıdır. Hesab edirəm ki, qanunvericiliyə dəyişiklik etməyə ehtiyac yoxdur. Sadəcə, amnistiya elan olunmalıdır. Yəni bu barədə siyasi qərar olmalıdır ki, onlar vətənə dönə bilsinlər.
- Bəs bu halda cinayət işi necə olacaq?
- Bu məsələdə söhbət xaricdə yaşayan və vətənə xəyanət edən, dövlət çevrilişi, separatçılıq fəaliyyəti göstərənlərdən getmir. Sadəcə, kiçik maddələrlə barəsində cinayət işi qaldırılan mühacirlər var. Həmin cinayət işlərinin istintaqından xeyli müddət keçib və bu halda cinayət işlərinə xitam verilməlidir, soydaşlarımıza da rəsmi şəkildə məlumat göndərilməlidir. Amma çox təəssüf ki, bu gün Avropada yerləşən marginal, kiçik qrupdan ibarət olan “söyüş müxalifəti” öz tərbiyəsiz mövqeyini nümayiş etdirməkdədir. Onlar təkcə cənab prezidenti, yaxınlarını təhqir etmirlər, eyni zamanda, Azərbaycanın dövlət idarəçiliyində olan nüfuzlu, hörmətli şəxslər, vəzifəlilər barədə heç bir məntiqə, əxlaqa sığışmayan sözlər işlədirlər. Onların elədikləri kişiliyə sığışmaz.
Ümumiyyətlə, Azərbaycan cəmiyyəti də görür ki, bu adamlar xaricdə təkləniblər, onların çağırışlarına, yığıncaqlarına 3-5 nəfər özləri kimilər gəlirlər. Həmçinin ölkəmizin uğurlarını görən mühacirlərimiz belə onlara nifrət edirlər. Bu insanlar mühacir olsalar da, ölkənin uğurlarını görür, hakimiyyəti qəbul edirlər və dövlət tərəfindən müsbət addım atılmasını gözləyirlər. Arzulayıram ki, bu istiqamətdə addımlar atılsın.
- Hesab edirsiniz ki, bununla cəmiyyətdə gərginlik azala, barış mühiti yarana bilər?
- Təbii ki. Gərginlik olduğu halda cəmiyyətdə bir narahatlıq hökm sürür. Bu qərar həm də siyasi barışa doğru atılan addım olardı. Azərbaycan cəmiyyəti də verilən qərarı müsbət dəyərləndirəcək. Bilirsiniz ki, Novruz bayramı ərəfəsində prezidentin əfv fərmanı ilə hüquq müdafiəçilərinin siyasi məhbus adlandırdığı, mübahisəli məhbuslar olan 50-dən çox şəxs azadlığa buraxıldı. Prezidentin əfv fərmanını hamı alqışladı - Avropanın təşkilatlarından da, cəmiyyətdən də təşəkkürlər gəldi. Bu mənada arzulayırdım ki, ikinci belə xoş addım mühacirlərlə bağlı olsun. Məlum məsələdir ki, Avropada yerləşmiş insanların hamısı gəlməyəcək, orada öz həyatlarını qurublar. Amma ölkədə gedən müsbət işlərlə bağlı vətəni dəstəkləyəcəklər, müəyyən işlər aparacaqlar. Ona görə də arzu edirəm ki, bu insanlar araşdırılsın, kimlərə cinayət işi qaldırılmışdısa xitam verilsin, onların ölkəyə giriş-çıxış imkanları sərbəstləşsin. Bunu arzulayan soydaşlarımız var.
Bundan başqa, bizim ağrılı problemimiz olan Qarabağ üçün mühacirlər çoxlu işlər həyata keçirə, aksiyalar təşkil edə bilərlər. Çünki Azərbaycanın milli maraqları, Qarabağ problemi nə iqtidar, nə müxalifət, nə mühacirətə getmiş şəxslərin şəxsi dərdi deyil, bütövlükdə xalqın, hər bir azərbaycanlının yaralı yeridir. Ona görə bu şəxslər Azərbaycana gəlib - gedə bilər, yaşadıqları Avropa dövlətində Qarabağ, milli maraqlar naminə layihələr həyata keçirə bilərlər.
- Bəs “söyüş müxalifəti” dediyiniz şəxslərlə bağlı hansı iş görüməlidir - məsuliyyətə cəlb olunmalıdırlar, yoxsa onlar da Bakıya digərləri kimi dəvət edilməlidirlər?
- Bu adamlar yolundan çəkinərlərmi? Buna o qədər ümidim yoxdur. Amma xaricdə yaşayanlar, olduqları ölkənin vətəndaşı öz məhkəməsinə müraciət edə bilər. Çünki bu şəxslər öz vicdanının öhdəsinə buraxılsalar, dayanmaq istəməyəcəklər. Mümkündür ki, onlarla Avropadakı vətənə qayıtmaq istəyən mühacirlər danışıqlar aparsınlar, izah eləsinlər ki, bu, mübarizə metodu deyil. Axı onların elədikləri nə insanlığa, nə kişiliyə, nə müsəlmanlığa yaraşır.
Paralel olaraq hüquq-mühafizə orqanlarımız müəyyən iddialar qaldıra bilərlər. Bəziləri İnterpola da verilib. Amma inanmıram ki, İnterpol onları Azərbaycana versin. Çünki Qərbdə bəzi dairələrin, qüvvələrin maraqları var ki, həmin şəxsləri Azərbaycana təhvil verməsinlər. Onlarla yalnız danışıqlar aparılmalıdır və ümid edirəm ki, amnistiya verilsin, siyasi qərar olsun və Azərbaycanın inkişafını görən, hakimiyyətini qəbul edən mühacirlər vətənə sərbəst gələ bilsinlər.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”