“QURDALAYIRSAN, STRİPTİZ OTAĞI, NƏLƏRİ ORTAYA ÇIXIR…” – “Öz dilini bilməyən, lap akademik olsun, o, nə deyəcək ki?”

23-05-2019, 06:34           
“QURDALAYIRSAN, STRİPTİZ OTAĞI, NƏLƏRİ ORTAYA ÇIXIR…” – “Öz dilini bilməyən, lap akademik olsun, o, nə deyəcək ki?”
Sabir Rüstəmxanlı: “Ziyalı o zaman müstəqil olar ki, onun malı-mülkü olsun”
sabir

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, bugünlərdə 73 yaşı tamam olan Xalq şairi Sabir Rüstəmxanlının “AzPolitika.info”-ya müsahibəsini təqdim edirik:

- Sabir bəy, Sizi Doğum Gününüz münasibəti ilə təbrik edirik. Doğum günlərinizi necə qeyd edirsiniz?

– Mən, adətən 5 ildən bir, yəni 50, 55, 60, 65 yaşlarımı xüsusi qeyd edirəm. Buna xüsusi hazırlıq görürəm, teatrla, mahnı, aktyorların iştirakı ilə qeyd edirəm. Amma sıradan doğum günlərimi çalışıram ki, heç kim hiss etməsin, özüm də qaçım aradan çıxım. Ancaq dostlar sağ olsun, imkan vermirlər ki, ad günüm unudulsun. Sizə deyim ki, bir yaş qocalmaq elə də gözəl iş deyil. Adam hər dəfə bundan sıxıntı keçirir, amma neyləyək, gəlib bu ana da çatmışıq. Mənə adi doğum günündə də geniş coğrafiyadan təbriklər gəldi. Adi günlərdə diqqətdə olmayan insanlardan təbrik aldım. Gördüm ki, millət heç nəyi unutmur, çəkdiyimiz əziyyəti, yazdığımız yazıları oxuyur. Və bir də şeirlərimdən mənə nümunələr yazıb göndəriblər. Elə bilirdim ki, insanlar bu kitabları oxumayıblar, heç şeirlərdən xəbərləri yoxdur. Ancaq görürəm ki, oxunur, dünya bizim düşündüyümüz qədər də fani deyil. Bunlar şübhəsiz ki, bizi sevindirir.

- Bir Xalq şairi, ziyalı kimi Azərbaycan ziyalısının durumunu necə qiymətləndirirsiniz?

– Ziyalılarımızın vəziyyəti yaxşı deyil. Bir neçə istiqamətdə durum müsbət deyil. Əvvəla, ziyalı millətinin dərdini çəkən adamdır və ömrü boyu da müstəqillik arzusunda olub. Müstəqillik bizə baha gəlsə, torpaqlarımızın bir hissəsini itirsək də, onu qazanmışıq. Ən dəyərli, qiymətli parçamızın müstəqillik olduğunu hesab etmişik. Əlbəttə, bunun acısını da hamıdan əvvəl ziyalı çəkib. Ancaq ziyalılar sıxıntı içindədir. Buna bir səbəb də, ziyalılarımızın uzun illər gözdən salınması, onların gördüyü işlərə biganə münasibət olub. Mənim elə kitabım var ki, 30 ildə bir dəfə çap edilməyib. “Difai fədailəri”ni yazmışam. Normalda bizim rəsmi dairələr deməliydilər ki, gəl buna film çəkək. Amma bu işlər görülmür. Belə hallar şübhəsiz ki, məni və mənim timsalımda ziyalıları incidir. Üstəlik, ziyalıların maddi sıxıntısı var. Ziyalıları sağdan, soldan, iqtidarlı-müxalifətli, hamı qınayır. Hamısı da özünə sərf edən ziyalını sevir, yanında hansı ziyalı dayanırsa, onu əsl ziyalı sayır. Bütövlükdə milləti düşünən ziyalıların vəziyyəti isə həmişə ağır olub. Maddi sıxıntı ziyalıların müstəqil ola bilməməsini şərtləndirə bilir. Ziyalı o zaman müstəqil olar ki, onun malı-mülkü olsun. Köhnə bəylər kimi təsərrüfatı, bir sözlə, həyatını təmin edən gəliri olsun. Bunlar olmayandan sonra ziyalı ələbaxan olanda, xırda məmurdan və ya iş adamından kömək gözləyəndə fərqli durum olur. Ələbaxan və pis yaşayan ziyalıdan nə cür müstəqillik, tam ürəklə danışmaq, nüfuzunu gözləmək olar? Axı, ziyalının da ailəsi, gündəlik tələbatı var. Bəzən ziyalı canını fəda edir, amma onun da qədri bilinmir. Biz 30 ildir bunu görürük. Adamları necə vurub sıradan çıxarırlar, dünən qəhrəman sayılan bu gün düşmən elan olunur, dünən fədakarlıq göstərən, başına and içilən sabah xain elan olunur. Səbəb odur ki, ziyalı başqa cür düşünür. Bu kimi hallar Azərbaycan ziyalılarına çox böyük zərbələr vurub və onların ürəyini qırıb, mənəvi dünyasını uçurdur. Sıxıntı içində olmaq həm də belə mənzərə yaradır. 30 ildən nəticə çıxaranlar azdır.

- Siz 25 il deputat olmusunuz. Deputat Tahir Kərimli parlamentin sonuncu iclasında bəyan edib ki, biz xalqa nə qədər “can” desək də, o bizə “azar” deyəcək. Sizcə, həqiqətənmi belədir?

– Fikrimcə, səbəb siyasi mədəniyyətin aşağı olmasıdır. Əlbəttə, cəmiyyətdə qəzəb var və bilmir ki, qəzəbi necə söndürsün. Sonu da belə yerə gəlib çıxır. Amma mədəniyyəti yerində olan adamlar heç vaxt buna getmirlər, hər sözün yeri var, onu necə işlətməyi bilirlər və s. Sözsüz ki, insan gərək özünü o yerə gətirməsin ki, sonda söyüş qabına çevrilsin. Gərək bu da olmasın. Ümumiyyətlə, bu gün ədəbiyyatda da çılpaq danışmaq, hər şeyi eybəcər şəkildə ifadə etmək meylləri artır. Bəzən buna zəngi kimi baxırlar. Görünür, cəmiyyətdə elə düşüncədə olanlar var ki, elə bilirlər söyüşlə danışmaq ən kəskin danışmaqdır. Mən bunu arzu etməzdim. Bilirsinizmi, millət olaraq bizim bir-birimizə müraciət formamız da normal deyil. Bir-birimizə müəllim deyirik. Halbuki, qədimdə bizim can sözümüz olub, daha çox ay can, bacıcan, qardaşcam müraciətimiz olub. İndi erməni bunu bizdən oğurlayıb və qardaş sözünün arxasına bir can sözü də əlavə edərək qardaşcanı müraciət formasına çevirib. Amma biz küçədə bir-birimizə “ayə”, “bura bax” kimi kobud müraciət formasından istifadə edirik. Təbii ki, bunların hamısı da soyuqluq yaradır, insanlar arasında münasibətləri korlayır. Bəy deməyin nəyi pisdir? Bəy deyəndə insan bəyləşirdi, insanlarda isti havalar əsirdi. Amma cənab, müəllim söyüş havası yetişdirir.

- Bir müddət əvvəl Azərbaycan Prezidenti mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri ilə görüşdü. Niyə Sabir Rüstəmxanlı bu görüşlərdə gözə dəymir?

– Mən müxalifət partiyasının sədriyəm. Müxalifət düşərgəsi bizi yumşaq münasibətdə ittiham etsə, bəzən əsas olmadan bizi hakimiyyətə yaxınlıqda günahlandırsa da, nəticədə hakimiyyət qarşısında biz müxalifət partiyasıyıq. Mən fotolara baxıram, Dədə Qorqudun heykəli açılır. Biz ömrümüz boyu Dədə Qorqud deyib yazmışıq. Eləcədə, şairlərimizin, Koroğlunun, Xətainin heykəli. Bu mərasimlərdə dəxili olmayan adamlar olur, amma biz yoxuq, bizi dışlayıblar. Halbuki, normal cəmiyyətdə belə olmalı deyil. Mən hər şeydən əvvəl Azərbaycanın Xalq şairiyəm. Xalq şairi ziyalılar olan yerə niyə dəvət olunmamalıdır? Hətta bəzən klassik yazıçılarımızın yubileylərinə bizi dəvət etmirlər. Bu anormal şeydir, mən belə şeyləri qəbul etmirəm, lakin dərd də etmirəm. Mən cavan yaşımdan SSRİ Yazıçılar İttifaqının qurultayına gedən ən gənc yazıçı olmuşam, Azərbaycan Yazıçılar Birliyinin qurultayında gənclər adından dəfələrlə mən çıxış etmişəm. Sözüm odur ki, şöhrətin bütün qatlarını görmüşəm. Odur ki, belə şeylər məni narahat etmir. Mən yoxam, başqaları var. Təki başqaları söz desinlər, özlərini ziyalı kimi aparsınlar, ancaq özlərini düşünməsin, danışıqları milli dərdləri, milli idealları ifadə etsin. Ancaq öz dilini bilməyən, öz mədəniyyətini oxumayanın adı lap akademik olsun, o, nə deyəcək ki?…

Digər tərəfdən, əgər insanların düşüncəsində “Sabir Rüstəmxanlı niyə orada yoxdur” sualı yaranırsa, camaat belə düşünürsə, bu mənim üçün yetərlidir. Məsələn, mən Koroğlunun heykəlinin açılışında olsam, heç olmasa müəllifə etiraz edib deyərəm ki, bu nə heykəldir? Yeralaşın heykəlini pişiyin üzərində qoyursunuz. Azərbaycanda bir normal at heykəli yoxdur, hansı ki, biz at belində doğulmuşuq. Getsinlər heykəltəraşlar Qarabağ atını tapsınlar, onun ayağının uzunluğunu, belini ölçüb normal heykəl düzəltsinlər. Atı da sintez edirsənsə ona güc, monolitlik, tarixilik gətir, bax bu yoxdur. Dədə Qorqudun bir heykəlini qoyublar, əslində bir kitab səhifəsi kimi şey yaradıblar. Qardaşım, Dədə Qorqud bir el ağsaqqalı olub, bir insanın xarakterində bütövlükdə milləti və tarixi göstərmək olar. Ancaq tarixi bilmədən, xəmir çevirməklə bu tarix olmaz. Tarixi o şəkildə xırdalamaq, kiçiltmək, karikaturaya çevirmək olmaz. Bu mənim mövqeyimdir və bundan sonra da belə olacaq. Əlbəttə, son illər heykəltəraşlarımızda modern yeniliklər çoxdur. Amma bir böyük xarakter yaradan əsər görmürəm. Biz Xətainin heykəlini başqa cür gözləyirdik.

- Son vaxtlar hakimiyyət müəyyən islahatlara gedib, prosesin davamlı olacağı vəd olunub. Prosesi necə qiymələndirirsiniz?

– İslahatlar yaxşıdır. Siyasi məhbusların azad olunması müsbət hadisədir. Biz, ümumiyyətlə cavanları qorumalıyıq, onların xaricə köçməsinin qarşısı alınmalı, beyin axını dayanmalıdır. Millətə beyin, ölkəni idarə edəcək gənclər lazımdır və onlar burada qalmalıdır. Mən Almaniyaya getmişdim, Novruz bayramında bir məclisdə 700-ə qədər gənc vardı. Baxdım, ürəyim ağrıdı, bu gənclər Azərbaycanda nə qədər böyük işlər görə bilərdilər. Əlbəttə, bu gənclərin biri çörək arxasınca gedir, biri inciyib gedir, başqası başını götürüb qaçır. Çoxu ümumiyyətlə heç bir partiya üzvü olmadan özünə siyasi partiya vəsiqəsi, müxalifətçi mövqeyi düzəldir. Sözsüz ki, belə hallar adama qəribə gəlir. Gedib orada belə insanların müəyyən iş gördüyünü hiss edəndə adam sevinir. Yox, əgər söhbət baş girələməkdən gedirsə, onu bu torpağın üstündə də edə bilərlər. Mən diaspora ilə işləyən adamam, diasporanın qayğısı mənim qayğımdır, oradakılar hamısı bizim övladlarımızdır. Onlar niyə burda yaşamasınlar? Bu mənada müəyyən addımların atılması çox zəruridir. İslahatların aparılması müsbətdir, bütövlükdə millət bunu normal qəbul etdi. Ancaq arzu edirəm ki, islahatlar davamlı olsun, bizim dövlətçilik, idarəçilik sisteminin məntiqindən və mahiyyətindən gəlsin. Bu halda davamlı olar.

- Sizcə, ölkə daxilində, hökumətin içində bu islahatları əngəlləmək istəyənlər varmı?

– Adətən hakimiyyətə gəlmək istəyən qüvvələr düşünür ki, hakimiyyətin işi nə qədər pis olsa, səhv etsə, az iş görsə, o qədər bizim xeyrimizədir. Yəqin o cür fikirləşənlər var.

Sözsüz ki, hökumətin içində də bunu arzulamayanlar olar. Hökumət eyni cür düşünən insan toplusundan ibarət deyil ki. Orada da fərqli düşünənlər var. Baxırsan, hökumətin içində özünü quzu kimi aparır, amma biraz qurdalayırsan, bunun striptiz otağı, nələri meydana çıxır… Əlbəttə, onların hamısı eyni cür düşünmürlər.

Vaqif NƏSİBOV
AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.