Fransız məşhur Flora Kərimovaya HEYRAN OLDU: "Bu, qadın bədənini..." - MÜSAHİBƏ

27-05-2019, 08:08           
Fransız məşhur Flora Kərimovaya HEYRAN OLDU: "Bu, qadın bədənini..." - MÜSAHİBƏ
Paytaxtımızın növbəti tolerant qonağı Fransanın məşhur rejissoru Matyö Aqdır. Cənab Aqla görüşüb qatıldığı beynəlxalq festivaldan, sənətdən, həyatdan, sevgidən danışdıq. Publika.az Matyö Aqla müsahibəni təqdim edir.

- Musiqi sevginizdən danışaq...

- Musiqidə bütün janrları sevirəm. İstənilən musiqini dinləyə bilərəm. Klassik, şanson, etno və s... Axı mən gerçək hadisələr üzərində qurulmuş filmlər çəkirəm, müxtəlif insan talelərini ekranlaşdırıram. Həyatımızı sevincimizi, kədərimizi musiqisiz təsəvvür etmək mümkün deyil. Notlar yoxdursa, həyatın tempi də yoxdur.

- Son vaxtlar tempinizi sürətləndirən musiqini xatırlayırsınız?

- Dünən Bakının gözəl restonlarından birində nahar edirdim. İlahi səs eşitdim. Mənə dedilər ki, oxuyan Flora Kərimovadır. Bu səsə elə heyran oldum ki, onun diskini də aldım. Özümlə Fransaya aparacam.

- Flora Kərimova bizim Edit Piaf kimi nəhəng sənətkarımızdır.

- Əminəm ki, elədir. Çünki bu sehrli səsi durmadan, fasiləsiz dinləmək istəyirəm. Baxmayaraq ki, ölkənizə ilk səfərimdir, çox gözəl təəssüratlarım yaranıb. Mən rejissorluqla yanaşı fotoqraflıqla da məşğulam. Dünən "Sovetski" adlanan məhəllədə oldum. İnsanları, divarları o qədər doğma idi ki, ayrılmaq istəmirdim. Hətta azərbaycanca bir neçə söz də öyrəndim. Artıq dilinizdə “salam” və “çox sağ ol” deyirəm. Məhəllənin uşaqları məni çox yerə apardılar. Nənəm slovakiyalı idi. Slovakiyadan Fransaya piyada mühacirət etmişdilər. Tez-tez pirojki bişirərdi. Sovetskidə kiçik məkana yaxınlaşdım. Orada da pirojki satılırdı. Sonra bir evə dəvət etdilər, girdim, üstəlik çay da təklif etdilər. Heç gözləmədiyim anda armudu stəkanda çay gətirdilər və öyrəndim ki, bu, qadın bədənini xarakterizə edir. Çayınız da xüsusi ləzzətlidir.

- Bizim çay mədəniyyətimizin qədim tarixi var.

- Əslində düşünürəm ki, bizim kofelərimiz məşhur olduğu kimi sizin də armudu stəkanda içilən çayınızı dünyaya tanıtmaq lazımdır. Əminəm ki, maraq cəlb edəcək.

- Rejissorluqla yanaşı fotoqraflıqla da məşğulsunuz...

- Peşəm rejissorluqdur. Amma gəlin, etiraf edək, rejissor məqamı görüb hiss etməyi bacarmalıdır. Bu baxımdan fotoqrafiya köməyimə çatır. Foto marağım hobbidir, hətta hobbidən daha artığıdır. Yarım peşə deyə bilərik. Çünki insan peşəsinə daha böyük məsuliyyətlə yanaşır. Özünə daha çox təzyiq edir. Bu baxımdan fotoda daha rahatam.

- Deyirlər möcüzələr ancaq uşaqlıqda olur. Bizə balaca Matyödən danışın...

- Paris ətrafında yaşayıb böyüyən xoşbəxt uşaq düşünün. Zamanımın çoxunu qardaşımla keçirirdim. Valideynlərimlə bağlı işıqlı xatirələrim var. Bir uşağın dada biləcəyi bütün həyəcanı, marağı dadmışam. Amma möcüzələrin baş verməsi üçün yaş limiti yoxdur.

- Sizin kino möcüzəniz kimi...

- Elə də demək mümkündür (gülür). Rejissor olmağa çox gec qərar verdim. Uşaqlığımdan bəri insanlarla ünsiyyəti, təbiəti, tempi, günəşi çox sevmişəm. Amma film izləmirdim. Bilirsiniz də kinoteatr salonları qaranlıq, soyuq olur. Mən bu auraya nifrət edirdim. 25-26 yaşıma qədər heç bir film izləməmişəm. Həmin dövrdə Afrikaya tətilə gedirdim. Kamera almaq qərarına gəldim. Öz bloqumu yaradıb, təkbaşına çəkilişlər etməyə başladım. Fransızlar buna “avtodirekt” deyirlər. Beləcə özümə güvənim artdı. Rejissorluğu daddım.

- Filmlərinizlə bizi tanış edin, lütfən.

- Əsasən sənədli filmlər hazırlayıram. Həyatı təsvir edirəm. Filmlərim adətən iki yöndə gerçəkləşir. Birinci halda mənim kameram sadəcə güzgü rolunu oynayır. Heç bir emosiya, təsir göstərmirəm. Çünki məqsədim sırf güzgü önündəki insanı tanımaq və tanıtmaqdır. İkinci halda isə kamera önündəki insanla aramda sürətli və çox isti ünsiyyət formalaşır. Duyğular, fikirlər bir-birinə qarışır. Hər iki üsul mənə doğmadır.

- Ölkəmizə səfərinizin səbəbi “İnternat”dır.

- Bəli, bu mənim son filmimdir. Təqdimat üçün Azərbaycana gəlmişəm. “İnternat” yanvar ayında Azərbaycan-İtaliya Beynəlxalq film festivalında Qran-priyə layiq görüldü. Təəssüf ki, həmin vaxt Bakıya gələ bilməmişdim. Bu dəfə isə “İmagine” Avropa tolerantlıq festivalı çərçivəsində filmi bakılılara şəxsən təqdim etdim. Bu film Vyetnamın uşaq evlərinin birində çəkilib. Əsl tolerantlıq, bərabərlikdən bəhs olunur. 5 həftə ərzində Vyetnamda qalmalı oldum. İnsanlarla, uşaqlarla çox doğmalaşdım. Hətta bəzən özümü internatın yaşlı müdirinin nəvələrindən biri kimi hiss edirdim. Təəssüratlarım çox böyükdür. Fransanın Azərbaycandakı səfiri xanım Buşez təklif etdi ki, “İnternat” filmini Bakı kimi çox mədəniyyətli şəhərdə təqdim edək. Bu ideyanı çox sevdim. Və... Budur Bakıdayam. Səmimi deyirəm ruhumu Bakıya da aid edirəm.

- Bəs özünüzü bənzətmək istədiyiniz, ruhlandığınız rejissorlar var?

- Bu, çətin sualdır. Bir növ "atana, yaxud anana daha bağlısan" sualına bənzəyir. Çünki hər ikisi sənə sevgi, yeni duyğular bəxş edir. Eləcə də peşəmdə. Hər rejisorun hadisələrə yanaşması, təqdim etmə tərzi müxtəlifdir. Ümumiyyətlə, filmlərin əsas missiyası dünyanı bir amal uğrunda birləşdirmək, tolerant mesajlar verməkdir. İstər Hollivud, istər İran istehsalı, lap Orta Asiya filmləri olsun. Eyni sevgi və maraqla izləyirəm. Ən əsası ona görə ki, bu işlərin xəmiri zəhmətdən yoğurulub.

- Üç müqəddəs qadın: din, sevgi və incəsənət...

- “Livandan bir ətir” adlı film çəkmişəm. Bu sadaladıqlarınızın mənasını o filmdə açmağa çalışmışam. Livanda böyük bir problem var. Bütün qızlar toy gecəsinədək bəkarətlərini qorumalıdırlar. Bu hal müsəlman aləmi üçün yazılmamış qanundur və böyük fəsadlar törədir. Dinlə əlaqələndirilən bu adət xalqın mədəniyyətində çərçivəyə salır. Məsələn, xristianlıqda qadın bəkarəti ailənin taleyini həll etmir. Demək ki, xalqları müqəddəs kitablar, mədəniyyət fərqləri birləşməyə qoymur. Film bir çox beynəlxalq festivallarda nümayiş olundu və böyük maraqla qarşılandı. Çünki insanlar onlar üçün qəribə gələn adətlərlə tanış olmağa meyllidirlər. Məsələn, bu gün fransız qadını estetik cərrahi əməliyyat etdirir. Livanda isə ailə quran bəzi qızların bəkarətini bərpa edirlər. Baxın, ailə dəyərləri, sevgi, din və sənətə münasibətin fərqi budur.

- Sənətinizdən əlinizi üzüb uzaqlaşmaq istədiyiniz vaxtlar olub?

- Heç vaxt! Bu mümkün deyil. Mənim sevdiyim, məni sevən insanlar var. İşim qarşılığında pul qazanıram. İnsan ömür boyu azadlığı üçün çalışır. Mən də bunu əldə etmişəm. Başqa nə istəyim?!

- Azadlıq....

- Özümə, ruhuma, duyğularıma qoyduğum limit. Fərqi yoxdur haralısan, azərbaycanlı, yoxsa fransız. Özünü daxilən tərbiyə edib formalaşdırırsansa, nəyin doğru, nəyin yanlış olduğunu içindəki harmoniyanı qoruyaraq müəyyən edirsənsə, azadsan.

- Bəlkə də bizim özümüzün yaratdığımız dindir bu azadlıq?

- Qətiyyətlə deyirəm, bəli.

- Matyö Aqın həyat prinsipi...

- Çalışmaq, çalışmaq, çalışmaq!

Leyla Sarabi,

Foto: Pərviz Həşimi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.