“Lazım oldu-olmadı MRT-yə göndərirlər, 700 manatlıq dərman yazırlar...” – Məşhur həkim

31-05-2019, 18:33           
“Lazım oldu-olmadı MRT-yə göndərirlər, 700 manatlıq dərman yazırlar...” – Məşhur həkim
"Gərək, əvvəlcə xəstəni dərmansız müalicəyə cəhd edəsən, tibbi ədəbiyyat da bunu deyir”

Əslən Təbrizdən olan Behnam Kazimi 13 ildir ki, Bakıdadır.
Tehranda tibb təhsili alıb: orda ümumi tibb təhsili 8 il, rezidentura isə 4 ildir. Beləliklə, İranda həkim olmaq üçün azı 13 il tələb olunur.
Bir müddət təhsilini Amerikada davam etdirən doktor Kazımi ailə səbəblərindən Azərbaycana gəlib.
Hazırda şəxsi SmartMed tibb müəssisəsini təsis edən həkim uzun illər Azərbaycanda sonsuzluq, kişi xəstəlikləri, urologiya və terapiya üzrə məşğul olaraq, ad-san qazanıb.

Medicina.az Behnam Kazimi ilə maraqlı müsahibəni təqdim edir.

- Behnam həkim, Azərbaycanda işləmək sizin üçün çətin olmadımı? Ailəniz də burda yaşayır?

- Burda qalmağım üçün Tibb Universitetində başqa bir ixtisas üzrə çalışmalı oldum. Mənim öz ixtisasım urologiya-andrologiyadır. Lakin həmin ərəfədə burun-boğaz kafedrasında yer olduğundan orda çalışdım. 2 il bu ixtisası öyrəndim. Amma indi bu fəaliyyətlə məşğul olmuram.

Elə dekanatlıqda mənə dedilər ki, ailəni dolandırmaq üçün işləmək istəyirsənsə, bir özəl klinika açılıb, get orda işlə. Mən də getdim, əvvəl yaxşı şərtlər dedilər. İşimiz alındı. Həm androloq, həm terapevt kimi çalışaraq ad-san qazandım. O klinikanı, sahibini varlandırdım. Sonra elə şeylər, hadisələr baş verdi ki, gördüm yox, bunların niyyəti həkimdən istifadə edib, varlanmaqdır. Ayrıldım onlardan. Amma ordan həkimlik adım ləkələndi. Adımdan çox sui-istifadə etdilər. O klinikadan etirazlar çox oldu. Hamısını mənim üstümə yıxdılar. Eybi yox.
Allaha şükür ki, onlardan uzaqlaşdım.

Elə ailəm də bu problemlərdən yoruldu, gördük ki, burda uşaqların gələcəyi ilə bağlı ümid azdır.
Ona görə Kanadaya getdilər. İndi mən həm Kanadaya gedirəm, həm də Bakıda oluram. Kanada British Kolumbiya Universitetində elmi işlə məşğulam.
Sonradan mən Azərbaycan Tibb Universitetində urologiya ixtisasını da oxuyub bitirdim. İndi kim soruşursa, bəs buranın diplomu varmı, deyirəm var. Əslində, həkimin işi ömrünün sonuna kimi oxumaqdır. Bunlar məni yormur. Əsas odur elmimiz, biliyimiz xəstələrə faydalı olsun. Mən elmi sevirəm. Burda işim, diplomum təsdiq olundu. İndi həm uroloq-androloq, həm də cərrah kimi fəaliyyət göstərirəm.

- Demək olar ki, illər sonra hər şeyi sıfırdan başlamısız.

-Bəli, mən düşündüm ki, bundan sonra kimə sığınım, kimə güvənim? Gedib istənilən klinikada otura da bilərəm. Amma hara gedirsən sahibkar öz tələbini qoyur. Hamı çox qazanmaq istəyir.
Mən gərək, həkimlik yox, biznesmenlik edim. Mən də o xasiyyətdə adam deyiləm.

Bir ailə ki, sonsuzluqla bağlı həkimləri gəzib, gəlib yanıma. Mən bilirəm axı bu insanlar maddi-mənəvi baxımdan tükəniblər. Gələnin qovluq-qovluq analizi var. Çoxu da lazımsız. Mənim vicdanım qəbul etmir ki, sonsuzluqla gələn xəstənin ürəyini yoxladım, başını MRT etdirim, qaraciyərini yoxlayım, ayrı-ayrı səbəblər axtarım. Həkimlər çox zaman heç bilmədiyi sahələr üzrə xəstəni müayinələrə çəkir, təki pul gəlsin.

Ona görə ən yaxşısı öz şərtlərimlə fəaliyyət göstərmək üçün müstəqil işləmək, kiçik də olsa, şəxsi yerimin olması ən yaxşı yol idi.
Etiraf edək ki, indi bir sonsuzluq problemi ilə ər-arvad hansı klinikaya getsə, bir dəfəyə azı 500 manat xərci çıxacaq, dalıyca da 300-500 manatlıq resept. Mənim qanunum budur ki, klinikamda bu problemlə gələn xəstənin 150 manatdan yuxarı xərci çıxmamalıdır.
İndi ən böyük məqsədim odur ki, keçmişin səhvlərinə görə adımı təmizləyim. Xalqıma özümü olduğum kimi tanıdım.

- Məsələn, hansı faktı deyə bilərsiz ki, sonsuzluq problemi ilə gəlib, amma başqa analizlər verdirirlər.

- Azərbaycan elə ölkədir ki, əhalisinin 50%-də qaraciyər piylənməsi var. Ciyərini yoxladırlar, analiz verdirirlər, bunun sonsuzluğu qalıb bir kənarda, ciyər üzrə mütəxəssis olmayan həkim başlayır qaraciyər müalicəsi yazır. Mən görəndə ki, qaraciyəri piylidir, reseptdə onsuz da ona dərman yazıram.
Lazım oldu–olmadı MRT, KT təyin edirlər. Əgər böyrəkdə iltihabı, daşı görürsənsə, xəstəni dağa-daşa salmağa ehtiyac yoxdur.
Kanadada həkimin haqqı yoxdur ciddi göstəriş olmadan xəstəni KT, MRT-ə göndərsin. Orda müayinə addım-addım irəliləyir. Burda bir nəfər həkim ağlına gələni yazır. Soruşursan ki, sən hepatoloqsan, beyin həkimisən, bu xəstənin qaraciyərini, beynini yoxlayırsan?

Hər gələnə hepatitdən analiz verdirirlər. Axı indi əməliyyat etmirsən ki, bu dəqiqə hepatit yoxladasan. Lap hepatit çıxdı, nə edəcəksən? Nəticə nədir? Bunun sonsuzluğa nə dəxili var?

Soruşub ki, uşaqlıqda sudurğa keçirtmisən. Peşmandı xəstə desin ki, bəli, olub desin. Göndərir beynini yoxlamağa. Onun sonsuzluğa nə aidiyyəti? Get onu et, get bunu et. Xəstə gəzir cibi boşalır, yorulub çıxıb gedir.

Kişi gəlibsə, övladı olmursa, birinci spermoqramma və USM olunur. Əgər Azoserpm çıxırsa, onu niyə əlavə müayinələrə göndərirsən? İndi dəb olub varikosell əməliyyatı. Varikoselin şərti, göstərişi, əks göstərişi var.

Varikoselin dərəcəsi var, əməliyyatın effekti isə maksimum 30%-dir. Bunlar 100% vəd verirlər.

Görür ki, kişinin hormonları işləmir, xayaları "yatıb”, bu insanda material yoxdur, damarı əməliyyat etməklə nə əldə edəcək?
Mən çalışıram ki, prostatda, varikoseldə tez əməliyyata salmayım. Əməliyyat tibbdə son məqamdır. Çoxu isə birinci əməliyyat edirlər, sonra baxarıq görək, nə olar olar. Əvvəlcə dərman, həyat tərzi, qida, pəhriz, müəyyən idmanlar təyin edilir. Şəkər, çəki, təzyiq normallaşmalıdır... Orqanizm 50% hallarda öz-özünü sağaldır. Ona fürsət, dəstək vermək lazımdır. Ondan sonra bütün müalicələr effekt verməzsə, əməliyyata göstəriş olar. Əməliyyat xəstəyə faydalıdırsa olunmalıdır. Prostat əməliyyatı edirlər, pulunu alır, kəsir, xəstə ömrünün sonuna kimi kateterlə yaşayır.

Pul şirindir, yaxşı şeydir. Amma halal yesən.

- Təcrübənizdə əsas hansı xəstəlikləri, problemləri effektiv müalicə etmisiz?

- Uroloji, androloji, terapevtik hər xəstəlik. Əsas sonsuzluq problemləri.
Qadınların da sonsuzluq müalicəsində ginekoloqa istiqamət verirəm. Yüzlərlə ailəni övladla sevindirmişəm. Azərbaycana 12 il əvvəl enurez-gecə sidik qaçırmanın müalicəsini mən gətirdim.

İndiki klinikada böyrək problemlərini nəzarətə götürürük. Çox xəstələrim var ki, böyrək çatışmazlığından əziyyət çəkir, mən imkan vermirəm onlar dializə düşsün. Çalışıram insanlar heç böyrək çatışmazlığına düçar olmasın. Bu problemin başlanğıcı şəkərdir, təzyiqdir. Azərbaycanda bu gün 30-40% əhalidə şəkər var. Bunların sonu böyrək çatışmazlığına gətirib çıxara bilər. Hipertoniya da böyrək çatışmazlığı yaradır.

Yemək-içmək çox güclüdür burda. Daim zülal, karbohidrat çox yeyirlər.

- Bəs siz necə edirsiz ki, xəstələr dializə düşmür? Çıxış yolu nədir?

- Xəstənin şəkərini qaydaya salıram. Özüm xəstəyə dieta yazıram. Çox vaxt şəkər xəstəsinə o qədər lazımsız dərman yükləyirlər ki. Yaşlı xəstəm gəlib, 7 dənə Teoqamma sistem alıb. Deyir, şəkərim düşmür, endokrinoloq yazıb. Azərbaycanda Teoqamma moddadır. Qiyməti də 30-40 manat. Hansı ədəbiyyatda Teoqamma var? Heç bir kitabda oxumamışam. Zəng etdim onu yazan həkimə. Dedim, mənim uroloji xəstəm var, şəkərinə bu dərmanı hansı əsasla yazmısan, bir mənə izah et görüm. Deyir siz bilmirsiz, bu, çox yaxşı dərmandır. Bunu kimə deyir? Mən həkiməm. Xəstəyə dedim mənim müalicəmi istəyirsənsə, apar qaytar bunu. Cəmi 2 dərman yazdım, hansı ki, diabetdə vacibdir. 3-5 gündən sonra xəstə gəldi ki, şəkərim elə düşüb ki, heç yeməkdən sonra da qalxmır, çox yaxşı olmuşam. Bu dərmanlar da xəstənin böyrəyini sıradan çıxardır .

- Onda siz firma dərmanları yazmırsız?

- Gedin soruşun, bütün aptekçilər bilir mən necə yazıram. İndiyə kimi Kazımi doktor kimə deyibsə ki, filan aptekdən bunu al, Allah məni bağışlamasın. Firma işçiləri mənim ofisimdən uzaqdır. Mən dərmanı tərkibinə görə yazıram. Eyni tərkib dərmandır, yeni adla çıxıb 30 manatdır, mən yazdığım 3 manat. Eyni şeydir. Xəstəyə deyirəm, mən tərkibi yazıram, get aptekə hansı qiymətə istəyirsən, gücün nəyə çatır al. Onun mənə aiddiyəti yoxdur. Amma bir reseptə 500-600 manatlıq dərman yazmaq insafdan deyil.

- Azərbaycanda təzyiq xəstəliyini yaradan əsas səbəblər nədir?

- Əsas yeyib-içmək, az hərəkət etmək, həyat tərzi. Bədəndə 2 filtrasiya var: qaraciyər, böyrəklər. Duz, ət, çörək o qədər yeyirlər ki... çörəkləriniz maşallah qalın, iri. Siqaret, pivə, içki.

Mən birinci təzyiq xəstəsinə bir kurs dieta yazıram: gərək, xəstəni dərmansız müalicəyə cəhd edəsən. Tibb ədəbiyyatı da deyir ki, 1-2 ay qidasını dəyiş.
Xəstə gəlir, 20 dəqiqə anamnez toplayıram. Xəstəni tanımalıyam axı: nə yeyir, harda yaşayır, işi nədir, duz qəbulu, maye qəbulu... Əksəriyyətində bunlar qaydasında deyil. Həkim gərək, xəstəsini tanısın. Bir də görürsən hərəkətlə, yemək içməklə cədvəllə nizama salınır, zəng edir ki, həkim təzyiq düşdü. Bunu hər həkim etmir. Çünki vaxtı gedir, sərf eləmir.

Böyrək çatışmazlığı xəstələrinin çoxunda kalsium, kalium pozulur. Kalium çoxalır, xəstə ölür. Deyir böyrəyi "otkaz” etdi. Xeyr. Hansı həkim xəstəyə kalium deyir? Heç kim. Xəstənin həyat tərzini dəyişməsən, dərman təsir etməyəcək.

Bütün xəstəliklərin 2 səbəbi var: psixoloji və bədən, orqanik. Adam var depressiyadadır, əsəbidir, psixoloji təzyiq var, özünü xəstə hesab edir, ağrıyır.
Cavan uşaqlar, yeniyetmələr çox tez pis vərdişlərə başlayır, yediyini, içdiyini bilmir.

Gənc oğlanlar gəlir, təzyiqi, prostatı var, cinsi zəifliyi, psixologiyası artıq pozulur.
Bunları vaxtında həll etmək lazımdır

İndi cavanlar ailə qurur, 1 ilə bir-birinə nifrət edir, dava-dalaş, boşanmalar. Nəyə görə? Pul deyil əsas səbəb.
Səbəb cinsi əlaqənin normal olmaması, cinsi tələbatın ödənməməsi, cinsi ünsiyyətin olmamasıdır. Oğlan başqa yerlərdə özünə kimisə tapır, arvadı ilə münasibəti düzəltmək əvəzinə ayrı qadınlarla dincəlir, xəstəlik tapır, gəlir arvadına da infeksiya keçirir, sonsuzluq, cinsi zəiflik, problemlər başlayır. Gənc ər-arvad bir-birindən həzz almır. Övladı da zəif olur. Belə ailədə qadın nə qədər yaşaya bilər? Nə qədər gənc kişi var ki, baxırsan boyu-buxunu, amma cinsi zəifliyi var. Övladı olmayan cütlük gəldi ki, 4 ildir bacı–qardaş kimi yaşayırıq. Ayrılanda da bu səbəbləri açıqlamırlar. Əsas səbəb odur ki, ruhlarını dincəldə bilmirlər. Nə bədənləri dil tapır, nə ruhları. Fikri başqa yerdə olan, başqa yerdə dinclik tapan kişi evdə yoldaşını bəyənmir. Elə bilir problem arvaddadır.

- Bəs siz sağlamlığınızın qeydinə necə qalırsız?

- Mən gecə yemirəm, Günorta nə yemişəmsə, onun üstündə qalıram. İşim oturaqdır, su çox içirəm ki, böyrəklərim işləsin. Axşamlar meyvə yeyirəm. Gecə 1 -2 saat gəzirəm. Çalışıram yorulum, yuxu gözlərimdən tökülsün, sonra yatım. Onda həm rahat yatırsan, həm bədən, həm də ruh dincəlir.

Aygün Musayeva
Medicina.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.