“AÇIQ DEYİRDİLƏR Kİ, BAŞINIZI ƏKƏCƏYİK, GEDƏCƏKSİNİZ…” – Hikmət Hacızadə 4 iyun qiyamı ilə bağlı sensasiyalı faktlar açıqladı (Müsahibə)
4-06-2019, 18:32
“Rusiya müdafiə naziri Pavel Qraçov baş nazir Pənah Hüseynə demişdi ki, sizi devirəcəyik”
“Ruslar bir il ərzində dedilər ki, siz özünüzü düzgün aparmırsınız…”
“Bir var böyük siyasətçi, bundan bizim iqtidarda var idi. Bir də var çox böyük siyasətçi, bundan isə bizdə yox idi”
Bu gün 1993-cü ilin iyunun 4-də Gəncədə polkovnik Sürət Hüseynovun Prezident Əbülfəz Elçibəy hakimiyyətinə qarşı qiyama başlamasının 26 ili tamam olur. Məhz həmin qiyam nəticəsində 1992-1993-cü illərdə qısa dövrü əhatə edən Xalq Cəbhəsi hakimiyyəti devrilib.
“AzPolitika.info” bu mövzuda Elçibəy hakimiyyətində Baş nazirin müavini və Azərbaycanın Rusiyadakı səfiri vəzifəsində işləmiş Hikmət Hacızadə ilə müsahibəni təqdim edir.
- AXC hakimiyyətinin iqtidardan devrilməsinə səbəb olan 4 iyun Gəncə qiyamından 26 il ötür. Həmin qiyam zamanı baş verən hadisələri necə xatırlayırsınız?
– Mən Bakıda və Gəncədə baş verənlərin təfərrüatlarını çox az bilirəm. Çünki qiyam zamanı və ondan bir il əvvəl Moskvada səfirlikdə işləyirdim. Mənə xəbər gəldi ki, Gəncədə qiyam baş verib, atışma olub və s. Əlbəttə ki, mən bu informasiyaları böyük həyəcanla qəbul etdim, çox narahat oldum və Bakı ilə fəal şəkildə əlaqələr saxladım. Moskvada olsam da, ölkədə gedən prosesləri izləyirdim. Ancaq mən nə edə bilərdim? Mən ölkədən uzaqda idim və biz ağır şərtlər altında işləyirdik. Çox narahat idim. Çünki mənə görə, gələcək çox pis görünürdü. Elədə oldu. Çox təəssüflər olsun.
- “Gələcək pis görünürdü” deyəndə konkret nəyi nəzərdə tutursunuz?
– Qorxurdum. Bəlli idi ki, bu Rusiya tərəfindən edilən çevriliş cəhdidir. Bunun nəticəsində bizim demokratiyamız və müstəqilliyimiz təhlükə altında idi. Sözsüz ki, bu məni ciddi narahat edirdi. Bizi demokratik yoldan döndərəcəklər, yenə köhnə partokrat qüvvələr hakimiyyətə gələcək, əvvəlki Azərbaycan qayıdacaq. Mən bundan narahat idim və belə bir narahatlığım hələ qiyamdan əvvəl yaranmışdı.
- Siz, Moskvada səfir idiniz, Azərbaycan dövləti adına danışıqlar aparır, mövqe ifadə edirdiniz. Rusların Azərbaycanla bağlı hansısa xoşagəlməz addıma hazırlaşdığı hiss olunurdumu?
– Bizə açıq-aşkar deyirdilər ki, sizi yola salacağıq. Şəxsən mənə deyirdilər ki, sizdə orada nəsə olacaq, bax özünüzü yaxşı aparın, dediyimizi edin. Rusiya müdafiə naziri Pavel Qraçov bizim baş nazir Pənah Hüseynə demişdi ki, siz hakimiyyətdən getməlisiniz, sizi devirəcəyik. Belə açıq-aşkar hədə və təhdidlər vardı .
- Konkret olaraq səfir kimi sizinlə təhdid dilində danışılıbmı?
– Bəli, danışılıb. Konkret olaraq deyiblər ki, sizdə içəridə iğtişaşlar olacaq, başınızı əkəcəyik, hakimiyyətdən gedəcəksiniz və s.
- Həqiqətənmi o dövrdə siz Bakıya məktub göndərib demisiniz ki, təcili Moskvaya gəlmək, danışıqlar aparmaq lazımdır, əks təqdirdə Moskva özü Bakıya gələcək?
– Bəli, mənim müəyyən fikirlərim olub. Açıq deyirdim ki, Rusiya ilə münasibətdə ehtiyatlı davranmaq, Moskva ilə hesablaşmaq lazımdır. Sözsüz ki, məktublar göndərirdik, fikirlərimizi bildirirdik, təkliflərimizi verirdik. Moskvaya gedib-gəlmək lazımdır, hesablaşmaq lazımdır, Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əlaqələr qurmaq, fəal olmaq lazımdır. Baxın, bu məqamları mən Bakıdakı dostlarıma deyirdim. Bir dəfə Moskvaya gəlməklə iş düzəlmirdi. Ancaq təəssüflər olsun ki, Bakıda mənə qulaq asmadılar.
Əslində mən Nazarbayev siyasəti aparmağı təklif edirdim. Biz belə siyasət aparmalı idik. Qazaxıstan o dövrdə Rusiya ilə bağlı gündə bir təşəbbüs irəli sürürdü, çox isti danışılırdı, rusları qıcıqlandırmamağa çalışırdılar, amma əslində Nazarbayev öz siyasətini yeridirdi. Bunun nəticəsində həm müstəqilliyini, həm də torpağını qorudu. Bax, bizdə bu çatmadı.
- Ancaq baş nazir qismində Pənah Hüseyn Moskvaya səfər etmişdi. Eləcə də Prezident Elçibəyin Rusiyaya rəsmi səfəri olmuşdu…
– Bəli, bunlar olmuşdu. Ancaq bir səfər və bir söhbətlə iş bitmirdi. Ruslar bir il ərzində dedilər ki, siz özünüzü düzgün aparmırsınız, sizi hakimiyyətdən devirəcəyik. Deməli, biz tərəfdən də səfərlər daimi xarakter almalı, fəal danışıqlar aparılmalı idi. Bununla paralel olaraq da, öz işimizi burada görməli idik.
- Niyə Əbülfəz Elçibəy iqtidarı Moskvanın xoşuna gəlmirdi?
– Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti rus ordusunu ölkədən çıxardı. Cəbhə iqtidarı Türkiyə və Qərblə intensiv danışıqlar aparmağa başladı. Bu da, rusları çox qoxudurdu. Ruslar düşünürdü ki, bu gedişlə NATO bura gələcək və Rusiyanın sərhədlərində yerləşəcək. Bundan qorunmaq üçünsə ruslar milyardlar xərcləməli olacaqlar. Üstəlik sərhədlərini möhkəmləndirməli olacaqdılar ki, bu da böyük maliyyə idi. Azərbaycan neft danışıqları aparır, neft müqavilələri imzalamağa hazırlaşırdı… Bütün bunlar Moskvada xoş qarşılanmırdı və əks reaksiya verirdi.
- Siz cəbhə iqtidarında həm də baş nazirin müavini postunu tuturdunuz. Moskvadan Bakıya qayıtmağınız necə oldu?
– Mən istefa verdim. Prezident Əbülfəz Elçibəy Bakıdan Kələkiyə gedən günün axşamı mən istefa qərarımı elan etdim, daha sonra Bakıya qayıtdım. Artıq məsələ həll edilmişdi.
- Elçibəyin Bakını tərk edərək Kələkiyə gedəcəyindən məlumatlı idiniz?
– Yox, mənim bundan məlumatım yox idi. Əslində Bakıdakılar belə məlumatlı deyildi. Sadəcə xəbər çıxdıqdan və bizə çatdıqdan sonra istefam haqda qərarımı verdim.
- Sizcə, qiyamı yatırtmaq və bu yolla iqtidarın müddətini uzatmaq mümkün idimi?
– Qiyamın qarşısını almaq mümkün idi. Əgər bizim yuxarıda oturanlarımız bir az inzibati səriştəyə malik olsaydılar, bu çevrilişin qarşısını almaq olardı. Əslində birincisi, Sürət Hüseynovu əvvəldən özbaşına buraxmaq və bu şəkildə inkişaf etməsinə imkan vermək lazım deyildi. İkincisi, sonradan bizimkilər Sürəti özlərindən küsdürdülər, başladılar onun arxasınca danışmağa. Bunu da etmək lazım deyildi. Üçüncüsü, onu sıradan çıxarmaq üçün əməliyyatı düzgün keçirməli idilər. Əlbəttə, qiyamın qarşısını almaq olardı. O ayrı məsələdir ki, Rusiya onsuz da dayanmayacaq, Azərabaycanla bağlı fəaliyyətini davam etdirəcəkdi. Amma belə qəti addımlar atmaqla paralel olaraq, bizim siyasətimiz də dəyişməli idi. Hər halda mən bunda təkid edirdim. Əgər bu hadisə yenidən yaşansaydı, mən Bakıya gəlib Əbülfəz Elçibəylə söhbət edər, ona deyərdim ki, biz kiçik dövlətik, Rusiya nəhəngdir, bax gör Nazarbayev neynəyir, belə siyasət aparmaq lazımdır. Əslində o dövrdə bu mövzular daim gedirdi, xüsusi olaraq mənim deməyim lazım da deyildi. Ancaq mən fikir və təkliflərimi daim deyirdim.
- O zaman sizdən başqa da Rusiya ilə nisbətən yumşaq siyasət aparılmasının vacibliyini deyənlər olub. Niyə sizin hakimiyyətin yüksək dövlət rəsmiləri buna getmədilər?
– Buna getmək üçün çox böyük siyasətçi olmaq lazımdır. Bir var böyük siyasətçi, bundan bizim iqtidarda var idi. Bir də var çox böyük siyasətçi, bundan isə bizdə yox idi. Məsələn, Teymurlənglə Şirvanşah İbrahimin görüşü haqqında yəqin ki, siz də oxumusunuz. Bizə belə adam lazım idi, ancaq eləsi də yox idi. İkincisi, ümumən ictimaiyyətdə anti-rus ovqatı çox güclü idi. Xüsusilə, 20 yanvar 1990-cı il hadisəsindən sonra. Eyni zamanda rus-türk sentimentləri çox güclü idi. “Ruslardan uzaqlaşaq, türkü qucaqlayaq” fikri hakim idi. Baxmayaraq ki, türklər özləri bizi qucaqlamağa hazır deyildilər. Bax, bu bizim tərəfimizdən böyük səhv idi. Biz düşünürdük ki, rusu buradan çıxaran kimi bunların hamısı bizim köməyimizə gələcəklər. Ancaq heç biri gəlmədi. Bu da, bir səhv idi. Siyasətçi lazım olanda kimisə dama basmalı, lazım olanda alçalmağı da bacarmalıdır, bunu öyrənməlidir. Şirvanşah İbrahim timsalında bunu görə bilərsiniz. Yox, əgər bunu bacarmırsansa, deməli sən yaxşı siyasətçisən, amma böyük siyasətçi deyilsən.
- Amma bunu bacaranlar oldu…
– Əlbəttə, oldu. Nazarbayev siyasəti bu idi. Bizdən sonrakı hakimiyyət də bunu bacardı. Həm bacardı, həm də öz işini gördü, neft kontraktlarını bağladı, müstəqilliyi saxladı. Amma bundan əvvəl MDB-yə daxil oldu, Moskva ilə saziş bağlandı və s. Siyasət elə asan məsələ deyil. Burada insanı fiziki və mənəvi baxımdan ciddi sınaqlar gözləyir. Bu həqiqətdir.
- Cəbhə hakimiyyətinin süqutunda sizcə, əsas müqəssir kimdir?
– İlk növbədə biz öz səriştəmiz haqqında danışmalıyıq. Sonra deyərik ki, Rusiya və İran bizim hakimiyyətin əleyhinə idi. Bəli, onlar əleyhinə idi, amma biz də düzgün siyasət aparmalı, səriştəli olmalı idik. Ancaq biz düzgün tərpənmədik. Bu da indiki nəticəni ortaya qoydu.
Vaqif NƏSİBOV
AzPolitika.info