Nazarbayevə bu məsələni yazacam... - Behrudi
13-06-2019, 00:08
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kult.az Teleqraf.com-a istinadən şair Rüstəm Behrudi ilə müsahibəni təqdim edir:
- Rüstəm müəllim, Qazaxıstanın yeni prezidenti Kasım Tokayevin ermənilər haqqında fikirlərinə sosial şəbəkələrdə ciddi etiraz etmisiniz. Sizcə, prezidentin ermənilər haqqında fikirləri haradan qaynaqlanır?
- Əslində Tokayevin ermənilər haqqında fikirləri mənim üçün gözlənilməz oldu. Tokayevin təqdimatı yəqin ki, Nursultan Nazarbayev tərəfindən irəli sürüb. Nazarbayev onun kim olduğunu, dünyagörüşünü, xalqa münasibətini bilir. Bir vaxtlar Nazarbayevi alqışlayan şəxs olmuşam, hətta ona məktub da yazmışdım. Yeni prezidentin ermənilər haqqında fikirləri isə məni ciddi narahat etdi. Çünki belə bir vəzifəyə qoyulan şəxsin “ermənilərlə qazaxların qohum olması” haqda fikirləri ciddi qəbul oluna bilməz. Ola bilsin ki, prezident ermənilərdən yararlanmaq üçün jest edir. Bir ara düşündüm ki, yəqin milliyyəti türk deyil. Çünki türk olan bir şəxs bu ifadəni işlətməz.
Hətta “ortaq dəyərlərimiz var” kimi cahil ifadələr işlədib. Mən indi Nazarbayevə məktub yazmaq haqqında düşünürəm. Məktub yazıb buna ciddi etirazımı bildirəcəyəm. Yəni zamanında Nazarbayevi tərif edən, onu alqışlayan biri kimi indi münasibətim təmiz dəyişir. Çünki Nazarbayevin razılığı olmadan Kasım Tokayev prezident seçilə bilməzdi. Nazarbayevin türk xalqlarının lideri olmaq iddiası var və belə bir adamın təqdimatı ilə prezident seçilən şəxsin dedikləri tam ayrı mənzərəni ortaya qoyur. Həmçinin Oljas Süleymanova da müraciət edəcəm və çalışacağam ki, Oljas da Qazaxıstan prezidentinin ermənilər haqqında işlətdiyi fikirlərə münasibətini bildirsin. Fikrimcə, ümumtürk liderliyinə can atan bir lider yaxın ətrafında baş verən hadisələrə münasibət bildirməlidir.
Məsələn, qırğızların mesheti türklərinə hücum etmələri, bəzi evləri yandırmalarına öz münasibətlərini mütləq bildirməli idi. Əgər bildirilmirsə, deməli, deyilənlər sadəcə sözdür. Qazaxıstan Orta Asiyada böyük dövlətdir və Nazarbayevin sözlərini də qırğızlar eşidərdi. Ancaq buna da münasibət ifadə olumadı.
- Zamanında Qazaxıstan Prezidenti Nazarbayev Astanada Avrasiya İttifaqı təsis olunarkən Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu oxumuşdu və bundan sonra Ermənistan geri addım atmağa məcbur olmuşdu…
- Bəli, bu çox müsbət hadisədir. Ancaq bizim üçün əsas olan nəticədir. İndi nəticə budur ki, Nazarbayevin dəstəklədiyi və irəli sürdüyü şəxs prezident olub və ermənilər haqqında çox müsbət fikirlər işlədib. Belə ağır zamanda Qazaxlstan kimi türk dövlətinin prezidentinin ermənilərə belə isti münasibəti çox ağrılıdır. Məncə, böyük türk ulusundan, Böyük Çölün”taleyindən yazan Nazarbayev Tokayevin məlum mövqeyinə hökmən öz münasibətini ifadə etməlidir.
- Siz hesab edirsiniz ki, Qazaxıstanın yeni prezidenti bundan da irəli gedə bilər?
- Təbii. Ermənilər haqqında belə müsbət fikirlər işlədən şəxs bundan da irəli gedə bilər. Əslində sizə deyim ki, mən Kasım Tokayevin məlum fikirlərindən sonra onun keçdiyi həyat yolunu izlədim. Bu adam bürokratdır, dövlət adamıdır və milli məsələlərə elə də yaxın fiqur deyil. Onun dediyi adi bir söz deyildi, ortada Azərbaycanın tale yüklü məsələsi var. Hər halda Nazarbayev həmən buna reaksiya verməlidir. Ümumiyyətlə, Nazarbayev bundan sonra da Azərbaycanın problemlərinə münasibətini bildirməlidir. Azərbaycan türkünün bu gün ən böyük problemi Ermənistanladır. Bu münaqişədə Qazaxıstan prezidentinin bizə münasibəti belədirsə, deməli bu həm də Nazarbayevin uzun illər apardığı işə kölgə salır.
- Son zamanlar cəbhə bölgəsində gərgin durum müşahidə edilir, şəhidlərimiz olub. Siz bu prosesləri izləyirsinizmi?
- Bəli, izləyirəm. Belə başa düşürəm ki, danışıqlar prosesi yerindən tərpənib və bu, erməniləri ciddi narahat edir. Ona görə də cəbhədə vəziyyəti gərginləşdirir, rosesi yenidən ləngitmək istəyirlər. Artıq Azərbaycan dövlətinin də yolu yoxdur. Mən bir zaman yazmışdım ki, əsgəri girdyi torpaqdan ancaq əsgər çıxara bilər. Bu fikrimi rəhmətlik Heydər Əliyevə də demişdim. Müharibə mütləq olacaq və müharibəyə hazırlaşmaq lazımdır.
- Hesab edirsiniz ki, müharibə başlayacaq?
- Son hadisələrə görə müharibə olmaya da bilər. Ancaq Azərbaycan xalqı əgər Qarabağı qaytarmaq istəyirsə, müharibə mütləq olacaq. Müharibə olmasa, biz Qarabağı itirəcəyik.
- Danışıqların nəticə verəcəyinə inanmırsınız?
- Fələstin problem var. 70 il əvvəl bu torpaqlarda İsrail dövləti yaratdılar. Düz 60 ildən çoxdur ki, Amerika və dünyanın böyük gücləri İsraillə Fələstini üz-üzə qoyurlar. Müharibə olur, sonra danışıqlar prosesi başlayır və yenə hər şey dağılır və bu proses təkrar olunur. Deməli, sülhlə məsələni həll etmək mümkün deyil. Odur ki, əsgəri girdiyi torpaqdan əsgər çıxarar. Nəzərə alın ki, biz müharibəni uduzmamışıq, hələ müharibə gedir, biz savaşı uduzmuşuq. Müharibə davam edir və son döyüş mütləq olacaq.
- Naxçıvanda Azərbaycan və Türkiyənin birgə iştirakı ilə yüksəksəviyyəli hərbi təlimlər artıq başa çatdı. Bu təlimlər haqqında nə düşünürsünüz?
- Mən hərbi sirlər, addımlar, təlimlər haqqında geniş məlumatlı deyiləm. Ancaq bütün hallarda Naxçıvanda Azərbaycan və Türkiyə ordusunun birgə təlimləri, hər iki dövlətin müdafiə nazirlərinin bu təlimlərdə iştirakı ən azı erməni ordusuna gözdağı,mesajdır. Buna ehtiyac var idi, əslində bunu 20 il əvvəl etmək lazım idi. 20 il əvvəl olsaydı, nəhayətdə ermənilər dərk edərdilər ki, Azərbaycan və Türkiyə birgədir.
- İran ətrafında gedən kampaniya hansı nəticələrlə başa çatacaq?
- 1979-cu ildə Xomeyni inqilabından sonra aydın oldu ki, o elə Qərbin dəstəyi sayəsində hakimiyyətə gəlib. Hətta Xomeyninin Fransa prezidentinə yazdığı məktubu çap etmişdilər. İran ABŞ-ın Şərqdə maraqlarını qoruyur. ABŞ İrana heç vaxt müharibə elan etməz. Digər tərəfdən, ABŞ, Avropa Birliyi istəməz ki, İrana zərbələr endirsinlər və bu coğrafiyada 30-40 milyonluq bir türk dövləti yaransın. ABŞ bunu heç vaxt istəməz.
- Yəni İrana qarşı müharibə olmayacaq?
- Heç vaxt Amerika-İran müharibəsi olmayacaq. Bunu sizə dəqiq deyirəm. Mən İranın dövlət tarixini, onun başqa ölkələrə münasibətini bilən şəxs kimi deyirəm. Qərb İranı heç vaxt dağıtmaz. Həm də İran bizim düşündüyümüz qədər zəif deyil. Əksinə, çox güclü dövlətdir. İran Suriya, Liviya, İraq və ya Əfqanıstan deyil. İran neçə min illik dövlətçilik tarixi olan ölkədir. Orada xurafat insanlarIN beyninə yerləşdirilib və bu amil uzun illər İranı qoruyacaq.