“O adam seyid deyil, onun şəcərəsini, atasını, babasını tanıyıram” - QALMAQAL

14-06-2019, 10:12           
“O adam seyid deyil, onun şəcərəsini, atasını, babasını tanıyıram” - QALMAQAL
Goranboyun Qurbanzadə kəndində baş verən hadisə ilə bağlı müzakirələr səngimir.

Qeyd edək ki, sözügedən kənddə çəkilmiş video görüntüdən aydın olur ki, bir nəfər əlində tutduğu qaloşu (bəzi məlumatlara görə papağı-müəll.) ocağa şəfa tapmağa gəlmiş insanların başına, bədəninə sürtür. İddiaya görə, həmin qaloş (və ya papaq) 30 il əvvəl burada yaşamış Seyid Mir İbiş ağaya məxsusdur. “Qaloş piri”ndə baş verənlər ictimai qınağa səbəb olub. Bu tip əməllər xürafat və cahillik kimi qiymətləndirilib. Mövzu ilə bağlı Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli ilə söhbət etdik.

- Camal bəy, islam pirləri, ocaqları və ziyarətgahları qadağan edirmi?

- Azərbaycanın dini mühitinə bələd olan, bu ölkədə dini inanc və etiqad hissi ilə yaşayan hər bir kəs bilir ki, Azərbaycanda “Qaloş piri” adlı pir yoxdur. Mübarək sayılan bir məkanda əgər bir şəxs insanların dini duyğularını istismar edirsə, insanlarımız da xurafata, cəhalətə dayanan nələrəsə uyurlarsa, bu da bir millətin fərdi, inanclı şəxsi olaraq məni üzür. Amma İslamın gətirdiyi təməl prinsiplərinə dayanan hər bir şəxs bilir ki, dinimizdə sevgili Peyğımbərimizə, sevimli isim sahiblərinə, övliyalara hər zaman ehtiram olub. Onların uyuduğu məkanlar belə hər zaman ziyarət edilib. O ziyarətgahlara deyil, orada uyuyan mübarək isim sahiblərinə xatir Allahdan yardım diləyiblər. Amma çox təəssüflər olsun ki, biz cəhalət və xurafatın girovluğundan hələ də qurtula bilmirik. Bəzi insanlar xurafata dayanan bu kimi hadisələrdən istifadə edib ölkədə dini, milli, məzhəblərarası münasibətlərin pozulmasına yönəlik xəbərlər hazırlayırlar. Bax bunun özü də bir təhlükədir. Hətta milli təhlükəsizliyimiz üçün təhdiddir. Niyə? Biri var maarifləndirmə baxımından demək, bir də var ki, məzhəb təəssübkeşliyi düşüncəsi ilə yüz minlərlə insanın dini duyğularını təhqir etmək…Bu, yolverilməzdir! Çünki bizim Qarabağ boyda bir dərdimiz var. Sabah müharibə elan olunduqda məsələyə məzhəbçilik yox, “vətəni sevmək imandandır” prinsipindən yanaşacağıq. Ona görə də bu məsələlərdə ehtiyatlı olmalıyıq. Bu gün guya dini maarifləndirmə aparan bir neçə ilahiyyatçı bu məsələdə ortaya atıb. Amma bir ayda bizim iki şəhidimiz var. Həmin adamlar öz səhifələrində yazıblarmı ki, Allah şəhidlərimizə rəhmət eləsin?

İslamın gətirdiyi qaydalar içərisində və “Qurani Kərim”ə nəzər saldıqda mübarək ruh sahiblərinə hər zaman ehtiram olduğunu görürük. Amma bu ehtiramı və soydan gələnlərin adını belə istismar etmək artıq İslama bir həqarətdir, islami prinsiplərə ziddir.

“Pirlərin təhlükəli tərəfi yoxdur”

- Pirlərdən, ziyarətgahlardan nəsə ummaq, ağacdan imdad diləmək, daşa üz sürtmək şirk deyilmi?

- Hesab edirəm ki, pirlərlərin, ziyarətgahların və müqəddəs ocaqların Azərbaycanda olması heç bir təhlükəli tərəfi yoxdur. Əksinə, insanlarımızın mənəvi duyğularının möhkəmlənməsi üçün bu cür məkanların olması təqdirəlayiqdir. Çünki vaxtilə İraqda, Suriyada o mübarək yerləri dağıdanlar, şalvarın balağını qısaldanlar günün birində hicab bağlamayanların başını kəsdilər. Bu gün də ölkəmizdə milli mənəvi dəyərlərimizin, o mübarək ziyarətgahların təəssübkeşi Azərbaycan dövlətidir. İnsan pirlərdə, ziyarətgahlarda uyuyanı vəsilə tutub Allahdan nicat istəyirsə, burada şirk yoxdur. Amma gedib orada uyuyandan istəyirsə, orada şirk və batil əməli var. Bu cür müqəddəs məkanlarda uyuyan isim sahibləri Azərbaycan xalqının, dövlətinin varlığı üçün həyatlarını qurban veriblər. Onlar heç bir vaxt nəzir biznesinin qurbanlarına çevrilməyiblər. İndi nə edək ki, həmin yerləri bir qrup adamlar istismar ediblər. Təbii ki, onların zərərsizləşdirilməsi dövlətin üzərinə düşən məsələdir. Amma pir və ziyarətgahlara çamur atmaq, “bunlar dinlə bir araya sığmır” kimi fikirlər söyləmək doğru deyil. Məhz Goranboydakı hadisədən sonra bir qrup təfriqəçi fitnə salmağa çalışdı.

“Bizim ocaqda Allahdan istəyənlər şəfa tapırlar”

- Qarabağda məşhur olan seyid ocağını təmsil edirsiniz. İnsanlar həmin ocağı şəfa verən müqəddəs məkan kimi tanıyırlar. Xəstələrin hansısa ocaqda, pirdə şəfa tapması həqiqətdirmi? Bunun elmi izahı varmı?

- Bizim ocaq şəfa vermir və o biznesə də baxmır. Ora gələnlər rəsullullahın, bu ocaqda yaşamış və haqq dünyasına köçmüş mübarək insanların, əməli bəlli seyidlərin cəddinə xatir şəfa diləyirlər. Özü də şəfa diləyənlər şəfa tapırlar. Bu cür və mübarək vəsilə səbəbilə şəfa diləyənlər, Allahdan istəyənlər, şəfa tapırlar. “Seyid Camal mənə şəfa versin” deyənləri də mən tanımıram. Mən bu inancda, etiqadda adam görməmişəm. Xarici kəşfiyyat orqanlarının burada yerləşdirdiyi bir qrup emisar Azərbaycanda təfriqə salmaq niyyətindədir. Bu məsələdə ehtiyatlı olmalıyıq. Yüz minlərlə deyil, milyonlarla insanların dini duyğularına vəsf etməyə çalışırlar.

“Xurafatın, cəhalətin girovluğunda qalan vətəndaşlarımız var”

- Maraqlıdır, niyə Dini Qurumlarlarla İş üzrə Dövlət Komitəsi və ya Qafqaz Müsəlmanları İdarəsi baş verən hadisə ilə bağlı rəsmi mövqe bildirmirlər?

-Mən ehtimal edirəm ki, onlar mövqe bildirəcəklər. Amma mən fərd, araşdırmaçı və şərşqşünas olaraq bildirim ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu məsələ ilə bağlı həyata keçirdiyi layihələr var. Hər həftə canlı radio dinləmələri, televiziyalarda proqramlar və mənim apardığım “İnam” verilişi var. Açıq deyim ki, Komitənin apardığı maarifləndirmə işləri çox peşəkar və uğurludur. Amma yenə də xurafatın, cəhalətin girovluğunda qalan vətəndaşlarımız var. Bundan əlavə, Komitənin nəzdində Mənəvi Dəyərlər Təbliği Fondu var. Bir gündə bəzən 4 rayonda tədbirlər həyata keçirirlər.

Deməli, Bakının Bakıxanov qəsəbəsində “seyid” adı ilə bir şəxs fəaliyyət göstərir. Çox yaxından tanıdığım, ehtiram göstərdiyim adamla onunla bağlı mübahisə edirəm. Deyirəm ki, o adam seyid deyil, onun şəcərəsini, atasını, babasını tanıyıram. O, bizim müqəddəs seyid adlarını istismar etmiş bir dələduzdur. İnanın həmin yaxınım mənə hansısa xeyriyyə işinə 1 manat yardım etmir, aparıb seyid dediyi adamın evinin damının tikilməsinə 30 min manat pul verir. Bu gün bu məmləkətdə ən təhlükəlisi odur ki, dini və milli kimliyimiz təhlükə qarşısında belə yaranıb ki, insanlarımızın çoxunun şüurlu şəkildə onların qurbanına çevrilməsinə səbəbkar olurlar. Əgər həqiqi bir seyid ünvanı istəyirlərsə, o mənəm.

Mən onlara hansə əməlləri etmələrini göstərim. Doğrudan da, etiqad göstərib həqiqi bir seyid istəyirlərsə, Azərbaycanın Milli Qəhrəmanı seyid Mübariz İbrahimovun qəbrini, onun doğmalarını ziyarət etsinlər. Gedib şəhid doğmalarını ziyarət etsinlər. Elə müqəddəs seyidlərin ruhu da elə həmin şəhid evlərində dolaşır.

“Təhlükəsizlik orqanları bunu araşdırmalıdır”

- Bəzi yazarlar qeyd edir ki, İslamda daşa sitayiş yoxdursa, Kəbə ziyarəti nə üçündür?

- Yaxşı olar ki, bu suala peşəkar ilahiyyatçılar cavab versin. Mən inanmıram, kimsə gedib Kəbəyə sitayiş etsin. Sadəcə, onu bilirəm ki, Kəbə evinin sahibinə insanlarımızın etiqad və inamları böyükdür. Ona görə o mübarək yerə gedirlər. “Kəbə evinin ziyarət olunması nəyə lazımdır” fikrini kim deyib, mən bilmirəm. Azərbaycanda müqəddəs ruh sahiblərinin məkanlarının ziyarət olunmasını “şirk” kimi qiymətləndirənləri isə tanıyıram. Düşünürəm ki, dövlət təhlükəsizlik orqanları bu adamların əlaqə saxladıqları, getdikləri ölkələri, eləcə də Azərbaycanın yad təsirlərə məruz qalması üçün hansı mərkəzlərdən sifariş aldıqlarını araşdırsalar, yaxşı olar. Bir sözlə, mən insanların müqəddəs yerlərə, pirlərə getməsinə pis baxmıram. Amma o məkanların istismar olunmasını pisləyirəm. O mübarək ruh sahiblərinə dil uzatmaq heç bir Azərbaycan vətəndaşı olan inanclı şəxsə başucalığı gətirməz.
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.