“Koroğlu komik qəhrəmandır, belə də qəhrəman olar?” – Sərdar Cəlaloğlu
30-06-2019, 09:29
“Ruslar ermənilər, gürcülər və digər xristian xalqlarını da müsəlmanlarla birlikdə eyni dərəcədə öz imperiya sərhədlərinə salmalarına baxmayaraq, xristianlarla müsəlmanlara qarşı münasibətdə fərqli siyasət aparırdılar. Məsələn, gürcülər və ermənilər Rusiyanın hakimiyyət strukturlarının, ordunun ən yüksək səviyyələrinə qədər gedə bildilər. Azərbaycanlılar isə çarın vaxtında orduya cəlb olunmurdu”.
“Yeni Sabah” xəbər verir ki, bunu “Hürriyyət” qəzetinə müsahibəsində Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O, bildirib ki, Sovet vaxtında isə azərbaycanlıları "stroybat"da fəhlə kimi işlədirdilər.
Amma erməni və gürcülər döyüşən orduda xidmət keçməklə general olurdular. “Beləliklə də bizimkilər ordudan yaxşı aşbaz, bənna, dülgər kimi qayıdırdılar.
Bundan başqa, onu da qeyd etməliyəm ki, rusların hər bir SSRİ xalqı üçün xüsusi təbliğat planı vardı. Məsələn, bizi qonaqpərvər, şair, əməkçi xalq kimi tərbiyə edirdilər. Deyirdilər ki, Azərbaycan xalqı çox qonaqpərvərdir, özünün hər şeyini qonağa verməyə hazırdır.
Gürcü və ermənilər haqqında isə tamamilə fərqli kriteriyalar müəyyən edilmişdi. Yəni səni necə təqdim edirlərsə, ona uyğun olmağa çalışırlar. Əslinə baxsanız, ideyaların seçilməsində də məqsəd budur.
Belə ki, ideyaların aşılanmasında bir məqsəd var: Konkret situasiyada xalq həmin ideyanı verən adamın iradəsinə uyğun hərəkət etməlidir.
Məsələn, bizə ideal, qəhrəman kimi Koroğlunu, Babəki, Qaçaq Nəbini seçiblər. Burada rusun məqsədi o idi ki, müəyyən vəziyyətdə biz özümüzü Qaçaq Nəbi, Koroğlu və ya Babək kimi aparaq. Yəni yeri gələndə Babək kimi dinimizə qarşı çıxaq, yeri gələndə Qaçaq Nəbi kimi onun-bunun malına göz dikək, ya da Koroğlu kimi öz dövlətimizə qarşı ayaqlanaq.
Əslində, Koroğlu dramatik yox, komik qəhrəmandır. Gah aşıq, gah da qadın paltarı geyinir, dəlilərinin hamısına məğlub olur. Onu elə təqdim edirlər ki, guya Azərbaycan xalqının ən böyük qəhrəmanıdır. Belə də qəhrəman olar?!
Halbuki, bu, qəhrəman yox, qəhrəmanın müqəvvasıdır. Sonda isə o, deyir ki, tüfəng gəldi, qəhrəmanlıq erası bitdi. Guya qəhrəmanlıq ancaq qılıncla olur. Lakin sonra gördük ki, ən böyük qəhrəmanlıqlar elə tüfəng erasına təsadüf edir. Yəni bununla qəhrəmanlığı belə, alətə bağlamağa çalışıblar. Bəzən deyirlər ki, tüfəng, top yoxdur, erməninin qarşısında necə duracağıq. Bütün bunlar Koroğludan gələn mənfi təsirlərdir. Qəhrəmanlıq vasitəyə baxmaz. Qəhrəmanlıq ruhla bağlıdır. Yəni ruhun özü qəhrəman olmalıdır. Yəni əsl qəhrəman üçün əlindəki alətin elə bir önəmi yoxdur. Komik qəhrəman üçün isə alətdən çox şey asılıdır”.