“DÜNYANI QARIŞDIRAN ZƏNGİN YƏHUDİLƏRDİR…” – “Dialoq olsa, Qarabağ problemi həllini tapardı”
5-07-2019, 07:48
Politoloq Zərdüşt Əlizadə ilə Rusiya-Amerika münasibətləri, İran ətrafında baş verənlər, Rusiyaya qarşı sanksiyalar və digər mövzularda söhbət edib.
Müsahibəni təqdim edirik:
- Zərdüşt bəy, dünyada gərginliyin əsas qaynağı kimi göstərilən Amerika-Rusiya münasibətlərinin indiki real vəziyyətini necə xarakterizə edərdiniz?
– Amerika ilə Rusiya arasında həm əməkdaşlıq, həm də rəqabət atmosferində münasibətlər davam edir. Bunun sadə izahı var. Vaşinqton çalışır ki, Putin Rusiyasını özünə tabe etsin. Kreml isə bunu rədd edir və çalışır ki, Amerika Putin Rusiyasını bərabərhüquqlu tərəf müqabili kimi qəbul etsin. Hərçənd ki, ABŞ bunu istəmir, çünki Rusiya iqtisadi imkanlar baxımından ondan qat-qat zəifdir. Bununla belə bir çox məsələlərdə onların mənafeləri üst-üstə düşür. Asılı ölkələri əzmək, onları istismar etmək məsələsində bu iki güc mərkəzi faktiki həmrəydir. Onların ortaq və fərqli mövqeləri də açıq görünür. Sözsüz ki, rəqabət daxilində qarşıdurma da var. Hərbi, geosiyasi, iqtisadi sahədə amansız rəqabət və qarşıdurma gedir. Amerika çalışır ki, Rusiyanı bir çox xammal bazarlarından, qaz-neft bazarından sıxışdırıb çıxarsın, imkanlarını məhdudlaşdırsın, strateji boru xətlərini Rusiyadan deyil, başqa ölkələrdən keçirsin. Rusiya da son 30 ildə bunun qarşısını almaq üçün var gücü ilə çalışır. Məsələn, Rusiya Ukraynada buna nail oldu. Yəni Türk Axını, Şimal Axını, Şimal Axını-2 layihələrini çəkir, ABŞ buna mane olmağa çalışsa da, istədiyini əldə edə bilmir. Yalnız Azərbaycanda neft və qaz kəmərləri Gürcüstan üzərindən Türkiyəyə və Avropaya çıxır. Bu da Amerikanın hərbi-siyasi məqsədlərinə xidmət edirdi.
- Nə mənada xidmət edirdi?
– O mənada ki Qafqaz bölgəsində Rusiyanın nüfuzunu azaltsın. Bu məsələdə Heydər Əliyevlə əməkdaşlığa gedildi və nəticədə Amerika uğur qazana bildi.
- Artıq Azərbaycan Avropaya qaz nəql edəcək kəmərin tikintisini də başa çatdırmaq üzrədir. Bu, Rusiyadan kənarda keçən bəlkə də yeganə qaz xəttidir. Hansı səbəblərdən Rusiya Azərbaycanın qaz və neft layihələrini poza bilmədi?
– O zaman Heydər Əliyev Rusiyanın Azərbaycana mümkün qədər ziyan vurmasına, təzyiqlər göstərməsinə razı oldu. Amma Rusiya onun siyasi hakimiyyətini sarsıda bilmədi. Nəticədə ölkəyə təzyiqlər edildi, rus qazından məhrum olundu, əhali ağacları qırıb birtəhər qış fəslini yola verdi, cəbhədə ermənilərə ruslar hər cür dəstək verdi və s. Amma nəticədə Heydər Əliyev Qərblə münasibətləri saxladı və çalışdı ki, onun rejimini qəbul etsinlər. Qərb də onu və daha sonra oğlunu qəbul etdi. Beləcə Heydər Əliyev qurduğu rejimi saxladı və Qərbdən də hər cür dəstək aldı. Ancaq o zaman çəkilən qaz-boru xətti ilə bağlı başqa variantlar da ola bilərdi.
- Hansı variantlar?
– Məsələn, o zaman 300 milyon xərcləyib kəmərləri İrandan keçirmək olardı, nəinki 4 milyard xərcləyib Gürcüstan və Türkiyə üzərindən keçirmək. O zaman Azərbaycanın büdcəsi 300 milyondan çox olmazdı. Yəqin ki, 300 milyonla 4 milyard arasındakı fərqin nə dərəcədə böyük olduğunu bilirsiniz.
- Sizcə, hansı səbəblərdən belə ucuz başa gələn İran variantına üstünlük verilmədi?
– Amerika buna üstünlük vermədi və Heydər Əliyev də Amerikaya görə Gürcüstan və Türkiyə xəttini seçməli oldu. Məncə, İran variantı bizə daha çox uğur gətirə bilərdi. İranla münasibətlərimiz yaxşı olardı, Tehran Ermənistana indiki qədər yaxınlıq etməzdi, Cənubi Azərbaycanla iqtisadi yaxınlaşma olardı və s. Ancaq bu baş vermədi.
- ABŞ və Rusiya arasında rəqabətin ən ciddi istiqaməti hansıdır?
– Mən deyərdim ki, silahlanma yarışı. Bu, az qala “soyuq müharibə” dövrünü xatırladır. Əlbəttə, Rusiyanın iqtisadi imkanları qat-qat zəifdir, amma Sovetlər Birliyi zamanı yaranan müəyyən texnoloji əsaslara söykənərək silahlanma rəqabətini davam etdirir.
- Osakoda keçirilən G-20 zirvəsində ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Putini təriflədi, ona xoş münasibətini açıq ifadə etdi. Doğrudanmı ABŞ-ın Rusiya ilə bağlı qorxutmaq ritorikasına əsaslanan xarici siyasətindən imtina olunur?
– Hesab edirəm ki, ABŞ-ın Rusiya ilə bağlı siyasətində heç bir yeni nüans yoxdur. Çünki ABŞ xarici siyasət vektoru heç vaxt dəyişmir. Həmişə dünya ağalığına, ABŞ şirkətlərinin xaricdəki mövqelərini gücləndirməyə yönəlir. Bu məqamlar Donald Trampın dövründə üzünü daha qabarıq göstərir.
- Amma Trampın Putinə yaxınlaşması, onu “yaxşı oğlan” adlandırması anlaşılmazlıq yaradıb…
– Bəli, nəzərə alın ki, Donald Tramp da artıq yavaş-yavaş diplomatik təcrübəyə sahiblənir. Əvvəl dizinə döyüb deyirdi ki, bu belə olmalıdır, indi isə nisbətən diplomatik imkanlardan istifadə etməyə çalışır.
- Artıq 3 ilə yaxındır ki, ABŞ Rusiyaya sanksiyalar tətbiq edir. Bu sanksiyalar Rusiyada hansı izləri buraxıb?
– Vaşinqton 1960-cı ildən bu yana Kubaya qarşı sanksiyalar tətbiq edib. Nə mənası olub? Eləcə də İran – 1980-cı ildən sanksiyalar altındadır.
- İddia edirsiniz ki, bu sanksiyaların heç bir effekti yoxdur?
– Yox, bu sadəcə daxili istehlak üçündür. Göstərirlər ki, biz nəsə edirik. Amma heç nə edə bilməzlər. Rusiya elə böyük və zəngin dövlətdir ki, bu sanksiyalar ona ciddi təsir edə bilməz. Rusiya hökumətinin iqtisadi siyasətinin çox uğursuz olmasına, hakimiyyətin oğruların əlində cəmləşməsinə, elmi-iqtisadi potensialın dağıdılmasına baxmayaraq, Rusiya böyük və zəngin məmləkətdir. Bundan sonra da sanksiyalara dözməkdə davam edəcək.
- Hazırda İran ətrafında gərgin bir vəziyyət yaranıb. İndiki mərhələdə ABŞ və Rusiyanın İranla bağlı mövqeyində hansı fərqlilik və oxşarlıq var?
– Tramp çalışır ki, İranı ram edərək diz çökdürsün. Beləcə İsrailin və bəzi satqın ərəb ölkələrinin rəqibini sıradan çıxarsın. Rusiya isə çalışır ki, bu qarşıdurmadan öz bəhrəsini götürsün. Sadə yanaşma bundan ibarətdir. İndiki halda Rusiya İran məsələsində daha çox Tehranla müttəfiqdir. Elə Avropa Birliyi də Trampın anti-İran siyasətini dəstəkləmir və bunu kəskin tənqid edir.
- Ancaq tarixi təcrübəyə baxanda aydın olur ki, həm I Dünya, həm də II Dünya müharibələri zamanı ruslar və ingilislər İran məsələsində razılığa gələrək bu ölkədə maraqlarını təmin ediblər…
– O zamanla indiki zaman fərqlidir və İran da həmin İran dövləti deyil. O zaman İran bir dövlət kimi həddən ziyadə zəif idi. İndi isə İran bölgədə çox güclü dövlətdən biridir. Odur ki, siz dediyiniz fakt olsa da, bu dəfə onun təkrar ediləcəyi birmənalı istisna edilir.
- Deməli, İran vurulacaq və ya bölünəcək…
– Yox, indiki halda mən gözləyirəm ki, Amerika səfeh siyasətindən geri çəkəcək. Yox, əgər geri çəkilməsə və davam etsə İrandan heç nə əldə etməyəcək. Xatırlayırsınızsa bir neçə gün əvvəl məlumat yayıldı ki, ABŞ Prezidenti Tramp İranın müəyyən obyektlərinə zərbə endirmək haqda qərar verib, lakin zərbə anında qərarından imtina edib. Hesab edirəm ki, bunu lotuluq və blef kimi qəbul etmək daha düzgün olardı. Onda İran ABŞ dronunu öz hava məkanında vurdu. ABŞ hərəkətləri isə sadəcə məhəllə uşaqlarının “gələrəm, vuraram, yortaram” jarqonuna bənzəyir. Məncə, buna fikir vermək lazım deyil.
- Krımın ilhaqından sonra Rusiyanı Avropa Şurası Parlament Assambleyasından faktiki çıxarmışdılar. Ancaq yay sessiyasında Rusiya nümayəndə heyətinin səsvermə hüququ alqışla bərpa edildi. Avropa-Rusiya xəttində nə baş verir?
– Bu onu göstərir ki, sanksiya siyasəti səmərəsizdir. Danışmaq, dialoq aparmaq lazımdır. Bir daha qeyd edirəm ki, Kubaya qarşı 1960, İrana qarşı isə 1980-cı ildən sanksiya tətbiq edilir. Amma nəticə yoxdur. Mən ABŞ və Rusiya arasında dialoqun olmasını arzu edirəm. Bütün problemlər qarşılıqlı mühakimə, razılaşma, anlaşma əsasında həll edilsin. Əks halda yırtıcılar dünyada qalib gələcək, dövlətlər bir-birilə boğuşacaq, insanlar öləcək. Məsələn, dialoq olsaydı Qarabağ problemi Aland modeli əsasında həllini tapardı, insanlar rahat yaşayırdı. Ordulara xərclənən pullar insanların cibinə gedərdi. Eləcədə, Suriya, İraq, Ukrayna, Əfqanıstan, Gürcüstandakı mövcud problemlər həll olunardı. Amma buna imkan vermirlər. Çünki müharibədən qazanan böyük qüvvələr və dövlətlər var. Henri Ford bəyan edirdi ki, dünyada 50 ən zəngin yəhudini 5 il müddətinə təcrid edin, dünyada bütün münaqişələr və problemlər həll ediləcək…
- Yəni bütün problemlər onlardan gəlir?…
– Dünyanın maliyyə və sənaye oliqarxiyasının əsası bizim yəhidi qardaşlarımızdadır. Onlar bu işləri qarışdırırlar. Onlar indi də Donald Trampın ətrafındadır. Trampın qızı İvanka yəhudi dinini qəbul edib, kürəkəni Kuşner yəhudidir. Ümumiyyətlə, ABŞ-ın media və maliyyə sahəsinin 70 faizi yəhudilərin əlindədir. Onlar bir çox şeyi müəyyən edirlər, o cümlədən seçki məsələlərini.
- Demək dünyada hələ gərginlik və qarşıdurmalar davam edəcək…
– Təəssüf ki…
Vaqif NƏSİBOV
AzPolitika.info