Nazilə Səfərli: “Qarğışım Aysel Əlizadəni tutdu” – Video
6-07-2019, 07:51
Şairə Nazilə Səfərlinin Axşam.az-a müsahibəsi:
– Zəhra Əhmədova: Müğənnilərin sizin qədər qalmaqallarda adı hallanmır. Son günlər yaman qalmaqallı olmusunuz.
– Siz də elə düşünürsünüz? Qalmaqal nəyə deyirsiniz?
– Zəhra: Məsələn: iki kişinin çimərlikdən görüntüsünü yaydınız və hər yerdə paylaşıldı.
– Burada nə var ki? Bütün günü qızların çimərlik geyimində görüntülərini paylaşırsınız. Bir dəfə də dedim kişini paylaşaq da. Özü də çimərlik geyimində deyildilər, palçıqlanmışdılar.
– Zəhra: Aparıcı Xoşqədəm Hidayətqızı ilə olan mübahisəni də qalmaqal hesab etmirsiniz?
– Xoşqədəm Hidayətqızı ilə nə işim var idi? Kim ona deyirdi ki, qardaşımın 1900-cü ildə boşadığı qadını efirə çıxarsın? Ona nə qədər yardım etmişəm. Şahinin zənglərindən bezmişdim: Gürcüstanda itkin var komandamız gedir, onları yerləşdir, qonaqlıq ver, itkin gətizdir, bilet al… Bunları edirdim ki, başımda oturasınız? On dəfə yaxşılıq etdim ki, mükafatınız bu olsun? Mən sadəcə, qalmaqalın qarşısına çıxmışam.
“AYSEL DEDİ Kİ, SƏNİN QARĞIŞIN MƏNİ TUTDU”
– Zəhra: Niyə bəs sizinlə qalmaqal edirlər?
– Məncə maraqlı alınır – ona görə ki, sözümün kəsəri var. Xoşqədəm hadisəsində bir şeyə üzüldüm: bir neçə gün əvvəl Aysel Əlizadə zəng etdi. Dedi ki, Nizami rayonunda səni uduzduran hakimin adı nə idi? Dedim ki, Allah onun bəlasını versin, adı Fikrətdir! Qayıtdı ki, Allah onun cəzasını verdi, sənin qarğışın məni tutdu. Daha qarğış etmə, o, dayımdır. Düşünə bilirsiniz? Xoşqədəmi qalib etmək üçün əlində fakt olmadığı halda, məni uduzduran hakimə o da elə təşəkkür etdi. Sənin dayın hakim ola və belə çıxılmaz vəziyyətdə qala… Həyat bumeranqdır, etdiyiniz hər şey qarşınıza çıxır. Amma heyif ki, Ayselə zərbə belə dəydi. O, yaxşı qızdır. Dayısının günahının bədəlini ödəməli deyildi. Çox pis oldum…
– Pərviz Hüseyn: Qalmaqallar sizə ruhən müsbət, ya mənfi təsir edib? Etiraf edək ki, media sizdən çox yazır…
– Gəncliyində hansı ruhla yaşayırsansa, qocalanda üzündən hiss olunur. 50 yaşına qədər namaz qılsan belə, gördüyün pisliklər üzündə əksini tapır. İstəmirəm yaşlananda aqresiv sifət alım. Ona görə də mənfi auraya köklənmirəm.
– Zəhra: Belə bir xəbər də yayıldı ki, siz dediyiniz ifadəni guya, başqası öz üzərinə götürüb, sizi məsələdən çıxarmağa çalışıb…
– Məhləmizdə qan davası düşüb, iki qardaş birini bıçaqlayıb, o biri günahı üstünə götürüb? İsa mənim nəyimdir ki, sözlərimi üstünə götürsün? Bəsdirin.
– Zəhra: Uduzduğunuz pulu ödədiniz?
– Uduzmamışam, bilirsiz uduzmaq nə vaxt olur? Bütün instansiyalar bitəndə. Hələ qarşıda Appelyasiya, Ali Məhkəmə var. Toy sahəsində istənilən məclisi sıfırdan gətir ver, sonda da gözəl formada onu məndən təhvil al. Polis, məhkəmə sahəsində naşıyam. Xoşbəxtəm ki, onları ancaq toylarda görürəm. İlk dəfə idi ki, başıma belə iş gəlirdi.
“O PULU XOŞQƏDƏMƏ VERMƏYƏCƏM”
– Zəhra: Bəs, bütün məhkəmələri uduzsanız?
– O pulu verməyəcəm. Onun mənə borcu var, mənim yox. Bunları bir kasıba versəydim, mənə dua edərdi. Ona etdiklərimi hesablasın qaytarsın. Gəlinimizlə münasibətim pis deyildi, hər zaman yaxşı olmuşuq. Onun da dərdi ev deyil, özünün 4 mənzili var. Onu yandıran başqa şey oldu. Düşünürmüş ki, yenə gedəcək və qaytarıb gətirəcəklər. Qaytarmadılar… Hər 6 aydan bir küsüb gedib, təzədən qayıtmaq olmaz. Ay analar, qızlarınızı ər evinə terrorist göndərməyin. Deyin ki, get, canın orada çıxsın. İki il döz, öyrəş… Axırda qaynayıb-qarışacaqsınız. Elə şeylər etməyin ki, qızınızın arxada gözü olsun. Qız öz yuvasında bərkiməlidir. Statistika əsasən, gündə 47 boşanma olur. Bu, nə deməkdir? Biz də dözmüşük ki, ailə olmuşuq. Papaqsan başdan-başa “qonur”san? İndi evimizə başqa gəlin gəlib, o, niyə şikayət etmir? Pərvanə pis qız deyil, sadəcə xəyalının yerində deyil. O, arzuladığı yerə düşməyib. Yanlış insan yoxdur, yanlış məkan var. Arxasınca pis danışmaq istəmirik, uşaqlarımız onun evində böyüyür. Ailə qaranlıq meşədir.
– Zəhra: Gəlininiz nəticədə nə əldə etdi?
– Heç nə… Özü biabır oldu.
– Pərviz: Bir az şairəliyinizə qayıdaq. Necə oldu şairə oldunuz?
– Atamın köhnə maşını var idi, bizi içinə yığdı, Gürcüstandan Bakıya gətirdi. 1993-cü il idi. Kasıb ailə idik. O vaxta kimi heç nə yazmamışam. Zəlimxan Yaqubun bir şeirini oxuyurdum. Ondan təsirlənib şeir yazdım. Amma onlar indi yoxdu. Atam istəmirdi şairə olum, dəftərlərimi yandırdı. Uşaqlıqdan başıbəlalı olmuşam. Nə edirdim, deyirdilər ki, qız uşağısan. İndi də nə edirəm, deyirlər yekə arvadsan (gülür).
– Pərviz: Verilişlərin birində atanızla bağlı danışmışdınız ki, bir dəfə ananıza zəng gəlib. Deyiblər ki, atanız bir qadının evinə gedir. Siz də atanıza zəng etmisiz ki, qaç ordan, anam gəlir. Sizə həyat yoldaşınızla bağlı belə zəng gəlsə, nə edərsiz?
– Gördüm anam çox əsəblə gedir. Deyir ki, gedib qadının evini başına uçuracam. Mən də zəng vurdum ki, ata, qaç, anam gəlir. Evə qayıdanda anamı danladım ki, icazə vermə səni qadın olaraq yerindən oynatsınlar. Yoldaşım heç vaxt qısqanclığa rəvac verməyib deyə, bu barədə düşünə bilmirəm. Haradasa yoldaşımı qadınla görsəm, özümü ona göstərib keçərəm. Heç vaxt ədəbimi yerə vura bilmərəm. Bəlkə, iş anlaşmasıdır, o məqsədlə oturmayıb. Necə insana böhtan ataram?
“AzTV-YƏ ÇIXMAQ ÜÇÜN QADINI ŞANTAJ ETDİM”
– Zəhra: Sizin kimi şou-biznesin içində olan şairə yoxdur.
– Pərviz: Ən çox müzakirə edilən bir sizsiniz, bir də Kəramət Böyükçöl…
– Atamla savaşa-savaşa getdim… 11-ci sinfi bitirdim və ailə qurdum, yazmağa mane olanım yox idi. Şeirlərim də hər gün artırdı. Özüm üçün yazırdım. İkinci oğlum dünyaya gələndə, uşağı da götürdüm nəşriyyata getdim. Şeirimi verdim. Sonra məni Aşıq Pəri məclisinə götürdülər. Əvvəl dedilər gəl, paltar tikdirməli idim. Paltar da 20 şirvan idi, məndə də yox. Gedib nişan üzüyümü satdım, paltar tikdirdim. Dedilər efirə çıxmaq üçün AzTV-yə 25 şirvan ödəməlisən. Onu da atamdan alıb ödədim. Amma çəkilişə bir gün qalmış zəng etdilər ki, səni AzTV-yə qoymurlar. Zəng vurub məni ora dəvət edən qadını şantaj etdim. Dedim bu qədər ümid vermisiniz, necə belə edə bilərsiniz? Gedib demişdi ki, məni efirə çıxarmasanız da olar, yetər ki, Nazilə çıxsın, əl çəksin. Biri var 10 mindən min manat xərcləyəsən, biri də var olmayan yerdən pulun gedə. Həmin o bir dəfədən sonra efirlərə çıxdım…
– Zəhra: Universitet oxumağa da atanız icazə verməyib?
– Universitet oxumağa çatdıra bilməmişəm. Axı, 17 yaşımda gəlin köçmüşəm. Bu məsələləri qayınatam həll etdi. Mən qəbula girəndə qayınatam rəhmətə getdi. O, azərbaycanlı, qayınanam isə rusdur. Qohumları Moskvadadır. Hamısı yaxşı yaşayır.
“RƏİS GƏLİNİ OLMUŞAM”
– Pərviz: Ona görə demişdiniz ki, ərə gedəndən sonra ağ günə çıxmışam?
– Yox, ona görə ki, qayınatam Bakı Metropolitenində Tunel Qurğularının rəisi idi. Rusa ümidli olub, ağ günə çıxmaq olar? (gülür). Qayınatam çox yaxşı insan idi. Hiss etmirdim ki, o evdə gəlinəm. O, dünyasını dəyişəndə biz ikiotaqlı evdə yaşayırdıq. Qayınatam rəhmətə gedəndə yası etməyə pulumuz yox idi, amma rəisin gəlini idim. Bunu kim edər? Ölümüzü yerdən Tağı Əhmədov götürdü. Çünki qayınatamın kadrı idi. Bir zamanlar ona olunan yaxşılığı geri qaytardı.
– Zəhra: Şairəlikdən xına aparacılığına keçid necə başladı?
– Əvvəllər toya gedirdim. Məni toylara Aşıq Zülfiyyə aparırdı. 25 şirvana (50 manat) rayon toylarında çıxış edirdim. Yol pulu da onun içində idi. Oradan yığılan “şirinliy”ə isə əl vura bilməzdim. Elə toy olurdu ki, 10 min manat “şirinlik” yığılırdı. Zülfiyyə xanım mənə böyük yol açdı. Görürdü ki, potensialım var. 12 saat toy aparmaq nə deməkdir? Mütləq toyu şən etməlisən və ayaq üstdə durmalısan. Zamanla irəlilədik. Zülfiyyə dedi ki, daha mənə ehtiyacın yoxdur. Get, başını saxla.
– Zəhra: Və 50 manatın yanındakı sıfırlar artdı…
– Artdı, nə artdı. Bunu mənə Allah ürəyimə görə verdi. Dünyada məndən çox pul sevən insan ola bilməz. Elə sevirəm ki, heç olmayan kimi… Amma öz pulumu. Kiminsə cibini saymıram. Yanımdakı insan istəyirsən bir milyon qazansın, ona göz qoyaramsa, gözüm oyulsun. Bilsəm ki, qayanın dibində min manat var və mənimdir. Onu götürmək üçün hər şey edərəm.
“TOLİK MƏNİ KİÇİLTDİ”
– Pərviz: Pul gələndə təbii ki, hamı sevinir. Eşitdik ki, Röya ilə oynamağınıza görə də bərk sevinmisiniz…
– Xatirə İslamın qardaşının toyu idi. Bir dost olaraq onun xoş gününə çox sevinirdim. Gələndə gördüm ki, Röya oynayır. Düşünmürdüm ki, belə tez gələr. Yanından oynaya-oynaya keçdim. Dönəndə Röyada başqa istilik gördüm. Məni qucaqladı, öpdü, keyfimi soruşdu. Dedim ki, ay allah, hamı məni baltalayıb. Röya nə yaxşı sevdi? Buna ayrı xoşbəxt oldum. Niyə də olmayım? Azərbaycanın ən öndəgedən ulduzudur. Gəlib, səni bağrına basıb, oynayırsa, qürurvericidir. Fövqəladə bir hissdir. Sonra Zamiq Röyanı səhnəyə çağırdı. Orada Röya dedi ki, Nazilə, sən mənim bir dənəmsən. Özümə toxundum ki, bu, mənəm? O qədər hamı vurur ki, inana bilmirdim. Mənə yekəxana deyirlər. Vallah, xanam yekədir, amma özüm yekəxana deyiləm. Sonra dedi ki, səninlə yaxın deyilik, amma səninləyəm. Əvvəl nə dediyini anlamadım, sonra onun masasına təşəkkür etməyə getdim. O da mənə izah etdi ki, niyə mənimlədir. Oynamaq isə bununla bağlı idi (gülür).
– Pərviz: Tolikin yazdığı şərhi niyə sildiniz?
– Tolik dostumuzdur, ondan küsmək olmaz ki… Onun yazdığı şərhdə kinayə var idi. “Sevinirsən hə? Röya ilə oynayırsan” deyə, sonra da gülüş smaylikləri qoymuşdu. Məni kiçiltdi. Sonra deyir ki, orada nə var ki? Şərhini dərhal sildim. Məni yığdı ki, niyə sildin? Dedim ki, sənin yazdığını öncə oğlum görüb. Dedi ki, ana, bu, səni bu qədərmi kiçik görür? Dağdan indi enmisən? Birinci dəfədir ki, məşhurla oynayırsan? Bu, düz söhbət deyil. Röya hamımızın canı-ciyəridir. Birini ucaldarkən, digərini dərənin dibinə tullamaq olmaz axı. Mən də özüm üçün şəxsiyyətəm. Niyə küsürsən?
– Zəhra: Ondan sonra danışmısınız?
– Yüz dəfə. Ondan küsülü qalmaq olur? Başı batmasın onun.
– Zəhra: Dediniz ki, tələbələr yetişdirirsiniz…
– Üç tələbəm olub. Ana xətti öyrədirəm. Vallah öyrətdiklərimdən çox, məndən oğurlayanlar yaxşı bilir. Keçən dəfə bir qıza gəlinin arxasından necə yerimək lazım olduğunu öyrətmişəm. Elə bilib ki, bütün gecəni elə yerimək lazımdır. Üç gün yerindən qalxa bilməmişdi (gülür). Öyrənsinlər, amma haqqımı yeməsinlər. Desinlər ki, Nazilədən öyrənmişəm. Tələbələrə toy danışmağımadək öyrədirəm.
– Pərviz: Hazırda xına biznesi ilə məşğul olanlar çoxdur. Siz neçənci sıradasınız?
– Birinci sıradayam.
– Zəhra: Nə ilə? Biri dekorasiya ilə, biri aparıcılığı ilə öyünür…
– Dekorasiya fəhlə və zövq işidir. Onun yaradıcılıqla nə əlaqəsi var? Əgər müştəri zala girəndə ağzımdan çıxan sözlərə kilidlənirsə, dekoru unudursa, deməli, öndəyəm. Xına yaxılan zaman dekoru çəkirlər, ya gedən prosesi? Bəzəyə baxan kimdir? Bəzək lazımdır, amma bunu dekorator etməlidir. Pul qazanacaqsan deyə, onun da, bunun da çörəyini al… Belə olmaz.. Zalı bəzəməklə lovğalana bilmərəm. Bunlarla önə gəlmirəm. Məni, sənətimi istəsinlər. Onları pulla ala bilirsən, amma ürəyi ala bilmirsən. Biri var quyudan çıxan su, biri də var – quyuya tökülən su. Dekora nə var ki…
– Zəhra: Şeir yazmaq üçün sizə hansı ab-hava lazımdır?
– Gərək Allah başına bir-iki qapaz vura, dərdə sala səni, sonra yaza biləsən.
“XOŞQƏDƏMƏ ŞEİR YAZMIŞAM”
– Pərviz: Bəs, caza qulaq asıb şeir yazmaq necə hissdir?
– Caz nədir, Çin musiqisində mahnı yazmışam. Ən çox aşıq musiqisindən vəhy gəlir. Cazı isə çox sevirəm. Əhval-ruhiyyəmi yaxşı edir.
– Zəhra: Heç vaxt üzə çıxarmayacağınız şeirləriniz var?
– Bəli, sandıq şeirlərim var. Xoşqədəmə də yazmışam. Gəlinimizə də, gəldiyim yollarda mənə sataşan hər kəsə şeir həsr etmişəm. Orada kitab sözlərindən az istifadə olunub deyə, mən öləndən sonra çıxararsınız. Bütün şairlərin sandıq şeiri var. Eləsi var ki, zamana üsyan edir. Mən isə zamandan razı, insanlardan narazıyam.
– Zəhra: Həyat yoldaşınıza şeir yazmısınız?
– Ona “n” qədər şeir yazmışam. Adam mənim ruhumu tanımır. Mən neyləyim? Poeziyadan o qədər uzaqdır ki… Bir dəfə ona yazdığım şeirin içərisində “Oğrun-oğrun gün çıxanda, mən Günəşə, sən mənə bax” ifadəsi var idi. Dedi ki, sən niyə Günəşə “oğru” demisən? Dedim sən də məni bu səbəblə məhkəməyə ver (gülür).
– Pərviz: İki oğul anası olmaq çətin deyil? Sizə qadağalar qoyurlar?
– Qadağaların qoyulması pisdir. Geyimimə qarışırlar. Əvvəl yoldaşım demirdi ki, bu, qısadır, ya uzundur. Oğul da deyir ki, anamsan, belə geyin. Məni tanıyırlar. Məşhurluq gəlir, azadlıq əldən gedir. Bir də deyirlər ki, ana, çox səmimisən.
– Pərviz: Adətən, müğənnilərlə rəfiqəlik etmirlər. Amma siz son zamanlar Xatirə İslamla dostluq edirsiniz…
– O, erkəkdir, Xatirənin ifası məni ağladır. Xatirə böyük məktəbdir – özü də müəllim görməmiş.
– Zəhra: Bir qalmaqal etdiniz. O qalmaqalda hər iki dostunuzu – Xatun və Fatiməni itirdiniz…
– Onlar mənim dostum deyildi. Sənət camiəsindəki tanışlarım idi. İtirdim deyəndə ki, başım sağ olsun. Burada nə var? Fatimə ilə aramız normaldır.
– Pərviz: Kiminlə əsla rəfiqəlik etməzsiniz?
– Elə biri var, amma yeni qalmaqala rəvac vermək istəmərəm. Kənardan baxıram, görürəm ki, bu adamla yol gedən yarıyolda qalar. Birindən təhlükə hiss edirəmsə, ondan uzaqlaşıram. Nə də görəndə yalandan qucaqlamıram. Elə adamlar var ki, hər qazandan çıxır. Hamının ondan zəhləsi gedir, amma görəndə qaçıb görüşürlər. Belə adam deyiləm.
“XINAYA ƏN BAHA GEDƏN MƏNƏM”
– Zəhra: Şou-biznesdə bir-birinin çörəyinə bais olma mövzularına çox rast gəlirik. Sizdə belə hallar yaşanıb?
– Təbii ki, yaşanıb. Hərdən qiymət uyğun gəlmir, müştəri başqasına gedir. O da lovğalanır ki, Nazilənin xınası bizə gəlib. Amma belə şeylərə fikir vermək lazım deyil. Allah hamının ruzisini yetirir.
– Zəhra: Nazilə xanım bahalı xına aparıcısıdır?
– Ən bahalı xınaya gedən mənəm. Ayda üç xınam var. Hər qapıda məni görə bilməzsiniz. Neyləyəcəm? Qırx qızla bir dərədə qalmışam? Uşaqlarım böyüyüb. Hazırlaşıram bu yaxınlarda xına aləmindən gedim.
– Pərviz: Buna səbəb nədir?
– Yerim ki, haradadır. Oradan da getmək istəyirəm. 50 manatlıq xınalara düşmək istəmirəm. İstəmirəm desinlər ki, yazıq nə günə qaldı. Nə qədər olar axı? Bunun sonu nədir? Heç olmasa, bir az da hüzurlu yaşayaq.
– Zəhra: Çalışqan xanımlar işsiz qalanda depresiyaya düşür axı…
– Yox, toydan gedəcəm. Başqa sahə ilə məşğul olacam. Orada artıq deməyəcəklər ki, niyə cins geyinmisən? Sənət aləmindən gedəcəm. Arxivinizdə qocalmış Naziləni saxlamaq istəmirəm. İstəyirəm təravətli bir Nazilə qalsın. Öləndə baş daşıma da o şəkillər vurulsun…
– Pərviz: Azad qadınsınız?
– Ruhən azadam – gündə 20 dəfə bir oğlum, 20 dəfə də digəri zəng vurur. Bu, məni məhbus yox, xoşbəxt edir. Şou-biznesdə elə analar var ki, oğulları ona adı ilə xitab edir. “Ana” adını ona yaraşdırmırlar. Amma mənə “ana, haradasan, necəsən?”, “Sultanım, neyləyirsən?” deyirlər. Onların məni axtarması xoşdur.
“FƏHLƏ ARVADIYAM”
– Zəhra: Həyat yoldaşınız sizi oğlanlarınız qədər sıxmır…
– O, gənclikdən belədir. Hətta deyir ki, sən toydan gəlmisən, yorğunsan, dincəl.
– Zəhra: Bir dəfə onunla bağlı açıqlamanız çox danışıldı və yazıldı… Açıqlamanıza görə peşman oldunuz?
– Niyə peşman olum ki? Yalandan deyim ki, 4 min maaş alır? 400 manat alır da… Evdə ərinə pul verib saxlayan qadınlar belə, ərini elə şişirdirlər ki, elə bil dünyanın ən oliqarx kişilərinin arvadlarıdır. Mən bunu bacarmıram. Dedilər ki, həyat yoldaşınız sizi təəccübləndirir, bahalı hədiyyələr alır? Dedim ki, almır. Dedilər ki, niyə? Layiq deyilsiniz? Mən də cavabımda layiq deyiləm deyəcəkdim? Kimin qızından əskikəm ki? Dedim ki, adamın 400 manat maaşı var, mənim də benzimin 400 manat edir, ondan nə istəyim? Günahım nədir? Riyakarlıq edim ki, milyonçudur? Yenə sağ olsunlar ki, 400 manatdan sonra 100 manat da artırıblar. Adam getdi bu yaşında ali məktəbə girdi. Mən fəhlə arvadıyam, amma kişi arvadıyam. O, məndən bir qəpik də almır, istifadə etmir. Gəlib demir ki, idmana gedirəm, “qarıcım”, pul ver. Nəyi var, ona qane olur. Demir ki, sənin hesabına gəzim, restoranlarda yüz oyundan çıxım. Bu, mənə bəs edir. (gülür).