“PUTİN GEDƏNƏ OXŞAMIR, YENƏ PREZİDENT OLACAQ” – “Siyasi səhnədə yeganə güclü qüvvə Putinizmdir”

6-07-2019, 09:44           
“PUTİN GEDƏNƏ OXŞAMIR, YENƏ PREZİDENT OLACAQ” – “Siyasi səhnədə yeganə güclü qüvvə Putinizmdir”
“Putinin yerinə real namizədi axtaran yoxdursa, deməli hakimiyyətdən gedən də yoxdur”
rasim agayev

“AzPolitika.info” politoloq Rasim Ağayevlə Rusiya mövzusunda – Putinin xələfinin kimliyi, bu ölkədə Putindən sonra hakimiyyətə hansı qüvvələrin gələcəyi, Rusiyanın taleyi və digər mövzularda söhbət edib.

Birinci katib Əbdürrəhman Vəzirovun köməkçisi, sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi, sonrakı dövrdə dövlət müşaviri kimi postlar tutmuş Rasim Ağayevlə müsahibəni təqdim edirik:

- Rasim müəllim, Rusiya konstitusiyasına görə Vladimir Putin üçüncü dəfə prezident seçilə bilməz. Sizcə, varisliklə bağlı Putinin nə kimi planları var – 2024-cü il seçkilərində kimi ortaya çıxara bilər?

– Bəli, Putinin sonuncu prezidentlik müddətidir. Daha doğrusu, sonuncu olmalıdır. Ancaq biz Rusiya haqqında danışırıq. Mənə elə gəlir ki, indi Rusiyanın siyasi qüvvələri gözləmə mövqeyindədirlər. Gözləyirlər ki, Putin “mən gedirəm” sözünü desin. Əslində belə rəylər səslənir, ancaq Putin hələlik belə bir ifadə işlətməyib və məncə, işlətmək niyyətində də deyil. Putin, ola bilsin ki, vaxtının olduğunu düşünür və mümkündür ki, 2 ildən sonra hamı ayağa qalxaraq “Putin yenə qalsın” şüarını səsləndirəcək. Bilirsinizmi, əslində Rusiyada real namizəd görünmür. Müxalifət tənqid edir, bəyan edir ki, Putin getsin. Amma öz sıralarında bir güclü lideri yoxdur. Yəni bu saat Rusiyada lider böhranı yaşanır. Əslində Putinin hakimiyyətə gəlməsi də bu böhranla bağlı idi. Demokratlar qışqırırdı, insanlar da onlardan bezmişdi. Çünki faktiki olaraq Rusiyanı satırdılar. Belə bir ərəfədə Putin ortaya çıxarıldı.

- Rusiyada lider böhranını yaradan, yeni liderlərin ortaya çıxmasını əngəlləyən siyasi rejim deyilmi?

– Əslində Rusiyada lider böhranı SSRİ-nin dağılmasından sonra ortaya çıxıb. Çünki Rusiyanın əhalisinin əksəriyyəti heç vaxt SSRİ-nin dağılması haqqında düşünmür və bunu arzulamırdı. SSRİ-nin dağılması fikri yuxarılar və müəyyən kateqoriya ziyalılar arasında mövcud idi. Bu qüvvələr də Amerika ilə bağlı idi. İndi həmin qruplar səslərini çıxara bilmirlər. Səbəb odur ki, ortaya millətçi qüvvələr çıxıb. Mənim qənaətimə görə, Putin daha 5-10 il prosesini davam etdirib Rusiyanı istədiyi sahilə çatdırmaq, ölkəni bir qədər də bərkitmək istəyir. Bundan sonra isə istirahətə çəkilməyi planlaya bilər.

- Putinin yaşı bundan sonra daha 10 il ölkəni idarə etməyə imkan verərmi?

– Putinin nə yaşı var? Putinə qədər Rusiyada 70-80 yaşlı insanlar hakimiyyətdə oturmuşdu. Mən deyərdim ki, Putinin yaşı buna imkan verər, amma mətbuatda belə fikirlər səslənir ki, onun səhhəti o qədər də yaxşı deyil və problemlər var. Səhhətdə problem də elə şeydir ki, qəfildən ortaya çıxa bilər. Onda nə edəcəksən?
İkincisi, Putin getsə, yerinə kim gələcək? Ortada namizəd yoxdur. Bu, əslində qəribə olduğu qədər də təbii haldır. Putinin yerinə real namizəd də yoxdur, heç belə bir namizədi axtaran da yoxdur. Əgər axtaran yoxdursa, deməli hakimiyyətdən gedən də yoxdur.

- Böyük rus xalqının ümidini ancaq bir siyasi xadimə bağlaması nə ilə bağlıdır?

– Sözsüz ki, kimsə də var, sadəcə olaraq həmin adam siyasi meydanda yoxdur. Həmin şəxsi Putinin yaxınlığında axtarmaq lazımdır.

- Vaxtilə Putinin özünü Boris Yeltsin ortaya çıxarıb hakimiyyətə gətirdi. Bəs, Putin özündən sonrakı dövr üçün kimləri ortaya çıxara bilər?

– Əslində Putin indiyə qədər bunu etməli idi. Nəzərə alınmalıdır ki, Rusiya təbiətinə və xarakterinə görə Avropa tipli ölkə deyil. Yəni Rusiya nə Almaniya, nə də Fransadır. Fransada hakimiyyət məsələsini iki-üç partiya həll edir. Avropada başqa sistemdir, Rusiyada isə ənənəvi proses gedir. Bir lider oturur və hesab edir ki, belə də davam edəcək. Bir vaxt ayılırlar ki, zaman keçib, birinci şəxs qocalıb və onu əvəz edəcək kadr da yetişməyib. Necə ki, Yeltsin dövründə bu müşahidə olundu. Ancaq Boris Yelstinin müdrikliyi və vətənpərvərliyi imkan verdi ki, zamanında getməyi bacarsın. Baxmayaraq ki, Yeltsinin ətrafında olan qüvvələr onun getməsini istəmirdi. Çalışırdılar ki, Yeltsin qalsın və bunlar da işlərini görsünlər.

Putinin ortaya yeni fiqur çıxarması isə daha çox onun fiziki vəziyyətindən asılı olacaq. Əgər onun səhhəti imkan versə, vəzifədə qalmaqda davam edəcək. Ancaq belə hiss yaranıb ki, ortada nəsə var. Məsələn, Putinin yerişinə, durmağına və gəzməyinə diqqət etsəniz görərsiniz ki, əvvəlki Putin deyil. Bu da təbiidir. Hakimiyyətə gələndə heç 50 yaşında deyildi, indi yaşı 65-i keçib. Sözsüz ki, yaş özünü göstərir və getdikcə bu özünü büruzə verəcək. Üstəlik, yaş artdıqca iş də ikiqat çoxalır. Bu mənada hesab edirəm ki, indi bu haqda heç kim danışmır, məsələ qaldırmır, amma yaxın dövrdə bu problem özünü göstərəcək.

- Hər halda Putinin özünün planları olmamış olmaz…

– Fikrimcə, Putin çoxdan xələfi haqqında fikrə gəlib. Sadəcə olaraq bu fikri həyata keçirmək üçün müxtəlif siyasi addımlar atmalıdır. Biz bu addımlardan Putinin nə istədiyini, kimi xələfi olaraq ortaya çıxardığını görəcəyik. Hələlik heç bir addım Putinin getmək və öz yerinə kimisə ortaya çıxarmaq fikrində olduğunu göstərmir. Məsələn, Putin komandasında hazırda özündən savayı parlaq bir şəxsiyyət yoxdur. İndi bəzən mətbuatda kimlərinsə adı Putinin xələfi kimi çəkilir. Ancaq bunlar əsassız söhbətlərdir. Biz, varisi dərhal görəcəyik. O zaman Yeltsin Putini Kremlə gətirəndə Rusiya siyasətini bilən adamlar yəqin etdi ki, bu cavan oğlan üçün hakimiyyətin qapıları açılmağa başladı. Üstəlik, Putini elə gətirdilər ki, demokratların bundan xəbəri olmadı. Çünki Putinin arxasında müəyyən siyasi qüvvələr vardı və onlar bu siyasi əməliyyatı ustalıqla həyata keçirdilər. İndi isə belə bir proses üfüqdə görünmür. Ancaq Putin enində-sonunda prezidentlikdən gedəcək.

- Necə hesab edirsiniz, Putindən sonrakı Rusiyanın taleyi necə olacaq?

– Siyasi qarşıdurmadan kənar dəyişiklik həyata keçiriləcək. Yəni siyasi səhnədə fiqurların dəyişdirilməsi prosesi sakit şəraitdə baş verəcək. Faktiki əhalinin əksəriyyəti yaranan indiki vəziyyətdən razıdır. Bu, onunla bağlı deyil ki, Putin dahiyanə bir siyasətçidir. Sadəcə, Putindən əvvəl hakimiyyətə gələnləri ruslar xatırlayanda düşünürlər ki, indi daha yaxşıdır. Məncə, indi daha realı Rusiya Konstitusiyasına müəyyən dəyişikliklərin edilməsi və Putinin yenidən prezidentliyə yolunun açılması ehtimalıdır. Ancaq bu prosesə təsir edən ən incə məqamları biz deyə bilmərik. Fikrimcə, bu məqamlardan yalnız Putin və onun ən yaxın adamları məlumatlı ola bilər. Hələlik, bu məsələlər də müzakirə edilmir. Demokratlar, müxalifət bu barədə yazırlar, amma onların dili indi çox gödəkdir. Həm də dediyim kimi onların arasında lider xarakteri olan fiqur yoxdur. Rusiyanın siyasi xarakteri isə şəxsiyyəti sevir. Bu mənada Stalin, Lenin və ya Brejnev təsadüfi fiqurlar deyildi. Putindən sonrakı mərhələ üçün şəxsiyyətə ehtiyac var, amma bu şəxsiyyət hazırda yoxdur. Digər tərəfdən də tarixi təcrübə göstərir ki, hakimiyyətdə çox oturmaq, siyasi səhnədə uzun illər qalmağın şəxsiyyətə zərəri də çoxdur. Vaxtında getmək məsələsi ortaya çıxır. Siyasi lider zamanında getməyəndə bunun yaxşı nəticələri olmur.

- Hansı səbəbdən belə düşünürsünüz ki, Rusiyada hakimiyyət dəyişikliyi sakit fonda baş verəcək?

– Rusların özləri də düşünür ki, inqilaba ehtiyac yoxdur. Ruslar arzu etmirlər ki, Qorbaçovun dövründə yaranan vəziyyətə yenidən qayıdılsın. Heç bunu ABŞ başda olmaqla, xarici güc mərkəzləri də istəməz. Çünki ortada həm də nüvə məsələsi var. Təcrübə göstərir ki, qeyri-sabit vəziyyətdə bu ciddi təhlükə yarada bilər. Rusiya kimi ölkə, onun nüvə imkanlarını başlı-başına buraxmaq olmaz. Rusiya Gürcüstan, Azərbaycan və ya Ermənistan deyil. Son anda deyirlər ki, Ermənistan cəhənnəmə, nə baş verirsə versin, amma Rusiyanın mövqeyi beynəlxalq aləmdə tam başqadır. Biz güclü bir nüvə dövlətindən danışırıq.

- Sizcə, Putindən sonrakı Rusiyada Putin siyasəti davam edəcək, yoxsa ona müxalif siyasət?

– Rusiyanın köhnə demokratları hesab olunan qüvvələr yaxın 10-15 ildə hakimiyyətə gələ bilməyəcəklər. Çünki zamanında hakimiyyətə gəlib özlərini göstəriblər və xalq da onlardan bezib. Odur ki, rus xalqı kimə desəniz səs verəcək, amma köhnə demokratların təmsilçisinə yox. Nəzərə alın ki, Rusiyada indi güclü ruslaşma prosesi gedir. Düzdür, “Rusiya ruslar üçün” prinsipini açıq demirlər, çünki bu ölkədə onlarla millət yaşayır və belə fikir ciddi problemlər yarada bilər. Amma “Rusiyanı ancaq ruslar idarə etməlidir” məsələsində bir növ ictimai razılaşma var. O zaman Yeltsin, yəhudilər ortaya çıxdı və nəticədə Rusiya az qala yolunu azmışdı. Odur ki, belə qüvvələrin hakimiyyətə gəlməsi real deyil. İndi siyasi səhnədə yeganə güclü qüvvə Putinizmdir. Putinizmin də əsasını ruslaşma prosesi təşkil edir. Odur ki, Putindən sonra hakimiyyətə ya onun müəyyən etdiyi fiqur gələcək, ya da ortaya elə adam çıxacaq ki, hamı onun namizədliyinə razılaşacaq. Bir daha qeyd edirəm ki, hələlik Putindən sonra hakimiyyətə gələcək şəxs üfüqdə belə görünmür. İndi daha çox Putinin özünə inanması, özündən razı olması hərəkətlərindən də hiss olunur. Eyni zamanda da onun tənqidçiləri də barəsində çox şey tapırlar. Səbəb odur ki, kresloda nə qədər çox oturursan, o qədər çox səhvlər, problemlər ortaya çıxır. Odur ki, vaxtından getmək çox lazımlı addımdır. Hər adam bunu bacarmır. Çox qəribədir ki, Boris Yeltsin bunu anladı və zamanında addım atdı. Bu, onu göstərir ki, Rusiyada belə ənənə yarana bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.