Mənim dövlətə və banklara 1 manat da borcum yoxdur - Hacı İbrahim Nehrəmli
6-07-2019, 09:50
“560 milyon kreditim vardı, iki əmlakımı verdim, o borc silindi”
Azərbaycan Beynəlxalq Bankına (ABB) külli miqdarda borcu olduğuna görə “Avesta Konserni” MMC-nin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin sahibi olduğu “Xəzər Adaları”nın əlindən alınması ilə bağlı informasiyalar yayılıb. İş adamının banklara borcunun məbləği ilə bağlı müxtəlif rəqəmlər yazılır. Bəzi saytlar bu borcun 850 milyon manat olduğunu qeyd edir, bəziləri hətta 1 milyarda çatdığı haqda məlumatlar yazırlar. Bəs gerçək nədən ibarətdi? İ.Nehrəmlinin hazırda banklara borcu varmı? Bu suallara cavab almaq üçün onun özü ilə əlaqə saxladıq.
İş adamı barəsində yazılanların doğru olmadığını dedi.
- İbrahim bəy, “Xəzər Adaları”nın banka borcunuz olduğu üçün sizdən alınması ilə bağlı məlumatlar yayılıb. Bu, doğrudurmu?
- Dekabr ayında biz özümüz təşəbbüs göstərib, “Xəzər Adaları”nı məhkəmə yolu ilə “Aqrarkredit” təşkilatına verdik. Oradan da Azərbaycan Sənaye Korporasiyasının (ASK) tabeliyinə verildi. Bununla da mənim borcum silindi.
- 800 milyon manat borcunuzun olması ilə bağlı məlumat doğrudurmu?
- Xeyr, bu məlumat doğru deyil. Mənim borcumun əsas məbləği 430 milyon manat idi, faizlərlə bir yerdə isə 570 milyon manat olmuşdu. Hərə bir söz yazır, kimi deyir, faiz hesablanmayıb, kimi deyir, hesablanıb.
- “Xəzər Adaları”nı verməklə borcunuz bağlandı?
- Xeyr, dövlətə iki əmlak vermişik, biri “Xəzər Adaları”dır, digəri isə ticarət mərkəzi idi. Bununla da borcumu bağladılar və məsələ bitdi. İndi mənim dövlətə heç 1 manat da borcum yoxdur. Digər əmlaklarım özümə qaytarılıb. Banka 20 girov qoymuşdum, hamısı özümə qaytarılıb. Dövlət reyestrində də bu görünür.
- Sizin heç bir borcunuzun qalmaması ilə bağlı Azərbaycan Beynəlxalq Bankı və digər qurumlar arayış veriblərmi?
- Mən bütün qurumlara müraciət edib sənədləri almışam, heç bir yerdə mənim borcumun olduğunu göstərməyiblər. Bütün borclarım silinib və tər-təmizdir. Bu gün digər banklar da daxil olmaqla, nə 1 dollar kreditim, nə də borcum var.
- Bəs ölkədən çıxmağınızla bağlı qoyulan qadağa götürüldümü?
- Mən ötən ilin dekabr ayından bəri 4 dəfə xaricə gedib gəlmişəm. Allah cənab prezidentdən və 1-vi vitse-prezident Mehriban xanımdan razı olsun, onların göstərişi ilə bu məsələ həll olundu və mən rahat şəkildə xaricə gedib-gələ bilirəm. Sağ olsunlar ki, bu məsələni həll etdilər.
- Hazırda biznesinizin durumu necədir, fəaliyyətiniz davam edirmi?
- Bəli, fəaliyyətimə davam edirəm, hər bir işim qaydasındadır. Yeni layihələrim var. Əsasən kənd təsərrüfatı və tikinti ilə məşğulam.
- Gələcəkdə “Xəzər Adaları”nın tikintisi davam etdirilsə, siz də tövsiyələrinizlə dəstək olarsınızmı?
- Mən dövlətimizin yolunda hər şeyə hazıram, nə lazım olsa, yanlarında olacağam ki, tikilsin. Öz köməyimi təklif etmişəm və çox bəyəniblər. O proyekt mənim başımdadır. Əgər onun icrasında əziyyət çəkərlərsə, mən bir məsləhətçi kimi onların yanında olmalıyam. Mən inanıram ki, bu proyekt davam edəcək. (Musavat.com)