“Yalnız hərbi yol – başqa alternativ qalmır” – Eldar Həsənovla MÜSAHİBƏ

6-07-2019, 20:41           
“Yalnız hərbi yol – başqa alternativ qalmır” – Eldar Həsənovla MÜSAHİBƏ
Bu il müstəqil Azərbaycanımızın müstəqil diplomatiyasının yaranmasının 100 ili tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti qurulan kimi gənc müstəqil ölkəmizi tanıyan dövlətlərdə təmsilçilərimiz, diplomatlarımız fəaliyyətə başladılar. 100 illiyini qeyd edən Azərbaycan diplomatiyası ağır və şərəfli yol keçib. Bu şanlı tariximizi vərəqləmək, ADR dövrünün və ikinci dəfə müstəqilliyimizi bərpa etdiyimiz müasir dövrdəki diplomatiyamızla bağlı ölkəmizi 3 ölkədə – Serbiyada, Monteneqro, Bosniya və Herseqovinada təmsil edən səfir Eldar Həsənovla müsahibədə iyulun 9-da 100 illiyini təntənə ilə qeyd edəcəyimiz Azərbaycan Diplomatiyasının keçdiyi şanlı yola nəzər salınıb:
– Eldar müəllim, dövlətçilikdə diplomatiyanın aparıcı və əsas rolu nədən ibarətdir?
– Bildiyiniz kimi, diplomatiyaya sonradan gəlmişəm, lakin bu sahədə 20 illik fəaliyyət təcrübəmə söykənərək suallarınızı cavablandırmağa çalışacağam. Diplomatiya anlayışı beynəlxalq münasibətlər sahəsində bəlkə də ən sadə və eyni zamanda mürəkkəb anlayışlardan biridir. Bir qayda olaraq, diplomatiya dövlətin xarici siyasət vasitəsi kimi qəbul olunur. Müstəqil dövlətin diplomatiyası beynəlxalq aləmdə maraqların müdafiə edilməsi, onun mövqeyinin möhkəmləndirilməsi, təbliği, təmsil edilən ölkənin yaxından tanınması, danışıqlar yolu ilə beynəlxalq əlaqələrin qurulması, səfərlər və beynəlxalq konfranslarda iştirak, xarici dövlətlərin nümayəndələrinin qəbulu, səfərlər vasitəsi ilə diplomatik fəaliyyətin həyata keçirilməsi, maraqlara cavab verən beynəlxalq və regional təşkilatlara, konvensiyalara qoşulma, onlarla əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərini vəzifə olaraq qarşısına məqsəd qoyur. Azərbaycan “Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası”, BMT nizamnaməsi, beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar, eləcə də 2001-ci il “Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu” əsasında milli və dövlətçilik maraqlarına uyğun olaraq xarici siyasət strategiyası üzrə öz diplomatik fəaliyyətini davam etdirir. Məmnuniyyətlə bildirmək istərdim ki, hazırda diplomatik xidmət haqqında yeni qanun layihəsinə baxılır, yaxın zamanlarda tezliklə bu qanuna əlavə və dəyişikliklər qəbul olunacaqdır.
– Azərbaycan diplomatiyası və onun tarixi haqqında nə deyə bilərsiniz?
– Tarix boyunca Azərbaycan diplomatiyası suveren dövlətin əsasları və nüfuzunun möhkəmləndirilməsi prosesində formalaşma mərhələlərindən keçib və bu gün beynəlxalq münasibətlər sistemində Azərbaycanın layiqli yer tutması, düşünülmüş, milli maraqları nəzərə alan xarici siyasət aparması bilavasitə diplomatiyanın xidmətlərinin nəticəsidir. Azərbaycan diplomatiyası zəngin bir tarixə malikdir. Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyası, Atabəylər, Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətinin xarici siyasət fəaliyyəti Azərbaycan diplomatiyasının şanlı səhifələrindəndir. Qeyd etmək lazımdır ki, mühüm geosiyasi və strateji mövqeyi, habelə tarixi böyük İpək yolu üzərində yerləşməsi Azərbaycanı hər zaman müxtəlif dövlətlərin maraqlarının toqquşduğu və onların gərgin mübarizəsinin aparıldığı meydana çevirmişdir. XV əsrdə, bu gün də olduğu kimi, Azərbaycan Uzun Həsənin Ağqoyunlu dövlətinin hakimiyyəti illərində Şərq və Qərb arasında strateji körpü rolunu oynamışdır. O zamanlar bütün Şərqdə yeganə qadın diplomat – Uzun Həsənin anası Sara Xatun bu prosesdə əvəzolunmaz xidmətləri ilə seçilmişdir. Uzun Həsənin anası Qərbdə də tanınırdı, xarici ölkələrin səfirləri ona hər zaman hörmət və ehtiramla yanaşırdılar.
O zaman diplomatik fəaliyyət göstərən Azərbaycan ərazisindəki xanlıqlar təəssüflər olsun ki, müxtəlif səbəblərdən vahid dövlət kimi birləşə bilmədilər. Ağır da olsa, sonralar Azərbaycanın məcburən çar Rusiyasının tərkibində olduğu dövrdə müstəqil diplomatik fəaliyyətin həyata keçirilməsi mümkünsüz olmuşdur.
– Ölkəmiz ötən il Azərbaycan Demokratik Respublikasının yaranmasının, bu il isə AR Diplomatik Xidmətinin 100 illik yubileyini qeyd edir. Bu böyük bir tarixi hadisə barədə nə deyərdiniz?
– Əlbəttə. Bu bizim şərəfli və tarixi yubileylərimizdəndir. Ötən il biz Şərqdə ilk demokratik dövlətin – Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasının 100 illiyini qeyd etdik. Zaqafqaziya Seyminin dağılması nəticəsində ADR 28 May 1918-ci ildə öz müstəqilliyini elan etdi. Yalnız bundan sonra diplomatik fəaliyyət bərpa edildi. Qısamüddətli mövcudluğuna baxmayaraq, məhz həmin dövrdə əsas dövlət qurumları, o cümlədən Xarici İşlər Nazirliyi yaradıldı.
Azərbaycan diplomatiyasının 100-cü ildönümü deyəndə, biz dövlətimizin peşəkar diplomatik xidmətinin 9 iyul 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin yaradılmasına dair qərarın qəbul edilməsindən ötən müddəti nəzərdə tuturuq. Bu tarixi fakt əsasında Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2007-ci il tarixli Fərmanı ilə 9 iyul Azərbaycan diplomatlarının peşə bayramı elan edilmişdir. Bu münasibətlə dünyanın mütləq əksər ölkələrində istər diplomatik nümayəndəliklərimiz, istərsə də diaspora təşkilatlarımız tərəfindən təntənəli yubiley tədbirləri həyata keçirilir.
O zaman milli hakimiyyətin möhkəmlənməsi, dövlət strukturları və nizami ordunun yaradılması ilə yanaşı, gənc Azərbaycan hökumətinin qarşısında duran ən vacib diplomatik vəzifə – Birinci dünya müharibəsində qalib gəlmiş müttəfiq dövlətlər tərəfindən təşkil olunan Paris sülh konfransında iştirak etmək və Azərbaycan dövlətinin dünya birliyi tərəfindən tanınması idi. Nəhayət, böyük çətinliklərdən sonra Xarici İşlər naziri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında iştirak etmək hüququnu qazanmışdır. Habelə 1920-ci ilin 11 yanvarında Paris Sülh Konfransında Azərbaycan diplomatiyası özünün ən vacib uğurunu əldə etmişdir – Versal Ali Şurasını təşkil edən müttəfiq ölkələr yekdilliklə Azərbaycan dövlətini tanımışdır. Azərbaycan Demokratik Respublikasının müstəqilliyinin Paris Sülh Konfransında tanınması Azərbaycan hökumətinin, Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Məhəmmədhəsən Hacınski, Yusif Vəzir Çəmənzəminlinin, xüsusilə də Azərbaycan nümayəndə heyətinin uğurlu xarici siyasəti sayəsində mümkün olmuşdur.
Dövlətin tanınması Azərbaycanın nümayəndə heyətinə Versal Ali Şurasının müxtəlif, o cümlədən hökumət başçıları səviyyəsində keçirilən iclaslarında rəsmən iştirak etmək, öz hüquq və ehtiyacları haqqında danışıqlar aparmaq imkanını vermişdir. Azərbaycan nümayəndə heyəti o dövrün beynəlxalq səhnəsində həlledici təsirə malik olan məşhur siyasi xadimləri – Lloyd Corc, Klemanso, Lord Kerzon, Çörçil, Foş, Vilson və digərləri ilə Paris Sülh Konfransının Ali Şurasının iclaslarında müzakirələr aparmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi xadimləri və məharətli diplomatları öz fəaliyyətləri ilə Azərbaycan tarixinin ən parlaq səhifələrini yazmışlar.
Azərbaycan diplomatiyası ilk addımlarını atarkən – 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi. 1920-ci ilin aprelinədək Azərbaycanın Gürcüstan, İran, Türkiyə, Ukrayna və başqa ölkələrdə diplomatik nümayəndəlikləri və baş konsulluqları mövcud idi.
1919-cu ilin ortalarında yaranmış beynəlxalq vəziyyət, eyni zamanda, bolşeviklərin Rusiyada təsirinin güclənməsi Azərbaycan hökumətindən çevik xarici siyasət aparmağı tələb edirdi. Bu zaman Azərbaycan hökuməti aparıcı dövlətlərlə siyasi və iqtisadi əlaqələr qurmaqda maraqlı olduğunu nümayiş etdirir, onlar tərəfindən ölkənin müstəqilliyinin tanınması üçün ciddi cəhdlə çalışırdı. 1918–1920-ci illərdə aparılan xarici siyasət Azərbaycanın dünyada sivil, demokratik respublika kimi tanınmasında mühüm rol oynayıb. Təəssüf ki, Azərbaycanın müstəqilliyinin tanınması məqsədilə diplomatik səylər göstərilən bir dövrdə bolşeviklərin tədricən güclənməsi məsələni daha da çətinləşdirirdi. 1920-ci ilin yanvar–aprel aylarında çar Rusiyasının Azərbaycana etdiyi ardıcıl müdaxilə, təzyiqlər və həmlələr vəziyyətin mürəkkəbliyindən xəbər verirdi. 1920-ci ilin aprel ayının sonlarında Azərbaycanda siyasi vəziyyət olduqca gərginləşdi. Ermənilərin müsəlman kəndlərinə silahlı hücumları, Sovet Rusiyasının Qırmızı Ordusunun cənub istiqamətində hərəkəti göstərilən müqavimətə baxmayaraq böhrana gətirib çıxardı ki, bunun nəticəsində də aprel ayının 28-də AXC bolşeviklər tərəfindən zorla ələ keçirilərək süquta uğradı.
Azərbaycanın SSRİ-nin tərkibinə daxil edilməsi ilə diplomatiyanın tarixində tənəzzül dövrü başlandı. Müəyyən formallıqlar istisna olmaqla, 1991-ci ilədək Azərbaycanın müstəqil diplomatik fəaliyyəti olmadığından, bu barədə şərhə ehtiyac qalmır. Sovet dövründə də Azərbaycanın Vəfa Quluzadə, Ramiz Abutalıbov, Elman Araslı, Hüseynağa Sadıqov, Vəhdət Sultanzadə və digər tanınmış diplomatları var idi.
– Müstəqilliyin bərpasından sonra Azərbaycan diplomatiyası necə inkişaf etmişdir?
– XX əsrdə müstəqillik yolunda apardığı mübarizə nəticəsində, o cüm-lədən sovetlər birliyinin dağılmasından sonra yenidən müstəqillik əldə edən Azərbaycanın qarşısında dövrün tələblərinə cavab verən xarici siyasət kur-sunun müəyyənləşdirilməsi və onun həyata keçirilməsi üçün diplomatik fəaliyyətin əsaslandırılmış konsepsiyasının formalaşdırması məsələsi dururdu. 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ölkəmiz dünya dövlətləri tərəfindən tanındı və Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in və başqa beynəlxalq təşkilatların tamhüquqlu üzvü oldu. Həmin dövrdə Azərbaycanda ictimai-siyasi və sosial-iqtisadi vəziyyət çox gərgin idi, XX əsrin əvvəllərində olduğu kimi, ölkənin müstəqilliyi yenidən daxildən və xaricdən ciddi təhlükələrlə üzləşmişdi. Belə bir mürəkkəb və-ziyyətdə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın çağırışı və dəstəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın bütün strukturlarının, o cümlədən Xarici İşlər Nazirliyinin milli və müstəqil dövlət maraqlarına söykənən aktiv xarici siyasət fəaliyyəti başlandı. Azərbaycanın xarici siyasətinin strateji istiqamətləri müəyyənləşdirildi. Geosiyasi reallığı dərindən təhlil edən Heydər Əliyev Azərbaycanın xarici siyasət strategiyasının işlənib hazırlanmasına birbaşa rəhbərlik etdi: bu, milli maraqları aydın və dəqiq müəyyənləşdirmək; qarşılıqlı faydalı əməkdaşlıq və daxili işlərə qarışmamaq prinsipləri əsasında qonşu dövlətlərlə və dünya ölkələri ilə dostluq və əməkdaşlıq münasibətlərini qurmaq; uzunmüddətli uğurlu diplomatiya həyata keçirməklə enerji və nəqliyyat infrastrukturlarının davamlı inkişafına nail olmaq; xarici siyasətin manevr imkanlarını və strategiyasını genişləndirmək; ən başlıcası Ermənistanın Azərbaycana təcavüzü və işğalı məsələsini beynəlxalq müstəviyə gətirmək, işğalın nəticələrini aradan qaldırmaq üçün Ermənistana qarşı beynəlxalq siyasi təzyiqlərin artırılmasına nail olmaq, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və Azərbaycanın sərhədlərinin toxunulmazlığını təmin etməkdən ibarət idi. Azərbaycan öz inkişafında dünya sivilizasiyasının ümumi qəbul edilən dəyərlərini rəhbər tutur. Ona görə də ölkəmizin xarici siyasəti dünya birliyi dövlətləri ilə bərabərlik və qarşılıqlı faydalı münasibətlərin qurulmasına, həmçinin çoxtərəfli diplomatiyada fəal iştirakını təmin etməyə yönəldilib. Bu gün Azərbaycan davamlı inkişaf edən, iqtisadiyyat, enerji, nəqliyyat və infrastruktur sahələrində uğurlara nail olmuş sabit bir ölkədir.
Bu gün Azərbaycan Respublikası da öz xarici siyasətində qonşu dövlətlərlə və bütövlükdə dünya birliyi ilə ikitərəfli və çoxtərəfli əsasda dostluq münasibətlərinin inkişaf etdirilməsini, regionda və dünyada sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsini xarici siyasətinin təməl məqsədlərindən biri kimi müəyyən edib. Ölkəmiz xarici əlaqələrinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilmişdir. Azərbaycan ətrafında xoşməramlı regional əməkdaşlıq mühitinin yaradılması, regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın təşviq edilməsi kimi məqsədlərə xidmət edir.
Azərbaycan öz milli maraqlarını həyata keçirmək üçün iqtisadi və siyasi imkanlarından məharətlə istifadə edir, həmçinin regional və qlobal mövqelərini möhkəmləndirir. Ölkəmiz bütün regional məsələlərdə və regiondakı strateji əhəmiyyətli layihələrdə mühüm və həlledici söz sahibidir. Müstəqil Azərbaycanın dövlət başçısı tərəfindən müəyyənləşdirilən xarici siyasəti həyata keçirən Azərbaycan Xarici İşlər Nazirliyi olduqca dinamik fəaliyyət göstərən bir quruma çevrilmişdir. Azərbaycan mürəkkəb bir regionda yerləşir, həll edilməmiş münaqişəyə malikdir və bütün bunlar bir sıra məsələlərdə Xarici İşlər Nazirliyinin diplomatlarına olan tələbləri daha da artırır.
Ötən 28 il ərzində Azərbaycan dünyanın 181 ölkəsi ilə diplomatik əlaqələr qurub və hazırda ölkəmizin 59 səfirlik, beynəlxalq təşkilatlar yanında 6 daimi nümayəndəlik, 9 diplomatik ofis, 9 baş konsulluq və 13 fəxri konsulluğu fəaliyyət göstərir. Hazırda Bakıda 64 səfirlik, 4 konsulluq, 12 fəxri konsulluq və beynəlxalq təşkilatların 16 daimi nümayəndəliyi fəaliyyət göstərir. Xaricdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin daha da genişləndirilməsi işi davam edir. Bunun son nümunəsi Bakıda bu il Monteneqronun diplomatik nümayəndəliyinin açılmasıdır.
Tarix və obyektiv təhlil göstərir ki, hər ölkə suverenliyi qorumaq və müstəqil xarici siyasət aparmaq qabiliyyətində deyil. Azərbaycan suveren dövlət olaraq, müstəqil xarici siyasət yürüdür. Ölkəmiz heç bir hərbi-siyasi bloka qoşulmayıb. Nəticədə Azərbaycan regionda təhlükəsizliyi yaradan və onu qoruyanlardandır. Bu fakt aydın və aşkardır. Prezident İlham Əliyev nüfuzlu beynəlxalq təşkilatlarda, yüksək səviyyəli müxtəlif sammit və konfranslarda, görüşlərdə böyük diplomatik ustalıqla Azərbaycanın milli maraqlarını qətiyyətlə ifadə edir, qoruyur, xarici siyasət, diplomatiya və beynəlxalq hüquq sahəsində bugünkü nailiyyətlərində onun böyük xidmətləri danılmazdır. Bu fəaliyyət sayəsində beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi nəzərə alınır, hörmətlə yanaşılır və dəstəklənir, Ermənistanın təcavüzünü təsdiqləyən sənədlər qəbul edilir.
– Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində diplomatiyanın rolunu necə qiymətləndirirsiniz?
– Şübhəsiz ki, Azərbaycanın xarici siyasətinin əsas prioritetləri arasında ilk yerdə Ermənistan–Azərbaycan münaqişəsinin ölkəmizin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli həlli məsələsi durur. Eyni zamanda, Azərbaycan bu mövqeni danışıqlar prosesində əsas tələb kimi irəli sürur. Bu gün Azərbaycan diplomatiyası sivil üsullardan istifadə etməklə, beynəlxalq münasibətlər sisteminin qaydalarına riayət edərək fəaliyyət göstərir. Danışıqların ilk günlərindən etibarən münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi dəyişməz qalır. Ölkəmiz bu münaqişənin həllində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz çıxarılması, bu ərazilərdə Azərbaycanın pozulmuş suveren hüquqlarının bərpası, məcburi köçkünlərin öz tarixi yurdlarına qaytarılması, Dağlıq Qarabağda kommunikasiyanın bərpası və sosial-iqtisadi inkişaf üçün şəraitin müəyyən edilməsi, ölkənin hərtərəfli iqtisadi inkişafı çərçivəsində sülhün bərqərar olmasını təmin edəcək bir statusun yaradılması, yəni hüquqi və demokratik proses çərçivəsində Azərbaycan Respublikasının tərkibində muxtariyyət əldə etməklə, Dağlıq Qarabağ regionunda erməni və azərbaycanlı icmalarının sülh şəraitində birgəyaşayışını təmin etməkdən başqa yol görmür. Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi yalnız etnik təmizləmələrə məruz qalan azərbaycanlıların öz doğma torpaqlarına qayıtmasından sonra və yalnız Azərbaycanın tərkibində mümkündür. Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müzakirə obyekti etməyəcək və heç kimə öz torpaqlarının bir qarışını da verməyəcəkdir. Münaqişənin həlli üçün hüquqi və siyasi əsaslar BMT Nizamnaməsində, Helsinki Yekun Aktında, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində, eləcə də ATƏT, Avropa İttifaqı, Avropa Şurası və İƏT-in müvafiq sənədləri və qərarlarında əks olunmuş beynəlxalq hüquq normaları və prinsiplərinə söykənir. Bütün bu sənədlər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını təsdiqləyir. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir və münaqişənin ədalətli və davamlı həlli istiqamətində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq işini davam etdirəcəkdir. Bununla belə, sülh prosesinin uğurla başa çatması erməni tərəfinin də bu prosesə bağlılığından və konstruktiv yanaşmasından, eləcə də beynəlxalq ictimaiyyətin ATƏT-ə üzv olan bütün ölkələrin, xüsusilə Minsk qrupuna sədrlik edən ölkələrin düzgün, obyektiv və ədalətli fəaliyyətindən asılıdır. Təəssüflə qeyd etmək istərdim ki, ATƏT-in Minsk qrupu ötən illər ərzində münaqişənin həlli istiqamətində heç bir irəliləyişə nail ola bilməyib.
Eyni zamanda, Ermənistanın çoxsaylı təxribatlarına, tez-tez dəyişən və qeyri-konstruktiv yanaşmasına baxmayaraq, Azərbaycan sülh kursundan hələ ki, geri çəkilməyib. Uzun illər boyunca xaricdə formalaşmış erməni diasporunun öz xalqının taleyinə guya yaxından kömək etməsi, əslində isə əksinə olması, onun sabit, təhlükəsiz yaşamasına, iqtisadiyyatına, demoqrafik inkişafına, Ermənistanın regionda həyata keçirilən irimiqyaslı enerji layihələrindən kənarda qalmasına, təcridinə yönəlmiş dağıdıcı fəaliyyəti erməni xalqına böyük zərbə vurur. Həmçinin qatı millətçi təfəkkürünə malik, tarixi ərazilərimizin işğalında birbaşa iştirak edən, əli qana bulaşmış Ermənistanın siyasi hakimiyyətinə rəhbərlik edən canilər, münaqişənin kökləri, ağır nəticələri və bu illərdə aparılan sülh danışıqlarından məlumatsız olan indiki baş nazir sülh prosesinin mahiyyətini hələ də düzgün dəyərləndirə bilmir, bu danışıqların baş tutmasını müxtəlif bəhanələrlə, uydurmalarla bilərəkdən uzadır. Sülhə nail olunması Ermənistanın regiona inteqrasiyasına, erməni xalqının sosial rifahına, qonşu ölkələrlə əməkdaşlıq münasibətlərinin qurulmasına əsaslı töhfə verə bilər. Bununla yanaşı, Ermənistanın işğalçı, məkrli siyasətinə havadarlıq edənlər, “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil” deyənlərin Ermənistan–Azərbaycan münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllində maraqlı olması və onların səmimiyyəti haqqında ciddi şübhələr doğurur. Azərbaycanın işğal olunmuş tarixi torpaqlarında yaşayan müharibə məfkurəsinə malik hər bir erməni onu da bilməlidir ki, artıq 90-cı illər deyil. Bu gün Azərbaycan müasir hərbi texnika və avadanlıqlarla təchiz edilmiş, yüksək milli ruh, döyüş hazırlığı olan nizami orduya, güclü iqtisadiyyata, ciddi siyasi iradəyə malik xalqdır, dövlətdir! 2016-cı ilin aprel döyüşləri dediyimin bariz nümunəsi deyilmi?! Ermənistan rəhbərliyi açıq və aydın şəkildə dərk etməlidir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli, əbədi torpağıdır və Azərbaycan xalqı bu işğalla heç zaman barışmayacaqdır. Əgər sülh danışıqları bir nəticə verməzsə, o zaman Azərbaycan BMT nizamnaməsinin 25 və 51-ci maddələrinə uyğun olaraq, suveren hüquqları əsasında bütün hüquqi və faktiki vasitələrdən istifadə edərək öz tarixi torpaqlarını qısa bir müddət ərzində düşməndən azad edəcəkdir.
Vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğal olunmuş ərazilərimizin geri qaytarılması, davamlı sülhə nail olunması istiqamətində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ölkəmizin milli, dövlətçilik maraqlarına söykənən cəsarətli siyasət yürüdür. Lakin Ermənistanın ələlxüsus son dövrlərdə sərgilədiyi qeyri-konstruktiv və dağıdıcı mövqeyi danışıqlar prosesinə ciddi zərbə vurur.
Hazırkı peşəm sülhü və dialoqu təşviq etməyi tələb etsə də, danışıqlar səmərə vermədiyindən, işğal olunmuş tarixi ərazilərimizdə Ermənistanın son azğınlaşmış, nümayişkaranə, saymazyana hərəkətləri və davranışları bizə torpaqlarımızın yalnız və yalnız hərbi yolla azad olunmasından başqa, alternativ buraxmır.
– Azərbaycan xarici siyasətini hansı yeni çağırışlar gözləyir?
– Qlobal iqtisadi böhranın dərinləşməsi və neft qiymətlərinin aşağı düşməsi vəziyyətində dövlətimiz Azərbaycan diplomatiyası qarşısında yeni vəzifələr qoyub. Konkret olaraq, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, istehsal, ixracatın daha da genişləndirilməsi, yeni bazarlara çıxışın təmin edilməsi, xarici yatırımların ölkəmizə cəlb edilməsi, enerji layihələrinin vaxtında başa çatdırılması və istismara verilməsi, nəqliyyat dəhlizlərindən uğurla istifadə olunması nəticəsində ölkəmizin dünyadakı mövqeyinin daha da möhkəmləndirilməsi, tranzit əhəmiyyətinin artırılması nəzərdə tutulur.
Bu hədəflər enerji və nəqliyyat layihələri ilə milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasını və yeni bazarlara çıxışın əldə edilməsini təmin edir.
– Müasir Azərbaycan diplomatiyasının ən mühüm uğurları hansılardır?
– Bu illər ərzində Azərbaycan diplomatiyası böyük uğurlar qazanıb. Həyata keçirilən daxili və xarici siyasət nəticəsində Azərbaycan dünya miqyaslı layihələrin təşəbbüsçüsü və iştirakçısına çevrilib. Bu gün Azərbaycan bütün istiqamətlərdə öz fəallığı ilə seçilir. Son 10 il ərzində Azərbaycan əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ölkə rəhbərliyi və diplomatik korpus ən mürəkkəb vəzifələrin həlli istiqamətində yorulmadan çalışır.
Diplomatiyamızın şübhəsiz, uğurlarından biri 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi olub. Bu onu göstərir ki, Azərbaycanın fəaliyyəti dünyada bəyənilir və hörmətlə qarşılanır. Ölkəmiz, həmçinin Avropa Şurası Nazirlər Komitəsinə uğurla sədrlik edib və eyni zamanda, BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan “Qoşulmama Hərəkatı”nın üzvüdür və ona 2019–2022-ci illərdə sədrlik edəcəkdir. Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında etibarlı tərəfdaş kimi töhfələr verərək fəaliyyət göstərir və həmçinin anti-terror koalisiyanın fəal iştirakçısıdır.
Azərbaycanın təşəbbüsü ilə “Bakı prosesi”, Mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumu və Bakı Humanitar Forumu keçirilir. Bu, Azərbaycanın multikulturalizm, beynəlxalq və dinlərarası dialoq, tolerantlıq dəyərlərinə nə dərəcədə əhəmiyyət verdiyini nümayiş etdirir. Bu dəyərlər bir millət olaraq, hər bir azərbaycanlının həyat tərzinə çevrilmişdir və biz bundan qürur duyuruq.
Azərbaycan tamhüquqlu üzv olduğu regional təşkilatlar – ATƏT, Avropa Şurası, İƏT, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, QDİƏT və digərləri ilə fəal əməkdaşlıq edir, Şanxay Əməkdaşlıq Təşkilatında isə dialoq üzrə tərəfdaş statusuna malikdir. Həmçinin, Aİ ilə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir və bu təşkilat ilə strateji tərəfdaşlıq sazişinin imzalanmasında maraqlıdır.
Azərbaycan, həmçinin iqtisadiyyat, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində mühüm beynəlxalq layihələrin təşəbbüskarıdır. Bu gün böyük İpək yolu üzərində yerləşən Azərbaycan Respublikası Avropa və Asiya, islam və xristian dünyaları arasında siyasi, iqtisadi, mədəni, nəqliyyat və digər sahələrdə beynəlxalq əhəmiyyətli etibarlı bir körpüdür. Müasir dövrdə beynəlxalq ictimaiyyətin belə körpüyə çox ehtiyacı vardır. Eyni zamanda, Azərbaycan Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz, “Cənub Qaz Dəhlizi”, onun tərkib hissələri olan TANAP və TAP layihələri, həmçi-nin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və bütövlükdə Avrasiya məkanı üçün vacib sayılan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri, Şərq–Qərb nəqliyyat dəhlizinin tərkib hissələri kimi, Bakı–Tbilisi–Qars də-mir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi beynəlxalq layi-hələrin təşəbbüskarı və əsas iştirakçısıdır.
Bütün bunlar Azərbaycanın xarici siyasət sahəsində böyük uğurlar əldə etdiyini təsdiqləyir. Azərbaycan dövləti tərəfindən biz diplomatlar qarşısında qoyulan yeni hədəflər və vəzifələr müstəqil Azərbaycanı yeni gələcəyə apa-rır. Əminəm ki, sıralarında çoxsaylı peşəkar, bacarıqlı, təcrübəli diplomat ordusu olan AR Xarici İşlər Nazirliyi bütün bu vəzifələri layiqincə yerinə yetirəcək.
– Bu gün Azərbaycan diplomatiyasının peşəkarlığını, hazırlıqlı kadr potensialını necə dəyərləndirirsiniz?
– Şübhəsiz ki, hazırda ölkəmizin savadlı, bacarıqlı, yüksək peşəkarlığı ilə seçilən çoxsaylı diplomatları vardır. Müstəqil dövlətin müstəqil milli diplomatlarını yetişdirmək üçün Azərbaycan Diplomatiya Akademiyası (ADA Universiteti) bu sahədə böyük nailiyyətlər əldə etmiş, yüksək hazırlıqlı gənc diplomatlar yetişdirməklə kadr korpusunu formalaşdırır. Artıq təcrübəli diplomatlarımızla yanaşı, bu dünya standartlarına cavab verən elm ocağının məzunları da ölkəmizi ayrı-ayrı dövlətlərdə ləyaqətlə təmsil edirlər. Bununla yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən mütəmadi olaraq, peşəkar kadr hazırlığını yüksəltmək, xarici dilləri bilən bacarıqlı gəncləri ciddi müsabiqələri keçməklə işə qəbul edilməsi, müxtəlif ixtisasartırma kurslarının təşkil edilməsi, habelə Nazirliyin strukturunun və normativ-hüquqi bazasının daha da təkmilləşdirilməsi istiqamətində mütəmadi tədbirlər görülür.
Bu gün Xarici İşlər Nazirliyinin əməkdaşlarının böyük əksəriyyətini gənclər təşkil edir. Gənclərin diplomatiyaya maraq göstərməsi çox sevindiricidir. Diplomatlarımız fərqli mədəniyyəti, ənənələri, iqlimi və siyasi mühiti olan müxtəlif ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Bu bir daha dövlətimizin diplomatiyaya ayırdığı xüsusi diqqət və dəstəyin təzahürüdür.
Moderator.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.