"Murad Köhnəqala ölməlidir" - İkinci Mahmudun dərc olunmayan müsahibəsi
9-07-2019, 07:48
Gənc yazar Kəramət Böyükçöl iki gün öncə dünyasını dəyişən İkinci Mahmuddan aldığı, amma dərc olunmayan müsahibəni yayımlayıb.
BakuPost xəbər verir ki, jurnalist bildirir ki, bu müsahibədən daha çox iki həmkar dostun dərdləşməsidir.
- Mahmud, ağıllı və məntiqli oğlansan, nə məsələt görürsən, biz necə eləyək ki, şair və yazıçılarımız ağ günə çıxsın?
- Nə yalan deyim, belə işlərdən bir o qədər də başım çıxmır. Arağı az içsinlər, əgər bacarırlarsa, başqa bir işlə məşğul olsunlar. Daha gəlirli sahələrdə özlərini sınasınlar. Prezident təqaüdü almaq uğrunda çalışsınlar. Ola bilsin, vəzifə də verildi. Ümumiyyətlə, vəziyyət elə də ümidsiz deyil.
- Aqil Abbasın "Dolu" romanını oxumusan?
- Bu yaxınlarda saytların birində bu roman haqqında müzakirə gedirdi. Mənə də təklif etdilər, qoşuldum. Fikrimi dedim. Bitirməyə hövsələm çatmadı, daha doğrusu, lazım bilmədim. Filmə isə bütövlükdə baxmışam.
- Məsələn, hansı 10 kitabın adını deyə bilərsən ki, yazıçı olmaq istəyən məhz bunları oxumalıdır?
- Mən yazıçı olmağın reseptini bilmirəm. Kitab oxumaqla yazıçı olmaq olarmı, onu da bilmirəm. Bu gün ədəbi mühitdə çox mütaliə etdiyi bilinən müəlliflər var, amma onlarda da alınmır, bilirsən. Fikrimcə, belə bir iddiası olan adam ilk növbədə folkloru, əruz və heca şeirini, Azərbaycan nəsrini, Qərb ədəbiyyatını, xüsusilə də ispan, fransız və ingilis dillli ədəbiyyatı oxumalıdır. Amma lazımdırsa, bir neçə müəllif adı çəkə bilərəm...
- Buyur...
- Hüqo, Servantes, Dostayevski, Çexov, Cek London, Markes və bir də Kəramət Böyükçöl...
- Səncə, neçə ilə keçməlidir ki, Azərbaycan cəmiyyəti Murad Köhnəqalanı yaxşı şair kimi qəbul eləsin?
- Məncə, Azərbaycan cəmiyyəti, daha doğrusu, bir qismi Murad Köhnəqalanı yaxşı şair kimi qəbul edir. Qalanının isə şeirdən başı çıxmır. Murad Köhnəqalanın "burdakı şair həyatımı Almaniyada süpürgəçi həyatına dəyişərdim" janrında bir şeiri var, çox xoşuma gəlir. İndi yadıma düşən bu oldu. O ki qaldı cəmiyyətə, bunun üçün Murad Köhnəqala ölməlidir, yaxşı olar ki, ölümü də bir az faciəvi olsun.
- İkinci dəfə dünyaya gəlsəydin, kim olmaq istəyərdin?
- Nadir Qafarzadə...
- Sənin bir yazıçı kimi yetişməyində rolu olan insanlar kimlərdir?
- Mən bir yazıçı kimi yetişə bilməmişəm. Ola bilsin də ki, bu heç vaxt baş verməyəcək. Mənim yaşımda sənin bir romanın çıxmışdı. Mən isə statusda ilişib qalmışam. Onlar da ki, plagiyatdır. Gördüyün kimi, kədərli mənzərədir.
- Özünü yetişdirmək haqqında niyə düşünmürsən? Sualı ciddi verirəm.
- Oxuyuram. Yazıb-pozuram. Yazdıqlarımı cırıb atıram. Hələlik bunlarla məşğulam. Daha doğrusu, "silib" atıram...
- Dini niyə tez tez tənqid edirsən? Keçən dəfə oturanda bu suala geniş və ətrfalı cavab vermişdin. Xoşuma gəlmişdi. Məsələn, guya sənin tənqid elədiyin şeyi başqaları bilmir? Yoxsa, özünü reklam edirsən?
- Bilənlər də var, bilməyənlər də. Mən bu iki yol arasında vurnuxanlarçün yazıram, tənqid edirəm. Yüz illərdi, din insanları əsarətdə saxlayır. Din zaman-zaman despotların əlində alətə çevrilib, əsarəti bir az da asanlaşdırıb, köləliyə don geydirib. Deyəsən, Borxes deyib ki, nə populyardırsa, axmaqlarındır. Buna inanıram. Dinsə, hər zaman populyar olub. Şərqə bütün geriliklərin səbəbini dində, daha dəqiq desək, İslamda, bir az yumşaltsaq, İslam zəminində formalaşan cəfəng fiikir sistemlərində, ərəb qrafikalı əlifbada görürəm. Din bəşəriyyətin ayağında sal daşı kimi sallanıb onu aşağı - bataqlığa dartır. Mən ora getmək istəmirəm. Ətrafımdakıları da qorumağa çalışıram. Fəxrlə deyirəm ki, bir yaxın dostumun dindən uzaqlaşmasında böyük rolum olub.
- Allahdan qorxmursan bu cür fikirlərinə görə? Fikirləşmirsən ki, Allah baba səni öldürər?
- Allahdan qorxmuram, amma Allahdan qorxanlardan qorxuram.
- Bəs niyə çox status yazırsan? Deyəsən, "facebook"dan çıxdın, amma yenə qayıtdın.
- Bu, məndə psixoza çevrilib, özümlə bacarmıram. Əlimə telefon, kompüter keçen kimi elə bil mənə vəhy gəlir, qulağıma qeybdən səslər, sözlər pıçıldayırlar. Mən də yazıb paylaşıram. Özümdən asılı deyil. Bu günlərdə psixoloq qəbuluna yazılmışam, gedəcəm, başqa yol qalmayıb.
- Bax, indi söhbət eləyə-eləyə bir status gupbuldada bilərsən, müsahibəmiz daha maraqlı olsun.
- Gərək qulağıma səs gələ, istədiyim vaxt alınmır. Dedim axı, özümdən asılı deyil bu.
- Fikirləş...
- Yaxşı, qoy birini guppuldadım. Deyir, söz də status deyil ki, yazıb sonra siləsən. Ağızdan çıxdı, qurtardı. Bu da ststus. Amma gərək axırda "smalik" qoyasan. Onda çox "like" gəlir. (gülür) Yoxlamışam dəfələrlə. Səncə, bu statusa neçə "layk" gələr?
- 100 "layk" bəsdi?
- Hə...
- Mahmud, burdan kimlərə salam göndərmək istəyirsən?
- Burdan mənim statusları "layk" edən hər kəsə salam göndərirəm! Sevirəm sizi. Allah sizi mənə çox görməsin. Amin.