“Çünki Cavid Qurbanovla Əli Nağıyev onun bandasının tələblərinə boyun əyməmişdi”

19-11-2015, 23:00           
“Çünki Cavid Qurbanovla Əli Nağıyev onun bandasının tələblərinə boyun əyməmişdi”
“Çünki Cavid Qurbanovla Əli Nağıyev onun bandasının tələblərinə boyun əyməmişdi”
“Bu nankorluğun səbəbi mənəviyyatsızlıq, şərəfsizlik, hədsiz tamahkarlıqdır”
“Etibar Əliyevə məxsus bankı Cahangir Hacıyev kimi quldurun, ölkənin varidatını yağı malı kimi dağıdanın sərəncamına verdilər”


Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Moderator.az - a sensasiya hesab olunacaq müsahibə verib.
Onunla əməkdaşımızın söhbətinin birinci hissəsini təqdim edirik:

- Fəzail bəy, son kadr dəyişiklikləriylə cəmiyyətin illərdi gözlədiyi islahatlara başlanıldığını iddia etmək olarmı?

- Mən sualın bu cür qoyuluşu ilə razı deyiləm. Çünki ölkə prezidenti 2003-cü ildə xalqın etimadı ilə dövlət başçısı seçildikdən bu günə qədər idarəçilik sistemində cəmiyyətimizin bütün tələblərini özündə əks etdirən hüquqi, iqtisadi, sosial, siyasi sahələrdə islahatlara başladı, bu islahatlar davamlı xarakter daşımaqdadır. Xatırlayırsınızsa yeni nazirliklər yaradıldı, icra strukturları təkmilləşdirildi, bəziləri ixtisar, bəziləri hətta ləğv edildi. Əlbəttə, bütün bunların hamısı təkcə idarəçilik islahatları kimi izah olunmalı deyil. Eyni zamanda bu həm də siz dediyiniz kimi kadr islahatları kimi də qiymətləndirilə bilər. Lakin son vaxtlar baş verən hadisələri kadr islahatı ilə məhdudlaşdırmazdım. Bu, kifayət qədər ciddi hadisədir və məncə ölkə prezidentinin əlində olduqca ciddi və təkzibolunmaz faktlar və bu faktlara söykənən siyasi iradə var. Söhbət bütövlükdə milli təhlükəsizliyimizin qorunub saxlanması və möhkəmlənməsinə yönələn siyasi iradədən gedir.


- Cəmiyyətdə belə bir qənaət formalaşıb ki, prezidentin etimadını doğrultmayanlar son günlər işdən kənarlaşdırılan məmurlarla məhdudlaşmamalıdır. Yəni prezidentin komandasında etimadı doğrultamayan hələ xeyli məmur var...

- Mən deyə bilmərəm bu siz dediyiniz kimi xeylidir, azdır və ya çoxdur. Mən bu təsnifatı aparmamışam. Amma mənim qənaətim ondan ibarətdir ki, ölkə prezidentinin etimadını doğrultmayan, onun üzərinə qoyulan məsuliyyəti dərk eləyib xalqa xidmət etməyi bacarmayan məmurlar var. Ancaq onlar da baş verənlərdən nəticə çıxarmalıdırlar. Yolunu azan hər kəsin eyni aqibəti yaşayacağına da şübhə olmamalıdır. Ölkə prezidenti dəfələrlə ən müxtəlif görüşlərdə, müşavirələrdə qətiyyətlə bildirib ki, mən xalqın bir nömrəli xidmətçisiyəm. Prezident bütün məmurlardan da, idarəçilik sistemində olan hər kəsdən də xalqın xidmətçisi olmağı tələb edib. İndi siz təsəvvür edin ki, insan nə qədər məhdud dünyagörüşə malik ola, nə qədər cılız hislərlə, eyni zamanda bitib - tükənməyən tamahla, bu tamaha yönəlik ehtiraslarla yaşaya bilər ki, prezidentin bu xəbərdarlığından nəticə çıxarmasın? Ölkə prezidentinin bu fikirlərini biz siz jurnalistlərlə dəfələrlə müzakirə etmişik və dövlət başçısını dəstəkləyən ictimai rəyi ortalığa qoymuşuq. Nəhayət, həmin məmurlara qarşı ölkə prezidentinin son müşavirədə söylədiyi “artıq hövsələm yoxdur” xəbərdarlığından sonra düşünmək olardı ki, bu mesajın ardından ciddi addımlar atılacaq. Prezidentin ritorikası ondan xəbər verirdi ki, o baş verənlərdən kifayət qədər məlumatlıdır və konkret addımlar atmaqda qərarlıdır. Baxmayaraq ki, ölkə parlament seçkiləri ərəfəsindəydi, kimsə belə bir həssas məqamda bu cür radikal addımlar atılmasını düşünmürdü, heç bir analitik də belə bir şeyi proqnozlaşdırmırdı ki, prezident seçkiöncəsi milli təhlükəsizlik nazirini işdən kənarlaşdıra bilər. Beləliklə də ölkə prezidenti hər kəsə xalqın bir nömrəli xidmətçisi olduğunu sübut elədi, bu xidmətçi rolundan kənarda duran, yalnız öz ailəsinə, var - dövlətini artırmağa, villalarının sayını çoxaltmağa, nəhəng biznes şəbəkəsi yaratmağa, qohumlarını, yaxınlarını öz cinayətkar şəbəkəsinə cəlb edərək quldur dəstəsi yaratmağa xidmət edənlərin son aqibətini göstərdi. Məncə, bu hələ proseslərin başlanğıcıdır.

- Elimizin çox gözəl və hikmətamiz bir məsəli var ki, şans bir qızıl üzükdür, o bir ömürdə yalnız bir dəfə barmağa keçir. Amma tale Eldar Mahmudovun üzünə iki dəfə gülmüşdü. DİN strukturlarından qovulan bir şəxs illər sonra gözlənilmədən MTN rəhbərliyinə gətirildi. İlham Əliyev daha ona hansı etimad göstərməliydi ki, o, çasmasın? Sizcə Eldar Mahmudova göstərilən belə bir etimadın qarşılığında sərgilənən bu nankorluğun səbəbi nədədir?

- Bu nankorluğun səbəbi mənəviyyatsızlıq, şərəfsizlik, hədsiz dərəcədə tamahkarlıq, xalqına, dövlətinə bağlı olmamaqdır. Mən heç zaman təsəvvürümə gətirə bilməzdim ki, Milli Təhlükəsizlik Nazirliyində Eldar Mahmudov belə bir banda formalaşdıraraq dəhşətli cinayətlərə yol versin. Necə deyərlər, yatsam yuxuma da girməzdi ki, milli təhlükəsizlik naziri bu banda ilə təkcə ölkə sahibkarlığını deyil, dövlətin iqtisadi dayaqlarını, onurğa sütununu sarsıdaraq onu məhv etməyə yönəlik cinayətkar fəaliyyət göstərə bilər. Biz əlbəttə məhdud informasiyaya malikik. Nə baş verdiyini də dəqiq bilmirik. Amma görünən odur ki, bir tərəfdən sahibkarlığa ciddi zərbələr vurulub, başqa tərəfdən insanlar təhdid olunaraq, başlarına torba keçirilərək qeyri - qanuni saxlanma yerlərində işgəncə verilərək onların varidatı talanıb, pulları yoxdursa əllərində olan mülkiyyət, maliyyə rıçaqları zorla özününkiləşdirilib. Məsələn, “Texnika Bank”ın rəhbəri Etibar Əliyevin başına hansı oyun qaldı açmasınlar? Aparıb qanunsuz olaraq 8 ay saxladılar, min bir oyundan sonra ona məxsus bankı Cahangir Hacıyev kimi quldurun, ölkənin varidatını yağı malı kimi dağıdanın sərəncamına verdilər, eyni zamanda ölkənin maliyyə sisteminə sarsıdıcı zərbə vuruldu, beləliklə nüfuzlu imicə malik bir bank çökdürüldü. Bundan başqa bir sıra digər banklar da müxtəlif yollarla ələ keçirildi və beləliklə ölkənin bank - maliyyə sisteminə nəzarət funksiyasını reallaşdırdılar.


- Bircə İlham Əliyevi devirmək qalıbmış...

- Elə ona gəlirəm. Təsəvvür edin ki, bu qədər cinayət toplusu bunlara kifayət etməyib və azğınlaşmış banda daha da qabağa getməkdə israrlı olub. Milli sahibkarlığı məhv edən bu quldurlar ölkədə narazılıq yaranmasına, hakimiyyətə qarşı etirazların baş qaldırmasına rəvac veriblər. Bütün bunlarla kifayətlənməyən banda hətta dövlətçiliyimizə xidmət edən siyasi xadimlərə qarşı da qaralama kampaniyasına əl atıblar. Başqa sözlə, Eldar Mahmudovun iradəsinə tabe olmayan və onun bandasının tələblərinə boyun əyməyənlərə qarşı müxtəlif yollarla şantajlar həyata keçirilib. Kimdir Eldar Mahmudovun qəzəbinə gələn bu şəxslər? Cavid Qurbanov, Əli Nağıyev. Bu hələ harasıdır? Ramiz Mehdiyevi, onun oğlunu da ləkələməkdən, şantaj etməkdən çəkinməyiblər. İnsan nə qədər yaramaz olsun ki, bütün bu məkrli addımları ata bilsin? Mətbuatdan bəlli oldu ki, sizin həmkarınız Pərviz Həşimli MTN tərəfindən həbs edilərək ona ən müxtəlif işgəncələr verilir və ondan tələb olunur ki, yuxarıda adlarını çəkdiyimiz insanlar haqqında ifşaedici ifadələr verməlisən. Niyə? Çünki o adamların bəziləri Eldar Mahmudovun qarşısında ciddi maneə, bəziləri isə onun iradəsinə tabe olmayanlar idi. Məncə Eldar Mahmudovuyn bandası tərəfindən həbsxanaya atılan insanların işinə yenidən baxılmalıdır. Milli Təhlükəsizlik Nazirliyindəki bandanın günahı üzündən bu günədək həbsxanada yatan insanların taleyinə biganə qalmaq olmaz. Burada söhbət təkcə Pərviz Həşimlidən getmir. Pərviz jurnalistdir deyə mən onun adını çəkdim. Mən Pərvizin yazılarında, davranışlarında hər hansı radikallıq görməmişəm. Onun dövlətçilik üçün də təhlükəli olduğunu təsəvvürümə gətimirəm. Məncə onun işinə yenidən baxılmaldıır. Gəlin görək Pərviz təkdirmi?


- Onun kimi zindanlarda əziyyət çəkən xeyli sayda adam var...

- Əminəm ki, ölkənin baş prokuroru Zakir Qaralov və istintaq qrupu bütün bunlara aydınlıq gətirəcək.

- Eldar Mahmudov vaxtilə DİN İqtisadi Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi olarkən deyilənə görə, nazir Ramil Usubovun onun rəhbərlik etdiyi idarəni yerli - dibli ləğv etməkdən başqa çarəsi qalmayıb. İllər sonra bir daha bəlli oldu ki, Ramil Usubov sən demə, yanılmayıbmış...

Ardı var...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.