Xalq artisti sirləri açdı: Behbudovu kim incik saldı?
28-09-2019, 09:38
Korifey sənətkar Rəşid Behbudovun uzun illərdir Azərbaycandan incik düşən və ölkəni birdəfəlik tərk edərək Ukraynada məskunlaşan bacısı oğlu müğənni Cəfər Behbudovun vəfat xəbəri onun Azərbaycandakı dostlarını da sarsıdıb.
Mərhum müğənni üçün bir neçə mahnı bəstələyən bəstəkar Eldar Mansurov Kult.az-a açıqlamasında bildirib ki, Cəfər Behbudov uzun illər ölkədən uzaq düşsə də, onunla mütəmadi olaraq danışıb:
“Biz onunla tez-tez danışırdıq. Telefonla da əlaqə saxlayırdıq, internet vasitəsilə də danışırdıq”.
Mərhum müğənni ilə zaman-zaman eyni səhnəni bölüşən xalq artisti Flora Kərimova isə Cəfərin ölüm xəbərinin onu sarsıtdığını bildirib. Behbudovun Azərbaycanı birdəfəlik tərk etməsindən danışan F.Kərimova bildirib ki, onun gedişi ilə səhnəmiz böyük səs itirmiş oldu:
“Bu xəbər məni çox sarsıtdı. Belə gözəl insan da dünyadan getdi. Cəfər heç kəsdən heç nə gözləmirdi, ancaq dayısı Rəşid Behbudovdan çox şey umurdu. O, elə düşünürdü ki, bəlkə də səhnədə hələ tam olaraq yetişməyib, buna görə Rəşid Behbudovdan dəstək gözləyirdi. Ancaq Rəşid Behbudov sona qədər onun yanında ola bilmədi. O da bu yolda çox çapaladı. Mən özüm də ona çox kömək etməyə çalışdım. Zaman-zaman özümlə proqramlara çıxardım. Çox çalışdım ki, televiziyada da ona kömək edim.
Daha sonra özündən yaşca çox böyük bir xanımla ailə qurdu. Xanımı çox gözəl insan idi.
Azərbaycan Dövlət Teleradiosunun solistlər ansamblının rəhbəri rəhmətlik Rafiq Babayev xaricə gedəndə ixtisar siyahısı hazırlamışdı və siyahıda Cəfər Behbudovun da adı var idi. Bu, Rafiq müəllimdən asılı deyildi. O zaman Cəfər Behbudov Azərbaycan Televiziyasının estrada orkestrinin solisti idi. Görünür, həmin vaxt orkestrə az adam lazım olub. Orkestrdə ən cavanı Cəfər idi deyə, onu da ixtisara saldılar. Cəfər də buna görə çox pərt oldu. Buna dözə bilmədiyi üçün Azərbaycandan getdi. Heç kəslə əlaqə saxlamadı. Çox heyf ki, o cür səsi itirdik. Cəfər olduqca həlim, mehriban biri idi. Zərrə qədər paxıllığı yox idi. Özü öz üzərində işləyirdi, özünə qarşı iddialı idi.
Mən onu həmişə çox gözəl xatirələrlə, həlim və mehriban biri kimi xatırlayacağam. O, Azərbaycanın itirdiyi gözəl səslərdən biri oldu”.
Qeyd edək ki, Cəfər Behbudov illər əvvəl Azərbaycan mediasında müsahibəsində öz incikliyini bu sözlərlə ifadə etmişdi:
“Ümumiyyətlə, istəmirəm ki, Azərbaycanda xatırlanım. Nəyi dəyişəcək bu? Amma Bakı gözəl şəhərdir. Gəncliyimin şəhəridir Bakı. Televizorda baxıram, şəhər çox dəyişib, gözəlləşib. Amma qayıtmaq fikrim yoxdur.
Qoy hamının yadında necə qalmışamsa, elə də xatırlanım. Təəssüf ki, mən imkanlarımın 50 faizini reallaşdıra bilmədim. Bacarığımın cəmi yarısını qoya bildim sənətə. Çətinliklər, maneələr çox oldu mənə”.
Xatırladaq ki, korifey sənətkar Rəşid Behbudovun bacısı oğlu Cəfər Behbudov ötən gün səhər saatlarında vəfat edib.