Bütöv Azərbaycan dövləti necə qurulacaq?

7-10-2019, 10:00           
Bütöv Azərbaycan dövləti necə qurulacaq?

Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Prezidentin eks-köməkçisi, politoloq Eldar Namazovun Axar.az-a müsahibəsi:

- Millətçiliklə demokratiya bir-birinə zidd səslənmir ki?

- Niyə Azərbaycanda demokratiya ideyaları istədiyimiz qədər həyat tərzinə çevrilməyib?

Söhbət yalnız hakimiyyətdən və müxalifətdən deyil, cəmiyyətin özündən də gedir. Səbəblərdən biri odur ki, bütün dünyada demokratik sistemlər öz tarixi ənənələrinin üzərində qurulub. Demokratiya hər bir xalqın keçdiyi tarixi yolun son və qaçılmaz bir mərhələsidir. Avropada demokratik sistemlər onların öz təcrübələri və tarixləri əsasında qurulub. Onlar bunu kənardan idxal modeli kimi gətirməyiblər. Təəssüflər olsun ki, bizdə SSRİ dağıldıqdan və biz müstəqilliyimizi əldə etdikdən sonra yanaşma bir qədər fərqli oldu. Hər kəs Avropada hazır modellərin olduğunu, onların tətbiq edilməsi gərəkdiyini düşündü. Yəni orada bu işləyirsə, burada da işləməlidir. Əslində isə elə deyil. Demokratiya “Mersedes” deyil ki, alıb istifadə edəsən.

İki misal çəkəcəyəm. Yerli özünüidarəetmə mexanizmləri olan bələdiyyələr var. İnsanların çoxu bu günə kimi bunun nə demək olduğunu anlamır. Lakin bizim öz tarixi ənənələrimiz var. Orta əsrə aid bütün müəllifləri oxusanız, görərsiniz ki, Azərbaycanın hər kəndində, şəhərində Ağsaqqallar Şuraları olub və onlar da lokal əhəmiyyət kəsb edən bütün mübahisəli məsələləri həll ediblər. O məsələlərə mərkəzi hakimiyyət qarışmayıb və onlar problemlərinə adət-ənənələrinə uyğun həll tapıblar. Əslinə qalsa, bu, yerli özünüidarəetmə institutudur. Hansı azərbaycanlıdan soruşsan, Ağsaqqallar Şurasının nə olduğunu anlayacaq. Əslində biz Azərbaycanda Ağsaqqallar Şurası yaratmalıydıq və qanunla bunun fəaliyyətinin təminatı üçün maliyyə əsaslarını formalaşdırmalıydıq ki, onlar öz bölgələrinin lokal məsələlərini həll etsinlər. Biz o yolla getsək, öz kökümüzün üzərində demokratik, müasir yerli özünü idarəetmə sistemi yaradacağıq. Yoxsa biz desək ki, Fransada hansısa model var, onu dilimizə çevirib adını bələdiyyə qoyaq və onu burada tətbiq edək, cəmiyyət buna mənfi yanaşacaq.

Əslində Avropadakı yerli özünüidarəetmə sistemləri də orta əsrlərdə özlərində olan modelin əsasında qurulub və hətta onlar bu işi görərkən orta əsrlərdə istifadə edilən adları belə dəyişmədilər. Məsələn, bu gün Britaniya parlamentində spiker, orta əsrlərdə olduğu kimi, qoyun yunu ilə dolu kisənin üzərində oturur. Heç kim buna gülüb, arxaik şey olduğunu söyləmir.

Qərb qədər demokrat - El konsepsiyası

- Onsuz da tarixindəki yaxşı ənənələrdən faydalanmağa hər zaman Qərb öncüllük edib. Bu, Şərqin həmişə ağrılı yeri olaraq qalıb. İkinci misal nə haqqındadır?

- Biz tez-tez deyirik ki, ABŞ-da prezidentə verilən hədiyyələr filan qiymətdən və filan həcmdən yuxarıdırsa, onu mütləq muzeyə təqdim etməlidir. Yəni ABŞ Prezidentinin buna ixtiyarı yoxdur. Bizdə isə çoxları buna baxıb deyir ki, görün onlar necə inkişaf ediblər və biz onlardan nə qədər geridəyik. Dədə Qorqud dastanını oxuyun. Burada göstərilir ki, ildə bir dəfə xan öz evini yağmaladardı. Yəni bəylər tərəfindən seçilmiş xan ailə üzvlərini götürüb yaşadığı yerdən çıxardı, onun təşkil etdiyi toya (bayram, şənlik) gələn şəxslər onun çadırına girər və ürəkləri istədikləri şeyi götürərdilər. Bunun mənası o deməkdir ki, xan seçilmisənsə, əldə etdiyin bütün hədiyyələr və qənimətlər sənə məxsus deyil. Səni seçmişik ki, bizə xidmət edəsən. Yəni min il əvvəl bizdə belə adət var idi. Seçdiyin xan xalqın hesabına varlana bilməz. İldə bir dəfə onun sərvəti bölüşdürüldü ki, ədalət bərpa edilsin. Demokratiyaya xas olan institutlar, adət-ənənələr bizim öz kökümüzdə, tariximizdə var və biz demokratiyanı onun üzərində qurmalıyıq.

Türk dünyasının yaratdığı gözəl bir el konsepsiyası var. El həm vahid millət deməkdir, həm ərazi və oba, həm də ədaləti dövlət quruluşu. Bu sözün içərisində üç məna var və üçü də çox önəmlidir. Bax belə tarixi ənənələrin üzərində müasir dövlət qurulanda həm davamlı olur, həm də insanlar üçün də onu qəbul etmək, anlamaq çox rahat olur. Yoxsa biz demokratiyaya Fransa və ya Avropada icad olunmuş xarici mal kimi baxsaq, bizim cəmiyyətdə o, heç vaxt istədiyimiz kimi qəbul edilməyəcək.

Ona görə də hazırda sağlam millətçilik də önəmlidir, çünki biz elə bir dünyada yaşayırıq ki, bütün millətlər özlərini qorumaq üçün bu ideologiyaya əl atmağa məcburdurlar. Ona görə də biz indi Avropada sağçıların ildən-ilə və seçkidən-seçkiyə güclənmələrini görürük. Bəzi yerlərdə onlar artıq hakimiyyətə də gəliblər. 20 il bundan əvvəl bu partiyaların heç parlamentdə təmsil oluna biləcəkləri düşünülmürdü, amma indi onlar hakimiyyətdə otururlar. ABŞ kimi demokratik dünyanın lideri sayılan ölkəyə sağlam millətçiləri təmsil edən şəxs prezident seçilib və dünyaya bəyan edir ki, dünyanın gələcəyi müstəqil dövlətlərin maraqlarının uzlaşmasından keçir. Belə bir vəziyyətdə biz bir tərəfdən öz millətimizi bu çətin dönəmdə qoruyub saxlamaq üçün sağlam millətçiliyin ideologiyasını gücləndirməliyik, eyni zamanda, dünyəvi və demokratik sistemi öz köklərimizin üstündə inşa etməliyik. Biz nə Parisdən, nə Brüsseldən, nə də Vaşinqtondan göndərilən material əsasında bu inşanı aparmamalıyıq.

- El konsepsiyası. Kifayət qədər maraqlı adı var. Yəni türklər bunu məqbul hesab edirlərmi?

- “El” siyasi doktrinası haqqında bir sıra türk dövlət başçıları məqalələrlə çıxış ediblər. Bu artıq ümumtürk anlayışıdır. Bunun da xüsusiyyətlərindən biri odur ki, eldə hamı üçün rahat və sərbəst yaşamaq azadlıqları yaradılır. Buna görə “El konsepsiyası” türk xalqları üçün əlverişlidir, yəni onları mentalitetinə, adət-ənənələrinə uyğun tarixi konsepsiyadır.

- Bizdə hər dəfə millətçilik anlayışı gündəmə gələndə dərhal “Azərbaycanda digər etnik qruplar da var və narazılıq yaradacaq” kimi fikirlər tirajlanmağa başlanılır. Belə keçid bu Eldə bölücülük yaratmazmı?

- Keçən minilliklərdə Avrasiya materikində ən böyük imperatorluqları türk xalqları yaradıb və yüzlərlə başqa xalqlar həmin imperiyalarda rahat yaşayıblar. Onlar türklərlə bir yerdə, çiyin-çiyinə müharibələr aparıb, qələbələr qazanıblar. El anlayışı türk dünyasının içindən çıxan anlayış olmaqla, bərabər, eyni zamanda, bütün Avrasiya məkanındakı xalqların da rahat yaşamasını nəzərdə tutan ideologiyadır. Ona görə də hansı eli – tarixi imperiyaları götürsəniz, görərsiniz ki, orada türklər bir çox hallarda çoxluq da təşkil etməyiblər, amma onlara çoxlu sayda xalqlar, millətlər qatılıblar və onların həyatında çox cüzi miqdarda mərkəzi hökumətin rolu olub. Yəni hər bölgənin müstəqilliyi kifayət qədər geniş olub, hər xalq istədiyi qaydada yaşayıb və eldə qəbul edilmiş qayda-qanunlara riayət ediblər. Bunun sayəsində onlar özlərini sərbəst hiss ediblər və özləri üçün bunu məqbul sayıblar.

Rus alimləri Rusiya imperiyası yarananda türk-slavyan birliyinin bütün tarixini saxtalaşdırdılar. Onlar yeni bir ideologiya uydurdular ki, guya türklər hər zaman rusları əziblər və ruslar da onlarla mübarizə aparıblar. Tarixi proseslər isə tamam başqa cürdür. SSRİ zamanında bunu danışmaq qadağan idi. Yalnız bir rejissor – Tarkovskinin filmlərindən birində bu haqda gözəl səhnələr görmüşəm. Rəsmi tarix kitablarında yazılırdı ki, türklər hücum edib hansısa rus knyazlığını ələ keçirdilər, Tarkovski isə göstərir ki, rus knyazları özlərinin qohumları və dostları olan türk xanları ilə birgə başqa türk xanlarının dəstəklədiyi başqa rus knyazları ilə mübarizə aparıblar. Yəni orada hər iki birlik slavyanlar və türklərdən ibarət idi.

Aleksandr Nevski rusların məşhur qəhrəmanıdır. Guya ki, o, Baltikyanı və alman ordenləri ilə mübarizə aparıb. Ruslar bunun haqqında filmlər çəkiblər. Tarixi sənədlərə baxın. Bu adam türk elinin bir hissəsi olub. Onun türk xanları ilə sazişi var idi və almanlar dirənmişdilər ki, o sazişi poz və bizlə saziş imzala, amma Nevski türklərlə sazişə sadiq qalacağını dedi. Əslində Aleksandr Nevskinin davası müstəqillik uğrunda yox, türk xanları ilə imzaladığı sənədə sadiq qalmaq davası idi və türk xanları da Nevskiyə bu savaşda dəstək verirdilər.

Guya monqol-tatar ordusu ilə rusların arasında Kulikova döyüşü deyilən bir şey baş verib. Əslində isə bu uydurmadır. Tarixçilər deyirlər ki, buna bənzər döyüş olub, amma burada rus knyazları ilə çiyin-çiyinə türk xanları da dayanmışdı. Maraqlı məqam odur ki, monqolların tərəfində ermənilər vuruşurdu. Onlar Cənubi Qafqazdan keçib, rus torpaqlarına girəndə onlara qoşulan dəstələrdən biri də ermənilər olub.

Demək istədiyim odur ki, türk eli slavyanlara da, farsdillilərə, qafqazdillilərə hər zaman məqbul olan birlik olub. Bura hər kəsin rahatlıqla qoşulması, onların uzun illər ərzində böyük imperiyalar yaratmasına imkan yaradıb. Bu imperiyaların sərhədləri bir tərəfdən Avropaya, digər tərəfdən Çinə çatırdı. Bunun hamısı el ideologiyası və konsepsiyanın əsasında yanaşmanın nəticəsi idi. Ona görə də sağlam millətçilik, el ideologiyası dedikdə, bu heç də başqa millətlərə qarşı olan məsələ deyil. Əksinə bu onlara rahat yaşamaq, təhlükəsizliklərini təmin etmək şəraiti yaradır.

Fikir verin, Avropada yaranmış imperiyaların mərkəzləri olub və bu mərkəzlərdə indiyə qədər qalan böyük saraylar, qızıllar və s. yer alıb. Bəs niyə türk imperiyalarında bu olmayıb? Ona görə ki, mərkəzi hökumət burada yerdə qalanlardan məcburi şəkildə var-dövlətini almırdı. Hətta bu yaxınlarda Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski son seçkilərlə bağlı kəskin çıxış edib, dedi ki, türk imperatorları, monqol-tatarlar belə az vergi istəyirdilər, amma siz Moskvada bizim əlimizdən hər şeyi alıbsınız.

Azərbaycanı xilas edən “Dərin millət”

- Həm dövlət, həm xalq olaraq baş verəcəklərə nə dərəcədə hazırıq?

- İlk dəfə türk adı hələ eramızdan bir neçə min il əvvəl Akkad yazılarında aşkarlanıb. Orada təxminən tarixi Azərbaycan ərazisində Türük çarlığının və xalqının adı qeyd edilir. Bütün alimlər də deyirlər ki, türk sözü türük sözünün qısaldılmış variantıdır. Akademik Bartolddan tutmuş bütün türkoloqlar üçün bu həqiqətdir. Ən azı 8 min il əvvəl bu ərazidə soyadı türk olan və qıraqdan da türk deyə çağırılan bir millət yaşayıb. O dövrdə yaşayan xalqların çoxu əriyib getdi. O vaxt da biz göyə baxıb Tanrıya inanırdıq, indi də Allah sözüylə Tanrı sözü arasında fərq qoymuruq. Bu Tanrı bizi 8 min ildir qoruyub saxlayıbsa, deməli, bu millətin genində onu qoruyan çox güclü mexanizmlər var.

- Maraqlıdır, azərbaycanlıları indiyə qədər qoruyan mexanizm hansıdır?

- Müxtəlif xalqlarda müxtəlif institutlar olub. Türkiyədə müasir türk dövlətinin sütunu ordu sayılır, ermənilərdə bu rolu həmişə kilsə oynayıb. Azərbaycan türklərində minilliklərlə, əsrlərlə bu rolu ziyalılar oynayıb - nəsildən nəsilə, eldən elə...

Burada 8 min il bir-biriylə zəncirvari formada bel sütunu kimi bağlı türklük institutu var. Bu, heç vaxt qırılmayıb. Bunu da eldən-elə, nəsildən nəsilə yaşadan Azərbaycanın alimləri, ziyalıları, düşünən beyinləri olub.

Türk təcrübəsində analogiya gətirsək, görərik ki, onlarda “dərin dövlət” anlayışı var, Cənubi Qafqaz, Azərbaycan türklərində bunu “dərin millət” anlayışı əvəz edir. Bu haqda dünya alimləri müəyyən araşdırmalar aparırlar. Bu yaxınlarda genitik araşdırmalar aparan ən nüfuzlu alimlərdən birinin çıxışına qulaq asdım. O deyir ki, 8 min il əvvəl Şumerin ən birinci şəhərində - Uruk şəhərində yaşayanlar türkdilli olublar. Cənubi Qafqaz və Azərbaycan tərəfə onlar miqrasiya ediblər. Onlarla indiki azərbaycanlılar arasında 40% genetik oxşarlıq var. Söhbət ən qədim sivilizasiyadan, müasir dünyanın beşiyi sayılan mədəniyyətdən, onun ilk şəhəri olan Urukdan gedir. Alimlər onu türkdilli sayır, prototürklərlə bağlayırlar. Ona görə də elə dövrlər olub ki, müxtəlif geosiyasi proseslər nəticəsində bizə çox böyük zərbələr dəyib, bəzi zamanlarda biz dövlətçiliyimizi itirmişik, bir sıra hallarda başqa xalqlar hökmranlıq ediblər, amma bu 8 min il ərzində bunların hamısı əriyib getsə də, biz yaşayırıq. Əminəm ki, bizi 8 min il ərzində yaşadan “dərin millət” anlayışı olub. O bizə imkan verib ki, bu qədər böyük yolu keçib, bu günə gələk. Bizlə eyni vaxtda Şumer və Akkad yazılarında adları çəkilən xalqların heç biri bu günə qalmayıblar.

- Biz geosiyasi layihələrdən danışdıq, amma biz hələ də bunu gerçəkləşdirəcək Şuraya sahib deyilik. Yəni bu vəziyyətdə belə layihələrin reallaşması nə dərəcədə realdır?

- Bütün hallarda bizə Qarabağ məsələsi və digər layihələri koordinasiya etmək üçün TŞ tipli qurum olmalıdır. Bu haqda dəfələrlə demişəm. Bir məsələni vurğulamaq istəyirəm. Bu layihə Şimali Azərbaycanda yaşayan 10 milyonluq xalqın proyekti deyil. Bu, 50 milyonluq Azərbaycan türkünün proyektidir. Mən çox sevinirəm ki, indi müxtəlif ölkələrdə - ABŞ-da da, Avropada da bu haqda düşünən və çalışan çoxlu sayda soydaşımız var. Bu haqda Təbrizdə də, Vaşinqtonda da, Nyu Yorkda da, Brüsseldə də, Gəncədə də, Bakıda da düşünən, bu ideyaları reallaşdırmaq üçün hər şeydən keçməyə hazır olan milyonlarla həmvətənimiz var. Əsas gücümüz buradadır. Biz bu prosesi birgə apara bilsək, istədiyimizə nail olacağıq. Vahid Azərbaycan dövləti formalaşandan sonra artıq əsas yük dövlət orqanlarının üzərinə düşəcək. İndi isə 50 milyonluq Azərbaycan türkü özü bu prosesi aparmalı və həyata keçirməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.