Bəstəkarlar İttifaqının sədri: “Onlara baxanda adam xəcalət çəkir”

7-11-2019, 11:17           
Bəstəkarlar İttifaqının sədri: “Onlara baxanda adam xəcalət çəkir”
Xəbər verdiyimiz kimi, oktyabrın 25-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) 85 illiyinə həsr olunmuş Musiqi Festivalı ilə əlaqədar mətbuat konfransı keçirilib. Konfrans çərçivəsində bir sıra məsələlərə toxunan ABİ sədri Firəngiz Əlizadə AYNA əməkdaşının da suallarını cavablandırıb.



- Firəngiz xanım, incəsənət sahələrini özündə birləşdirən qurumların fəaliyyətinə ehtiyac varmı?



- Görkəmli bəstəkar Tofiq Quliyevin Bəstəkarlar İttifaqına sədrlik etdiyi vaxtlarda İttifaq özünün ən çətin dövrlərini yaşayırdı. Həmin zamanlarda da belə bir fikir formalaşmışdı ki, yaradıcı ittifaqların fəaliyyətinə ehtiyac yoxdur və ittifaqlar ləğv olunmalıdır. Səbəb də onu gətirirdilər ki, müstəqil Azərbaycan Respublikasında Sovet İttifaqının qalıqları olan qurumlara ehtiyac yoxdur. Amma bizim qurumlarımız bu gün də öz fəaliyyətini davam etdirir və böyük uğurlar qazanır. Təkcə Bəstəkarlar İttifaqı deyil, həmçinin Yazıçılar Birliyi, Rəssamlar İtiifaqı, Teatr Xadimləri İtiifaqı, Kino İttifaqı da bu uğurlara imza atır. Çünki bu qurumlara böyük ehtiyac var və onların fəaliyyəti təqdirəlayiqdir. Onlar xalq tərəfindən qəbul olunur və uğurları danılmazdır.



- Bəstəkarlar İttifaqı “Nəsimi ili”nə həsr olunmuş layihələr həyata keçirirmi?



- Biz Nəsimiyə həsr olunan bir sıra tədbirlər həyata keçirmişik. Bununla bağlı olaraq Bakı Musiqi Akademiyasında böyük müsabiqə keçirildi və laureatlarımız oldu. Hətta laureatların bəziləri tələbələrdən ibarət idi. Bundan əlavə, bu yaxınlarda Almaniyada “Nəsimi ili”nə həsr olunmuş tədbir həyata keçirdik. Müasir dünya musiqisinin mərkəzi olan Berlin şəhərində gənclərin iştirakı ilə 3 konsertimiz baş tutdu. Təbii ki, Nəsimi mövzusu hal-hazırda ən mühüm mövzulardan biridir.



- Bəstəkarlar İttifaqına yeni nəfəs, yeni tərz gətirmək üçün gənc bəstəkarları quruma cəlb edirsiniz?



- Təbii ki, müntəzəm olaraq bizim qəbullarımız keçirilir. Çalışırıq ki, bu qəbulları musiqi günündə həyata keçirək. Təxminən il əzində 5-6 nəfəri İttifaqa qəbul edirik. Lakin bu bəstəkarlar arasında gənclərlə bərabər, gənc olmayanlar da var. Ancaq bizim əsasnaməmizdəki qaydalar bir az sərtdir. ABİ-nin əsasnaməsi Yazıçılar Birliyi və Rəssamlar İttifaqının qaydalarına bənzəmir. O qurumların 1000-dən çox üzvü olsa da, bəziləri səsvermə hüququna malik deyil. Amma biz bunu etmək istəmirik. Bizim əsasnamədə 1-ci şərt ondan ibarətdir ki, ittifaqa müraciət edən şəxsin ali təhsili olmalı və diplomunda bsətəkar, yaxud musiqişünas ixtisası yazılmalıdır. Bu əsasnamə 85 ildir ki, mövcuddur. Lakin həmkarlar sərbəstlik istəsələr, biz barədə də düşünə bilərik. Amma mənə elə gəlir ki, Bəstəkarlar İttifaqı məhz belə olmalıdır. Çünki bəstəkarlıq çətin və məsuliyyətli bir peşədir.



- Bəstəkarlar İttifaqının 85 yaşı olmasına baxmayaraq, efirimizi müğənnilərin bayağı musiqilər bəzəyir. Səbəb nədir?



- Bəstəkar mahnını yazır. Hansısa bir müğənni də o mahnını bərbad səslə ifa edir. Bəstəkar da bu işdən pul qazandığı üçün etiraz etmir. Bizim böyük azadlıqlarımız var. Bu, gözəldir. Amma azadlıqdan da yaxşı mənada istifadə etmək lazımdır. Bu məsələ bizdə hələ yüksək səviyyədə deyil. Ona görə də diqqətli olmaq lazımdır. Əslində keyfiyyətli əsər yazmaq çətin deyil, o əsərləri ifa edib xalqa çatdırmaq çətindir. Mən eşitməmişəm ki, bizim simfonik orekstirimiz hansısa ölkəyə səfər edib, orada konsert proqramı ilə çıxış etsin. Yalnız Azərbaycan mədəniyyət günlərində buna rast gəlmək olar. Mədəniyyət hüdudsuz və sərhədsizdir. Daim inkişaf etməli və maariflənməliyik.



- Bu cür problemlərin qarşısnı necə almaq olar?



- Düşünürəm ki, iri həcmli əsərlər yazmalı və xalqımızı düşündürməliyik. Bunun üçün ilk növbədə bədii şuralar bərpa olunmalıdır. Mən 2007-ci ildə İttifaqa sədr seçiləndə bütün telekanallara bədii şuraların bərpa olunması və tənzimləmə işlərinin aparılması üçün müraciət etdim. Bu gün ifa olunan mahnıların mətnlərinə nəzər salanda adam xəcalət çəkir. Çünki bu mahnılarda mövzu, məna yoxdur. Sözlər təkrar olunur və inkişafdan söhbət belə, getmir. Bu mahnılarda Azərbaycan intonasiyasından əsər-əlamət qalmayıb. Biz demirik ki, yazmayın, yazın Amma yazmamışdan əvvəl düşünün!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.