REAL iqtidarla anlaşıb: qeydiyyat və mandat vədi... - İDDİA

8-11-2019, 09:10           
REAL iqtidarla anlaşıb: qeydiyyat və mandat vədi... - İDDİA
REAL-ın Məclis başqanı Azər Qasımlının partiyadan istefa verməsi bir sıra iddialara yol açıb. Onun REAL rəhbəri İlqar Məmmədova yönəlik ittihamları, iddiaları və iradları geniş müzakirələr doğurub. Bütün bunları REAL-ın icraçı katibi Natiq Cəfərli ilə dəyərləndirdik.

- Natiq bəy, İlqar Məmmədov REAL-ı hara aparır?

- İlqar partiyanı qələbəyə aparır. Konkret olaraq, REAL-ı parlament seçkilərində qələbəyə hədəfləyib. İlqar Milli Məclisdə üstünlük qazanmağa və ölkədə dəyişikliklərin parlament çatısı altında qanunvericilik səviyyəsində sivil qaydada aparılmasına doğru partiyanı yönləndirir. Bu onun təklif etdiyi model də deyil. Günlər öncə bu qərarın müzakirəsi olub və qərar hər kəs tərəfindən dəstəklənib. Partiya idarəetməsində yeni modelə keçid seçkilərə daha tez və effektiv hazırlaşmaq, daha yüksək nəticələr əldə etmək üçün atılan addımlardan biridir. Daha bir məsələ ondan ibarətdir ki, biz ötən il qurultay üçün yer istədik, amma verilmədi. Onlayn qurultay keçirdiyimiz üçün Ədliyyə Nazirliyinə müraciət edə bilmirik. Yeni qərarımızın əsas məqsədlərindən biri də odur ki, partiyalar haqqında qanuna uyğun olaraq, qurultay keçirib, sənədləri Ədliyyə Nazirliyinə təqdim etməkdir. Ondan sonra bizim də dilimiz uzun olacaq ki, müraciət etmişik. Bundan sonra qeydə alınıb-alınmaması hakimiyyətin işi olacaq. Yeni strukturların yaranması, parlament tipli yeni idarəetməyə keçid, parlament qaydalarına uyğun bir partiya idarəetməsinə keçid üçün qərarı verdik. Bunu Azər bəy şəxsi qərar kimi qəbul etdi. Çünki onun başqanı olduğu Məclis qurultaya keçildiyi üçün ləğv olunmalıdır. Bu Azər bəyə qarşı atılan addım deyildi. Sadəcə, prosedura qaydaları belədir. Yeni qurultayın keçirilməsi qərarını, sadəcə, şəxsi qəbul etdi. Emosional qərar verdi. Onun ittihamlarının heç bir əsası yoxdur.

- İddialardan biri İlqar Məmmədovun REAL-ı qeydiyyata aldırmaq uçub hakimiyyətlə anlaşdığı yönündədir...

- Tək belə bir ittiham yoxdur. Hətta REAL-ın hakimiyyətlə anlaşıb, az qala parlamentin yarısını götürəcəyi barədə iddialar səslənir. Bunların hamısı boş iddialardır. Azərbaycan siyasəti uzun illərdir bağlı qapılar arxasında getdiyi üçün hamının beynində bu təsəvvürlər formalaşıb. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar zaman-zaman bağlı qapılar arxasında iqtidarla anlaşıblar, müəyyən gizli sövdələşmələri olub. Bununla parlamentə də düşüblər, qeydiyyat problemlərini də həll ediblər. İlqar Məmmədov tez-tez xarici səfərlərdə olur. İndi də Fransadadır. Avropa Şurasının dəvəti ilə gedib. Çox vacib görüşlər keçirəcək. Bu il ərzində mən də çoxlu sayda beynəlxalq tədbirlərdə olmuşam. Hər dəfə sual meydana çıxırdı ki, sizin qeydiyyatınız nə üçün yoxdur. Beynəlxalq qurumlar tərəfindən bu məsələ hökumət qarşısında qaldırılanda deyilir ki, bunlar müraciət belə etməyiblər. Burada həqiqət payı olmamış deyil. Hökumətin bu bəhanəsini aradan qaldırmaq üçün sənədləri Ədliyyə Nazirliyinə təqdim edəcəyik.

- İddialardan biri də odur ki, REAL 1-2 deputat müqabilində işbirliyindədir. Hətta ya Natiq Cəfərli-İlqar Məmmədovun, ya da Erkin Qədirli-Natiq Cəfərlinin mandat alacaqları deyilir. Azər Qasımlının kənarda qaldığı üçün istefa verdiyi yönündə də iddialar var.

- Tamamilə yersiz iddialardır. Açığı, bu ittihamları səsləndirənlərin məntiqini haradasa anlayıram. Çünki Azərbaycanın siyasi tarixinin son 30 ilinə baxdıqda aşağı-yuxarı proseslər bu yöndə olub. Anlaşmalar, gizli sövdələşmələr olub. Bu iddianı irəli sürənlərin böyük əksəriyyəti 2000-ci ildə anlaşıb parlamentə düşənlərdir, yaxud da 2005-ci ildə 4 deputat müqabilində Milli Məclisə düşən qüvvələrdir. Sizə tam səmimi deyirəm ki, əgər belə bir fikrimiz olsaydı, 2015-ci ildə parlamentə düşə bilərdik, indi də belə olardı. İlqar Məmmədov 5 il 7 ay həbsdə ona görə yatdı ki, çıxandan sonra iki deputat üçün anlaşsın? Burada heç bir məntiq yoxdur.

- Parlament partiyaları dövlət tərəfindən maliyyələşirlər. REAL-ın bu maliyyəni əldə etmək üçün bu cür qərarlar verdiyi də deyilir...

- 2012-ci ildə hərəkatın sədri kimi İlqar Məmmədovun deputat Zahid Orucla ANS telekanalında debatı olmuşdu. Orada açıq şəkildə mövqeyimizi ortaya qoymuşuq ki, siyasi partiyalara dövlət büdcəsindən maliyyə ayrılmasının əleyhinəyik. Çünki siyasi partiyalar tərəfdaş qazanmalıdır. Bunun üçün də insanları inandırmalıdır. İnsanlar da inandıqları siyasi partiyaya maliyyə dəstəyi verməlidir. Dövlət də, hökumət də buna mane olmamalı, həmin insanları təqdim etməməli, onlara müxtəlif bəhanələrlə iş açmamalı, vergi yoxlamaları göndərməməlidir. Biz parlament seçkilərində qələbə qazanıb, bu qələbəni qoruyub parlamentə düşsək, ilk verəcəyimiz təkliflərdən biri məhz dövlət büdcəsindən partiyalara ayrılan maliyyənin dayandırılması olacaq. Bununla bağlı paket də hazırlamağı düşünürük.

- İlqar Məmmədov ölkədə olmadığı gündə Azər Qasımlı istefa verdi. Sizcə bu təsadüfdürmü?

- Ona, açığı, çox təəssüf etdim. Çünki sədrin ölkədə olduğu bir zamanda onunla son danışıqlardan sonra Azər bəyin brifinq keçirib qərarını açıqlaması daha doğru olardı. Belə bir məsələnin onun ölkədə olmadığı müddətdə baş verməsi, açığı, təəssüf doğurur.

- REAL-ın yeni kurs müəyyənləşdirdiyi bildirilir. Xüsusilə İlqar Məmmədovun azadlığa çıxmasından sonra siyasi xəttin dəyişdiyi vurğulanır...

- 2013-cü ildə hərəkat dövründə qəbul olunan proqram yerindəcə durur. Bu bizim saytda da öz əksini tapıb. Həmin hədəflər, məqsədlər bu gün də yerində qalır. Parlamentar idarəçiliyə keçidlə bağlı çalışmalarımız davam edəcək. Əsas hədəfimiz parlament respublikası qurmaqdır. Hədəflərimizə doğru getdiyimiz yolda yanaşmalarımız var. Azərbaycanda qəribə bir yanaşma var. Belə bir düşüncə var ki, bütün siyasi partiyalar eyni sözü deməli, eyni cür hərəkət etməlidir. Əgər belə olsaydı, ayrı-ayrı partiyaların yaranmasına ehtiyac qalmazdı. Biz də gedib bir partiyaya qoşulardıq. Müxalif partiyaların məqsədləri eyni ola bilər. Amma o məqsədə doğru atılan addımlarda eyni cür düşünməyə ehtiyac yoxdur axı. Fikirləri fərqli olan insanlar ayrı-ayrı partiyalar yaradırlar. REAL-ın əsas məqsədi sistemin kökündən dəyişdirilməsidir. Yolumuzu dəyişməmişik. Növbədənkənar qurultaydan sonra da həmin xətt dəyişməyəcək. Sadəcə, idarəetmənin effektivliyi artırılacaq. Parlament seçkilərinə cəmi bir il qalıb. Bu müddət ərzində ciddi hazırlaşmaq üçün çevik strukturlara ehtiyac var. Hər dairənin öz başqanı olmalıdır. Bizdəki partiyalar Kommunist Partiyası tipində yaradılıblar. REAL bir liderin deyil, liderlərin partiyası olmağı hədəfləyib.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.