Paltar, qadınlar və siyasət: Sərdar Cəlaloğlu ilə qalmaqallı müsahibə: - “Əli Kərimlinin bir qrupu var, ancaq söyüş söyməklə məşğuldur”
16-11-2019, 15:42
Son günlər siyasi səhnədə müəyyən aktivlik hiss olunur.
Cebhe.info aparılan islahatlar, müxalifətin yeni birlik cəhdləri, Qarabağ məsələsindəki son gəlişmələr və digər mövzularla bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə söhbətləşib.
“3-4 trol tutursan, rəqiblərini söyür, səni də qaldırır göylərə”
-Sərdar bəy, bugünkü söhbətimizə sosial şəbəkələrdən başlamaq istərdim. Siyasət demək olar ki, hazırda sosial şəbəkələrdə aparılır. Nə baş verdi ki, siyasət sosial şəbəkəyə gəlməyə məcbur oldu?
-Dünyada qloballaşma prosesi gedir. Bu, təkcə iqtisadiyyatda deyil, həm də siyasətdə, informasiya mübadiləsində baş verdi. Ən mühüm kommunikasiya vasitələrindən biri sosial şəbəkələrdir. Sosial şəbəkəyə girməklə istənilən xalqın nümayəndəsi, fərqli dünyagörüşünə, əqidəyə sahib insanla əlaqəyə girə, müxtəlif səpkili məlumatlar əldə edə bilərsiz. Bu baxımdan, dediyiniz məsələ də qloballaşmanın təzahürüdür. Eyni zamanda, sosial şəbəkələr öz tərəfdarını tapmaq, onları analiz etmək, onlar üzərində təşviqat aparmaq üçün çox əlverişlidir. Məsələn, bir mitinqə 10 min adam gəlir, amma sosial şəbəkədə kiçik bir müraciət edirsən, onu yüz minlər, milyonlar izləyir. Yəni sosial şəbəkələrin çox ciddi imkanları var. Sosial şəbəkələrin də yalnız müsbət tərəfi yoxdur, həm də mənfi tərəfləri var. Siyasətçi kimi yanaşsaq, sosial şəbəkələr insanların proseslərdə bilavasitə iştirakını aradan qaldırır. Hansı ki, həmin adamlar küçələrə çıxmalı, haqlarını tələb etməlidir, onlar bir növ passivləşir. Çünki müxalifətin fikirlərini sosial şəbəkədən öyrənməklə kifayətlənir və aktiv mübarizə aparmaq niyyətindən yayınır. Bu baxımdan, sosial şəbəkələrə ikili yanaşmaq lazımdır. Digər tərəfdən, sosial şəbəkələr çox böyük dezinformasiya imkanları yaradır. İstənilən adam haqqında mənfi obraz yarada, özünüzü isə xalq qəhrəmanı edə bilərsiniz. Sosial şəbəkələr siyasətçilərin əlində rəqiblərinə qarşı mübarizə vasitəsidir, həm də öz eyiblərini ört-basdır edə bilirlər. 3-4 trol tutursan, rəqiblərini söyür, səni də qaldırır göylərə.
“Ərə gedəndə də ərə tabe olmasan, arvad ola bilməzsən”
-Sosial şəbəkələrdə sizinlə bağlı əsasən tənqidi paylaşımlara rast gəlirik. Dediyiniz fikirlər bir növ əleyhinizə istifadə olunur. Məsələn, “qadınla kişinin hüquqi eyni ola bilməz” fikri kifayət qədər müzakirələrə yol açdı.
-Mən heç vaxt deməmişəm ki, qadınla kişinin hüquqi eyni deyil. Belə demişdim ki, qadınla kişinin hüququ bərabərdir, amma bu bərabərlik formaldır. Faktiki olaraq kişi ilə qadın heç vaxt bərabər ola bilməz. Kişinin bədəni, düşüncəsi, xarakteri qadınla eyni deyil. Bunu mən yox, elm deyir. Məsələn, kişi ekstremist varlıqdır və evdən kənarda fəaliyyətə meyillidir, döyüşkəndir. Qadınlar isə daha çox passivdir, ocağa bağlıdır. Ona görə də bəşər tarixində ovçuluq dövrü kişilərin, yığıcılıq dövrü isə qadınların adı ilə bağlıdır. Qadınların rəhbərliyində daha çox təmsil olunduğu ölkələrin hamısında demokratiya inkişaf edib. Qadının iştirakı ilə demokratiya arasında sıx əlaqə var. Azərbaycan Milli Elmlər Akademiyasının bir məcmuəsində pornokratiya (cinslərin hakimiyyəti-müəll.) haqqında məqalə yazmışam. Orada ayrı-ayrı cinslərin hakimiyyəti və onun xüsusiyyətləri, qadın və kişilərin ictimai həyatda rolu və demokratiya məsələlərində çox ciddi aydınlıq gətirmişəm. Məsələ bundadır ki, bizim həyatımızı təkcə qanun və hüquqlar yox, dini və milli dəyərlər müəyyən edib. Nə zaman ki, qanunla milli dəyərlər ziddiyyət təşkil edir, çox vaxt mili dəyərlərə üstünlük veririk. Həmin müsahibədə bunu ifadə etmək istəmişəm ki, insan hüquqları baxımından qadın və kişi formal olaraq bərabərdir, amma bizim dini və etnik dəyərlərimiz cinslərə müxtəlif funksiyalar verir. “Quran”da açıq şəkildə yazılır ki, biz kişiləri qadınlardan üstün yaratdıq. Eyni zamanda, bu üstünlüklərin müqabilində qadınların qarşısında kişilərin üzərinə öhdəliklər qoyduq. Qadınları iqtisadi cəhətdən təmin etmək, qorumaq və digər öhdəliklər nəzərdə tutulur. Bu gün öhdəliklərdə qeyri-bərabərlik var. Məsələn, qadın 55, kişi 65 yaşında pensiyaya çıxır. Kişi türməyə düşərsə, o, ayda bir dəfə “peredaça” (göndəriş-müəll.) ala bilər, qadın isə istənilən gün, istənilən qədər “peredaça” ala bilər. Kişilər həbs müddəti başa çatmadan azadlığa çıxa bilməz, qadınlara isə ayda bir dəfə məzuniyyət verilməlidir. Əgər biz qanun qarşısında bərabəriksə, niyə qadınlara bu qədər güzəştlər verilir? Bunu qadının fiziologiyası ilə bağlayırlar, qadın uşaq doğur, tez qocalır. Əgər bu zəiflik qadın fizionomiyasında varsa, deməli, kişi ilə faktiki bərabər ola bilməz. Nəhayət, tabeçilik məsələsi var ki, iki insan bir araya gəlirsə, biri digərinə tabe olmalıdır. Bu, heyvanlar aləmində də belədir. Biri lider olur, özünü və digərini qoruyur. Hətta heyvanlar aləmində də erkəklə dişi arasında instiktiv tabeçilik mövcuddur. Məsələn, müsahibə alan qız mənə deyir ki, niyə görə ailədə qadın kişiyə tabe olmalıdır? Uşaq məktəbdə müəllimə tabe olmasa, dərs oxuya bilməz. Həkimə tabe olmasan, sağala bilməzsən. Ərə gedəndə də ərə tabe olmasan, arvad ola bilməzsən. Bizim qanunlara görə, qadınların işləməsi zəruri deyil. Yəni ailəni dolandırmaq vəzifəsi kişinin boynundadır. Əgər mənim belə bir öhdəliyim varsa, buna uyğun da hüququm olmalıdır. Əgər məni bu qədər öhdəliklə yükləyib, hüquq vermirsənsə, bu, ədalətsizlik olur. Belə demişəm ki, Azərbaycan qadını hüquqi əsas götürüb özlərini kişilərlə bərabər hesab etməməli və heç vaxt da belə düşünməməlidir. Çünki birinci yaradılışımız, ikincisi təbiətimiz, xarakterimiz, gücümüz fərqlidir. Ona görə də qadınlar bu faktiki bərabərsizlikləri ilə razılaşmalıdır.
“İndi ərli qadın oturur evdə, başlayır telefonda adam tapıb onunla görüşməyə”
-“Qadının özbaşınalıq hüququ yoxdur, ərə tabe olmalıdır”, “Cənnətdə qadının cinsiyyət orqanı yoxdur” kimi fikirləriniz də sosial şəbəkənin gündəmindədir. Sizcə, dediklərinizin sizə qarşı cevrilməsinin bir səbəbi də məhz belə fikirlər irəli sürməyiniz deyilmi?
-Çünki mənim fikirlərimi tam vermirlər. Bu qadın-kişi məsələsi o vaxt gündəmə gəlmişdi ki, Fuad Qəhrəmanlının ailəsində problem yaranmışdı. Mən o vaxt belə bir açıqlama vermişdim ki, bu məsələ aydınlaşdırılmalıdır. Qadının da bu məsələdə müəyyən günahı ola bilər. Çünki problemin kökünü də bilirdim, istəmirəm bunu mətbuatda deyim. Belə bir söz var: yaxşı at özünə qamçı vurdurmaz. Qadın vəziyyəti elə bir səviyyəyə gətirib çıxarır ki, baş verənlər fərqli məcraya yönəlir. O vaxt bu açıqlamama görə Fuad Qəhrəmanlını müdafiə etdiyimi dedilər. Mən zorakılığı müdafiə etmirəm. Sadəcə, zorakılığı meydana çıxaran situasiyanın əleyhinəyəm. Ailə zorakılığı birtərəfli olmur. Yalnız ruhi xəstə üzvü olan ailələrdə səbəbsiz zorakılıq baş verir. Amma normal ailələrdə zorakılığın olması səbəblərindən biri də qadındır. Son vaxtlar Azərbaycanda 1 ildə 15 min ailə qurulursa, onun 10 mini dağılır. Bu, çox böyük göstəricidir. 7 min ailənin dağılmasında səbəb isə qadınların əxlaqsızlığı, xəyanətidir. Əvvəllər deyirdik ki, kişilər gəzir, indi ərli qadın oturur evdə, başlayır telefonda adam tapıb onunla görüşməyə. Mən bunları demişəm. Cənnət məsələsinə gəlincə isə çox adam “Qurani -Kərim”in nə olduğunu bilmir. Bəziləri deyir ki, Allah bu dünyada şərabı qadağan edib, amma o biri dünyada şərab çayları var. “Quran”da yazılır ki, bu dünyanın nemətlərinin heç biri o biri dünyanın nemətləri ilə eyni deyil. Amma axirət haqqında sizdə təsəvvür yaransın deyə bənzətmə ilə izah edirik ki, orada nə var. Bəziləri lağ-lağa edir ki, guya axirətdə hurilər, qılmanlar var və hamı kef çəkəcək. “Quran”dakı ayə isə belədir: axirətdə əbədi bakirə qadınlar var. Bu, bizim başa düşdüyümüz qadın deyil. Əgər bu, əbədi bakirədirsə, deməli heç bir halda qadın kimi istifadə oluna bilməz. Bu dünyada bir insan əks cinsdən hansı zövqü alarsa, o biri dünyada elə varlıqlar var ki, bu həzzin min qat üstününü verəcək. Axirətdə qadın, kişi, ağac və digər şeylər yoxdur, “Quran”da yazılanların hamısı yalnız bənzətmədir. Bunları deyirəm, dediklərimi konteksdən çıxarıb yazırlar ki, Sərdar Cəlaloğlu qadınların cinsiyyət orqanının olmadığını deyir.
“Paltar təkcə soyuqdan və istidən qorumur, həm də insanların idarəedicisidir”
- Sosial şəbəkələrdə niyə aktiv deyilsiz?
-Hazırda paralel olaraq 4-5 fərqli kitab yazıram. Gündə 7-8 saat kompüterdə işləyirəm. Ona görə də sosial şəbəkəyə girmək imkanım yoxdur. 2-3 il bundan əvvəl var idim. Onda da girirdim sosial şəbəkəyə, kimsə mənimlə dialoq aparmaq istəyirdi. Baxırdım ki, 2-3 saat vaxtım gedir. Adam da əl çəkmirdi, mən də etika xətrinə çıxa bilmirdim. Boş-boş, aşağı, çayxana səviyyəsində söhbət edirdilər. Baxdım ki, sosial şəbəkədə olmaqla, işləyə bilmirəm. Açığı başqa liderlərin mənim kimi məqsədi yoxdur, nəzəriyyə ilə məşğul olmur, kitab yazmırlar. Bu günə qədər Nobel mükafatına təqdim etmək üçün 3 iş hazırlamışam. Nəzəriyyəni hazırlamaq üçün günlərlə, aylarla araşdırıram, fikirləşirəm, oxuyuram. Təkcə siyasətlə məşğul olmuram. Bu yaxınlarda paltarla bağlı bir məqalə yazmışdım. Gedin dünya sosioloqlarını araşdırın, baxın görün kimsə paltarın sosiologiyası ilə bağlı nəsə deyib? Mən orada 30 səhifədə paltarın nə kimi siyasi, sosial əhəmiyyəti olduğunu izah etmişəm. Elə bilirlər ki, paltar ancaq insanı soyuq və istidən qoruyur. Amma elə deyil, paltar insanların idarəedicisidir. Dəb, moda adı altında 100 milyonlar eyni cür geyinir. Bu idarəetmədir. Bəzən deyirlər ki, insanların davranışı niyə dəyişir? Bunlar hamısı geyimlərdən asılıdır. Uşaq vaxtı oğlana qız paltarı geyindirsən böyüyəndə özünü qız kimi aparacaq və ya əksinə. Bu cür mövzuları işlədiyim üçün sosial şəbəkələrdə olmağa vaxtın, zamanım, hövsələm yoxdur.
“Nə iqtidar, nə müxalifət sosial şəbəkədə uğur qazana bilər”
-Müxalifət və ya iqtidar sosial şəbəkə vasitəsilə hansısa uğura nail ola bilərmi?
-Heç bir uğura nail ola bilməz. Oradakı qələbə də, məğlubiyyət də virtualdır. Məsələn, sosial şəbəkədə rəy sorğusu keçirirlər və biri 50 faiz səs yığır. Nə bilirsən o 50 faiz adam kimdir? 1 adam 20-30 yalançı profil açır, səs verir. Bunlar hamısı boş-boş şeylərdir. Kompüterin ekranı insanı parçalayır, ruhunu alır, cismini saxlayır. Qorxaq adamlar, özünü gizlədənlər internetdə daha cəsarətlidirlər. Çünki görünmürlər. Ona görə də sosial şəbəkədə 30 min adam mitinqə çağırış edir, amma mitinq baş tutanda 30 nəfər görürük. Liderləri aldadan da məhz bu 30 mindir. Deyirlər ki, mənim sosial şəbəkədə 300 min izləyicim var. Bunlar hamısı aldadıcı amillərdir. Sosial şəbəkə bir növ xəyal aləmidir. Burada nə iqtidar, nə də müxalifət ciddi bir nəticə əldə edə bilər. Sosial şəbəkə ictimai rəyi idarə etmək üçün lazımdır, amma bunun əsasında siyasət aparmaq düzgün deyil. Fridrix deyirdi ki, ictimai rəyi ona tüpürmək üçün öyrənirəm. Bu, ona görə lazımdır ki, xalqın nə qədər yanlış düşündüyünü bilək. Biz ictimai rəyi ona görə öyrənirik ki, camaatın nə qədər yanlış düşündüyünü görək və onu düzəldək. Sosial şəbəkə ilə real dünyanı birləşdirə bilsək, çox böyük uğur əldə etmək olar. Amma təəssüf ki, bizdə belə bir şərait yoxdur. Bu fərq isə həm müxalifəti, həm də iqtidarı aldadır.
““Yurd”la Müsavat qiyamətə qədər bir ola bilməz”
-Son günlər əsas müzakirə mövzusu yenidən müxalifətin birliyidir. Müsavat Partiyasının təşəbbüsü ilə keçirilən dəyirmi masadan sonra mövzu daha çox muzakirə olunur. Sizi niyə toplantıya dəvət etməmişdilər?
-Birlik insanı heyvandan fərqləndirən əsas instinktlərdən biridir. Düzdür, heyvanlar aləmində də sürü məsələsi var, amma bu, birlik deyil, aqreqassiyadır. İnsanlar isə daha güclü olmaq üçün birliklər təşkil edirlər. Məhəmməd Əmin Rəsulzadənin birliklə bağlı məşhur bir sözü var - o yerdə birlik yarana bilər ki, orada təmsil olunanlar eyni təhlükə ilə üz-üzə qalsın. Bu gün Azərbaycan müxalifətində partiyaların problemləri müxtəlifdir. Hər bir partiya həmin birliklərdə öz problemlərini həll etmək istəyirsə, o zaman birliklər qısamüddətli olur, səmimi, davamlı, produktiv olmur. Çünki birlik yalnız bir məqsədə xidmət edəndə uğurlu olur. Yoxsa birliyə gələnlərin biri gündəmdə qalmaq, biri əks tərəfə pislik etmək, biri özünü lider kimi təqdim etmək üçün gəlir. Niyyətlər müxtəlif olduğu üçün o birliklər də ciddi bir nəticə vermir. Birliklər o zaman möhkəm olur ki, bu, sosial təklifdən əmələ gəlsin. Siyasətdə tələb- təklif məsələsi var. Gərək xalq tələb etsin ki, mitinq olsun, mən də deyim gəlin gedək. Bizdə isə tərsinədir, tələb yoxdur, amma təklif var. Sonra məcbur olub təxirə saldıqları mitiq qərarları da sosial tələbi öyrənmədən edilən təkliflərdir. İndi də heç vaxt birlikdə olmağı istəməyən təşkilatlar birlik görüntüsü yaratmaq istəyirlər. Burada nə qazanırlar? İlk növbədə birlik istəyən kütlənin “köpünü alır”, eyni zamanda onun arxasında real birləşməməni həyata keçirirlər. İndi Müsavatdakı son toplantı, “Yurd”la Müsavat arasında olan təmaslar da bununla bağlıdır. Bu iki partiya qiyamətə qədər bir ola, heç bir bir məsələdə razılaşa bilməzlər. Çünki onların arasında çox böyük qərəz, intriqa və rəqabət var. Bu iki təşkilat arasında olan rəqabət hər birinin iqtidara qarşı rəqabətindən çox-çox güclüdür. Bu da Azərbaycan müxalifətinin bu günə qədər hər-hansı bir uğur əldə etməsinə imkan verməyib. Azərbaycandakı bütün birliklər məhz bu iki partiyanın qarşıdurmasına görə dağılıb. Azərbaycanda bizim prezident, parlament seçkilərində vahid namizəd verə bilməməyimizin səbəbi yenə də bu iki partiyanın intriqası olub. Ən nəhayət, Azərbaycanda siyasi dəyişiklik bu iki partiyanın qarşıdurmasına görə mümkün olmayıb. Ona görə də təşəbbüs bu iki partiyadandırsa, Azərbaycanda heç bir dəyişiklik gözləmək olmaz.
“Əli Kərimlinin bir qrupu var, ancaq söyüş söyməklə, camaatı təhqir etməklə məşğuldur”
-Hər halda siz ordakılarının bir çoxu ilə uzun illər hansisa birliklərdə təmsil olunmusunuz. Necə düşünürsünüz, bu, nə qədər uğurlu formatdır? Orada iştirak edənlər birləşə bilərmi?
-Bu, ən uğursuz formatdır. Çünki bir-birinə düşmən olan iki qüvvə bir araya gəlib. Orada iclas gedir, İsa Qəmbərin tərəfdarları Əli Kərimlini təhqir edir, Əli Kərimlinin tərəfdarları da İsa Qəmbəri. Heç kim də iclasdan danışmır. Əgər doğrudan da söhbət birlikdən gedirsə, niyə bir-birinizi söydürürsüz? Siyasətdə bumeranq effekti var. Sən elə bir ənənə qoya bilərsən ki, o qayıdıb gələndə özünə qarşı çevrilməsin. İndi fikir verin, söyüşü gündəmə gətirənlərin özlərini söyürlər. İndi Əli Kərimlidən çox söyülən yoxdur. Çünki Əli Kərimlinin bir qrupu var, ancaq söyüş söyməklə, camaatı təhqir etməklə məşğuldur. Çıxış edirəm, baxıram ki, rəylərdə məni söyürlər. Yazırlar ki, bu “Qurgen”in qardaşıdır, guya mənim qardaşım Qurban Məmmədov ermənidir. Söyüş yazırlar. Axı bizim siyasətçi olaraq vəzifələrimizdən biri xalqın siyasi mədəniyyətini yüksəltməkdir. Ondan sonra hakimiyyət uğrunda mübarizə gəlir, bu 4-cü, 5-ci məsələdir. Çünki siyasi mədəniyyət olmayan yerdə hakimiyyətin heç bir mənası yoxdur. Tutaq ki, bunlar hakimiyyətə gəldi, o vaxta qədər də gözlərini yumub hamını söyüblər, nə olacaq bunun axırı? Bu baxımdan, hesab edirəm ki, “Yurd” və Müsavat Partiyasının Azərbaycana gətirdiyi ənənələrin hamısı ziyanlı olub. Bunlar müttəfiq ola-ola bir-birinin ayağına badalaq vurublar. Hətta bunlar iclasa gəlmirdilər, bu gözəyirdi ki, o gəlsin, o da bunun gəlməyini gözləyirdi. Guya kim axırıncı gəlsə “şef” odur. Elə olurdu ki, bizim iclaslarımız bunlara görə 2 saat gec başlayırdı. Hətta bir dəfə İsa bəyə zəng etdim ki, hamı iclasa gəlib, siz niyə gəlmirsiz? Soruşdu ki, Əli Kərimli gəlib, dedim hə. Əli Kərimliyə də zəng edib İsa Qəmbərin gəldiyini dedim. İkisi də eyni vaxtda girdi içəri. Məsələn, adi mitinqlərdə kim axırıncı danışacaq, tədbirdə kim birinci çıxış edəcək, görüşlərdə kim çox danışacaq mübarizəsi gedirdi. Bir sözlə, Əli Kərimli ilə İsa Qəmbər arasındakı rəqabət iyrənc görüntü yaradırdı. Xaricilərlə görüşlərdə xəcalət çəkirdik. Prezident seçkilərindən sonra bir görüş keçirilirdi. Avropalı nümayəndələr seçkilərin necə keçdiyi ilə bağlı bizdən rəy öyrənirdi. Bunlar danışırdı, dedim ki, prezidentliyə namizəd olmuşam, mən də bir -iki kəlmə deyim. İmkan vermədilər ki, sözümü deyim, baxmayaraq, özləri seçkilərdə bilavasitə iştirakçı olmamışdı. Burada da görüş prezident seçkiləri ilə bağlıdır.
(Ardı var)