Nikola Yurçeviç: “Seçmə mərhələni 1 xalla başa vurmağımızdan mən də razı deyiləm”
20-11-2019, 08:30
“Qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Ancaq bu qələbə onlara final mərhələsinə yüksəlmək üçün kifayət etmədi”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.
Xorvatiyalı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsinin son turunun Slovakiya ilə oyunu barədə fikirlərini açıqlayıb. O, matçsonrası mətbuat konfransında 0:2 hesablı məğlubiyyətə şərh verib: “Slovakiya millisi buna nail olmaq üçün pley-offada mübarizə aparacaq. Oyundan əvvəl keçirilən mətbuat konfransında da qeyd etdiyim kimi, komandamızda xeyli problemlər var idi. Zədəli futbolçulardan başqa, fasilədə Eddi İsrafilov əvəzlənməsini istədi. Əvəzində Elvin Camalov meydana daxil oldu və pis təsir bağışlamadı. Birinci hissədə topa nəzarət edə bilmirdik”.
N.Yurçeviç ikinci hissədən daha çox razı qalıb: “Ancaq fasilədən sonra daha yaxşı oynadığımızı düşünürəm. Hətta bir epizodda hesabı bərabərləşdirməyə yaxın olduq. Təəssüf ki, həmin anda şansımızdan istifadə edə bilmədik. Əvəzində qapımızdan ikinci topu buraxdıq.
Təbii ki, seçmə mərhələni 1 xalla başa vurmağımızdan mən də razı deyiləm. Ancaq qeyd etməliyəm ki, bu seçmə mərhələdə bir neçə gənc futbolçuya oynamaq imkanı yaratdıq, keyfiyyətli rəqiblərlə qarşılaşdıq”.