"Vergilər nazirliyi də keçmiş MTN-çilərlə birgə sahibkaralara qarşı çıxış edib" - MÜSAHİBƏ

4-12-2015, 13:35           
"Vergilər nazirliyi də keçmiş MTN-çilərlə birgə sahibkaralara qarşı çıxış edib" - MÜSAHİBƏ
«Təzadlar»ın bu dəfəki suallarını uzun illər ədliyyə sistemində məsul vəzifələrdə çalışmış tanınmış hüquqşünas-ekspert, baş ədliyyə müşaviri Adil Minbaşı cavablandırır:
-Adil müəllim, böyük miqdarda sərvət yığmışlara qarşı sonradan mübarizə aparanda problemlər az olmur…
-Mən sizə deyim, bir qayda olaraq müəyyən dövrlərdə qanunlar pis işləyir və ya ümumiyyətlə işləmir deyə bundan faydalananlar qısa zaman kəsiyində qanunsuz yollarla böyük sərvətlərə sahib ola bilirlər. Cəmiyyətin axarı qaydaya düşdükdən və hüquq sistemi normal çalışdıqdan sonra dövlət həmin şəxslər və toplanmış sərvət barədə “nə etməli” sualı ilə rastlaşır... Bu problemin düzgün həlli cəmiyyətin sonrakı inkişafına təsir edən islahat xarakterli cox ciddi məsələdir. Zənnimcə, ən düzgün yol həmin şəxsləri siyasi hakimiyyətdən tamamilə uzaqlaşdırmaq, sərvətlərinin isə bütünlüklə iqtisadiyyatın inkişafına yönəltmələrinə şərait yaratmaq və buna təminat verməkdir.
-Deməli, bütün cinayətkarları əfv etmək lazımdır?
-Xeyr, iqtisadi sahədə törədilmiş cinayətlər barədə amnistiya aktı qəbul olunmasını təklif edirəm. Əlbəttə, bunların içərisində elə əməl sahibləri var ki, onlar ümumiyyətlə, əfv edilə bilməz. Məsələn, iqtasadi cinayətlərlə yanaşı, vətənə xəyanət, casusluq, qəsdən adam öldürmə və s. cinayətlərə amnistiya aktının tətbiq olunmaması barədə müddəa qəbul edilə bilər və bu qanunun özündə nizamlana bilər.
-Bəlkə ən ədalətli və qanuni yolla hərəkət edib cinayətkarları cəzalandırmaq, qanunsuz yollarla toplanmış sərvətlərini isə müsadirə edib büdcəyə daxil etmək doğru olardı?
-Mən hakimlik təcrübəmə əsaslanaraq deyim ki, praktikada həmişə müsadirə yolu ilə cinayətkarların əmlakının cüzi bir hissəsi ortaya çıxarıla bilib. Cünki onlar da “axmaq deyillər” əvvəlcədən, xüsusilə indiki təhlükələri hiss edəndən sonra sərvətlərinin təhlükəsizliyi üçün mümkün olan tədbirləri əvvəlcədən görüblər. Onların əmlakının daha böyük hissəsi xarici ölkələrdə müxtəlif formalarda yerləşdirilib. Hətta Azərbaycanda olanlar da müxtəlif adamların adına qeydə alınıb, gizlədilə biləni gizlədilib və s. Dövlət bu yolu tutsa, oğurlanmış sərvətlərdən ortaya çıxartıqları həmin məmurların həbsxanada saxlanılmasına sərf olunan vəsaitləri ödəməyə yetməz. Əvəzində cəmiyyətdə gərginliklər, qruplaşmalar, qarşıdurmalar, qisasçılıq hissi kimi təhlükəli, sosial sabitliyi pozmaga zəmin yaradan şərait ortaya çıxacaq.
-Siz inanırsınız ki, onlar sərvətlərini Azərbaycanda iqtisadiyyatın inkişafına yönəldəcəklər? Necə təminat vermək olar ki, həmin şəxslər məsuliyyətdən yaxa qurtarandan sonra sərvətlərini gizlətməyəcək, əksinə burada olanlarını da xəlvətcə götürüb xaricə qaçmayacaqlar?
-Bunların hamısı qanunla nizamlanan və işlək mexanizmləri təmin edilə bilən məsələlərdir. Məsələyə sistemli yanaşılacaqsa, əfv fərmanı qəbul olunmamışdan daha əvvəl “Mülkiyyətin Leqallaşdırılması haqqında“ Qanun qəbul olunmalı, Qanunda bunun üçün konkret müddət müəyyən olunmalıdır. Məsələn, göstərilə bilər ki, 6 ay müddətində xaricdə və ölkə daxilində olan əmlaklarını qeydə aldıran şəxslərin həmin əmlak üzərində mülkiyyət hüququ tanınacaq və onların toxunulmazlığına təminat veriləcək. Bu müddət keçdikdən sonra qeydiyyatdan keçirilməmiş əmlak, pul, aksiz, əmtəə və s. üzərində mülkiyyət hüququ tanınmayacaq. Bundan sonra qəbul ediləcək əfv Fərmanında da bu şəxslər barəsində Fərmanın qüvvəsinin tətbiq olunmaması barədə şərt öz əksini tapa bilər. İnanıram ki, bu cür daha bir neçə qanunlar qəbul olunduqdan, qanunların aliliyi təmin edildikdən, sağlam və güvənli iqtisadi sistem mövcud olduqdan sonra nəinki bizim öz zənginlərimiz, hətta xaricilər də həvəslə sərvətlərini Azərbaycana gətirmək, investisiya qoymaq arzusunda olacaq.
-Yaxşı, deyək ki, bu oliqarxlar və mafiozlar əfv olundu, özləri də əmlakları da toxunulmazlıq qazandı və onlar Azərbaycanda daha çox qazandılar, sərvətlərini daha da artırdılar. Yenə əvvəlki kasıblar kasıb, induki mafiozlar isə daha varlı olacaqlar... Xalqın vəziyyətində nə dəyişəcək, yenə həmin varlılar, onların övladları dövlət qulluğunda yüksək vəzifələrə yiyələnməyə, siyasi hakimiyyətə can atmayacaqlarmı?
-Şimali Koreya, Kuba kimi iki-üç dövlət istisna olmaqla bütün dünyanın iqtisadi sistemi “Bazar İqtisadiyyatı” üzərində qurulub. Bu iqtisadi formasiyanın nə vaxt, hansı istiqamətdə dəyişəcəyini təhlil etmək maraqlı və mənim sevdiyim mövzulardandır, ancaq bu mövzuya toxunmaqla söhbəti qəlizləşdirmək istəmirəm. Reallıq budur ki, kapitalizmin mövcud olduğu bütün zamanlarda cəmiyyətdə həmişə varlılar və kasıblar olacaqlar, bu qaçılmazdır! Amma vacib olan budur ki, bu fərq kəskin olmasın… Vacib olanı bu sistem icərisində iqtisadiyyatin ümumi inkişafına nail olmaqla kasıblığın maksimum azaldılması, orta sinfin (hansı ki, bizdə yoxdur) gücləndirilməsi, dövlətin daha çox sosial yönümlü və təminat güclü olmasıdır. Bunlara nail olmanın əsas yollarından biri də iqtisadiyyatın gücləndirilməsi və inkişaf etdirilməsi üçün daha çox investisiya qoyulmasıdır. İnvestisiya (sərmayə) qoyan zənqin adam olmalıdır. İstər bizimki, istər xarici olsun. Xarici sərmayəçi yalnız böyük gəlirlər götürə biləcəyi yerə sərmayə qoyur. Sonunda da əldə etdiyi böyük qazancları öz ölkəsinə aparır. Azərbaycanlı sərmayəçinin qazandığı isə sonunda bu ölkədə qalır- tikilir, yaradılır, xərclənir və s. müxtəlif yollarla tədricən əhali arasında bölünür. Hansı daha yaxşıdır? Bu islahatların digər vacib bir məqsadi də Dövlət aparatının sağlamlaşdırılması, onun qanunlar aliliyi prinsipləri əsasında fəaliyyət göstərməsi, kapitalın siyasi hakimiyyətə təsirinin aradan qaldırılması və s. demokratik prensiplərin bərqərar olmasıdır. Bunlar həyata keçiriləndən sonra əlbəttə, varlıların da, kasıbların da övladlarının bərabər əsaslarla, demokratik yollarla bilik və bacarıqlarına görə dövlət qurumlarına gəlmək, gətirilmək şanslarını saxlamaq təqdirəlayiq və ədalətlidir. Corc Kennedinin prezidentliyi bunun gözəl nümunəsidir.
-Əgər internet səhifələrində baxmısınzsa, tanınmış hüquqşünas Aslan İsmayılov da anoloji bir təkliflə, daha doğrusu, sistemli təkliflər içərisində belə bir mövzuya toxunaraq vegi amnistiyasının tətbiq olunmasını təklif etmişdir. Bu təklifi də həyata keçirilməli olan tədbirlər sırasında vacib hesab edirsinizmi?
-Aslan İsmayılov savadlı hüquqşünas və hərtərəfli biliklərə sahib olan ziyalılardandır və həmişə vətəndaş mövqeyindən çıxış edir. Dəqiq detallarını bilmirəm, tapıb tanış olaram. Ümumi fikir olaraq deyim ki, vergi amnistiyası bir çox ölkələrdə tətbiq olunub, düzgün və səmərəli də addımdır. Bu zərurət ondan yaranır ki, iş adamlarının vergi məsuliyyətlərini artırmaq üçün cəzaların tətbiq olunması zəruri olsa da onların uzun müddət azadlıqdan məhrum edilməsi dövlətə və bilavasitə büdcəyə xeyirdən cox zərər gətirir, bir çox kiçik və orta biznes sahələri fəaliyyətini dayandırır, işsizlərin sayı artır və s. Bunların azadlıqda olması isə əksinə, həmin şəxslərin bacardıqları sahələr üzrə fəaliyyətlərini bərpa etmələrini, şirkətlərin və işcilərinin daha çox vergi ödəmək imkanlarını təmin edir. Azərbaycanda vegi orqanları və ayrı-ayrı vergi işçilərinin qanunsuz hərəkətləri barədə də sosial narazılıq mövcuddur və təsadüfi deyil ki, Prezident bu barədə çox ciddi iradlarını bildirmişdir. Son illər baş verənlərdən görünür ki, MTN əməkdaşları iş adamlarından külli miqdarda rüşvət almaq, müəyyən sahələrdə inhisarçılığı saxlamaq, rəqiblərini “bazardan çıxarmaq”, bizneslərinə şərik olmaq və bu kimi məqsədlərə çatmaq üçün digər qurumların gücündən və imkanlarından istifadə etmişdir. Seçilmiş hədəflərin üzərinə vergi təzyiqlərinin təşkil olunması ən ”səmərəli” və təsirli vasitələrdən biri hesab olunur. Belə hallar olmuşsa, şişirdilmiş vergi borcları üzündən haqsızlıqlara məruz qalanların da hüquqlarının bərpası və ümumiyyətlə, yuxarıda qeyd etdiyim faydalılıq nöqteyi-nəzərindən vergi amnistiyasının da tətbiq olunması ədalətli və sosial gərginliyi azaldan tədbir olardı.
-Islahatlarla bağlı başqa təklifləriniz varmı?
-Söylədiklərim təbii ki, fərd olaraq mənim fikirlərimdir. Ancaq inanıram ki, islahatlar olacaq və bu islahatların elmi cəhətdən hazırlanması üçün müxtəlif sahələr üzrə bacarıqlı mütəxəssislər də cəlb ediləcəkdir. O zaman müzakirələrdə hüquqşünaslar da iştrak etməlidir. Hələlik bunu qeyd edim ki, bütün dövrlərdə və bütün hakimiyyətlərdə məmurların, xüsusilə şəxsi maraqları və şəxsi ambisiyaları güclü olan məmurların Dövlətin başında olan şəxsi, informasiya blokadasında saxlamaq cəhdləri olub və olacaq. Bu cəhdlərin ugursuz alınması üçün tətbiq olunan metodlardan biri də ABŞ-da Ağ Evdə tətbiq olunan “açiq qapı” günüdür. İlham Əliyev cənabları Azadliq prospektində baş veən yanğın hadisəsi zamanı bildirdi ki, hadisələr haqqında ona yanlış məlumatlar çatdırırlar. Yaxşı olardı ki, ayda bir dəfə Prezident şəxsən insanları qəbul etsin və gəbula çağacağı şəxsləri internet saytindan özü şəxsən seçsin. Başa düşüləndir ki, dünyada hökm sürən indiki iqtisadi və siyasi gərginlik icərisində dövlət işlərinə daha çox vaxt ayirmaq tələb olunur.

«Bizdə ictimaiyyətin korrupsiya ilə mübarizəyə cəlb olunmasının işlək bir mexanizmi yoxdur»

-Rusiya Prezidenti Putinin hər il bir neçə dəfə virtual bağlantı ilə şikayətçiləri dinləmək təcrübəsi var…
-Bizdə də oxşar təcrübədən yararlanmaq pis olmaz… Belə vəziyyətdə Prezidentin coxsaylı şikayətçiləri şəxsən qəbul etməsi vaxt baxımından da çətinlik yaradır. Belə halda Prezident şikayətçılərin seçilməsi və qəbul olunması məsələsini ümumi nəzarətdə saxlamaqla bunu daha etibarlı, bacarıqlı və məsuliyyətli işçilərdən birinə həvalə etsin, özü isə ölkədəki ümumi vəziyyəti, problemlər və təklifləri öyrənmək üçün ayda, iki ayda bir dəfə ölkə ziyalılarını qəbul etsin! Müsahibəmizi 22 il bundan əvvəl - 1993-cü ildə qəzetinizə verdiyim müsahibəmdəki bir fikirlə tamamlamaq istəyirəm: Dövlət başçılarının xalq qarşısındakı ən böyük xidmətlərindən biri hakimiyyətdə olduğu müddətdə formalaşdırdığı düzgün komandadır!
-Ətraflı izaha və təkliflərə görə təşəkkürlər!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.